
Yazıb göndərmədiyim məktubları oxudun?
Göründümü gözünə gözə görünməyənlər?
Mən deyilən sözləri dinləmirəm, bilirsən,
Mənə Haqdan agahdır heç vaxt deyilməyənlər.
Yalanı yalan olsun, yalan çıxandan bəri
Doğrular qəlbimizin bir küncünə sıxıldı.
Qazıdı ayağının altını yalan sular,
Arxa dayadığımız uca dağlar yıxıldı.
Ah, necə sevinclərin oyununa qoşulum,
Qaldı ürəkdə həsrət, ovuldu gözlərdə kam.
Bütün başqa arzular pərvazlandı, nə olsun,
Yay-qış boş yuvasında inləyir sevgi nakam.
Ayrılıq haqdı, billəm, yox tutarlı bir səbəb
Bu qəlbimi zəbt edən həsrəti daşlamağa.
Yaz ömrü həsrətinin səhrasında bitirdim.
Azacıq yer olarmı qəlbində qışlamağa?
Yazıb göndərmədiyim məktubları oxudun?
Göründümü gözünə gözə görünməyənlər?
Mən deyilən sözləri dinləmirəm, bilirsən,
Mənə Haqdan agahdır heç vaxt deyilməyənlər...
***
Sonuncu şeirdi yazıram sənə,
Adın bundan belə çıxar yadımdan.
Səni bundan belə unutmamağım,
Məndən sənə çatan ən böyük cəza!
Düşün, səndən ötrü kim böyütmüşdü,
Bağrının başında bu boyda həsrət!
Cəhənnəm uçrumu açar qarşında,
Qəfildən kəsilən bu qurd sədaqət.
Mənim xəyalımın saraylarında
Gözəl Yusif idin, ölməz Cakonda.
Sonuncu şeirdi yazıram sənə,
Əlvida!.. Gözündən öpürəm sonda!
***
İndi uyuyursan... yuxularında
yoxamsa... yoxam.
Hicranın əlində olan tək mənim
yaxamsa... yoxam.
Günəşsən, bu səhra qəlbi odlayan,
Buludsan, yağmadan ötən, adlayan.
Heç vaxt ünvanına gedib çatmayan
ahamsa...yoxam
Gördünmü yetməkçün yarına belə,
Yüyürə, yıxıla, sürünə belə...
Qəlbinin boş qalan yerinə belə
çoxamsa... yoxam...
***
Atdığınız daşla, bilirsinizmi,
Ayağım altına daş qoymusunuz?
Sınmış etibarın qəbri üstə gül,
Bulaq gözlərimə yaş qoymusunuz...
Daş-daş ucalıram, daş-daş susuram,
Sizə danmı gəlir daşa dönməyim?
Dağ çayı kimiyəm, axıb getmişəm,
Ta Allaha qalıb başa dönməyim.
Yüngüllər özünü dartar önümdə,
Mənim gücüm çatmaz özümü çəkim.
Özünüz gözümü qırdınız ki, mən
Daha üstünüzdən gözümü çəkim...
Yaralı ürəyim dağ-dağ olunca
Bərkiyib beləcə dağ oluram, dağ.
Soyuyur ürəyim, soyuyur üzüm,
Nədir? Daş adama olmur sığınmaq?
Daş-qalaq etdikcə duyğularımı
Ayağım altına bir dağ qalandı...
İndi ağı deyin, bayatı çəkin:
Mən aşiq dağda yandı,
Şamama tağda yandı.
Dalımı dağa söykədim,
Alışdı dağ da yandı.
Nədir? Dağ adama olmur sığınmaq?
Tanıdın?
Yenə səksəndirib qəm dəryasını,
Dərindən səslənən mənəm, tanıdın?
Gözün gözlərinə, eşqin qəlbinə
Əbədi göz dağı sənəm, tanıdın?
"Çoxdan unutmuşam!" - deyib ha çığır,
Qəmli gözlərindən mənsizlik yağır!
Ha ucal, ha yüksəl, vüqarlan, axır
Başına dolanan çənəm, tanıdın?
Sevgi dastanında xaric xalların,
Yəhərsiz, yüyənsiz xam xəyalların
Bağrinin başını döyən nalları
Tellərinə yağan dənəm, tanıdın?
Denən xoşbəxtinə gülsün həmişə,
İncimək, ağrımaq mənədi peşə. -
Sevilib atılan küskün bənövşə,
Qibləlikdən düşən yönəm, tanıdın?
Ömrün dünəninə atdığın arzun,
Qədirsiz istəyin, ögey murazın.
Hərdən gözlərinə o gözəl qızın
Gözündən boylanan qəməm, tanıdın?
***
Üzü o tərəfə, könlü bu yana
Ay iki arada qalan ey,salam.
Yığval tərsə düşüb yol düz gəlməyib
Ürəyi həsrətdə solan ey, salam.
Gəzir aralıqda qatı duman çən,
Eh, nə bu mən mənəm, nə də o sən sən
Ürəyim eşitdi ürəyin verən
Allah salamını... Salam ey, salam!
Hər açılan sabah sabah olmur ki,
Quruca bir salam günah olmur ki...
Hər qəlbin salamı, Segah olmur ki,
Ürəyim inlədi: "Balam ey...", salam.
Eh gəlirsiz gəldi bu gidi gərdiş,
Ürək dərd çəkməyi eylədi vərdiş,
Salamın qurusun, salamsız dərviş,
Eylədin ruhumu talan ey... salam.



