
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi "Kraudfandinq haqqında" qanunu təsdiqləyib.
525 az xəbər verir ki, yeni qanun səhm və borc əsaslı kraudfandinqin həyata keçirilməsinin hüquqi, təşkilati və iqtisadi əsaslarını, kraudfandinq platforması operatorunun fəaliyyətinə dair tələbləri, habelə onların fəaliyyəti üzərində dövlət tənzimləməsi və nəzarəti məsələlərini tənzimləyir.
Qanunun məqsədi iqtisadi fəaliyyət subyektlərinə, xüsusilə də startaplara, mikro, kiçik və orta sahibkarlara onların biznes aktivliyinin artırılması məqsədilə informasiya ehtiyatlarından və sistemlərindən, habelə kapital bazarının imkanlarından istifadə etməklə operativ və davamlı alternativ maliyyələşmə kanallarına əlverişli çıxış imkanlarının yaradılması və maliyyələşmədə iştirak edən investorların hüquqlarının müdafiəsini təmin etməkdir.
Kraudfandinq fəaliyyəti bu qanunla yanaşı, ölkə Konstitusiyası, ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələr, Mülki Məcəllə, bu Qanun, "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında", "Hədəfli maliyyə sanksiyaları haqqında" qanunlar, digər normativ hüquqi aktlar, habelə Azərbaycan Mərkəzi Bankının bunlara uyğun olaraq qəbul etdiyi normativ xarakterli aktları ilə tənzimlənir.
Qanun dövlətin investisiya siyasətini həyata keçirmək məqsədilə dövlət tərəfindən yaradılmış hüquqi şəxslər və onların təsis etdiyi qurumlara şamil olunmur.
Ələt azad iqtisadi zonasında kraudfandinqlə bağlı münasibətlər "Ələt Azad iqtisadi zonası haqqında" qanunun tələblərinə uyğun olaraq tənzimlənir.
Qanunun tələblərini pozan şəxslər qanunda nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.
Qanun dərc olunduğu gündən 6 ay sonra qüvvəyə minir.
Dövlət başçısı həmçinin yeni qanunun tətbiqi barədə fərman imzalayıb.
Fərmana əsasən, Nazirlər Kabineti Prezident aktlarının yeni qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini dörd ay müddətində hazırlayıb dövlət başçısına təqdim etməli, həmin qanunun 3.2-ci maddəsinə uyğun olaraq, ofşor zonaların siyahısını üç ay müddətində müəyyən edib Prezidentə məlumat verməli, həmin qanundan irəli gələn digər məsələləri həll etməlidir.
Azərbaycan Mərkəzi Bankına tövsiyə edilib ki, aşağıdakı normativ xarakterli aktları altı ay müddətində təsdiq edib dövlət başçısına məlumat versin:
- "Kraudfandinq haqqında" qanunun 3.5-ci maddəsinə uyğun olaraq, operatorun nizamnamə kapitalı və məcmu kapitalının minimum miqdarı, nizamnamə kapitalının formalaşdırılması və məcmu kapitalın hesablanması qaydası, habelə strukturu və tərkibi;
- həmin qanunun 4.5-ci maddəsinə uyğun olaraq, mühüm iştirak payının əldə edilməsi üçün tələb olunan məlumatların təqdim edilməsi forması;
- həmin qanunun 6.3-cü maddəsinə uyğun olaraq, operatorun reyestrə daxil edilməsi üçün tələb olunan məlumatların təqdim edilməsi forması;
- həmin qanunun 9.1-ci maddəsinə uyğun olaraq, kraudfandinq platformasına dair texniki, təhlükəsizlik və funksionallıq tələbləri;
- həmin qanunun 10.1.1-ci, 13.1-ci, 13.2-ci və 16.6-cı maddələrinə uyğun olaraq, kraudfandinq layihəsinin maliyyələşdirilməsi üçün hədəflənən pul vəsaitinin, fərdi investor tərəfindən bir kraudfandinq layihəsi və bir platforma üzrə qoyula bilən investisiyanın maksimum məbləği, habelə kraudfandinq layihələrinin maliyyələşdirilməsi üzrə hədəflənən məbləğlərin peşəkar investorlar tərəfindən təmin edilməsinin minimum həddi;
- həmin qanunun 18.2.8-ci maddəsinə uyğun olaraq, operator tərəfindən investorların və layihə sahiblərinin şikayətlərinə baxılmasına dair tələbləri;
- həmin qanunun 18.4-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, maliyyə hesabatları istisna olmaqla, operator tərəfindən təqdim edilən hesabatların forması, məzmunu və təqdim edilməsi qaydası;



