Qoymamışam ölə bu ulu sevda,
Bu günə gətirib sağ çıxarmışam.
Daşıya bilmirdi Sizif bir daşı,
Mən dağın üstünə dağ çıxarmışam...
Neynək, itirdilər bu haqqı-sayı,
Qəlbim sınıq-sökük haqdan dolayı...
Dərdini almışam, dünya, havayı,
Köksündən o qədər ah çıxarmışam...
Fələk, nə vecinə mənim savaşım,
Dərdim oyuncaqdı, qatılır başım.
Belə ömrü boyu yuyub göz yaşım,
Gecəni səhərə ağ çıxarmışam...
lll
Bu acı dünyaya eşqim, həvəsim,
Bu fani dünyada varım, yoxumsan.
Vermir ki... oynayır fələk bizimlə,
Hər kim bu dünyadan nəyi çox umsa...
Dadaydı bu acı qəmdən özü də,
Görəydi kədərə yanmaq necə olur...
Tutur gözümüzü... Baxıb görmürük,
Görəndə... baxırıq... Onda gec olur...
Qəmin də öldürə bilmədi məni,
Gücünü görmədim ayrılığın da!
Dolanır dünyanı sərgərdan canım,
Kədər aşığımdan dərd topuğumdan...
lll
Gördün, hamı getdi... qaldıq ikimiz,
Ulu eşq deyilən budu, əzizim.
Hər qəlbdə bir cürə təcəlla edən
Sevda gözümüzdə sudu, əzizim.
Bu ürək nə azıb, nə də karıxıb,
Bir ömür eləcə yoluna baxıb.
Göz yaşım gizlincə içimə axıb
Hər kəsi qəlbimdən yudu, əzizim.
Bildinmi, mənmişəm yeganə varın?
Silinmir gözündən qəmin, qubarın...
Bu sirli acının, bu intizarın
Getmir damağından dadı, əzizim?
Bizim aramızda bir möcüzə var;
Nə zaman, nə məkan, nə hadisə var...
Amma bu sevgidə sirli nəsə var,
Qalacaq tarixdə adı, əzizim.
Gördün, hamı getdi...
lll
Uçur lələk-lələk, sökülür çöp-çöp
Beş-üç quş yuvası xatirələrin.
Qəlbimin qurumuş budaqların
dan
Düşür boş yuvası xatirələrin.
Sənsən bu acını alnıma yazan,
Yaxşı iş deyil ki, bacarmayasan...
Bir acı sözünlə gör necə asan
Sınır daş yuvası xatirələrin.
Yoxdu bu dolanbac yollardan çıxış,
Soldurdu bağçamı bir ögey baxış...
Eh, qışda qar döydü, payızda yağış,
Uçdu yaş yuvası xatirələrin.
lll
Səni sevmək günahmış,
Suç üstdə yaxalandım...
Bir dəlil-sübut kimi
Alındı eşqim, andım...
İllər uzunu çəkdi
Araşdırma, təhqiqat.
Ən ağır cəza kəsdi
Mənə bu zalım həyat.
Qəmin boynumda zəncir,
Mənə məhbəsdir komam.
Eh, o gündən ömürlük
Yaşamağa məhkumam.
lll
Yenə yaxınlaşır ölüm anlarım,
Yenə şeir yazmaq gəlir eynimə.
O qansız sevdanı şeir havası
Haylayıb gətirir üstüm yenə!
Yenə gülümsəyir hicran günəşi
Əriyir gözümün şimal buzları
Yenə də başlayır rəssam xəyalım
Rəsmini cızmağa vəfasız yarın...
Elə sürtüb yerə dabanlarını
Ərköyün ürəyim hönkürür yenə!
İtirdiyim illər eynimə gəlmir
Bir şeir havası gəlir eynimə...
lll
Nə tez-tez deyirsən: "Ölürəm daha",
Ağzından yel alsın, nə sözdü, ölmə!
Sənin ölünü də qıymazlar mənə,
Ölü diridən də əzizdi, ölmə!
Mənim başım çıxmaz küydən-kələkdən,
Ətrini alıram əsən küləkdən...
Adın xatirimdə güldən-çiçəkdən,
Göylərdə mələkdən təmizdi, ölmə!
Dilim dönməz deyəm zalımsan, pissən,
Noolsun ki, indi əğyarla dostsan.
İlahi ülfəti min yol da pozsan,
İlahi sevgilər ölməzdi, ölmə!
lll
Hər axşam ömrümün xəyal ekranın
Beş-üç dəqiqəlik yandırmağım var.
Ömrümün ən şirin dəqiqələrin
Bu sirli ekranda dondurmağım var.
Keçir asta-asta, keçir aramla,
Baxışı, duruşu, gülüşü keçir...
Çıxıb xatirəmin dərinliyindən,
O məhzun, o yorğun yerişi keçir.
Sonra da yalandan tərsləşməyimiz
Yalançı inciyib-küsmələr keçir.
Sonra da ağlını başından alan
İnsafsız dodağı büzmələr keçir.
Onda gözlərimin dolur buludu,
Onda ürəyimdən ağrılar keçir.
Onda yaddaşımdan bir ömür boyu
Cavabın tapmayan sorğular keçir...
Ah, onda qaralır bu xəyal ekran,
Çarxına bir qəhər ilişib qalır.
Zorla fırladıram...
Yenə dişinə
Bir lövhə, bir xəbər ilişib qalır.
Götürüb atımmı bu köhnə çarxı,
Qocaldıqca ona boyum da çatmır.
Hərdən ilişəndə, ciyildəyəndə
Tutub hərləməyə heyim də çatmır...
O qədər baxıb ki, bu köhnə filmə
Daha gözlərimdə tovuş qalmayıb...
Ürəyə gəl anlat bu həqiqəti -
Onda da o ağıl, o huş qalmayıb.
Onun xatirində yüz sənsiz filmi,
Eh, sənsiz yaranmış min lövhəsi var.
Onun xatirində əzizləməyə
Səndən milyon kərə əziz kəsi var.
Nəyinə lazımdı kif iyi verən
Cır-cır cırıldayan köhnə filmlər?
Acı dərman kimi udduğun qəhər,
Gözündən süzülən bu mirvarilər...
Hər axşam ömrümün xəyal ekranın
Beş-üç dəqiqəlik yandırmağım var.
Ömrümün ən şirin dəqiqələrin
Bu sirli ekranda dondurmağım var...
lll
Mən neynirəm... Mənim yolum ayrıdı,
Ürəyimdə amma bir ad çırpınır.
Xəyallara dən səpdiyim yerdəcə
Görrəm, küncdə bir cüt qanad çırpınır.
Bir az sığal çəkirəm ki, ovunsun,
Su verirəm gözlərimin camında.
Daşlayıram, huylayıram, incimir,
Uçub getmir ürəyimin damından.
Qəfəsini sındırıram yaddaşın,
Xatirələr pərən-pərən tökülür.
Bir də görrəm, qəh-qəh çəkib uzaqda
Ağlın diri bir çınqısı hey gülür...
Yandırıram ürəyimin yaş yerin,
Bəlkə, tüstü perikdirə... alınmır.
Öldürəcəm! Mən dəyməmiş görürəm,
Göyərçinim, ayağından qan damır...
Eh, neynirəm ki... Mənim yolum a
yrıdır...