
İkinci Dünya müharibəsi ərəfəsində Avropada faşizmin yayılmasına qəhrəmancasına müqavimət göstərmiş İspaniyanı Azərbaycanla bağlayan maraqlı və qürurlu, lakin o qədər də tanınmayan bir fakt barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin öz "X" hesabındakı qeydləri və bu xüsusda ingilisdilli "AnewZ" telekanalının hazırladığı "The aviators of Ganja" ("Gəncə aviatorları") adlı sənədli filmi təqdim etməsi ictimaiyyətin və kütləvi informasiya vasitələrinin diqqətini çəkib.
Xatırladım ki, təxminən on il əvvəl sözügedən mövzuda, yəni 20-ci əsrin 3-cü onilliyindən etibarən Avropanı qəfil bürüyən faşizmin İspaniyaya da yayılması ilə bu ölkədə 1936-cı ildən alovlanan vətəndaş müharibəsində respublika quruluşunu müdafiə edən qüvvələrə kömək göstərən sovet dövlətinin onlar üçün SSRİ-nin bir sıra yerlərində hərbi hazırlıq təsisatları, o cümlədən Kirovabad (Gəncə) şəhərində təyyarəçilər məktəbi yaratması və bu məktəbin fəaliyyəti barədə "525-ci qəzet"də geniş yazmışdım.
İspaniyalı pilotların yaxınlarının Gəncəyə 2016-cı ilin noyabr ayının son günlərinə təsadüf edən ziyarəti münasibətilə hazırlanan və həmin ilin dekabrın 1-də qəzetin səhifələrində, eləcə də saytında yer alan "İspaniyadan Gəncəyə, qəhrəmanların sorağı ilə..." adlı məqalədəki (https://525.az/news/68788-ispaniyadan-genceye-qehremanlarin-soragi-ile) bir sıra məqamları, eləcə də digər maraqlı faktları diqqətə çatdırmağı faydalı sayırıq.
Beləliklə, məktəbin fəaliyyət göstərdiyi 1936-1939-cu illər ərzində burada 200 nəfərədək ispan kursant təyyarəçi kimi yetişdirilib. İntensiv təlimlər zamanı baş verən qəzalarda 19 nəfər kursant həlak olub və Gəncədə torpağa tapşırılıb.
1939-cu ildə İspaniyada faşistlər hakimiyyəti tam ələ almağa müvəffəq olurlar. Kursantlar vətənə dönə bilmir və onların bir qismi SSRİ-də qalır və buradan Böyük Vətən müharibəsi cəbhələrinə qoşulurlar. Müharibədə "Gəncə aviatorları"ndan daha 25 nəfəri həlak olur.
Öz igid ata-babalarının qəhrəmanlıqlarının sorağı ilə Gəncəyə gələn nümayəndələrin səfəri İspaniya Respublikaçı Təyyarəçilər Assosiasiyası ilə Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyi ilə birgə təşkil olunmuşdu. Öz sıralarında elə əsasən faşizmə qarşı vuruşmuş beynəlmiləlçi təyyarəçilərin yaxınlarını birləşdirən bu assosiasiyanın məramı respublika uğrunda vuruşmuş pilotların döyüş salnaməsini tədqiq və təbliğ etməkdir.

Həmin səfər zamanı qonaqlar Gəncə şəhər 30 nömrəli orta məktəbində 1936-1939-cu illərdə fəaliyyət göstərən SSRİ Hərbi Hava Qüvvələrinin 20 nömrəli Təyyarəçilik Məktəbinin ispan kursantları və təlimçilərinin xatirəsinə həsr olunmuş muzeyin açılış mərasimində də iştirak etmişlər və böyük qürur və kövrək hisslər yaşamışlar. Muzeydə yaxınlarının fotoşəkillərini görənlər göz yaşlarını saxlaya bilməyərək, ata-babalarının xatirəsinə həssaslıq nümayiş etdirildiyinə görə Azərbaycan hökumətinə təşəkkür etmişlər.
İspaniyanın Respublikaçı Təyyarəçilər Assosiasiyasının rəhbəri Akilino Mata Piyer muzeydə yaradılan şəraitdən məmnun qaldıqlarını bildirərək, bu xatirə ocağına ispan təyyarəçiləri haqda məlumatlar əks olunmuş əlavə sənədlər də təqdim edib.
Qonaqlara o vaxt muzeydə bələdçilik edən tarix elimləri doktoru, professor Həsənbala Sadiqov bir daha xatırladıb ki, 1936-1939-cu illərdə İspaniyada vətəndaş müharibəsi dövründə respublikanı müdafiə edənlər faşizmə söykənən general Franko tərəfdarlarına qarşı mübarizə aparırdılar.
"İspaniyada təyyarəçi, topçu və dənizçilərin sayı respublikanı lazımi şəkildə qorumaq üçün kifayət etmirdi. Bu baxımdan, Sovet İttifaqı öz ərazisində beynəlmiləlçi döyüşçülər hazırlanması qərarına gəlib. Gəncədə də 20 nömrəli hərbi hava təyyarəçilik məktəbi fəaliyyətə başlayıb. Məktəbin hər bir kursu altı ay olmaqla, altı buraxılışı olub", - deyə o bildirib.
Muzeydə ispan təyyarəçiləri ilə bağlı məlumatlar, onların geyimləri, təlimlər zamanı çəkilən fotoşəkilləri, istifadə edilən təyyarələrin maketləri, mühərriklərinin parçaları və digər eksponatlar saxlanılır.

O vaxt Gəncədə olan ispan qonaqlar şəhərin xalq arasında "Yeni Səbzikar" adlandırlan qəbiristanlığnda salınmış Fəxri xiyabanda da olublar. Sözügedən məktəbin əksəriyyəti ispan olan, sınaq uçuşları zamanı həyatını itirmiş 19 nəfər müdavimi burada dəfn olunub.
Onu da əlavə edək ki, Böyük Vətən müharibəsi zamanı sovet ordusunda xidmət edən ispan pilotlar Moskva, Odessa, Stalinqrad ilə yanaşı, Bakının hava hücumundan müdafiəsində də iştirak ediblər.
Gəncədəki Təyyarəçilər Məktəbinin direktoru isə Leonid Vasilyeviç İvanov olub. O, Gəncədə qulluq edib və burada yaşayıb. Polkovnik İvanov 1950-ci ildə 54 yaşında vəfat edib. Onun qəbri Gəncəçayın sol cinahıdakı sahil bağındadır.
Onunla dostluq etmiş, 2023-cü ildə 100 yaşında dünyadan köçmüş Böyük Vətən müharibəsi veteranı Tofiq Hüseynov bu sətirlərin müəllifinə vaxtilə verdiyi müsahibədə İvanovu çox xeyirxah və səmimi insan kimi xarakterizə edib.
"Mən də qısa bir müddət ərzində həmin təyyarəçilər məktəbində oxumuşam. Amma mütəmadi tibbi müayinələrdə orqanizmimin təyyarə uçuşlarına davamlı olmadığını aşkar etdilər. Müharibəyə quru qüvvələr heyətində qatılmışam. 45-ci ildə Gəncəyə qayıtdıqdan sonra İvanovla dostluğum davam etdi. O, bizim milli xüsusiyyətimizi çox sevir, dilimizdə danışa bilirdi. Həyat yoldaşı da Gəncə Zabitlər Evində gözəl bir xor təşkil etmişdi. O da çox ictimaiyyətçi və vətənpərvər bir qadın idi. İvanovun vəfatından sonra onun həyat yoldaşı və qızları Rusiyaya köçdülər. Yəqin Allahın işidir ki, Gəncəni çox sevən İvanovun qəbri elə buradakı sahil bağındadır", - deyə Tofiq müəllim müsahibəsində bildirib.

Yeri düşmüşkən, Gəncəçayın sol cinahındakı həmin bağda Abbas Səhhət də dəfn olunub.
Köhnə gəncəlilər öz şəhərlərinə "İmamsöyün şəhəri" deməyi çox sevirlər. Bu ifadə məlum imamın bir yaxınının buradakı "İmamzadə"də uyumasından irəli gəlsə də, Gəncənin mülayim iqlimi, ziyanverici təbii hadisələrin bu şəhərdən daim yan ötməsi, həmçinin kimsəsiz və qəriblərə kömək göstərilməsi ənənələrinin unudulmaması ilə daha çox balğı olub desək, səhv etmərik.
Haqqında söhbət gedən məzarlar da burada yaddan çıxarılmır.
Bu günlərdə şəhərdə rastlaşdığım, özü də çılğın futbol azarkeşi olan köhnə bir dostum bilirsiniz nə söylədi? Sən demə, o, şəhər qəbiristanlığında öz yaxınlarının məzarlarını ziyarət etdikdən sonra, oradakı həmin ispan pilotları memorialına da baş çəkib və onların ruhuna da Quran oxutdurub.
"Halal olsun, bunlar haqq yolunda mübarizə aparıblar. Elə İspaniyanın futbol komandası da bu idmandakı haqsızlıqlara yaxşıca cavab verdi!" - deyə o, çox maraqlı paralellər işlətdi.
Zakir MURADOV,
Gəncə



