|
|
|
|

İssık-Kul gölünün sahilində keçirilən "Dünya sivilizasiyaların qovşağında: birlikdə gələcəyə" adlı İssık-Kul Beynəlxalq Forumunun 40-cı yubiley tədbirlərinə start verilib.
525.az-a bu barədə Türk Mədəniyyəti və İrsi Fondundan məlumat verilib.
Bildirilib ki, tədbirin təntənəli açılışı Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı və salamlama nitqi ilə baş tutub. Forumun moderatoru qismində isə Qırğızıstan Respublikasının Dövlət katibi Arslan Koyçiyev çıxış edib.
Açılış mərasimində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova iştirak edib.
Qeyd etmək lazımdır ki, forumun açılışı çərçivəsində iştirakçılar 'Ata-Beyit' Memorial Kompleksini ziyarət edərək görkəmli qırğız yazıçısı və mütəfəkkiri Çingiz Aytmatovun əziz xatirəsini ehtiramla yad edib və məzarı üzərinə gül dəstələri qoyublar.
Forumda, həmçinin Nobel mükafatı laureatları, beynəlxalq təşkilatların rəhbərləri, diplomatik korpus nümayəndələri, dünyaşöhrətli yazıçılar, tanınmış tarixçi və bestseller müəllifləri, eləcə də Türk və digər xarici ölkələrin yazıçılar birliklərinin rəhbər şəxsləri və nüfuzlu nümayəndələri, mədəniyyət, incəsənət və elm xadimləri iştirak edirlər.
Türk Mədəniyyəti və İrsi Fondunun tədbirdə iştirakı Türk dünyasının ortaq mədəni irsinin təşviqi, görkəmli şəxsiyyətlərin irsinin yaşadılması və beynəlxalq humanitar əməkdaşlığın gücləndirilməsi istiqamətində həyata keçirilən fəaliyyətlərin davamı kimi mühüm əhəmiyyət daşıyır.
Forumun 40-cı yubileyi öz işinə plenar iclaslarla davam edib. Forum çərçivəsində baş tutan plenar iclasda Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova da çıxış edib. Professor Aktotı Raimkulova çıxışında forumun Avrasiya məkanının ən nüfuzlu intellektual platformalarından biri olduğunu qeyd edərək, onun dövlət xadimlərini, alimləri, diplomatları, mədəniyyət nümayəndələrini və beynəlxalq ekspertləri dövrümüzün ən aktual məsələlərinin müzakirəsi üçün bir araya gətirdiyini vurğulayıb.
Fondun prezidenti builki forumun böyük qırğız yazıçısı, mütəfəkkiri və humanisti Çingiz Aytmatovun anadan olmasının 100 illiyinə həsr edilməsinin xüsusi rəmzi məna daşıdığını bildirib. O qeyd edib ki, Çingiz Aytmatovun irsi təkcə Qırğızıstanın və Türk dünyasının deyil, bütövlükdə bəşəriyyətin ortaq mənəvi sərvətidir. Yazıçının əsərlərində əks olunan insan ləyaqəti, Vətənə məhəbbət, tarixi yaddaşa sədaqət və gələcək nəsillər qarşısında məsuliyyət kimi dəyərlər bu gün də aktuallığını qoruyub saxlayır.
Çıxış zamanı Aktotı Raimkulova Türk Mədəniyyəti və İrsi Fondunun Qırğızıstanda həyata keçirdiyi layihələr barədə də məlumat verib.
Forum işini iyunun 21-dək davam etdirəcək.



