
Xatirə Rəhimbəyli 1966-cı ildə Ağcabədi rayonunun Aran kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini bitirib. Əmək fəaliyyətinə Beyləqan rayonu Türklər qəsəbəsində yerləşən orta ümumtəhsil məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi başlayıb, sonrakı illərdə Ağcabədi rayonunun "Araz" kənd orta məktəbində, Ağcabədi şəhər 1 nömrəli tam orta məktəbində və Xocavənd kənd orta məktəbində müəllim kimi fəaliyyət göstərib. 1994-2004-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının Azərbaycan dili və ədəbiyyat kafedrasında müəllim vəzifəsində çalışıb. 2004-cü ildən Bakı şəhəri İ.Məmmədov adına 298 nömrəli tam orta məktəbdə fəaliyyət göstərir.
Xatirə Rəhimbəylinin bədii yaradıcılığa marağı məktəb illərindən başlayıb. İlk şeiri 1982-ci ildə rayon qəzetində dərc olunub. 1994-cü ildən respublikanın müxtəlif mətbuat orqanlarında şeirləri, esseləri, hekayələri və dram əsərləri çap edilib. O, "Sevgi də dindir" (1999), "Sonuncu şeirdir yazıram sənə" (2007), "Bir sözüm var ürəyimdə..." (2015) və "Adına bir ölkə qurmuşam, şahım" (2026) adlı dörd şeirlər kitabının müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsüdür.
Baxma gözümün suyu boldu, amma nə fayda,
Xəyalımın bağçası solub gedibdi çoxdan.
Ürəyimə əkdiyin ümidlərim zay oldu,
Mən də əkinçiliyin daşın atdım o vaxtdan.
Bütün həqiqətləri səninçün silib atdım,
Bilirsən niyə susdum? İstəmədim küsəsən...
Əl mənim, ətək sənin,
qorxma, baltana qurban,
Əlimi kəs, qıymaram ətəyini kəsəsən.
Sönüb sonuncu ümid, fikrim qırış-qırışdı,
Sizdə işıq yanırmı? Ya borca ütün olmaz?
Yenə köhnə dost kimi sənə tutdum üzümü,
Yaman kasıblamışam, bir az ümidin olmaz?
Yox, darıxmaq deyil bu... heç sevgi də deyil, yox,
Sənin də çox "yox"un var,
görürəm gözlərindən.
Köhnə arxdı, nə deyim,
bəlkə yenə su gələr,
Onda dayaz qazmışıq, indi qazaq dərindən?
Baxma gözümün suyu boldu,
amma nə fayda,
Xəyalımın bağçası solub gedibdi çoxdan.
Ürəyimə əkdiyin ümidlərim zay oldu,
Mən də əkinçiliyin daşın atdım o vaxtdan...
lll
Bu hicran uzandı bir ömür boyu,
Həsrətdən dodağım uçuqdu... gəlsən...
Tale bağlayıbdı bütün yolları,
Təkcə xəyal yolu açıqdı, gəlsən.
Düşdün acıların cənginə baxma,
Mənasını ara, rənginə baxma.
Baxma, sən bu əcəl zənginə baxma,
Aşiqə Tanrıdan əfv çıxdı... gəlsən...
Məcnunlar eşqindən asılacaqmış,
Sevgisi əlüstə tutulacaqmış,
Silinib təzədən yazılacaqmış,
Əvvəl yazılanlar səhv çıxdı... gəlsən...
lll
Səni unuduram... əriyib fikrin
Düşür lələr-lələk zər qanadları...
Səni unuduram... gözümün seli
Yuyur köksümdəki dərin çatları...
Səni unuduram... ölür ovcumda
Sözün alabəzək kəpənəkləri.
Səni unuduram... məzarı olur
Əlvan çiçəklərin çiçək ləkləri...
Səni unuduram... düşüb boşluğa
Səhra küləyi tək ulayır ürək.
Bu qədər boşuna acı çəkmişəm,
Səni unudaydım əzəldən gərək
Səni unuduram... unudam gərək
Yaddaşım da qalsın, bir dənəm, sənsiz.
... Harda quzu mələsə,
... Bil ki, o, mənəm sənsiz...
Səni unuduram...
lll
Ürəyim sızlayır səsindən ötrü,
Sözünün acısı eynimə gəlməz.
Səsin də dünyanın keyfinə gedir,
Bircə yol hərlənib bu qəmə gəlməz.
Hər sabah çarmıxa çəkilər ahım,
"Ən-əl-sən" demişəm, bumu günahım?!
Adına bir ölkə qurmuşam, şahım,
Bəs nədən insafın ölkəmə gəlməz?!.
Yıxıb inancları, danıb dinləri,
Sevginin canına saldın cinləri
Ruhumun o xilas göyərçinləri,
Nə çağrışa baxmaz, nə dənə gəlməz.
Adına doğulub, sevgim, hər nəsə,
Ürək sına-sına, qəlb əsə-əsə...
Bu dəfə sevdiyi rəhmə gəlməsə,
Bu can bu cahana... eh, yenə gəlməz.
lll
Mən neynirəm... Mənim yolum ayrıdı,
Ürəyimdə amma bir ad çırpınır.
Xəyallara dən səpdiyim yerdəcə
Görrəm, küncdə bir cüt qanad çırpınır.
Bir az sığal çəkirəm ki, ovunsun,
Su verirəm gözlərimin camında.
Daşlayıram, huylayıram, incimir,
Uçub getmir ürəyimin damından.
Qəfəsini sındırıram yaddaşın,
Xatirələr pərən-pərən tökülür.
Bir də görrəm, qəh-qəh çəkib uzaqda
Ağlın diri bir çınqısı hey gülür...
Yandırıram ürəyimin yaş yerin,
Bəlkə tüstü perikdirə... alınmır.
Öldürəcəm! Mən dəyməmiş görürəm,
Göyərçinim, ayağından qan damır...
Eh... Neynirəm ki... Mənim yolum ayrıdır...
lll
Hansı inam çəkib soydu dərini?
Yüz də soyul, dünya düzəlməz belə.
Nə qədər yalvardım: Nə olar, şair,
Ölümə gedirəm, məni vəsf elə...
Nədi təzə eşqlər, təzə sevgilər,
Bir dəfə ayrılar can öz cismindən...
Yoxsa sevgin köhnə paltardı sənin,
Ruhun təzələnir soyulduqca sən?
Sənin inamını kim çiliklədi,
Mənim inadımı kim hörüb görən?
Adın ürəyimdən soyulmur, neynim,
Görəm necə qopur can öz cismindən...
Adın ürəyimə dəridi, şair,
Soyub qurtarmayıb gözlərim hələ...
Vallah ayrılıq da ölümdü, şair,
Ölümə gedirəm, məni vəsf elə...
lll
Sən məni arama, qoy səndən ötrü
Həsrət ürəyimin başı tökülsün.
Sənin xəncərinin qaşı düşməsin,
Mənim gözlərimin yaşı tökülsün.
Sevda gör neylədi fərsiz başlara?
Üzgün ürəklərə, halsız başlara?
Qoy qara qəlblərə, qoy pis başlara
Sənin həsrətinin daşı tökülsün!
Yamanca öyrəşib daha həsrətə...
Bu mehri, ülfəti gəlsin lənətə!
Getməz ki, könlümdən qəmə minnətə
yüz ağıllı gəlsin, naşı tökülsün...
lll
Duzlu sular qoyub qəmin bağrına
Duzlayıb yığıram sənsiz günləri.
Əsgər balasısan ayrılıqların
Ümidəm, nə vaxtsa dönərsən geri.
"Mən-sən" eşqimizə "o" qara kağız
Göynədir könlümü üçkünc məktublar.
Naümid qoymuram qəlbi; əsgərin
Partizan olmağı, əsirliyi var...
Axıtdın adımı yaralarından,
Oxşadı ruhunu şəfqətin əli.
Bulaq eşqimizi silib gözündən
Axdı ürəyinə tərsa gözəli...
Sən ömrü borclusan tərsa qızına,
Mən dönə bilmirəm - sevgi də dindi...
Bütün istəklərin sərkərdəsi yar,
Bu çaşqın qoşunla neyləyim indi?!
Duzlu sular qoyub qəmin ağrına,
Duzlayıb yığıram sənsiz günləri.
Əsgər balasısan ayrılıqların
Ümidəm nə vaxtsa dönərsən geri;
Ömürlük sevmir ki, tərsa gözəli!..
lll
Gördün, hamı getdi...qaldıq ikimiz,
Ulu eşq deyilən budu, əzizim.
Hər qəlbdə bir cürə təcəlla edən
Sevda gözümüzdə sudu, əzizim.
Bu ürək nə azıb, nə də karıxıb,
Bir ömür eləcə yoluna baxıb.
Göz yaşım gizlincə içimə axıb
Hər kəsi qəlbimdən yudu, əzizim.
Bildinmi, mənmişəm yeganə varın?
Silinmir gözündən qəmin, qübarın...
Bu sirli acının, bu intizarın
Getmir damağından dadı, əzizim?
Bizim aramızda bir möcüzə var;
Nə zaman, nə məkan, nə hadisə var...
Amma bu sevgidə sirli nəsə var,
Qalacaq tarixdə adı, əzizim.
Gördün, hamı getdi...
lll
Hamı "Getdi!" deyib haray qoparır,
Gedənlər hayana gedib ki, gəlmir?
Ya bəlkə gedənin bəxti gətirib,
Tanrı imdadına yetib ki gəlmir.
Baxarsan, qismətin ötər yanından.
Qəhr olsun bu sınaq, belə imtahan!
Yəqin azca çaşıb o tale yazan,
Bir az sürüşdürmə edib ki, gəlmir...
Gərək bu viranda saralıb-solam.
Yıxılıb minarəm, uçulub qalam!
Bir az ərköyünəm, bir az cığalam.
Yəqin qulağına çatıb ki, gəlmir!
Həsrəti yer qoymur dində, imanda.
Eləcə qövr edir qorxusu qanda!
Çürüyür ürəyim bu daş zindanda.
Əlləri qanıma batıb ki, gəlmir.
Xatirə, bir ömür keçdi, bəkçisən,
Gözlərin cuvardı, sən çiçəkçisən!
Gəlməz bir ömür də qəhrini çəksən,
Gedənin gedibdi...
Gedib ki, gəlmir!..
lll
Deyim ortalığa, bəlkə də çatdı
Sözümün sədası ürəyinizə.
Divin xəlbirimi, yapışıb qalmır
Bir eşqin nidası ürəyinizə?!
Nə yaman nazilib təbiniz sizin,
Təpəri, dözümü yox qəlbinizin.
Yamanca tez dəyir sevdiyinizin
Nazının hədəsi ürəyinizə...
Yüz dəfə "sevən" var, bir yol ölmədi,
"Sevdiyi" yüzündən biri gülmədi...
Birinin hicrinə tab gətirmədi,
Məcnunun qadası ürəyinizə!..



