|
|
|
|

Ötən əsrin 70-ci illərin ortalarıydı: odlu-alovlu gənclik çağlarım. Mərhum dilçi alim Aydın Məmmədov elmi fəaliyyəti ilə əlaqədar tez-tez yolunu Moskvaya salırdı. Bir dəfə Vaqif Cəbrayılzadəylə (Bayatlı Odər) məşhur Azneft çayxanasında çay içərkən Aydın müəllim bizi yaxaladı. Gülə-gülə dedi:
- Bilirəm, evsiz-eşiksiz vaxtlarınızdır. Mən günü sabah uşaqları aparıb qoyuram Şəkidə, atamgildə. Altı ay Moskvada Dilçilik İnstitutunda kurs keçəcəyəm. Bakıda olmayacağam. Bayıldakı həyət evimdən nigaranam, açarını verirəm sizə, mülkümü etibar edirəm. Qalın orda, kitablarımdan oxuyun, feyziyyab olun, bircə, əlyazmalarıma toxunmayın. Əncirdən-tutdan yeyin, şeirinizi yazın...
Təcrübəli Vaqif Bayatılı ilə yaş fərqimiz vardı. O, Bakıda evsizliyə öyrəşmişdi, mən də eləcə. Bircə onu gördüm ki, Vaqif təklifə "əla", "əla" deyib, bəyəndi. Dəqiq vaxt müəyyənləşdirdik və nəhayət, həftənin tamamında Bayıldakı xudmani üçotaqlı (həyət-bacası bir qədər dağınıq, ancaq olduqca mənzərəli) evin açarlarını qamarladıq.
Aydın Məmmədovun kitabxanasında Oljas Süleymenovun "Az i ya" nazik üzlü, nəşrinə və yayımına o vaxt qadağa qoyulmuş əsərini görəndə, sanki məni ildırım vurdu. Dərhal onu Lev Qumilyovun atası Nikolayın şeir toplusunu vərəqləyən Vaqifə göstərdim (Məşhur rus şairi və tədqiqatçısı, Anna Axmatovanın əri Q.Nikolayı sovetin qaniçən qırmızı zabiti bircə söz üstdə 30-cu illərdə güllələmişdi. "Mən hunam, demək ki, köküm təmiz türkdü"). O da diksindi, ancaq qazax ədibinin kitabını haçansa oxuduğunu, hansı səhifədəsə Rəsul Rzadan da sitat olduğunu söylədi. Beləliklə, unudulmaz Aydın Məmmədovun bizə verdiyi möhlət qədər Bayılda qaldıq, alimin bütün rus və Azərbaycan dillərində çıxan nadir kitablarını ələk-vələk etdik. İndi öz-özümə düşünürəm. Bəlkə də xeyirxah Aydının niyyəti təkcə evini nədənsə qorumaq deyilmiş, bizi kitablara yönəltmək məqsədiylə bəhanə kimi ev məsələsini ortaya atıbmış.
Mən yaxınlarda eyni zövqü millət vəkili Cavanşir Feyziyevin "Türk Dövlətləri Birliyi: qlobal inteqrasiyanın türk modeli" adlı tarixi-fəlsəfi kitabından aldım. Əlbəttə, zaman fərqi var, o dövr başqa, bu dövr başqa. İndi Azərbaycan müstəqilliyə qovuşmuş suveren respublikadır. Məhz bu fürsətdən yararlanan müəllif türkün üç min illik tarixini düzgün araşdırıb, heç bir yad təsirdən və müdaxilədən çəkinməyib. Həqiqətin gözünün içinə baxıb. Türkün dövlətçilik varlığı Hun və Göytürk imperiyalarıdır. Orxon-Yenisey abidələridir, "Dədə Qorqud" və "Manas" dastanlarıdır, "Koroğlu"dur, "Oğuznamələr"dir, "Lüğəti-it türk"dür (Mahmud Kaşqari). İrili-xırdalı ölkələr və sultanlıqlardır ki, onların sayı 40-ı ötüb.
Kimsə bilməz Tanrı dağın yaşını,
Duman almış altayların başını.
Uçurmuşdur başdan dövlət quşunu,
Sərvətinə üz çevirmiş zaman, hey -
Qoca türkün düşdüyü hal yaman, hey!
Türk elləri bir-birinə yadlanır,
Qazax, qırğız, türkmən, özbək adlanır.
Azəri türk yanır, içdən odlanır
Ana yurdun içdən halı duman, hey
Qoca türkün düşdüyü dərd yaman hey!
(Almaz İldırım)
Almatının üstündən uçaqnan əngin fəzaları və aşağılarda lay-lay buludları seyr edərkən daimi bəyaz qarla örtülü Tyan-Şana (Tanrı dağına) baxmaqdan doymursan. Türkün ağappaq əzəmətidi o hündürlük. Elə bil Tanrı dağının zirvəsi göylərə bitişib, Qazaxın 90 yaşlı Oljasının əli Allahın ətəyindən tutub, türk xalqlarının həqiqətlərini Tanrının qulaqlarına oxuyacaq. "O, peyğəmbər deyildir, ancaq kitabı vardır". Klassik Şərq poeziyasının bilicisi Əbdürrəhman Cami bu sözləri Cəmaləddin Ruminin "Məsnəvi"si haqda söyləyib. İndi bu sitat Oljasa da yaraşır, başqa böyük kitablar ərsəyə gətirən türk övladlarına da. "Mən Bakını çox sevirəm və bu şəhəri dünyanın bütün gözəl şəhərlərindən üstün tuturam", - on il öncə Oljasla Almatıda 80 yaşını qeyd edərkən sığındığımız gur məclisdə qulağıma pıçıldadı. "İmperiya xülyalı cəlladlar etnik hesab etdikləri kiçik millətləri içində əritdikləri kimi, bilmədən zaman-zaman özləri də onların daxilində əriyir, məhv olur, qarışır, manqurtlaşır. Rusun başbiləni deyir, Moskvada hansı insanı küçədən tutub silkələsən, ondan tatar tökülər. Bəli, Sibirdə, Uralda, Uzaq Şərqdə, Altayda yox, məhz paytaxt Moskvada" - söylədi Oljas ağa.
18-20 il öncə qəribə bir maraqla səyahətə çıxdım. Sankt-Peterburqdan Xabarovsk şəhərinə qatarla yola düşdüm. Yoldaşım cavan bir inşaat mühəndisi idi, ancaq vətənpərvərliyi, türkçülüyü, turançılığı vardı və bu sevgi ruhundaydı. Ona qələm və qeyd dəftərçəsi hazırlamağı tapşırdım. Yaşar dərhal işə başladı: "Hə, indi mən yol boyu yer adlarını oxuyar və sənə diktə edərəm, sən də həmin toponimləri kağızın yaddaşına köçürərsən" - dedim. Beləliklə, Yaşar Həsənov türk kökənli, türk (tatar) mənşəli, bütün rastımıza çıxan adları bloknotuna yazdı. Həmin siyahıda on beş, iyirmi deyil, yüzlərlə qədim çay, kənd, şəhər, qəsəbə, göl, dağ, yamac, vadi orman toponimi yer aldı. Sanki tarix səhifə-səhifə qarşımızda açıldı...
Neçə il sonra keçirtdiyim o hisslər, duyğular qəlbimdə boy atdı, - "Səyahət himni" adlandırdığım yeni poemamda.
Qazan kimi qaynayırdı Qazan,
dalğalanırdı Kama,
çatsın arzuya, Kama.
Ordan İtil yürüyürdü -
günahını yuyurdu
Həştərxan çölləri boyunca.
Sarı Tau meşələri gülümsəyirdi,
Sarı gülüm səyirdi -
küknar, şam ağacları yun əyirdi,
ovunmağa vaxt qazan...
Qıcıqlanır səyyah ruh,
Allaha pənah ruh.
Qıyya çəkir Çingiz xan,
Dəli Domrul, Atilla,
yuxu bişirir Mete...
Türkə düşür At ili
gorun yansın, Salur Qazan
Səmərqənddən kənarda
Əmir Teymur röyadadır.
Adlar çin-çin, düzüm-düzüm. Harda türkün ayaq izi vardısa, at kişnərtisi şimşək kimi çaxırdısa, o yurd, o yer türkə məxsus məkan idi. Zaman o zamandı, dövran havası başqa cürdür, özgə havaya köklənmişdi. Ərazilərə aid toponimlər: Yakutiya, Altay, Böyük Çöl, Yenisey, Baykal, İssık-Kul, Lena, Kutil, Qızıl, Ob, Amur, Don, Saxalin, Oraztalı, Hamarca, Ankar, İrtış, Barnaul, Abakan, Dunay...
Elə bil ki, çay axmır,
su aparır İtili.
Yan-yörədə, ətrafda
yorğanının mitili.
Amma nə fayda ki. Nə Uyğur İmperiyası var, nə də Əmir Teymur şahənşahlığı. Bir vaxt pərən-pərən düşüb, onlarla xalqlar yaranıb. İndi Asiyanın ortasında türkün dörd müstəqil ölkəsi cahan birliyinə qovuşub: Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan - Orta Asiya respublikaları.
Həştərxan bir xanlığın
möhtəşəm paytaxtıdır.
Bərəkətli torpağı, -
xan taxtı, pay taxtıdır.
Tarix amansız və sərtdir. Okean kimi qabarır və çəkilir. Dalğalanır, buxarlanır, köhnə əzəmətindən əsər-əlamət qalmır. Yalnız arxivlərə səltənətlər barədə məlumatlar - qələbələr və məğlubiyyətlər köçür. Heç demə, ən böyük fatehin gördüyü iş zərrəcə qum dənəsi boyda deyilmiş. Hər şey arxiv sularının dibində qalır.
Ot ilan dili çıxarır,
dodağını gəmirir.
Dəvədabanı kökünü,
səhragülü yarpağını gəmirir.
Xəzərə sarı can atır,
Ehtiyat su, ehtiyac su,
saç ağartmış, yorulmuş
İtil çayı ac-susuz...
Vaxtilə dədə-babalarımızın "İtil" adlandırdıqları (yəni böyük su) indiki Volqaboyu kəndlərin əksəriyyəti tatarların haçansa yerləşdikləri yaşayış məskənləridir. Əski başqırdlar, tatarlar, altaylar, nanaylar, şorlar, tuvinlər ana dillərində Moskvaya "Məckəy" - deyirlər, iddia edilər ki, həmin o ifadə "məskən" sözündən törənib. Kreml isə şamaxılı (Şirvan) memar Kərəməli adlı şəxsin layihəsi əsasında tikilib. Kreml Kərəməli sözünün təhrif olunmuş formasıdır. Bu barədə hətta rus nasirlərindən biri roman yazıb, adını, soyadını unutduğum o yazıçı Kərəməliyə Moskva çarının bacısının aşiq olduğunu əsərində dönə-dönə təsvir edib. Simaca çox yaraşıqlı, gözəl əl qabiliyyətli bu şirvanlı balası əməlli-başlı Slavyan gözəli ilə eşq məcarası yaşayıb. Sonda o acı aqibətinin qurbanına çevrilib.
Çökmüş imperiyanın qalıqları
kurqan-kurqan dincəlir,
məzar-məzar dincini alır,
Dərbəndin dar bəndi dincəlir.
Narınqalada narın-narın yağış yağır,
fərqi yoxdur bahar yağır, ya qış yağır.
Ob çayına birləşən su hövzəsi var: həmin qola Om deyirlər, sahilində Omsk şəhəri salınıb. Abad, gözəl yaşayış məntəqəsidir. Eyni zamanda Qərb istiqamətdən Oba Tom çayı birləşir. Onun sahilində isə Tomsk adında şəhər var. Mən 20 il öncə o şəhərlərdə olarkən azərbaycanlıların izinə düşdüm. Çünki 87 yaşlı müharibə veteranı tatar Sabit Nurulinlə təsadüfi tanışlığım, qıyıq gözlü bu diribaş qocanın söylədiklərindən xeyli mütəəssir oldum. Nurulin tatarcanı unutmamışdı, ara-sıra köhnə sözlərdən işlədir, maraqlı əhvalatlar danışırdı... Ob tatarların su mənbəyidir. Bütün şaxələnən qolları boyunca tatarlar və qazaxlar yaşayıb. Tomsk iri tatar kəndi idi. 1937-ci ilin repressiyasına məruz qalan bir sıra xalqların nümayəndələrini burdakı düşərgələrdə həbs etmişdilər. Azərbaycandan onların arasında adamlar vardı: savadlı, bilikli insanlar idi. Deyirdilər, bu şəxslər Lenin partiyasına düşmən çıxmışlar. Sonra bir qismi türmələrdə qırıldı, sağ qalanlar bəraət aldı. Elə düşərgələrin hesabına Tomsk böyüdü. Qabaqda Kurqan adlı iri sənaye şəhəri mövcuddur, adından göründüyü kimi, çox qədim yaşayış məkanıdır. Bu adda şəhər Qazaxıstanda da var.
Əslən Lənkəranın Girdəni kəndindən olan məşhur inqilabçı Şirəli Axundov da Tomskda ölüm düşərgələrinin birində yatmışdı. Şirəli Azərbaycanda sovet hökumətini quranlardan olmuş, əqidəli-səriştəli insan kimi tanınmış, "Azərittifaq"ın ilk sədri seçilmişdi. Stalinlə şəxsi münasibətləri varmış. Buna baxmayaraq, respublikada nazir vəzifəsində çalışan şəxsə də etibar edilməmiş, heç nəyin üstündə tutulmuşdu. Yalnız Stalinə ünvanladığı məktub Kobanı yumşaltmış və Şirəli xeyli qazamat həyatından sonra azadlığa buraxılmışdı. O, Lənkəranda doğulan qohumlarımızdan idi, tez-tez Lerikdəki kəndimizə gedib-gələrmiş, o vaxtlar Stalini, Beriyanı açıq-aydın hər yerdə söyərmiş...
...Poeziyada mənim üçün ən böyük möcüzə Füzuli şeiridir. Vaxtilə şairin atası Süleyman Azərbaycanın Boyat elindən indiki İraqın Nəcəf-Kərbəla səmtinə köçüb. Əlbəttə, Boyat kəndləri məmləkətimizdə çoxdur, ən çox Füzulinin ehtimal olunan ata-baba yurdu isə indiki Qarabağdadır. Daha doğrusu, Ağcabədinin Boyat kəndi hesab edilir. Yazıçı dostum Aqil Abbas boyatlıdır və söyləyir ki, Məhəmməd Füzulinin bizim Boyatdan olması faktı dürüstdür. Məlum olduğu kimi, "Füzuli" sözünün mənası uzunçu, gop eyləyən, hətərən-pətərən danışan deməkdir. Bu ləqəbi dahi şair özü seçib, bəyənib və adına "yaraşdırıb". Qarabağlılarda özünə ayama qoşmaq, zarafatla ləqəb götürmək indi də var. Görünür, bu baməzəlik Füzulinin ruhunda, canında-qanında yaşayıb və o, bu qənaətə gəlib. İkincisi, xalq yaddaşı var. İndi də Boyatda Füzulinin əsli-nəsli barədə maraqlı əhvalatlar, rəvayətlər, miflər mövcuddur. Axı, "od olmayan yerdə tüstü olmaz" - deyiblər.
Əsiri-qürbətiz, bir səndən özgə, aşinamız yox,
Ayağın kəsmə başın üçün bizim gədalardan.
Səba, kuyundə dildarın nədir üftədalar halı?
Bizim eldən gəlirsən, bir xəbər ver, aşinalardan.
Bu ürək parçalayan beytlər qəribə bir həsrətin ifadəsi deyilmi? "Əsiri-qürbətiz" birləşməsi, səba yelinə müraciətdə "bizim eldən gəlirsən, bir xəbər ver" xitabı nələrinsə işarəsidirmi?
Ol səbəbdən farsi ləfziylə çoxdur nəzm kim,
Nəzmi-nazik türk ləfziylə ikən düşvar olur.
Ləhceyi-türki qəbuli nəzmi tərkib etməyib,
Əksərən əlfazu namərbutü nahəmvar olur.
Məndə toffiq olsa, bu düşvarı asan eylərəm,
Novbahar olğac tikəndər bərgi-gül izhar olur.
Bu da Füzulinin türk oğlu kimi etirafı.



