|
|
|
|

Azərbaycan Prezidenti İlham Əliyevin 20-21 iyul tarixlərində Almaniyaya rəsmi səfəri iki ölkənin münasibətlərində yeni bir mərhələ oldu. Səfər zamanı Prezident İlham Əliyev və Almaniya Kansleri Fridrix Merts tərəfindən "Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə"ni imzalanması və Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması Bakı-Berlin əməkdaşlığı üçün yeni imkanlar açdı.
Prezident İlham Əliyev bu sənədlərin əhəmiyyətinə toxunaraq deyib: "Əminəm ki, bu gün imzalanmış sənədlər bizim əlaqələrimizi yeni səviyyəyə qaldıracaq. Biz artıq strateji dialoqun başlanmasını arzulayırdıq və buna nail olmuşuq. Eyni zamanda, iqtisadi əlaqələrin genişləndirilməsi üçün imzalanmış Birgə Bəyannamə əminəm ki, çox fəal işləyib yaxşı nəticələr hasil edəcəkdir".
Avropa İttifaqının aparıcı dövlətlərindən olan Almaniya ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi və əməkdaşlığın yeni istiqamətlər üzrə genişlənməsi, şübhəsiz ki, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişafına da müsbət təsir göstərəcək. Son aylar ərzində Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərində yeni dinamika özünü göstərir, Aİ-nin rəhbər şəxsləri ardıcıl olaraq Azərbaycana səfər edirlər.
Prezident İlham Əliyev Kansler Mertslə birgə mətbuata bəyanatlar zamanı bununla bağlı bildirib ki, bu il həm Avropa İttifaqı Şurasının Prezidenti cənab Koştanın, həm Avropa Komissiyasının Prezidenti xanım Fon der Lyayenin Azərbaycana səfərlərinin şahidi olmuşuq: "Bu səfərlərin çox böyük siyasi mənası var. Bu, Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələri daha da gücləndirəcək. Almaniya Avropa İttifaqına üzv olan ölkələr arasında lider olduğu üçün burada təbii ki, həm Almaniyanın rolu çox böyükdür, eyni zamanda, gələcək əməkdaşlıq üçün də əminəm ki, Almaniya öz səylərini göstərəcək".
Dövlət başçısı əlavə edib ki, Azərbaycan-Almaniya əlaqələri təkcə ikitərəfli münasibətlərə yox, bütövlükdə bölgəmizdə əməkdaşlığa, sülhə, əmin-amanlığa öz töhfəsini verəcəkdir.
Almaniya ilə iqtisadi münasibətlər də inkişaf edir, ölkəmizdə 200-dən çox alman şirkəti aktiv fəaliyyət göstərir. Səfər zamanı qarşılıqlı sərmayə qoyuluşu müzakirə edilib, alman şirkətlərinin daha geniş çərçivədə Azərbaycanda fəaliyyəti üçün konkret təkliflər irəli sürülüb. Həmçinin bağlantılar, tranzit imkanları da diqqətdə olub. Prezident İlham Əliyev bu sahədə Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti olduğunu bildirib: "Çünki Almaniya şirkətləri bu istiqamətdə çox böyük uğurlar əldə edib. Azərbaycan öz nəqliyyat infrastrukturunu təkmilləşdirir. Keçən il Orta Asiya məşvərət formatına tamhüquqlu üzv olmaqla, Azərbaycan bir növ Orta Asiya ilə Avropa arasında körpü rolunu oynayır və bu rol getdikcə artacaqdır. Bir çox istiqamətlər üzrə konkret fəaliyyət planı nəzərdə tutulur. İmzalanmış Bəyannamənin icrası ilə bağlı fikir mübadiləsi əsnasında konkret təkliflər irəli sürülüb. Bir neçə işçi qrup yaradılacaq ki, bu gün imzalanmış sənədlər tezliklə həyatda öz əksini tapsın".
Almaniya ilə əməkdaşlıqda enerji sahəsi mühüm rol oynayır. Bu ildən başlayaraq Azərbaycan öz təbii qazını Almaniyaya ixrac etməyə başlayıb. Hazırda Azərbaycan qazı Avropa İttifaqına üzv 10 ölkəyə çatdırılır ki, bu, bir daha ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolunu göstərir.
Dövlət başçısı deyib ki, Azərbaycan öz neftini də Almaniyaya ixrac edir və gələcəkdə yaşıl enerjisini də Avropa məkanına çatdırmaq əzmindədir, beləliklə, enerji sahəsində əməkdaşlıq çox genişmiqyaslı olacaqdır.
Görüş zamanı Almaniyanın Cənubi Qafqazdakı sülh prosesinə verdiyi töhfə də qeyd edilib.
Almaniyanın Federal Kansleri Fridrix Merts bildirib ki, Cənubi Qafqazda sülh, təhlükəsizlik və sabitlik onlar üçün də zəruridir. Almaniya və Avropa İttifaqı geosiyasi baxımdan mühüm bölgədə davamlı dincliyə nail olmaqda çox maraqlıdırlar. Kansler Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin paraflanmasını tarixi razılaşma adlandırıb.
Onun sözlərinə görə, bölgədə daha böyük sabitlik ölkələrimiz arasında iqtisadi sahədə də geniş əməkdaşlıq üçün yeni imkanlar yaradır: "Çox şadam ki, ölkələrimiz arasında münasibətlər yüksələn xətlə inkişaf edir. 2025-ci ilin yazında Prezident Ştaynmayer Azərbaycana səfər etmiş ilk alman dövlət başçısı oldu. Bu il, həmçinin parlamentlərimiz arasında intensiv mübadilələr oldu. Birgə Bəyannaməni imzalamaqla biz ikitərəfli münasibətlərimizin daha da genişləndirilməsinin təməl daşını qoyduq. Həmçinin Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması ilə bağlı razılıq əldə edildi. Bu, hər iki ölkənin şirkətlərinə verilən mühüm işarədir. Biz Almaniya ilə Azərbaycan arasında münasibətlərin genişləndirilməsinə ciddi yanaşırıq. Hazırkı böhran şəraitində xam neftin və Cənub Qaz Dəhlizi ilə təbii qazın təchizatında əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Biz Azərbaycanla əməkdaşlıq yolu ilə enerji təchizatımızı daha da şaxələndirmək istəyirik".
Kansler bərpaolunan enerji və hidrogendən istifadənin genişləndirilməsinə də toxunub, Azərbaycanın sərmayə proqramı ilə bağlı konstruktiv müzakirələr aparıldığını deyib. O hesab edir ki, bu proqram Azərbaycanda fəaliyyət göstərən alman şirkətləri üçün yeni imkanlar aça bilər.
Merts Cənubi Qafqazın Avropa ilə Asiya arasında körpü kimi əhəmiyyətinin artdığını deyib, əlavə edib ki, yeni nəqliyyat və ticarət dəhlizləri birgə istifadə etmək istədiyimiz iqtisadi potensialı yaradır.
Göründüyü kimi, Azərbaycan-Almaniya gündəliyi artıq çox genişdir, burada təkcə enerji deyil, regional təhlükəsizlik, bağlantılar, investisiyalar kimi istiqamətlər də yer alıb. Bu, həm də Berlinin Bakı ilə əməkdaşlığı artırmaq istəyini nümayiş etdirir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, Azərbaycan-Almaniya parlamentlərarası dostluq qrupunun üzvü Azər Badamov hesab edir ki, Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri ölkələrimiz arasında siyasi, iqtisadi və humanitar münasibətlərin inkişafına yeni impuls verəcək. Bu səfər həm ikitərəfli əməkdaşlığın genişləndirilməsi, həm də regional və qlobal proseslər fonunda Azərbaycanın artan rolunun bir daha nümayiş etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol əhəmiyyətli dərəcədə artıb: "Qlobal enerji böhranı fonunda ölkəmiz Avropa üçün etibarlı enerji tərəfdaşlarından birinə çevrilib. Hazırda Azərbaycan qazı Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın 12 ölkəsinə, o cümlədən Avropa İttifaqının 10 üzv dövlətinə ixrac edilir. Eyni zamanda, qaz ixracının həcmi ildən-ilə artır və bu istiqamətdə yeni layihələr həyata keçirilir.
Almaniya Azərbaycanın Avropadakı əsas iqtisadi tərəfdaşlarından biridir. Azərbaycan isə Cənubi Qafqaz regionunda Almaniyanın ən böyük ticarət tərəfdaşı hesab olunur. İki ölkə arasında ticarət dövriyyəsi 1,7 milyard avronu ötür və Almaniya Azərbaycanın beşinci ən böyük ticarət tərəfdaşıdır. Azərbaycanda Almaniya kapitallı 250-dən çox müəssisənin fəaliyyət göstərməsi iqtisadi əməkdaşlığın geniş potensiala malik olduğunu təsdiqləyir".
Deputat bildirib ki, müasir qlobal çağırışlar Azərbaycanın iqtisadiyyatında yeni transformasiya mərhələsini sürətləndirib. Kənd təsərrüfatı və rəqəmsal transformasiya ilə bağlı qəbul edilmiş dövlət proqramları iqtisadiyyatın müasir texnologiyalar əsasında inkişafını hədəfləyir. Bu istiqamətdə Almaniyanın zəngin təcrübəsindən faydalanmaq xüsusi əhəmiyyət kəsb edir.
A.Badamov bildirib ki, dövlət başçısının iyulun 20-də Almaniyaya rəsmi səfəri çərçivəsində ilk görüşünü Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə keçirməsi iqtisadi əməkdaşlığın ikitərəfli münasibətlərdə prioritet istiqamətlərdən biri olduğunu bir daha nümayiş etdirir: "Görüş zamanı Azərbaycan və Almaniya şirkətlərinin birgə fəaliyyətə marağının artdığı vurğulanıb, bu əməkdaşlığın institusional əsaslarının gücləndirilməsi, ənənəvi və yaşıl energetika, Orta Dəhliz çərçivəsində nəqliyyat-logistika imkanları, investisiya layihələri və sənaye kooperasiyası məsələləri geniş müzakirə olunub.
Eyni zamanda, Almaniyanın müasir aqrar texnologiyalarının Azərbaycanda tətbiqi, "ağıllı kənd təsərrüfatı" sistemlərinin qurulması, rəqəmsal həllərin genişləndirilməsi, turizm sektorunda birgə layihələrin həyata keçirilməsi kimi istiqamətlər də əməkdaşlığın perspektivli sahələri kimi qiymətləndirilib. Bu təşəbbüslər ölkələrimiz arasında iqtisadi münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə xidmət edəcək.
Dövlət başçıları arasında keçirilən danışıqlar, imzalanan sənədlər və mətbuata verilən birgə bəyanatlar Azərbaycan-Almaniya münasibətlərinin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirəcək yeni yol xəritəsinin formalaşmasına mühüm töhfə verəcək. Bu səfər yalnız ikitərəfli münasibətlərin deyil, həm də Azərbaycanın Avropa ilə strateji tərəfdaşlığının daha da möhkəmlənməsi baxımından mühüm siyasi və iqtisadi əhəmiyyət daşıyır".



