|
|
|
|

FİFA DÇ-2026 zamanı himnlərin səsləndirilməsi mərasimində fotoqrafların yerləşmə qaydasını dəyişib.
525.az xəbər verir ki, BBC-nin yaydığı məlumata görə, bundan sonra fotoqraflar meydanın mərkəz xəttinə daha yaxın ərazidə qruplaşdırılacaqlar.
Bundan başqa, himnlər zamanı məşqçilər korpusu ehtiyat oyunçular skamyasının yanında qalmağa məcbur olmayacaq. Onlar maneəsiz görüntü əldə etmək üçün fotoqrafların sağ və ya sol tərəfində dayana biləcəklər.
Qeyd edək ki, İngiltərə millisinin baş məşqçisi Tomas Tuhel Xorvatiya ilə oyundan (4:2) sonra himnlərin səsləndirilməsi zamanı qarşısında çox sayda fotoqrafın toplandığını və futbolçularını görə bilmədiyini bildirmişdi.
BBC-nin məlumatına görə, problem İngiltərənin ilk oyununun keçirildiyi stadionun ABŞ futbolu üçün nəzərdə tutulması ilə bağlı olub. Arena NFL təmsilçisi “Dallas”ın ev oyunlarını keçirdiyi stadiondur. Futbol meydançasının salınması üçün örtüyün səviyyəsi 1,2 metr qaldırılıb ki, bu da kənar zonalarda məşqçilər və fotoqraflar üçün ayrılan məkanı məhdudlaşdırıb.
Buna görə FİFA turnirin gedişində operativ şəkildə dəyişiklik etmək qərarına gəlib.



