
Sübhün ala-toranı hələ çəkilib getmədiyindən bir müddət sonra doğacaq Günəşin qızartısı üfüqdə zorla hiss olunurdu. Sahilə çırpılan ləpələrin uğultusu köhnə "Niva"nın mühərrikinin kobud səsini elə udmuşdu ki, sanki sınıq-salxaq "Niva"da yox, mühərriki cılxı yağ içində olan maşında gedirdi. Sübh yuxusunu yarımçıq qoysa da, Səlimin kefi kök idi. Sevdiyi mahnılardan birini zümzümə edə-edə qarşıdakı ovun uğurlu olacağına dair cürbəcür planlar qurur, ürəyində bugünkü ov üçün buranı - yarımadanın gözdən-könüldən uzaq sahilini seçməyinə haqq qazandırmağa çalışırdı.
Maşını sahildən bir az aralıda - alçaq qayaların yanında saxlayaraq yerə düşüb dəniz qoxusunu ciyərlərinə çəkdi. Hava təmiz, sakit və bir az da rütubətli idi. Belə hava balıq tutmaq üşün əlverişli olduğundan sevindi. Nədənsə ona elə gəlirdi ki, bu gün atacağı tora bol balıq düşəcək.
"Ya Allah" - deyib maşının yük yerini açdı, içində tor, başqa xırım-xırda ləvazimatlar olan iri köhnə çantanı götürüb ləpədöyənə tərəf addımladı. Ləpələrin əli çatan yerə 5-6 addım qalmış dayandı, çantanı yerə qoyub açdı və toru çıxarmaq istəyirdi ki, gözü sağ tərəfdə 30-40 metr aralıda dalğaların sahilə çıxardığı bir qaraltıya sataşdı. Əvvəlcə əhəmiyyət vermədi - dənizin ölü quşları, ömrü bitmiş yosunları sahilə atmağı adi hal idi. Amma toru açmağa başlayanda başını qeyri-ixtiyari döndərib qaraltıya bir də baxdı və hiss elədi ki, ayaqları yavaş-yavaş əsir. Elə əsən ayaqları ilə asta-asta addımlayaraq qaraltıya yaxınlaşdı: yaş qumun üstündə bir qadın hərəkətsiz uzanmışdı. Başı yarıya qədər suyun içində, əlləri sinəsinin üstündə idi. Üzündə qəribə bir ifadə vardı. Qara saçları dağılıb suya qarışmışdı.
Elə bil içində nə isə qırıldı, damarlarında qanı dondu. Bayaqdan kökləndiyi xoş ovqat, bol balıq xülyası bircə anın içindəcə çıxıb getdi öz işinin dalınca. Qurumuş dilini çətinliklə tərpədib - "Əstəğfürullah! Sübh tezdən işə düşmədik!" - deyə zorla pıçıldadı. Bir müddət nə etmək lazım olduğu barədə heç cür qərar verə bilmədi. Beynini yalnız bir fikir gəmirirdi: burdan mümkün qədər tez qaçıb uzaqlaşmaq. Bəs maşının təkərlərinin izlərini, öz ayaq ləpirlərini götürüb hara aparacaqdı? Meyit tapılanda izinə düşülən birinci elə onun özü olmayacaqdımı?
Beynində cavabsız suallar bir-birinə calana-calana əyilib qadının cəsədini bir də nəzərdən keçirdi. Qadın cavan və yaraşıqlı idi. Əynindəki bahalı paltar bir neçə yerdən cırılmışdı. Amma bər-bəzəyi yerində idi - sol biləyində qızıl qolbaq, boynunda qalın qızıl zəncir parlayırdı. Barmağındakı bahalı üzüyün, qulağındakı sırğaların qaşları bərq vururdu.
Gördüklərindən karıxıb yenə özünü itirdi. Qəfildən ona elə gəldi ki, hərəkətləri, çaşqınlığı haradansa gizli bir kamera ilə izlənilir, lentə alınır və o kamera rentgen şüaları kimi hətta onun daxilini, ürəyindən keçənləri də görür, nəinki görür, üstəlik, görüntü biçimində lentə alır və hərgah o lent ekrana proyeksiya edilsə, orada lap Amerika filmlərindən tanış olan kadrlar görünər: budur onun kölgəsi əvvəlcə qadının qolundakı qolbağı, sonra boynundakı boyunbağını çıxarıb cəld cibinə qoyur, barmağındakı üzüyü, qulaqlarındakı sırğaları dartışdırır...
"Lənət sənə, kor şeytan" - deyib cibindən telefonunu çıxardı. Bir neçə saniyə əlində tutdu. Amma polisə zəng vurmağa qətiyyəti çatmadı.
"Bəlkə ən düzgün qərar meyiti yenidən dənizə qaytarmaqdır?" - deyə fikirləşdi. - "Dalğalar onu götürüb uzaqlara aparar, mənim izlərim də bu müəmmalı qətlin xronikasında birdəfəlik silinər".
Qadına tərəf əyilib sağ biləyindən yapışaraq qaldırdı. Güc vermək istəyəndə əli qadının biləyindən əlinə tərəf sürüşdü və elə o andaca qaşlı üzüyün təmasını ovcunda hiss etdi. Qulağına qəribə səs gəldi - öz səsi idi, amma elə bil dərin bir quyunun dibindən gəlirdi: "Axmaq insan, nəyi gözləyirsən? Bu brilyant qaşlı bahalı üzüyü dənizəmi bağışlamaq istəyirsən? Görmürsən ovcuna sığınıb özü deyir ki, götür məni".
Qərar verə bilmirdi.
Bir neçə saniyə keçdi və qəfildən hiss elədi ki, yapışdığı cansız ələ cüzi də olsa bir istilik, həyat əlaməti gəldi. Diksinib əlini yenidən qadının biləyinə sürüşdürdü və barmaqları altında qarışıq ritmlə vuran nəbzin zəif çırpıntılarını hiss elədi.
Deyəsən, gözləri qarşısında möcüzə baş verirdi. Suda boğulan adama ilk yardım göstərmək barədə əsgərlikdə öyrəndikləri yadında idi. Cəld qadının baş tərəfində çömbəlib əvvəlcə sağ əlini onun döşləri arasından sinəsinə, sonra da sol əlini sağ əlinin üstünə qoyub ritmik hərəkətlə massaj hərəkətləri etməyə başladı. Arada fasilə verib ağzını qadının ağzına dirəyir, nəfəs borusuna yığılmış suyu sovuraraq çölə tüpürürdü. Təxminən iyirmi saniyədən sonra sovurduğu suyun həcmi qəfildən artdı. Dərhal masajı saxlayıb qadını üsü üstə çevirdi, başını aşağı əyib çənəsini qabağa dartdı və həmin anda qadın özünə gəlib ösgürməyə başladı...
Təxminən bir dəqiqə sonra qadın çətinliklə də olsa, dikəlib dizləri üstə dayandı. Ağzında qalan duzlu suyu yerə tüpürüb sağ qaldığına şükür eləmək, xilaskarına minnətdar olmaq əvəzinə elə sözlər dedi ki, təəccübdən Səlimin gözləri bərəldi:
- Yaxşı, oğraş, sənə paz çaldırmaq mənə borc olsun!..
Təəccüblənsə də, Səlim başa düşdü ki, qadının söyüşü ona yox, əlindən yanıqlı olduğu məchul bir adama ünvanlanıb. Sonra qadının islanmış paltarına, göyərmiş dodaqlarına, soyuqdan titrəyən çiyinlərinə baxıb fikirləşdi ki, çantasındakı termosdan bir fincan çay süzüb qadına versə, öz xilaskarlıq funksiyasını tamam- kamal yerinə yetirmiş olar. Ayağa qalxıb çantasını qoyduğu tərəfə çevriləndə donub qaldı - əynində qara dəri gödəkcə olan uzunboylu, saqqallı pəzəvəng bir oğlan əlləri cibində qadına baxırdı. Baxışları o qədər soyuq və ifadəsiz idi ki, bu baxışların altında Səlimin özü də üşüməyə başladı.
- Qancıq, bilmirəm canın it canı olduğuna görə sağ qalmısan, yoxsa bu cındırın sayəsində - oğlan başı ilə Səlimi göstərdi. - Gör nə qədər murdarsan ki, dəniz də səni qəbul eləməyib. Amma indi...
Oğlan sözünə ara verib sağ əlini gödəkçəsinin cibindən çıxardı.
Səlimə elə gəldi ki, televizorda gördüyü trillerlərdən birinin məkanına düşüb, özü də neytral tamaşaçı kimi yox, iştirakçı kimi.
- Mən... Mən heç nə eləməmişəm... - Səlim bir addım geri çəkildi. - Sahildə yıxılıb qalmışdı, sonra özü ayıldı.
- Sən hər şeyi korladın, axmaq adam. - oğlan dedi. - Qızılları, brilyantları götürüb bunun cəmdəyini yenidən dənizə atsaydın, daha ağıllı iş görərdin. Amma əksini elədin... İndi...
Qara gödəkçəli adam sağ əlini şalvarının arxa cibinə salıb ordan bıçaq çıxardı və qəfil sıçrayışla irəli atıldı. Özünü itirmiş Səlim yalnız qaçmaq üçün geri çevrilməyə macal tapdı və ayağı büdrəməsəydi, endirilən bıçaq sol çiyninin qola yaxın tərəfinə yox, ürək nayihəsinə sancılacaqdı.
Görünür, gödəkçəli oğlan üçün qadınla münasibətləri aydınlaşdırmaq daha vacib idi. Ona görə də qumun üstünə yıxılıb qalan Səlimi təqib eləmədi, dönüb hələ də dizləri üstə dayanıb baş verənləri key-key seyr edən qadına yaxınlaşdı, hər iki əli ilə onun boğazından yapışıb yerə yıxdı, sonra özü də dizləri üstə çöküb var qüvvəsi ilə onu boğmağa başladı.
- Öl, şərəfsiz! Sənə bu da azdır!
Qadının bulanıq gözləri şişib az qalırdı hədəqəsindən çıxsın. Elə bil bədəninin bütün qanı üzünə vurmuşdu. Başı kəsilmiş toyuq kimi çabalayır, əlləri və ayaqları ilə qumu eşim-eşim edirdi. Qəfildən sağ əlinə sivri uclu nə isə keçdi və son qüvvəsini toplayıb onu oğlanın sol gicgahına necə çırpdısa, boğazını kəlbətin kimi sıxan barmaqlar bir az boşaldı. Qadın cəld bir qurtum nəfəs almağa imkan tapdı və o bir qurtum nəfəs sanki qollarına yeni güc verdi - əlindəki daşla dalbadal iki zərbə də endirdi və burnundan qan açılan oğlan sağ tərəfə yıxılıb hərəkətsiz qaldı...
Haradasa yaxında qağayı çığırtısı eşidildi və bu səs dalğaların səsinə qarışıb qəribə bir xof yaratdı.
Qadın dikəlib oturdu. Sonra bayaq Səlimin yıxıldığı səmtə boylandı və elə o anda Səlim də yüngülcə zarıyıb sağ dirsəyinə dayaqlanaraq qalxmaq istədi. Amma görünür, ağrı imkan vermədi - bıçaq qolu ilə çiyni arasına sancılmış vəziyyətdə qalmışdı.
Qadın ayağa qalxıb ona yaxınlaşdı. Bir müddət sanki beynində nəyisə götür-qoy etdi. Sonra əyilib bıçağın dəstəyindən yapışaraq dartıb çıxardı.
Zərbə istənilən kimi alınmamış, Səlimin çiynini üzdən kəsmişdi. Hətta sübhün ayazında qan da laxtalanıb dayanmışdı.
Səlim çətinliklə də olsa dikəlib oturdu, üzünə yapışmış, burnuna dolmuş qumu təmizləyə-təmizləyə - "Bu nə bəladır, nə oyundur?" - deyə zarıdı. Sonra gödəkcəli adamın cəsədini görüb içini elə çəkdi ki, hətta özü də diksindi...
Qadın onun hənirtisinə fikir vermədi. Üzündə qəribə bir ifadə əlindəki bıçağa baxa-baxa nə barədəsə fikirləşirdi.
- Mənə izah edə bilərsiniz burda nə baş verir? - deyə Səlim ayağa qalxdı. - Bu adam kimdir? Nə üçün bizi öldürmək istəyirdi?
- Qısa cavab verim, yoxsa müfəssəl? - qadın saymazyana soruşdu.
- Hələlik qısa.
- Bu əclaf çöldə it kimi sülənirdi, yanıma gətirib adam elədim. Pullanıb şirkət ortağım, sağ əlim oldu. Sonra qudurdu, illər boyu yığdığım varidatın hamısını ələ keçirmək qərarına gəldi. Mən bundan xəbər tutanda bildi. Bicin biri imiş əclaf. Tikilməyini planlaşdırdığımız sanatoriya - istirahət kompleksinə yer seçmək bəhanəsi ilə məni bura gətirdi və sonra da... Sonrasını artıq bilirsiniz.
- Lap dəhşət filmlərinə oxşadı...
- Film, ya tamaşa - nə fərqi var?
- İndi necə olacaq? Siz ki, onu öldürdünüz, - Səlim qorxa-qorxa soruşdu.
- Narahat olmayın, mən bu filmin finalını tapmışam - deyə qadın ona elə baxdı ki, qəribə bir soyuqluq Səlimin gözlərindən girib davanlarına qədər bütün vücuduna işlədi. - Gedin maşınınızdan əskidən, parçadan bir şey gətirin, yaranı bağlayım.
Səlim başını bulaya-bulaya köhnə "Niva"sına tərəf getdi. Maşının kapotundan təmiz əski parçası götürüb geri qayıtdı. Qadın əskini sol əlində tutub salladı, sağ əlindəki bıçağı cırmaq üçün iz açırmış kimi ona ilişdirib kal səslə:
- Arxanı çevir, görüm. - dedi.
Səlim çevrildi və qadın o andaca əskini yerə buraxıb sol əlini də bıçağın dəstəyindən tutan sağ əlinin üstünə qoyub var qüvvəsi ilə tiyəni Səlimin sol çiyin sümüyünün altına sancdı.
Qəfil ağrıdan əvvəlcə Səlimin gözləri bərəldi. Sonra bütün vücudu titrəməyə, əsməyə başladı. Sağ əlini qeyri-ixtiyari çiyninə apardı və elə o andaca səndərləyib üzü üstə gödəkcəli adamın ayaqları tərəfində qumun üstünə sərildi.
Qadının sonrakı hərəkətləri sanki əvvəlcədən planlaşdırılmışdı. O, əvvəlcə bayaq şərikinin başına vurduğu daşı, sonra da yerə atdığı əskini qaldırdı, daşı səylə silərək əyilib Səlimin sağ əlinin barmaqları arasına soxdu. Sonra bıçağı onun kürəyindən dartıb çıxartdı, əski ilə onun da dəstəyini təmizlədi və ehmalca gödəkcəli adamın sağ əlinin sıxılmış barmaqlarının arasına yerləşdirdi. Ətrafı diqqətlə nəzərdən keçirərək barmağındakı üzüyü və qulağındakı sırğanın bir tayını çıxarıb onları da növbə ilə silərək Səlimin gödəkçəsinin yaxasından içəri atdı və qəti addımlarla gödəkcəli adamın qayaların yanında saxladığı maşına tərəf getdi...
lll
Bir gün sonra yarımadanın ucqar sahillərinin birində baş verən qanlı olay barədə bütün mərkəzi qəzetlərin, informasiya agentliklərin manşetinə çıxarılan xəbər əhalini şoka saldı. Xəbərdə deyilirdi:
"Sentyabrın 3-də məşhur "Meduza" şirkətinin prezidenti Şərqiyyə Zərgərli baş polis idarəsinə gələrək şahidi olduğu və iki nəfərin ölümü ilə nəticələnən qanlı olay barədə məlumat verib. Onun dediklərinə görə, sentyabrın 3-də sübh tezdən rəhbərlik etdiyi şirkətin ortağı Əli Zülfüqarovla birlikdə tikintisini planlaşdırdıqları sanatoriya-kurort kompleksi üçün yer seçmək məqsədilə yarımadanın şimal tərəfinə - dəniz sahilinə gəliblər. Əli Zülfüqarov hələ yolda ikən avtomobildə müşahidə olunan nasazlığın səbəbini müəyyənləşdirmək və imkan daxilində onu aradan qaldırmaq üçün maşının yanında ləngiyərkən Şərqiyyə Zərgərli ətrafı nəzərdən keçirmək üçün qayalıqdan sahilə tərəf gəlib və həmin vaxt sahildə dayanmış köhnə "Niva" avtomobilinin sahibi olan naməlum şəxsin diqqət mərkəzinə düşüb. Qadına yaxınlaşan həmin şəxs Ş.Zərgərlinin üstündəki bahalı zinyət əşyalarını görəndə onun bura təsadüfən gəldiyini və sahildə tək olduğunu düşünərək həmin əşyaları ələ keçirmək və sonra qadını boğaraq dənizə atmaq məqsədilə qəfildən ona hücum edib, ilk həmlədən özünü itirən Ş.Zərgərlinin barnağındakı brilyant qaşlı üzüyü və qulağındakı sırğanın bir tayını ələ keçirməyə nail olub. Bu vaxt hənirtiyə özünü hadisə yerinə çatdıran Ə.Zülfüqarov qadını gözü qızmış həmin şəxsin hücumundan xilas etmək üçün irəli atılıb və bıçaqla onun çiyninə zərbə vurub. Bundan sonra onlar arasında əlbəyaxa savaş başlayıb. Soyğunçu yerdən götürdüyü daşla Ə.Zülfüqarovun başına iki zərbə endirib və əlindən saldığı daşı növbəti zərbəni endirmək üçün qaldırmaq məqsədilə əyiləndə Ə.Zülfüqarov bıçağı onun kürəyinə yeritməyə imkan tapıb. Buna baxmayaraq, naməlum şəxs daşla Ə.Zülfüqarovun başına üçüncü - öldürücü zərbəni endirə bilib. Gördüklərindən dəhşətə gələn Ş.Zərgərli avtomobilə minərək hadisə yerini tərk edərək birbaşa polis idarəsinə gəlib bu müdhiş olay barədə məlumat verib. Hazırda hadisə ilə bağlı istintaq tədbirləri həyata keçirilir. Soyğunçunun Səlim Mürvətov adlı balıqçı olduğu müəyyənləşib..."



