
Ətraf mühitin qorunması planetimizdə insan yaşayışının davamlılığı üçün həyati əhəmiyyət kəsb edir. Bugünkü dövrdə, sənayeləşmə, urbanizasiya və artan əhali ilə ətraf mühitə olan təzyiqlər daha da güclənib. Təbiətə zərərli fəaliyyətlərin artması ilə təbii resurslar sürətlə tükənir, ekosistemlər isə pozulur. Bu vəziyyət, yalnız təbiətə deyil, insanların sağlamlığına və ümumilikdə cəmiyyətin rifahına da ciddi təsir göstərir. Belə bir vəziyyətdə, ətraf mühitin qorunması yalnız ekologiya məsələsi deyil, həm də iqtisadi və sosial məsuliyyət məsələsidir. Çünki bu mühüm amil yalnız təbiətə deyil, həm də insan sağlamlığına və rifahına təsir edir. Çirklənmiş hava, su və torpaq, birbaşa insanların həyat keyfiyyətini pisləşdirir və bir çox ciddi xəstəliklərin yaranmasına səbəb olur. Hava çirklənməsi, astma, bronxit və ürək-damar xəstəlikləri kimi problemlərə yol açır. Su çirklənməsi isə içməli su mənbələrinin zəhərlənməsinə, qida zəhərlənmələrinə və digər infeksion xəstəliklərin yayılmasına şərait yaradır. Ətraf mühitin qorunması ilə biz təbii resurslardan səmərəli istifadə etməklə, insan sağlamlığını qorumaq və gələcək nəsillər üçün sağlam bir həyat sahəsi yaratmaq məqsədinə xidmət etmiş oluruq.
Təbii resursların qorunması iqtisadiyyata da müsbət təsir göstərir. Onlardan səmərəli istifadə və təbii sərvətlərin tükənməsinin qarşısının alınması iqtisadi inkişafın davamlılığını təmin edir. Ekoturizm, təbiət parkları və təbii resursların təkrar istifadəsi də iqtisadiyyata fayda gətirən sahələrdən biridir. Yəni ətraf mühitin qorunması həm də iqtisadiyyatda davamlı inkişafın təmin edilməsi üçün vacibdir.
Ətraf mühitin qorunmaması və ardıcıl çirkləndirilməsi müxtəlif insan fəaliyyətləri ilə əlaqəlidir. Bunlardan birincisi sənaye fəaliyyətləridir. Sənaye müəssisələri, fabriklər və zavodlar, istehsalat prosesləri zamanı havaya, suya və torpağa zərərli maddələr atır. Bu tullantılar hava çirklənməsinə, su mənbələrinin zəhərlənməsinə və torpağın tükənməsinə səbəb olur. Həmçinin kənd təsərrüfatı sahəsində istifadə edilən kimyəvi maddələr, pestisidlər və gübrələr də torpağa və suya qarışaraq ekosistemləri zədələyir. Nəqliyyat sektoru da ətraf mühitin çirklənməsinin əsas səbəblərindən biridir. Avtomobillər və digər nəqliyyat vasitələri atmosferə karbon qazı və digər zəhərli maddələr buraxır, bu isə qlobal istiləşməyə və hava keyfiyyətinin pisləşməsinə səbəb olur. Sənaye və nəqliyyat vasitələrinin sayının artması, xüsusilə böyük şəhərlərdə hava çirklənməsinin artmasına yol açır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, uzun illər ərzində yaranan ekoloji problemlər təhlil edilərək, onların kompleks həllinə yönəldilən və davamlı inkişaf prinsiplərinə əsaslanan milli və dövlət proqramları təsdiq edilib, onların icrası istiqamətində tədbirlər görülüb. Ölkədə mövcud qoruq və yasaqlıqların ərazisi genişləndirilib, milli parklar yaradılıb, ətraf mühitin qorunmasının gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirilib. Bu proqramların əsas məqsədi ətraf mühitin mühafizəsinə yönəldilən dövlət əhəmiyyətli investisiya layihələrinin sistemli və səmərəli şəkildə həyata keçirilməsini təmin etməkdən ibarət olub. Digər tərəfdən, təbii ehtiyatların istismar intensivliyi nəzərə alınaraq Xəzər hövzəsinin Azərbaycan üzrə ekoloji təhlükəsizliyinin təmin edilməsi sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsi, aparılan işlərin tam ekoloji nəzarətdə saxlanılması, eyni zamanda, ekoloji ekspertiza tələblərinin mövcud dünya standartlarına uyğun qurulması problemlərin azalmasına və bu sahədə əsaslı dönüşün yaranmasına gətirib çıxarıb. Ölkənin iqtisadi inkişaf tempinə uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi çevik idarə olunan ekoloji siyasətin həyata keçirilməsi istiqamətində ətraf mühitin hər hansı komponentinin bərpa olunmayan dərəcədə pozulmasına səbəb ola biləcək fəaliyyətin qarşısının alınması, aztullantılı texnologiyaların tətbiq edilməsi, beynəlxalq təşkilatlar və inkişaf etmiş ölkələrlə ətraf mühitin mühafizəsi sahəsində əlaqələrin genişləndirilməsi, əhali arasında ekoloji təbliğatın və maarifləndirmənin gücləndirilməsi prinsiplərini tətbiq edir.
Sözsüz ki, Azərbaycanda yürüdülən ekoloji siyasətin əsas məqsədi indiki və gələcək nəsillərin ehtiyaclarının təmin edilməsi naminə mövcud ekoloji sistemlərin, iqtisadi potensialın qorunması və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi ilə davamlı inkişafın təmin olunmasından ibarətdir. İnkişafın ekoloji baxımdan davamlı olmasını təmin etmək üçünsə iqtisadi fəaliyyət zamanı meydana çıxan ciddi ekoloji problemləri aradan qaldırmaq, onların ətraf mühitə mənfi təsirinin minimuma endirilməsi tələb olunur. Azərbaycanda ekoloji siyasətin əsas istiqamətləri üzrə qarşıya qoyulan məqsədə çatmaq üçün vəzifələrə gəlincə, buraya ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması üçün iqtisadi və insan potensialının idarə edilməsinin müasir üsullarından istifadə edilməsi, indiki və gələcək nəsillərin rifahının yaxşılaşdırılmasını təmin edən, stimullaşdıran iqtisadi modellərin, texnologiyaların yaradılması və istifadəsi, eyni və müxtəlif nəsillərin nümayəndələri arasında təminatın ədalətlilik prinsipləri əsasında həyata keçirilməsi, insanın həyat fəaliyyətini təmin edə biləcək ekosistemlərin və biomüxtəlifliyin təbii mühitinin olduğu kimi qorunub saxlanılması daxildir.
Ekoloji siyasətin prinsiplərinə gəlincə, qısa müddətli və uzunmüddətli iqtisadi, ekoloji və sosial nəticələr, ehtimal edilən fəsadlar nəzərə alınmaqla qərarların qəbul edilmə prosesinin həyata keçirilməsi və bu prosesdə alternativ variantların nəzərə alınmasıdır. Həmçinin ətraf mühitin mühafizəsi sahəsində qərarlar hazırlanarkən ictimai və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakının genişləndirilməsi, ətraf mühitin hər hansı komponentinin bərpa olunmayan dərəcədə pozulmasına səbəb ola biləcək fəaliyyətin qarşısının alınması zəruridir. Bundan əlavə, ətraf mühitin mühafizəsinin təmin edilməsi üçün aztullantılı, güclü, çoxşaxəli iqtisadi inkişaf, beynəlxalq təşkilatlar və inkişaf etmiş ölkələrlə ətraf mühitin mühafizəsi sahəsində əlaqələrin genişləndirilməsi, əhali arasında ekoloji təbliğatın, maarifləndirmənin gücləndirilməsi aktuallıq daşıyır.
Aparılan tədqiqatlar göstərir ki, hazırda ölkədə əsas ekoloji problemlər sırasına su ehtiyatlarının çirklənməsi, yəni Xəzər dənizinin sənaye və məişət tullantı suları ilə çirkləndirilməsi, su obyektlərinin, o cümlədən, transsərhəd çayların çirkləndirilməsi, tullantı sularının zəif idarə olunması, yəni təmizləyici qurğularının gücünün formalaşan tullantı sularından az olması, tullantı sularının təmizlənmədən su hövzələrinə axıdılması daxildir. Bundan başqa, atmosfer havasının çirklənməsi, stasionar mənbələrdən çirklənmələr, səyyar mənbələrdən çirklənmələr, torpaqların deqradasiyaya uğraması, yəni erroziya və şoranlaşma prosesləri, torpaqların tullantılarla çirkləndirilməsi, torpaq örtüyünün həddindən artıq otarılması da əsas ekoloji problemlərdən sayılır. Eyni zamanda, bərk məişət və sənaye, həmçinin, təhlükəli tullantıların tələb olunan səviyyədə utilizasiya olunmaması, tullantıların tam səviyyədə idarə edilməməsi, qeyri-qanuni poliqonların mövcudluğu, biomüxtəlifliyin, o cümlədən, flora, fauna və xüsusi ilə balıq ehtiyatlarının seyrəkləşməsi, iqlim dəyişikliklərinin təsiri nəticəsində biomüxtəlifliyin azalması əsas ekoloji problemlərdəndir. Yaşayış məskənlərinin genişlənməsi ilə bağlı antropogen təsirlər, meşə və yaşıllıq sahələrinin miqyasınının azlığı, meşə ərazilərinin miqyasının qəbul edilmiş normadan azlığı, yaşayış məntəqələri ərazisində yaşıllıqların tələb olunan səviyyədən aşağı olması, hərbi konfliktlər nəticəsində ətraf mühitə dəyən zərərlər də ciddi ekoloji problemlər arasındadır.
Nazirlikdən bildirilib ki, Azərbaycanda ətraf mühitin qorunması dövlət siyasətinin prioritetlərindən biridir. Prezident İlham Əliyev hər zaman bu məsələni xüsusi diqqət mərkəzində saxlayır. Dövlət başçısının tapşırıqları əsasında müvafiq qurumlar, xüsusən də Ekologiya və Təbii Sərvətlər Nazirliyi ekologiyanin qorunması, ətraf mühitin mühafizəsi istiqamətində tədbirlər planı həyata keçirir. Birgə səylərin göstərilməsi, ictimai dəstək qarşıya qoyulan məqsədlərin uğurla reallaşmasına böyük stimul verir. Nazirlikdən verilən açıqlamada deyilir ki, Azərbaycanda yaşıllıq sahələrinin artırılması baxımından davamlı işlər görülür: "Ölkədə fəaliyyət göstərən Milli parkların ərazilərinin daha da yaşıllaşdırılması və təkmilləşdirilməsi istiqamətində işlər bundan sonra da davam etdiriləcək. Bəzən yaşıllıqların məhv edilməsi ilə bağlı faktlar görürük. Bu sahədə inzibati metodlarla iş görmək çətindir. Cəmiyyətlə birgə qabaqlayıcı tədbirlərin görülməsi daha effektli olur. Çünki ictimai qınaqla daha tez nəticə əldə etmək olur".
Məlumata əsasən, ətraf mühitə təsiri olan faktorlardan biri də atmosfer havasının oksigenlə zənginlik səviyyəsidir: "Təbii ki, həyatımızı oksigenlə zənginləşdirən əsas mənbə də yaşıllıq zonaları və meşə sahələridir. Bu gün yaşıllaşdırma kütləvi və davamlı prosesə, vətəndaş vərdişinə çevrilib. Son illərdə Abşeronda və ümumən ölkədə milyonlarla ağac əkilib və bu işlər bu gün də davam etdirilir. Havanın təmizlənməsi ilə bərabər, flora və fauna elementlərində də pozitiv tendensiya müşahidə olunur. Azərbaycan təbiətində də bu dəyişikliklər aydın görünür. Nazirlik üzərinə düşən məsuliyyəti hiss edərək bundan sonra da ekoloji məsələlərlə bağlı zəruri tədbirlər görəcək".
Sevinc QARAYEVA



