
Hər dəfə yolum Qəbələyə düşəndə mərhum qardaşım Səid müəllim rayonun nüfuzlu ağsaqqallarından, onların sovet dövründəki fədakar fəaliyyətindən, işə məhəbbət və məsuliyyətlə yanaşmasından ağızdolusu, həvəslə söz açardı. Sonda isə mütləq əlavə edərdi: "İndi onlar kimi prinsipial, işgüzar adamların həyatını, iş təcrübəsini öyrənmək, onların qədrini bilmək lazımdır". Həmin ağsaqqallarla çiyin-çiyinə uzun müddət rayonda məsul vəzifələrdə çalışmış Səid müəllim köhnə iş yoldaşları barədə xatirələrini məmnuniyyətlə bölüşərdi.
Söhbətlərimizin birində o, Qəbələ rayonunda rəhbər vəzifələrdə çalışmış Səməd Səmədovdan söz saldı: "Səməd müəllim 1974-1982-ci illərdə ən məsul postlardan birinə - Rayon Xalq Nəzarəti Komitəsinə rəhbərlik etmişdi. Dövrün öz qaydaları vardı. Rayon Partiya Komitəsinin birinci katibinin sözü hamı üçün qanun sayılırdı; vəzifəsindən, mövqeyindən asılı olmayaraq, onun tapşırıqları müzakirəsiz, sözsüz, qeyd-şərtsiz yerinə yetirilməli idi. Lakin Səməd müəllim prinsipiallığı və cəsarəti ilə seçilirdi. O, uzun müddət rayona rəhbərlik etmiş, respublikada tanınmış partiya və dövlət işçisi Abdulla Bullayevlə, çoxlarından fərqli olaraq, açıq və ciddi polemikaya girir, təklif və təşəbbüslərlə çıxış etməkdən çəkinmirdi.
Sonralar - 1978-1980-ci illərdə Rayon Partiya Komitəsinin birinci katibi işləmiş Niyaz Kərimovla Səməd müəllim arasındakı kəskin dialoq onların münasibətlərini xeyli gərginləşdirmişdi. Rayon əhalisinin böyük rəğbətini qazanmış Abdulla Bullayevin nüfuzu nədənsə Niyaz Kərimovu rahatsız edirdi. O, komissiya təşkil edərək sabiq birinci katibin fəaliyyətini yoxlatdırır, müxtəlif adamları onun işi ilə bağlı Mərkəzi Komitəyə və digər təşkilatlara şikayət məktubu yazmağa təhrik edirdi. O zaman Səməd müəllim Abdulla Bullayevin ünvanına, əleyhinə bir kəlmə də olsun mənfi rəy yazmamış, Niyaz Kərimova isə qətiyyətlə bildirmişdi: "Mən Abdulla müəllim haqqında ancaq xoş sözlər yaza bilərəm". Səməd müəllimin bu cəsarətli addımı o vaxt rayonda böyük əks-səda doğurmuşdu..."

...Səməd müəllim haqqında ikinci dəfə görkəmli dövlət xadimi, alim və ictimai xadim Musa Məmmədovdan (1932, Qəbələ - 2019, Bakı) eşitdim. M.Məmmədov 1984-1985-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, 1986-1989-cu illərdə sədrin birinci müavini və Dövlət Aqrar Sənaye Komitəsinin sədri, 1989-2001-ci illərdə isə Respublika Meşə Təsərrüfatı İstehsal Birliyinin sədri vəzifələrində çalışmışdı. Musa müəllim təqaüdə çıxdıqdan sonra Baş nazirin aqrar məsələlər üzrə müşaviri işləyirdi və tez-tez rayonlara ezamiyyətə gedirdi. Növbəti səfərlərinin birindən əvvəl mənə belə demişdi: "Yolum Qəbələyədir. Yaxşı ki, orada köhnə dostlarım - öz işinin öhdəsindən gələn peşəkar, səriştəli kadrlar var. İndi onların çoxu təqaüddə olsa da, rayonda təsərrüfatın mövcud vəziyyəti və inkişaf yolları ilə bağlı fikir mübadiləsi etməyə dəyər. Yadımdadır, sovet dövründə Səməd Səmədov təsərrüfatın bütün sahələri üzrə topladığı zəngin məlumatları operativ şəkildə bizə təqdim edir, faydalı təşəbbüslər irəli sürürdü".
M.Məmmədovun qızı - tibb elmləri üzrə fəlsəfə doktoru Günel xanım atası haqqında dostlarının xatirələrindən ibarət toplu nəşr etdirmək arzusunda olduğunu bildirəndə Musa müəllimin Səməd müəllim barədə dediklərini xatırladım, onunla əlaqə saxlayıb məqsədimi bildirdim. Səməd müəllim bu xəbərdən çox məmnun oldu və qısa müddət ərzində o, Musa müəllim barədə xatirələrini qələmə alıb bizə təqdim etdi. Həmin yazı M.Məmmədov haqqında tərtib etdiyimiz "Sədaqət və saflıq simvolu" adlı topluda (Bakı, "Elm və təhsil" nəşriyyatı, 2022, 272 səh.) işıq üzü gördü.
Səməd müəllimlə şəxsi tanışlığımın da maraqlı tarixçəsi var. Rayona növbəti səfərlərimdən birində Qəbələdə ilk özəl tarix-diyarşünaslıq muzeyinin yaradıcısı, Əməkdar müəllim, hörmətli ağsaqqal Fərman Əzizlinin təklifi və təşəbbüsü ilə Səməd müəllimin görüşünə getdik. İlk ünsiyyətdən Səməd müəllimin çox çətin və şərəfli həyat yolu keçdiyini, lakin əzmkarlığı, dəmir iradəsi, qətiyyəti, prinsipiallığı, zəhmətsevərliyi ilə həyatda böyük uğurlara imza atdığına bir daha əmin oldum. Hələ ana bətnində ikən taleyin ağır sınağı ilə qarşılaşan Səməd müəllim, atasını itirir. 1943-cü il isə altı yaşlı Səməd üçün fələklə amansız savaşa çevrilir. Əvvəlcə sığındığı anası dünyasını dəyişir, bu azmış kimi ardınca məsum körpəni zəhərli ilan sancır. Valideynlərini itirən və ölüm təhlükəsi ilə üzbəüz qalan Səmədin erkən yaşda yaşamaq uğrunda mücadiləsi başlayır. Əmisinin himayəsində böyüyən Səməd 1946-cı ildə rayonun Mıxlıqovaq kənd məktəbinin I sinifinə daxil olur, təhsilə böyük maraq göstərən Səməd orta məktəbi əla qiymətlərlə bitirsə də, Universitetə daxil ola bilmir, Bakı Maliyyə Kredit Texnikimuna qəbul olunur. Oranı da əlaçı kimi başa vurur. Daha sonra hərbi xidmətə yola düşür. Ali məktəbə girmək, jurnalist olmaq arzusu Səmədi tərk etmir. Özünü növbəti dəfə sınağa çəkir. Bu dəfə də müsabiqədən keçmir. Sonrakı il sənədlərini Azərbaycan Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə verir, bu dəfə tale onun üzünə gülür, Səməd Unuversitetə qəbul olunur...
Ali məktəbi uğurla bitirən Səməd Səmədov Rayon Maliyyə şöbəsində əmək fəaliyyətinə başlayır. İşə məsuliyyətlə, həvəslə, maraqla yanaşması, zəhmətsevərliyi rayon rəhbərliyini diqqətindən yayınmır. Onun təşkilatçılıq, idarəçilik məharəti tezliklə öz bəhrəsini verir. Səməd Səmədov 1974-1982-ci illərdə Rayon Xalq Nəzarəti Komitəsinin sədri, 1982-1991-ci illərdə Rayon Soveti İcraiyyə Komitəsinin sədri, 1991-1994-cü illərdə Qəbələ Şəhər İcra nümayəndəsi, 1994-2009-cu illərdə Rayon İcra Hakimiyyəti başçısının Sosial-İqtisadi məsələlər üzrə müavini vəzifəsində fəaliyyət göstərir.
Səməd müəllimin dövlət qulluğu sahəsində çoxillik və səmərəli fəaliyyəti həmişə yüksək qiymətləndirilmiş, çox sayda diplomlara, fəxri fərmanlara, təşəkkürnamələrə, döş nişanlarına layiq görülmüşdü. Onun əməyini Azərbaycan Respublikasının Prezidenti də yüksək qiymətləndirmiş və müvafiq Sərəncamla "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilmişdi.
Hazırda təqaüddədir, böyük və mehriban ailəsinin əhatəsində xoşbəxt illərini yaşayır. Amma asudə vaxtı az olur, həyətdə, bacada, bağçada çalışır, tez-tez uzaqdan-yaxından gələn qonaqları ilə görüşür. Vaxt tapan kimi... istedadın, ilhamın, yaradıcılıq sevdasının doğurduğu duyğu və fikirlərini qələmə almaqla də məşğul olur. Təsadüfi deyil ki, indiyədək Səməd müəllimin ikisi şeirlərdən ibarət olmaqla, dörd kitabı işıq üzü görüb.
Söz, sənət aşiqi olan Səməd müəllimin əsərlərinin məzmunu maraqlı və rəngarəngdir. Mövzusuna, ideya istiqamətinə görə onları aşağıdakı kimi qruplaşdırmaq olar: ata-anaya məhəbbət, vətən sevgisi, təbiətə vurğunluq, milli-mənəvi irsə, ailə dəyərlərinə bağlılıq, adət-ənənələrə sədaqət, kədəri bölüşmək, sevinci paylaşmaq, fərdlərdə və cəmiyyətdə olan naqis cəhətlərin, nöqsanların kəskin tənqidi... S.Səmədovun "Qəbələ", "Qəmərvan", "Dağlar", "Savalan dağı", "Mərdəkan" kimi şeirləri doğma diyarın, füsunkar təbiətin tərənnümünə həsr olunub:
Şöhrətin yayılıb obaya, elə,
Min tərif yazılıb sənin şəninə.
Mərd əlin uzatdın gəlib-gedənə,
Dostlar qonağındır, sənin Qəbələ.
("Qəbələ")
lll
Qarlı zirvələrin, uca başın var.
Meyvəli bağların dursun, bir yana.
Kim bilir, tarixdə neçə yaşın var,
Nə qədər doğmasan, Azərbaycana! ("Savalan dağı").
Doğulub boya-başa çatdığı kəndin "dəlisov çayları", "buz bulaqları", "laləli, nərgizli dağ yamacları" göz oxşayır, amma taleyin hökmü ilə şair doğma yurdu tərk etmək məcburiyyətində qalır. Yurd həsrəti şairi dərindən üzür, kədərləndirir, qəlbini sızladır:
Doğma yurdu qoyub gəldim arana,
Arxamda dağlarım, çəmənim qaldı.
Həsrətlə baxıram qara dumana,
Orda ayaq izim, səmənim qaldı.
lll
Xeyli vaxtdır, görüşünə gəlmirəm,
Kimə deyim, bu dərdimi, bilmirəm.
Səndən ötrü divanəyəm, dinmirəm,
Orda mənim doğmaca kəndim qaldı.
("Qaldı")
Ata-anasını erkən itirən Səməd müəllim taleyin acı, ağır zərbəsindən sarsılsa da, iradəsi, əzmi ilə ayaqüstə durmağı bacarır, özünün təbirincə desək, "həyatdan küsmür":
Anam Gülnisəni erkən itirdim,
Atam Cəlili də görməmişəm mən.
Tənha qaldığımı anladım, bildim,
Amma həyatımdan küsməmişəm mən.
("Ata-ana həsrəti").
Səməd Səmədovun məhəbbət, sədaqət, didaktik, satirik mövzularda qələmə aldığı şeirlər də diqqəti çəkir, maraqla oxunur. Fikrimizcə, şairin yaradıcılığı haqqında gen-bol bəhs etmək olar, lakin elə bilirik ki, yuxarıdakı misralar Səməd müəllimin ədəbi irsi haqqında kifayət qədər təəssürat yaradır.
Bu il Səməd Səmədovun 90 yaşı tamam olur. Bu münasibətlə onu ürəkdən təbrik edir, bütün həyatını Vətənə, dövlətə, millətə xidmətə həsr edən ağsaqqala möhkəm cansağlığı, yaradıcılıq uğurları arzulayırıq.
07.07.2025.



