|
|
|
|

Bakıda dəyişkən iş qrafikinin tətbiqi ilə bağlı müzakirələr son vaxtlar daha da intensivləşib. "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"na əsasən dövlət orqanlarının, təhsil və tibb müəssisələrinin, habelə digər hüquqi və fiziki şəxslərin iş rejiminin dəyişkən iş qrafikinə əsasən təşkili nəzərdə tutulub. Proqrama görə, bu, məhz 2026-cı ildə reallaşacaq. İlk baxışda bu qərar sadəcə nəqliyyat sıxlığını azaltmağa yönəlmiş inzibati addım kimi görünə bilər. Lakin məsələyə strateji baxdıqda, burada söhbət təkcə tıxacların azaldılmasından deyil, şəhərin iqtisadi fəaliyyət modelinin yenidən dizayn edilməsindən gedir.
Ekspertlərin fikrincə, bu üsul düzgün və mərhələli şəkildə həyata keçirilsə, Bakıda nəqliyyat axınının idarə olunması və tıxac probleminin 60-70 faiz azalması realdır. Bunun üçün həm dövlət idarələri, həm özəl sektor, həm də vətəndaşlar qarşılıqlı şəkildə bu qaydalara əməl etməlidirlər.
Bir çox inkişaf etmiş ölkələrdə iş saatlarının dəyişdirilməsi tıxacların aradan qaldırılması baxımdan vacib hesab olunur
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyir ki, səhər və axşam saatlarında minlərlə insanın eyni vaxtda işə və ya evə gedib-gəlməsi nəticəsində yollarda hərəkət ləngiyir, ictimai nəqliyyatda sıxlıq yaranır, vaxt itkisi artır. Bunu nəzərə alaraq dünyanın bir çox inkişaf etmiş ölkələrində iş saatlarının dəyişdirilməsi tıxacların aradan qaldırılması və sıxlığın azaldılması baxımdan vacib hesab olunur. Dövlət, özəl və təhsil müəssisələrinin fərqli saatlarda işə başlaması vətəndaşların tıxacda az zaman sərf etməsinə və zamanında mənzil başına çatmasına imkan yaradır. Azərbaycan da bu təcrübədən yararlanıb iş qrafikində dəyişiklik etməlidir: "Tıxacların azaldılması üçün yalnız yeni yolların salınması kifayət deyil. Bu problemi kökündən həll etmək lazımdır. Araşdırma aparan zaman məlum olur ki, tıxacları yaradan əsas səbəblərdən biri insanların eyni vaxtda hərəkət etməsidir. İş qrafiklərinin dəyişdirilməsi - yəni işə başlama və bitmə saatlarının fərqli təyin edilməsi bu problemi aradan qaldırar. Əgər dövlət qurumları, özəl müəssisələr və təhsil ocaqları bu təşəbbüsü koordinasiyalı şəkildə həyata keçirsələr, Bakı kimi sıx məskunlaşmış şəhərlərdə tıxac probleminin əhəmiyyətli dərəcədə azalacağına ümid etmək olar".
Sahib Məmmədovun sözlərinə görə, təhsil müəssisələri başqa, dövlət strukturları və özəl sektor isə başqa vaxtda işə başlamalıdır: "Hesab edirəm ki, dövlət strukturlarında iş özəl sektora nisbətən daha tez başlamalıdır. Dövlət orqanlarında iş saat 08:00-da başlasa, daha yaxşı olar. Özəl müəssisələrdə çalışan işçilərin iş saatı 09:00 və ya 10:00 müəyyən eilməlidir. Təhsil müəssisələrində isə dərslər 09:00-da başlasa, daha yaxşıdır. Müəssisələr arasında iş saatlarının bölgüsündə eyniləşmə aradan qaldırılsa, bu, tıxac problemini müəyyən qədər aradan qaldırmış olacaq".
Liqa sədri hesab edir ki, iş saatları dəyişdirilməzdən öncə mütləq şəkildə mütəxəssislər tərəfindən monitorinqlər keçirilməli, işçilərin sayca çox olduğu müəssisələr müəyyənləşdirilməli, onlarda iş rejimi müəyyən olunmalıdır: "Sadaladığım məqamları dəqiqliklə incələmək lazımdır. Bu müəssisələrdə çalışan işçilərin sayı və s. dəqiqliklə araşdırılmalıdır. Yalnız bütün bu proseslərdən sonra razılaşdırılmış formada yeni qrafikə uyğun iş rejimi müəyyən edilə bilər. Qeyd edim ki, qanunvericiliyə əsasən iş rejimi gündəlik səkkiz saatdır. Bunu nəzərə alıb işin başlama və bitmə vaxtını işəgötürən müəyyən edir. Əks-təqdirdə bu, müəssisənin işinə müdaxilə olar. Bu məsələnin tənzimlənməsi üçün Nazirlər Kabineti dövlət sektoru üçün qərar verə bilər. Amma özəl müəssisələrə müdaxilə etmək düzgün deyil. Müvafiq qərarlar dövlət müəssisələrinə şamil edilir, özəllərə yox".
Sahib Məmmədovun dediyinə görə, hazırda ölkədə belə bir sistem mövcud olmasa da, texniki baxımdan bu modelin tətbiqi mümkündür. Qeyd edilən üsul düzgün və mərhələli şəkildə həyata keçirilsə, Bakıda nəqliyyat axınının idarə olunması və tıxac probleminin 60-70 faiz azalması realdır. Bunun üçün həm dövlət idarələri, həm özəl sektor, həm də vətəndaşlar qarşılıqlı şəkildə bu qaydalara əməl etməlidirlər".
İş saatları dəyişsə, həftəsonu istirahət günləri də dəyişə bilər
İş saatları dəyişdiyi zaman həftə sonu istirahət günlərini də dəyişmək mümkün ola bilər: "Çünki bununla bağlı da qanunvericilikdə heç bir məhdudiyyət nəzərdə tutulmayıb. Bəzi müəssisələr fərqli istirahət günləri müəyyən edə bilər. Bu da şəhərin yükünün azalmasına fayda verəcək. İstirahət günlərinin dəyişməsi insanlar üçün də sərfəlidir. Elə insanlar var ki, həkimə getməli, yaxud hansısa qurumda işlərini həll etməlidirlər. Lakin işdən icazə almaları çətindir. Həftə sonu bir çox müəssisələr çalışmır, banklar işləmir, səhiyyə sahəsində də ixtisaslı həkimlər həmin günlərdə istirahətdə olur, yalnız növbətçi həkimlər fəaliyyət göstərirlər. Belə olan halda şəxs işini həll edə bilmir. Amma bu kimi dəyişikliklər insanlara işdən əlavə digər məsələlərini də həll etmək üçün şərait yaradacaq".
Bu, 2026-cı ildə reallaşacaq
Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"na əsasən dövlət orqanlarının, təhsil və tibb müəssisələrinin, habelə digər hüquqi və fiziki şəxslərin iş rejiminin dəyişkən iş qrafikinə əsasən təşkili nəzərdə tutulub. Proqrama görə, bu məhz 2026-cı ildə reallaşacaq.
Proqrama əsasən, dəyişkən iş qrafikinin tətbiqi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, TƏBİB və Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən aparılan təhlillər yaxın zamanlarda tamamlanmalıdır. Bununla da Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək siyahılara əsasən dəyişkən iş rejimi təşkil olunacaq.
Millət vəkilinin sözlərinə əsasən, bir çox inkişaf etmiş ölkələrdə, xüsusilə Avropada dəyişkən iş rejimi artıq tətbiq olunur və bu model konkret nəticələr verir.
Təhlillər göstərir ki, fərqli işə başlama saatları nəqliyyat yüklənməsini bölüşdürür və səhər-axşam pik vaxtlarda sıxlığı azaldır.
Avropa təcrübəsi göstərir ki, dəyişkən iş qrafiki yol-nəqliyyat sıxlığını azaldır, ictimai nəqliyyatda yüklənməni bölüşdürür, işçi məhsuldarlığını artırır və şəhər infrastrukturuna düşən təzyiqi azaldır.
"Gözlənilir ki, 2026-cı ildə Azərbaycanda da dövlət proqramının tələblərinə uyğun olaraq fərqli sektorlarda iş saatlarının mərhələli şəkildə dəyişdirilməsi reallaşacaq. Bu modelə əsasən, bütün müəssisələr eyni saatda fəaliyyətə başlamayacaq və bu da nəqliyyat sıxlığına təsir göstərəcək. Təbii ki, dəyişkən iş qrafikinin tətbiqi nəqliyyat sıxlığını tam aradan qaldırmaq deyil, azaltmaq üçün tətbiq olunur. Nəqliyyatda sıxlığın aradan qaldırılması infrastrukturun genişləndirilməsi ilə yanaşı, oxşar digər dolayı tədbirlərin icrasından birbaşa asılıdır".
Özəl sektorda vəziyyət bir qədər çətindir
İqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, dövlət sektorunda iş qrafikinin tənzimlənməsi nisbətən daha asandır. Çünki bu, bir qərarla həyata keçirilə bilər. Lakin özəl sektorda vəziyyət bir qədər daha çətindir. Yəni dövlət özəl sektora birbaşa göstəriş verə bilməz, ən azından bu, mümkün deyil. Amma onu təşviq edə bilər: "Çevik iş qrafikinə keçən özəl müəssisələr üçün müəyyən güzəştlərin tətbiq olunması təklif edilə bilər ki, onlar da bu sistemdən yararlansınlar. Ölkədə səhər yeməyi verən kafelər var. Əgər onlara deyilsə ki, "siz saat 10-da açılın, işçilər də 10-da gəlsin", bu, onların biznes gəlirlərini və dövriyyələrini azalda bilər. Ona görə də belə hallarda müəssisələrə əlavə stimul və ya alternativ təkliflər verilməlidir ki, iş qrafikinin dəyişdirilməsinə şərait yaradılsın. Eyni vəziyyət ərzaq mağazalarına da aiddir. Xüsusilə şəbəkə marketlərində on minlərlə insan çalışır. Onlara sadəcə "səhər açılmayın" demək real deyil. Müxtəlif yanaşmalar ola bilər, amma bu proses yalnız təşviq mexanizmləri ilə, həm biznesə, həm özəl sektora, həm də dövlət sektorunun iş prinsiplərinə mane olmadan tənzimlənə bilər".
Natiq Cəfərlinin dediyinə görə, bu gün tıxac yaradan məkanlardan biri də məktəblərdir. Əgər məktəblərdə çevik dərs qrafiki tətbiq olunsa, bu zaman şagirdlərin gediş-gəlişini necə təşkil etmək olar? Məlumdur ki, kiçik yaş qruplarında valideynlər uşaqları işə gedərkən məktəbə aparırlar. Belə olduqda, onları kim aparacaq? Məktəb servisləri sistemi olacaqmı? Yəni suallar çoxdur, amma istiqamət maraqlıdır və bu sahədə müəyyən addımların atılması mümkündür".
İş saatlarının dəyişdirilməsi tıxac problemini kökündən həll edə bilərmi?
İqtisadçı eskpert Fuad İbrahimov hesab edir ki, hazırda Bakı şəhərinin mövcud logistik kommunikasiyaları daxildəki insan sayına uyğun gəlmir: "İş saatlarının dəyişdirilməsi ilə tıxac problemini kökündən həll etmək qeyri-mümkündür. Bu gün Bakının elə nöqtələri var ki, orada artıq sutka ərzində fasiləsiz tıxac yaşanır. Tıxacda qalanların böyük əksəriyyəti sabit iş yeri olmayan, günəmuzd çalışan, taksi fəaliyyəti, kuryer və çatdırılma xidmətləri ilə məşğul olan, daim hərəkətdə olan insanlardır. Deməli, biz iş saatlarını deyil, məşğulluq strategiyasını düzəltməliyik. Bu gün milyonlarla azərbaycanlının ölkə xaricində və ya paytaxtda cəmləşməsinin tək bir səbəbi var - məşğulluq. Əgər biz regionlarda insanların öz evində, yurdunda rahat dolana biləcəyi iqtisadi mühiti yarada bilsək, tıxac problemi avtomatik olaraq öz-özünə həllini tapacaq".
Sevinc QARAYEVA



