
Vətən əcdadımızın mədfənidir,
Vətən övladımızın məskənidir...
Vətənim verdi mənə nanu-nəmək,
Vətəni unutmaq, məncə, nə demək?
Abbas Səhhət
Qəribə məkana düşmüşdü. Alçaq boz təpələrin döşündəki köhnə başdaşlarının sırası hər tərəfdən üfüqə qədər uzanırdı. Ətrafdakı sükutun qulağı batıran uğultusu qəribə bir xof yaratmışdı. Gördükləri sanki beynini cırmaqlayaraq nəyisə onun yadına salmaq istəyirdi. Amma nəyi? İçi qovrulur, başı qazan kimi qaynayırdı, amma nə qədər çalışırdı, heç nəyi xatırlaya bilmirdi. Bütün bədəni soyuq tərin içində idi.
Qəfildən külək əsdi və elə o andaca hardansa bir bayquş uçaraq həmin başdaşılarının birinin üstünə qonub ulamağa başladı...
Diksinib mürgüdən ayıldı. Hər şey bircə anın içindəcə əriyib yox oldu. Amma bayquşun o qorxunc, vahiməli səsi hələ qulaqlarından çəkilməmişdi.
Təyyarənin salonunda sakitlik idi.
Başını çevirib illüminatordan çölə baxdı - hər tərəf mavi bir boşluq idi. Fikirləşdi ki, adına göy üzü, səma deyilən bu boşluq, sonsuzluq dünyanın hansı bucağında, hansı yerində yaşamasından asılı olmayaraq hamı üçün eynidir və bir halda ki, yüzmərtəbəli binaları ilə öyünən Amerikada, Afrikanın cəngəlliklərində, il boyu qarı əskik olmayan ucqar torpaqlarda yaşayan insanların hamısı başlarını qaldırıb bu səmanı görürlər, deməli, hamı onun altında birləşib eyniləşir, adına dünya deyilən varlığın sakininə çevrilir.
İndi burada, təyyarınin salonunda 20 illik ayrılıqdan sonra doğulub boya-başa çatdığı və adına Vətən deyilən məkana qayıdarkən elədiyi bu kəşf ürəyincə oldu. Son 20 illik həyat tərzinə haqq qazandırmaq üçün bu kəşfdən yaxşı arqument ola bilərdimi?
Onun indi yaşadığı, hətta vətəndaşı olduğu ölkəyə gedib çıxmağı, orda həmişəlik lövbər salmağı bəlkə də adicə bir təsadüfin nəticəsi idi. İnstitutu Rusiyanın böyük şəhərlərinin birində bitirdikdən sonra elə orada da qalıb iri şirkətlərin birində işə düzəlmişdi. İndi həyat yoldaşı olan əcnəbi qadınla da orda tanış olmuşdu. Qadın ondan on yaş böyük idi. Öz vətənində yerləşən böyük bir şirkətin təmsilçisi kimi işgüzar məsələlərlə bağlı tez-tez onların ofisinə gəlirdi. Göyçək, enerjili və subay qadın idi. Aralarında ünsiyyət yarandı. Deyəsən, qadının ondan xoşu gəlirdi. Münasibətləri getdikcə istiləndi və bir də baxıb gördü ki, onunla bu yerlərdə dəbdə olan vətəndaş nigahında yaşayır. Aralarındakı eşq-məhəbbət münasibətləri bir yana, qadının biznes qurmaq, qazanc gətirən situasiyalar yaratmaq, necə deyərlər, daşdan da pul çıxarmaq qabiliyyətinə heyran idi və bir ildən sonra həmin o diribaş xanım burada öz işini bitirib geri qayıdanda bəlkə də elə bu heyranlıq havasında ona qoşulub quş kimi uçub getdi. İndi on doqquz il idi ki, o yad məmləkətdə şad-xürrəm dolanır, arvadının yaratdığı şirkətin maliyyə meneceri kimi fəaliyyət göstərir, pul köçürmələrini rəsmiləşdirir, müxtəlif malların pul dəyərinin hesabatlarını tərtib edir, şirkətin əməkdaşlıq etdiyi müxtəlif ölkələrin valyura məzənlərinin enib-qalxma tempini nəzarətdə saxlayırdı. Beləcə gündəlik işində yaranan vərdişlərin beynində yaratdığı maliyyə, qazanc ideyası heç özü də bilmədən tədricən ruhuna da sirayət edib onu başqa bir adama çevirirdi. Daha doğulduğu kənd, oranın havası, suyu, anasının bişirdiyi və çox xoşladığı yeməklər üçün əvvəlki kimi darıxmırdı. Anası o, hələ tələbə olanda vəfat etmişdi. Bir neçə dəfə tək yaşayan atasına pul göndərmişdi, amma arvadı vergi, kommunal ödəniş qəbzlərini, ailə təsərrüfatının gəlir-çıxar balansını ortaya qoyub onu bu səxavətin ailə büdcəsinə ziyanına inandırandan sonra daha pul göndərmədi, "Özüm gedəndə xəcalətindən çıxaram" - deyə fikirləşərək təskinlik tapmağa çalışdı.
Amma bu qədər işin-gücün içində macal tapıb gedə bilirdimi?
Elə bil içində nə isə mühüm bir bağ qırılmış və bununla da onu ayaqda saxlayan tarazlığı pozulmuşdu. Hərdən ona elə gəlirdi ki, tədricən müxtəlif komandalarla, göstərişlərlə hərəkət edən hissiz, duyğusuz bir varlığa çevrilir.
Nəhayət, bir neçə gün əvvəl atasının ölüm yatağında olması və onu arzulaması barədə xəbər alandan sonra fikirləşdi ki, mütləq getməlidir, çünki indi də getməsə, lap ağ olar.
İndi təyyarənin salonunda oturub olmuşlar və olacaqlar haqqında fikirləşmək istəsə də, alınmırdı - içindəki həmin o robotla olan-qalan yaddaşı atasında gedən qeyri-bərabər dartışma buna imkan vermirdi. Bir tərəfdən də bayaq mürgüləyəndə gördüyü yuxunun ağır təsiri...
lll
Kəndə girəndə çaşıb qaldı. Gördükləri ona tanış gəlmirdi. Elə bil buralara ilk dəfə idi ayaq basırdı. Kənd yolunda, ilan kimi ora-bura qıvrılan cığırlarda ara-sıra qarşısına çıxan adamları heç kimə oxşada bilmirdi. Amma ən pisi bu idi ki, evlərinə aparan yol tapmaq da müşkülə çevrilmişdi. Deyəsən, o yol ləğv olunmuş, yerində pambıq əkmişdilər. Doğulduğu ata evinin yerini kimdənsə soruşmaq arına gəlsə də, başqa yolu yox idi. Qarşısına çıxan qarayanız bir oğlan uşağını saxlayıb soruşdu:
- Qarabala, Əşrəf dayının evi hansı tərəfdədir, ora necə getmək olar?
Uşaq ona baxıb saymazyana elə cavab verdi ki, yeddi qatından keçdi:
- Hansı Əşrəf dayını deyirsən? Bivec, fərsiz Vaqifin atası Əşrəf dayını?
Elə bil təpəsindən bir vedrə qaynar su tökdülər və o suyun istiliyi təkcə bədəninin çölünü yox, içini, hətta sinəsindəki ürəyini də pörşələdi: Kəndin burnu fırtıqlı uşağı onu "bivec" adlandırırdısa, gör yaşlıların nəzərində kim idi. İndi neyləsin? Cumub uşağın qulağının dibindən bir şapalaq ilişdirsin ki, başından böyük qələt eləmə, çünki həmin o Vaqif mənəm və bivec-zad da deyiləm, yoxsa bivecliyi, fərsizliyi boynuna alıb uşağın üzünə gülə-gülə desin ki, hə, o Əşrəf kişini deyirəm?
Onu bu naqolay vəziyyətdən elə uşağın özü çıxartdı, tanımadığı bu adamın donub qaldığını görüb evin yerini nişan verdi...
lll
O, həyətə girəndə dörd-beş kişi əncir ağacının altında siqaret çəkə-çəkə nə barədəsə söhbət edirdilər. Onu görən kimi söhbətlərini kəsib təəccüblə ona baxdılar. Salam verib eyvana qalxaraq kəllə otağın köhnə taxta qapısını açdı. Yaşlı bir arvad divarın dibinə qoyulmuş çarpayının yanındakı kətildə oturub xısın-xısın ağlayır, iki qadın da divar boyu yerə döşəkçələr düzürdülər. Ağlayan arvad başını qaldırıb ona baxdı, sonra da elə ağlaya-ağlaya:
- Çatmadın, a bala. Beş-on dəqiqə olar keçindi, - dedi, sonra hələ də çarpayıdan götürülməyən meyitin üstünə çəkilmiş ağ mələfənin qırışlarını düzəltməyə başladı.
Yenə də yerində donub qalmışdı. Bilmirdi nə etsin, nədən başlasın.
Arvad onun karıxdığını görüb ürək-dirək vermək, vəziyyətdən çıxarmaq istədi:
- Tanımadın? Mənəm də, Gövhər bibin. Meyiti yumaq, molla çağırmaq, qəbir yeri qazdırmaq, yas mağarı qurmaq barədə fikirləşmək lazımdır... - sonra bir anlığa susub əlavə elədi - Vəsiyyəti bu oldu ki, ananın yanında basdırılsın.
Qaranlıq düşsə də, xəbəri eşidib gələnlər vardı. Amma qəribədir ki, onu saya salan yox idi - kişilər həyətdə bir az dayanıb elə havaya "Allah rəhmət eləsin" - deyib gedir, arvadlar isə bibisinə başsağlığı verirdilər.
Meyitin yuyulub kəfənlənməsi, atasının qəbrinin qazılması ertəsi günə qaldı. Bir neçə yaşlı arvad bibisinə halva çalıb sabah gətirəcəklərinə söz verdilər. Kişilər yas mağarının təxmini yerini müəyyən elədilər, sonra bibisindən başqa hamı dağılışıb getdi.
Bir az meyitin yanında oturandan sonra gördü ki, gözləri yumulur. Bir az uzanıb uzun yolun yorğunluğunu az da olsa canından çıxartmaq üçün yan otağa keçdi. Köhnə çarpayının üstündə oturdu, amma uzanmağa macal tapmamış yadına düşdü ki, səhər tezdən qəbirqazanlarla qəbiristanlığa gedib anasının qəbrini göstərməlidir. Qəbrin səmtini, yerini isə unutmuşdu.
Yorğunluq da, uzanmaq da yadından çıxdı. Yenə dilxor oldu. Yaxşı, indi neyləsin? Kimdən soruşsun qəbrin yerini? Bayaq evlərini soraqlayanda qılçası boyda uşaq onu "bivec" adlandırmışdı. İndi anasının qəbrinin yerini ondan-bundan soruşardısa, üzünə tüpürüb cəmdəyinə söyməzdilərmi?
Birdən-birə canını qorxu aldı. Ümumiyyətlə, bu doğma həyətdə, evdə özünü çağırılmamış yad adam kimi hiss edirdi. Əgər sabah camaat ona desəydi ki, sən Allah, əl-ayağa dolaşma, qayıt get gəldiyin yerə, çünki sənin burda olmağınla olmamağının heç bir fərqi yoxdur, qoy işimizi görək - etiraz eləməyə, cavab verməyə söz tapmazdı.
Yox, heç olmasa qəbir biabırçılığına yol vermək olmazdı. Nə isə fikirləşmək, nə isə etmək lazım idi.
Qəfildən sıçrayıb yerindən qalxdı. Eyvana çıxıb divar şkafını açaraq içini eşələməyə başladı. Neft lampasını tapanda sevindi. Onu selofan torbaya qoyub götürdü və tələsik addımlarla aşağı düşüb həyətdən çıxdı.
lll
Gecə idi. Kəndin sükutunu yalnız uzaqlardan gələn it hürüşmələri pozurdu. O, qəbiristanlığa çatanda lampanı çıxarıb yandırdı və qəbirlərin baş daşlarına baxa-baxa dar cığır ilə asta-asta addımlamağa başladı. Daşların bəzilərinin üzərində yosun bitmiş, bəzilərinin yazıları çoxdan silinmişdi. Bir-bir qəbirlərin qarşısında dayanır, daşların üstündəki yazıları oxumağa çalışır, amma hər dəfə də ümidsizcəsinə başını bulayırdı.
Bir azdan yorulub bir daşın üstünə oturdu. Dodaqları titrəyirdi.
- Ay ana... hardasan? - deyə pıçıldadı. - Səni tapa bilmirəm axı..
Külək qəbiristanlıqda dolaşır, qurumuş kollar yellənərək xışıltı salırdı. Lampanı bir az da irəli tutdu - və birdən donub qaldı. Qarşısındakı qəbrin baş daşının üzərində əyri-üyrü xətlə öz adı yazılmışdı. Doğum tarixi tanış idi, amma ölüm tarixində... onun bu kənddən çıxıb bir daha qayıtmadığı il göstərilmişdi.
Bir anlıq nəfəsi kəsildi. Dizləri boşaldı, yavaşca torpağa çökdü və deyəsən, axır ki, başa düşdü. Başa düşdü ki, kənd camaatı üçün o, çoxdan ölübmüş, bu qəbir isə elini, obasını, atasını, anasının qəbrini unudub 20 il yad torpaqlarda xoş gün axtaran onun - Vaqif Əşrəfoğlunun viran olmuş ruhunun bu dünyadakı son və acı nişanəsidir
Sən demə, insanın ruh aləmi də viran olub xarabaya dönə bilərmiş.
Həyətə gələn kənd camaatının onu görmürmüş kimi saya salmamasının səbəbini indi anladı: o, bu kənd, onun sakinləri üçün artıq yox idi, heçə dönmüş, hətta dəfn olunmuşdu...
Lampa əlindən yerə düşdü, titrək səslə pıçıldadı:
- Yəni mən doğrudan da ölmüşəm?..
Qəfildən hardasa yaxınlıqda bayquş uladı - eyni ilə yuxuda gördüyü kimi.
Sonra qulağına qəribə gülüş səsləri gəldi - sanki bir dəstə adam yığışıb xorla gülürdü.
Ona elə gəldi ki, qəbiristanlıqda basdırılan ölülərdir - ona gülürlər...



