
Milli Məclisin üzvü Elman Nəsirovun "525-ci qəzet"ə müsahibəsi
- Elman müəllim, Azərbaycan artıq orta güc statusuna malik ölkə kimi xarakterizə olunur. Orta güc anlayışı nəyi ifadə edir və sizcə, Azərbaycanın bu statusunu şərtləndirən əsas amillər hansılardır?
- Bəli, bu bir həqiqətdir ki, beynəlxalq ictimai fikirdə Azərbaycan artıq orta güc kimi qəbul olunur. Şuşada keçirilən sayca dördüncü Qlobal Media Forumunda Prezident İlham Əliyev oxşar sualla bağlı bildirdi ki, bu, müxtəlif meyarlar ola bilər, çünki vahid bir meyar hələlik müəyyən edilməyib. Prezidentin fikrincə, bu terminologiya ölkənin potensialının, böyük güclərin necə düşündüyü və ya etdiyindən asılı olmayaraq, onun öz milli maraqlarını müdafiə etmək bacarığının, əgər kimsə sizə zərər vurmaq istəyirsə, bütün potensialınızla müqavimət göstərmək qabiliyyətinin etiraf olunmasını nəzərdə tutur. Dövlət başçısı onu da vurğuladı ki, orta güc, müdafiə qabiliyyəti təkcə hərbi paradla deyil, döyüş meydanında da göstərilmiş həmin qabiliyyət vacibdir. Orta gücü şərtləndirən mühüm meyarlardan biri də, hüdudlarımızadan kənarda baş verən hadisələrə təkcə bir sözümüzlə və ya bəyanatımızla təsir göstərmək qabiliyyətinin olmasıdır ki, Azərbaycan bunu dəfələrlə nümayiş etdirib.
Bu terminalogiyaya aid edilə biləcək meyarlardan biri də məsuliyyətdir. Prezident vurğuladı ki, Azərbaycanın orta güc kimi qəbul edilməsi anlaşılandır. Çünki qeyd edilən meyarlara ölkəmiz tam şəkildə cavab verir. Bütün bunlar onu göstərir ki, bəli, dünyada var güclü dövlətlər, onlar beynəlxalq münasibətlər sistemində böyük dövlət statusuna malikdirlər, var orta güclü, orta səviyyəli dövlətlər və zəif ölkələr. Azərbaycan bu gün orta gücə malik olan bir dövlət səviyyəsinə yüksəlib və hətta mən deyərdim ki, bir sahədə - idman sahəsində Azərbaycan hətta orta güc yox, böyük gücdür. İqtisadiyyatda olduğu kimi, idman sahəsində də "Böyük iyirmilik" olsaydı, yəqin ki, Azərbaycan bu təsisatın üzv idi. Biz güclənməkdəyik və son 80 ildə ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş yeganə dövlətik. Hesab edirəm ki, bu, bizim gücümüzün və potensialımızın bir daha ifadəsidir.
- Azərbaycan beynəlxalq nüfuza malik ölkədir və bütün tərəflərlə əməkdaşlığa açıq olduğunu bəyan edir. Bununla belə, AŞPA-da ölkəmizə qarşı ədalətsiz yanaşma mövcuddur. Sizcə, AŞPA niyə Azərbaycanla bağlı belə siyasət aparır?
- Azərbaycan beynəlxalq aləmdə çox böyük etimada, nüfuza malik ölkədir və həmişə tərəfdaşlığa, əməkdaşlığa açıqdır. Biz həm ikitərəfli, həm də çoxtərəfli formatda dünya birliyinin subyektləri ilə əlaqələrimizi inkişaf etdirməkdə maraqlıyıq. Prezident İlham Əliyevin müəyyən etdiyi xarici siyasətin prioritet istiqaməti ikitərəfli münasibətlər formatıdır. İkitərəfli münasibətlər yüksək səviyyədə olduqda, üçtərəfli, dördtərəfli, beştərəfli, bütövlükdə çoxtərəfli münasibətlər formalaşır və məsələyə bu kontekstdə yanaşdıqda, Azərbaycanın bu günləri beynəlxalq birliyin əksər, mütləq sayda üzvləri ilə münasibətləri dinamik inkişaf tempinə malikdir. Amma təəssüf ki, eyni sözləri AŞPA haqqında söyləmək olmaz.
Azərbaycan 2001-ci ildə AŞPA-ya könüllü şəkildə daxil olub və bizim əsas hədəfimiz o idi ki, üzləşdiyimiz Ermənistanın Azərbaycana təcavüzü və onun nəticələri ilə bağlı problemlərin həllində bu beynəlxalq qurumdan dəstək alaq. 1949-cu ilin may ayında Avropa Şurası yaradılarkən onun əsas hədəfi o idi ki, Avropa qitəsində hətta bir nəfər belə olsa, onun hüquqlarını müdafiə etmək. Amma Ermənistanın Azərbaycana təcavüzü nəticəsində bir milyondan çox soydaşımız köçkün, qaçqın statusuna düşdü. Biz güman etdik ki, AŞPA onlara dəstək olar, kömək edər, total şəkildə pozulmuş hüquqlarının bərpasına yardımçı olar, amma bu, baş vermədi.
Baş verən o idi ki, AŞPA 2024-cü ilin yanvarın 1-dən Azərbaycana qarşı sanksiya tətbiq etməyə başladı, ölkəmiz səsvermə hüququndan məhrum edildi. Belə olan təqdirdə, heç şübhəsiz ki, münasibətlərimizin indiki səviyyəsi labüd idi. Niyə AŞPA bizə qarşı belə qərəzli mövqedə dayandı? O, insan hüquqlarının müdafiəsi təşkilatıdır. Bu sahədə əgər onları qane etməyən məsələlər var idisə, bunu 2024-cü ilə qədər edə bilərdilər. Amma 2024-cü ilə qədər Azərbaycana qarşı heç bir təzyiq mexanizmlərini işlək vəziyyətə gətirmədilər, heç bir sanksiya tətbiq etmədilər. Sonra nə baş verdi? Azərbaycan 2020-ci ildə ərazi bütövlüyünü bərpa etdi, 2023-cü ilin sentyabr ayında isə suverenliyini tam və qəti şəkildə təmin etdi, Qarabağdakı erməni separatizminin son dayaqlarını da sıradan çıxartdı və onun kökünü kəsdi. Belə olan vəziyyətdə, Avropa Şurası Parlament Assambleyası Azərbaycana qarşı təzyiq və təhdid dili danışmağa başladı, guya biz Qarabağdan erməniləri deportasiya etmişik, onları zorla qovmuşuq və s.
Kimisə ittiham edəndə gərək buna mənəvi haqqın olsun. Bir milyondan çox azərbaycanlının hüquqları pozularkən susan bir təşkilat, Qarabağı bütün dünyanın gözü qarşısında könüllü şəkildə tərk edən və onların rahat çıxışı üçün bütün lazımi addımları atan Azərbaycanı hədəf aldı. Azərbaycan dövləti dəfələrlə onlara müraciət etdi ki, Konstitusiyamızı qəbul edib, Azərbaycan vətəndaşı kimi qalıb yaşayın. Amma onlar öz istəkləri ilə Qarabağı tərk etdilər. Bundan sonra isə ölkəmizə qarşı təzyiq dili işə düşdü və sanksiyalar tətbiq edilməyə başladı. Prezident İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxışında bu məsələyə aydınlıq gətirdi və qeyd etdi ki, 2001-ci ildə quruma üzv qəbul edilərkən iki il müddətində Azərbaycan nümayəndə heyəti rəhbərik edib. Bu qurumun bütün fəaliyyətini, onların nə ilə məşğul olduqlarını, missiyalarını çox gözəl bilir. Bu reallıqlar fonunda bizə qarşı qərəz qəbuledilməzdir, AŞPA Azərbaycana qarşı qeyri-qanuni və hüquqa zidd addım atıb, belə vəziyyətdə artıq bu qurumdan çıxmaq məsələsini müzakirə edirik. Avropa Şurasından çıxmağımızı heç bir vətəndaşımız belə hiss etməyəcək. Çünki bu təşkilatdan bizə heç bir dəstək olmayıb, cənab Prezident həm də vurğuladı ki, Avropa Şurasının Baş katibi Alen Berse ona yaxınlaşıb və xahiş edib ki, bu addımı atmayaq, yəni qurumdan çıxmayaq. Amma məsuliyyət qarşı tərəfin üzərində qalır. Biz bir halda AŞPA-ya qayıda bilərik ki, Azərbaycana olan qərəzli münasibətə son qoyulsun və nümayəndə heyətimizin səs hüququ bərpa edilsin, qarşı tərəf öz məsuliyyətini ortaya qoysun. Bu, baş verməyəcəyi təqdirdə bizim orada heç bir işimiz yoxdur və bu qurumdan bizə bir fayda da yoxdur.
- Azərbaycan-Avropa İttifaqı münasibətlərini necə qiymətləndirirsiniz? Avropa İttifaqının Cənubi Qafqaza yönəlik siyasətinin region üçün əhəmiyyəti nədir?
- Bizim Avropa Komissiyası ilə əlaqələrimiz dinamik inkişaf tempinə malikdir və xüsusilə də siyasi dialoq yüksək səviyyədədir. Bu ilin mart ayında Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Bakıya səfər etdi. May ayında Avropa İttifaqının ali nümayəndəsi xanım Kaya Kallas, iyul ayında isə Avropa Komissiyasının Prezidenti xanım Ursula fon der Lyayen Azərbaycana gəldi. Bu səfərlər bir daha onu göstərdi ki, Avropa Komissiyası ilə Azərbaycan hökuməti arasında əlaqələr inkişaf edir.
Bir çox fundamental istiqamətlər, xüsusilə enerji təhlükəsizliyi məsələlərində bizim əlaqələrimiz çox sürətli inkişafa malikdir. 2022-ci ildə xanım Ursula fon der Lyayen Azərbaycan səfəri zamanı enerji sahəsində mühüm bir sənəd imzalandı. O zaman Azərbaycan Avropa İttifaqına 8 milyard kubmetr qaz ixrac edirdi və əldə edilmiş razılaşmaya görə, 2027-ci ildə, yəni gələn il bizim ixracımız 20 milyard dollara çatmalıdır. Potensial var, imkanlar var, ondan da maksimum istifadə olunur. Bu gün Azərbaycan 16 dövlətə qaz ixracını həyata keçirir ki, onların 14-ü Avropa ölkəsidir. Son zamanlar Almaniya və Avstriyaya Azərbaycan qazının nəqli həyata keçirilib. Münasibətlərimiz qeyd etdiyim kimi, yüksək tempə malikdir. Əlaqələrimizə xələl gətirən əsas şəxslərdən biri Prezidentin məlum Media Forumunda vurğuladığı kimi, Avropa diplomatiyasının rəhbəri olmuş Cozef Borell idi. Bu şəxs maksimum qüvvələri səfərbər etmişdir ki, Azərbaycan-Avropa İttifaqı münasibətlərində ciddi böhran yaşansın və münasibətlər korlansın. Sonralar məlum olacaq ki, bu adam korrupsionerin biridir və o, Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Okampo ilə cinayətkar əlaqəyə girib, Okampo onun fəaliyyətini maliyyələşdirib, sifariş əsasında ayrı-ayrı dövlətlərin maraqlarını həyata keçirib. Okampoya isə pul hazırda Ermənistanda ev dustaqlığında olan rus-erməni oliqarxından gəlirdi. Fikir verirsiniz, cinayətkar şəbəkə nə qədər genişdir.
- Yeri gəlmişkən, Avropa Parlamentinin Azərbaycana yönəlik mövqeyi ölkəmizin Avropa İttifaqı ilə hazırda müsbət dinamika üzrə inkişaf edən münasibətlərinə nə kimi təsir göstərir?
- Hesab edirəm Avropa Parlamentindəki deputatlar qərar qəbul edərkən proseslərə öz mədələrinin və ciblərinin gözü ilə deyil, Avropa İttifaqının strateji maraqları fonunda yanaşmalıdır. Bu gün Azərbaycan Avropa enerji tərəfdaşlığında xüsusi rola malikdir, eyni zamanda, yaşıl enerji sahəsində əlaqələrimizdə çox ciddi əsaslar formalaşır. 2032-ci ildə Azərbaycan 8 qiqavatlıq yaşlı enerji istehsal etməyi planlaşdırır ki, bu sahədə də Avropa ilə əməkdaşlığımızın geniş perspektivi var və ciddi işlər aparılır. Azərbaycandan Gürcüstana, Qara dəniz boyunca isə Rumıniya və Macarıstana qədər bizim yaşıl enerjimizin, elektrik enerjisinin nəqli nəzərdə tutulur, eyni zamanda quruda, yəni Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan istiqamətində quru xəttinin çəkilməsi nəzərdə tutulur ki, bunlar da yaşlı enerji sahəsində Avropa ilə əməkdaşlığımızın çox geniş perspektivindən xəbər verir. Bu reallıqlar fonunda Avropa parlamentarilərin antiazərbaycan addımları - yeri gəlmişkən son 5 ildə Azərbaycana qarşı 13 qərəzli qətnamə qəbul edilib - Avropa İttifaqının özünün region siyasətinə ziddir və obrazlı şəkildə desək, öz oturduqları ağacın budaqlarını kəsmək anlamına gəlir. Ona görə də Azərbaycanın işi haqq işidir, Avropa İttifaqı, eyni zamanda AŞPA doğrudan da təmsil etdikləri ölkələrin maraqlarını müdafiə edirlərsə, ikili standartlardan qaynaqlanan və erməni lobbisinin maraqlarına, öz mədələrinin maraqlarına xidmət edən siyasətlərinə son verməlidirlər.
Pərvanə SULTANOVA



