|
|
|
|

Bu bənzətmə nə qədər köhnəlmiş olsa da, hər halda həqiqəti sərrast və dəqiq ifadə edir: Cəfər Cabbarlı 1920-30-cu illərin Azərbaycan mədəni mühitində bir şimşək kimi parlayırdı. Cəfər Cabbarlıyacan da teatrımız vardı, səhnədə ən müxtəlif tamaşalar oynanırdı. Ancaq Cəfər Cabbarlı gəldi, səhnəyə büsbütün yeni bir deyiş tərzi, tamam fərqli üslub gətirdi. Böyük Söz, Güclü Söz səhnəmizin ruhunu dəyişdi.
Onun qəhrəmanlarının danışdığı dil də Azərbaycan dili idi, obiri tamaşalar da ana dilimizdə gedirdi. Ancaq Cəfər Cabbarlının dili büsbütün fərqli bir dil idi. Bu dilin içərisi şeiriyyatla dolu idi, onun yazdığı əsərlərdəki dil havası tamam fərqli idi. Ona görə də Cəfər çağının insanları, illah da cavanlar Cabbarlıya əfsanə kimi baxırdılar. Daha dəqiqi, gendən-genə onun haqqında belə düşünür, onu möcüzəli varlıq kimi təsəvvür edirdilər. Çünki məşhurları bizim zamandakı sayaq tez-tez görmək imkanı da yox idi. Camaat şöhrətlilərin əksərinin sadəcə adını eşitmişdi və üzlərini görmək imkanının azlığı, bəzənsə yoxluğu həmin şəxsiyyətləri elin gözündə bir az da qeyri-adiləşdirirdi.
Cəfəri də görmək heç də asan deyildi. Ona görə yox ki, insanlardan aralı gəzirdi. Sadəcə, dövr elə idi ki, cəmiyyətin ideallaşdırdığı ayrı-ayrı insanlarla bilavasitə görüşmək fürsətləri nadir idi.
XX əsrin cavanları, mənim gəncliyimin artıq yaşlı, qocaman insanları, yetərincə yaxın olduğum ədəbiyyatşünas Cəfər Rəmzi İsmayılzadə (1905-1996), rəssam Tağı Tağıyev (1917-1993) Hüseyn Cavidi yada salırdılar, xatirələrini söyləyirdilər. Deyirdilər ki, səhnədə onun əsərlərinə baxırdıq, bəzi pyesləri başdan-sona, bəzilərininsə müəyyən parçalarını əzbər bilərdik, məktəbdə, müsamirələrdə, dostlar arasında o parçaları söyləməkdən zövq alırdıq. Cavidin özünü isə görməmişdik. Baxmayaraq ki, Cavidi görmək çətin də deyildi. Çünki o, şəhərin tən mərkəzindəki baş küçədə həm yaşayırdı, həm də oradakı Darülmüəllimində dərs deyirdi.
Tağı Tağıyev də, Cəfər müəllim də söyləyirdilər ki, Cavidi küçədə görəndə istər-istəməz donub yerimizdə qalırdıq. Uzun müddət onun ardınca baxırdıq.
Cəfər də həmin təhər! Gənclik onun aşiqi idi, heç olmazsa bircə dəfə canlı görmək, üz-üzə dayanmaq, onunla əl tutmaq, kəlmə kəsmək hər cavanın arzusu idi.
O çağın cavanlarından biri - əslən zəngəzurlu olan, artıq lap gənc yaşlarından yazı-pozuya meyil edən, sabahın tanınmış yazıçılarından olacaq Əli Vəliyev (1901-1983) 1923-cü ildə gəlib çıxmışdı Şuşadakı firqə məktəbinə, ardınca Bakıdakı mərkəzi firqə məktəbində təhsilini davam etdirərək təzədən Qarabağa qayıtmışdı. Gənc partiya üzvü kimi bir sıra vəzifə və tarşırıqları yerinə yetirməklə yanaşı, 1926-27-28-ci illərdə Şuşadakı yay pedaqoji kurslarında təhsilini artırırdı.
Həmin çağlardan xeyli ötəndən sonra, 1969-cu ildə yada salırdı ki, günlərin birində Şuşada, Bazarbaşıda divarda əllə yazılmış bir afişa görür. Başına xeyli adamı toplamış afişa xəbər verirdi ki, yerli həvəskarlar Cəfər Cabbarlının "Aydın"ını göstərəcəklər, biletlər satılır.
Əli Vəliyevin xəbərinin və tarixi hadisəyə şahidliyinin bu məqamı çox diqqətəlayiqdir ki, ilk tamaşalara biletlər satılıb qurtarıbmış və kurs müəllimlərinə növbə yalnız dördüncü gün çatır.
Görürsünümü insanlarda teatra maraq necə böyükmüş. Hələ bu, həvəskarlar, yerli aktyorların oyunu idi. Təsəvvür edin Bakıdan məşhur aktyorlar gəlmiş olsa, şuşalılar tamaşaya baxmağa hansı şövqlə can atardılar.
O zaman Şuşada mədəni həyat qaynayırmış. Musiqiçilər ki, öz yerində, bu, Şuşada həmişə olmuşdu. XX əsrin əvvəllərində də, XIX yüzillikdə də, XVIII əsrdə də Şuşa bir musiqi beşiyi idi. Ancaq XX əsrin başlanğıcında Şuşa teatr həyatının inkişafı baxımından Azərbaycanın digər bölgələrinin hamısından irəlidə gedirdi. Burada bir-birindən parlaq aktyorlar vardı. Əli Vəliyev də onların neçəsini səhnədə görmüşdü, bəziləri ilə bir yerdə işləmişdi, əməkdaşlıq etmişdilər. Adlar sadalayırdı, o adlar mənə başqa xatirələrdən, teatr tariximizlə bağlı sənədlərdən, qaynaqlardan da tanışdır. Xosrov Mamayinin, Mir Hadi Ağamirzadənin, Mikayıl Vəlixanovun, Cəmil Muradovun, Zülfüqar Abdullayevin, Fatma Tutayukun, Süleyman Axundovun, Xuduş Abbasovun, Xudadat və Zəfər Tağızadə qardaşlarının, Heydər Şəmsizadənin adlarını çəkirdi. O adamlar ki, həmin illərdə səhnəyə çıxırlarmış, rollar oynayırlarmış. Əksəri müəllim idi, hərəsinin öz işi-peşəsi vardı, ancaq həm də içərilərində coşqun bir səhnə həvəsi, teatr eşqi qaynayırdı, bu məhəbbəti və həvəsi insanlarla bölüşmək istəyirdilər.
Heydər Şəmsizadənin (1905-1981) haqqında sonralar Əfrasiyab Bədəlbəylinin, Şəmsi Bədəlbəylinin dilindən çox söhbətləri eşitmişəm. O, bir müddət Ağdamda teatrın bədii rəhbəri, sonralar baş rejissoru da işlədi, neçə gəncin yetişməsinin səbəbkarı oldu. Əli Vəliyev xatirələr aynasında 1927-ci ilin yayını, həvəskarların göstərdiyi "Aydın" tamaşasını canlandırırdı. O tamaşada səhnəyə Aydın rolunda Zülfüqar Abdullayev çıxmışdı. Gültəkini Fatma Tutayuk oynamışdı. Əli Vəliyevin sözüncə, onların oyunu tamaşaçıları sadəcə valeh etməmişdi, sarsıtmışdı.
Əli Vəliyev onillər sonra sonralar bunu da yada salırdı ki, üstündən xeyli müddət keçəndən sonra Bakıda Abbas Mirzə Şərifzadənin (1893-1938) ifasında Aydını gördüm, həmin tamaşada Mərziyə Davudova (1901-1962) Gültəkini ifa edirdi. Əlbəttə ki, gözəl oynayırdılar. Ancaq yadıma saldım həmin o həvəskarları ki, Şuşa teatrında tamaşa göstərirdilər, orada ki Aydın Zülfüqar Abdullayev idi, Gültəkini Fatma Tutayuk oynayırdı, xəyalən müqayisə edirdim, görürdüm ki, Zülfüqar Abdullayev də, Fatma Tutayuk da əsla onlardan geri qalmayan oyun oynamışdılar. Odur ki, həmin həvəskar aktyorlara məhəbbətim, ehtiramım qat-qat artır, onlar nəzərimdə çox ucalırdılar.
Əlbəttə ki, "Aydın"ı, "Oqtay Eloğlu"nu səhnədə görən insanlar, bu əsərlərin Cəfər Cabbarlının qələmindən çıxdığını bilənlər çox arzu edirdi ki, günlərin birində onu həyatda da görsünlər. Bu arzuda olan çox cavanlardan biri kimi Cəfər Cabbarlını görmək səadəti elə Şuşadaca günlərin birində Əli Vəliyevə də nəsib olmuşdu və həmin səhnəni ömrü boyu unutmurdu.
1969-cu ildə, Cəfər haqda yaddaşlarını kağıza köçürərkən Əli Vəliyev artıq özü ixtiyar bir insan idi, ömründən sıra-sıra insanlar, hadisələr, çox mürəkkəb dövrlər keçmişdi, ancaq o məsum çöhrə hər an gözünün önündə idi.
Yada salırdı ki, günlərin birində kurs müdirimiz Məhiş Hüseynov (1896-1972) xəbər verdi ki, dünən gecə Cəfər Cabbarlı Şuşaya gəlib, hara düşüb, kimə qonaq gəlib, məlum deyil. Cəfərin harada olmasının bilinməməsinə Əli də, digər müəllim yoldaşları da pərişan olurlar, Əli telefonla danışmalıymış, yollanır Xan qızının mülkündə yerləşən telefon məntəqəsinə, elə bu əsnada eşidir ki, Cabbarlı yeməkxanada olmalıdır.
Deyir, müştərisi həmişə seyrək olan yeməkxanaya yaxınlaşdım, içəri girmək mümkün deyildi, hamı Cəfər Cabbarlının adını eşidərək o tərəfə axışmışdı, içəri tünlük idi, adam əlindən tərpənməyə yer yox idi, gözlərim başladı sağda-solda Cəfəri axtarmağa, gözlərim axtarmağına axtarırdı, ancaq onu heç üzdən tanımırdım, kimsə nişan verdi ki, bax, o yuxarı başdakı masa arxasında oturan üç nəfərdən biri, saçları arxaya daranmış, gözlərində iri eynək olan, papirosu bir-birinə calayan Cəfər Cabbarlıdır, baxdım, az qala sevincdən ürəyim yerindən çıxacaqdı, ürəyimdə ona o qədər istək vardı ki, istədim yüyürüm Cəfər Cabbarlıya sarı, qucaqlayım, doyunca öpüm, ancaq elə həmin anda ağlıma başqa bir fikir gəldi, Cəfər Cabbarlıya tərəf irəliləmək əvəzinə cəld yeməkxanadan çölə çıxdım, yüyürdüm bizim pedaqoji kursların yerləşdiyi binaya, getdim birbaşa kurslarımızın sədri Məhiş Hüseynovun yanına.
Məhiş Hüseynov həmin yay təkmilləşmə kurslarına sədrlik etməklə yanaşı, Şuşa Pedaqoji Texnikumunun müdiri imiş və Qori seminariyasını bitirən savadlı, geniş düşüncəli insanlardanmış. Əli Vəliyevin özünün ovaxtkı cavanlıq arşını ilə ölçərək "qocaman maarif xadimi" adlandırdığı Məhiş müəllimin əslində həmin çağlarda yaşı 30-u yenicə keçmişdi. Sadəcə, sanbalı eləymiş ki, ona ağsaqqal kimi baxırlarmış.
Adının ardınca Əli Vəliyevin sadəcə yeriməyib qaçmağa başladığı Cəfər Cabbarlının əsərlərinə təkcə Bakıda deyil, Azərbaycanın hər tərəfindəki coşqun maraq bu istedadlı ədibin vaxtın nəbzindən tuta bilməsi, hər cəhətdən yeniliyə doğru köklənmış cəmiyyətə ən yenini və yeninin də gözəlini təqdim edə bilmək qabiliyyəti idi.
Əli Vəliyev şad xəbəri kurs rəhbəri Məhiş Hüseynova da, müəllim yoldaşlarına da çatdırır ki, Cəfər Cabbarlı gəlib, burada, Şuşadadır, öz gözümlə gördüm, yeməkxanada camaatın arasında idi. Fürsətdir, belə məqam ələ düşməyəcək, bir halda ki özü öz ayağı ilə gəlib çıxıb Şuşaya, onu bizim pedaqoji kurslara dəvət edək, gəlsin müəllimlər qarşısında çıxış etsin, suallarımızı verək.
Ləngitmədən, elə günü sabah görüşü keçirməyə qərar verirlər və görüşün təşkili işini də ədəbiyyat müəllimi (və o günəcən Şuşa səhnəsində Cabbarlı qəhrəmanlarını dəfələrlə canlandırmış) Zülfüqar Abdullayev öhdəsinə götürür.
Pedaqoji texnikumun böyük salonunu elə axşam-axşam silib-süpürüb qaydaya salırlar, qırmızı parça üzərində iki nüsxədə "Hörmətli dramaturqumuz Cəfər Cabbarlı xoş gəlib" sözlərini yazırlar, bu şüarlardan birini klubun girəcəyində, digərini səhnədən asırlar, sabah saat 2-yə nəzərdə tutulmuş tədbirdə çıxış edəcəklərin hər biri gecə səhərəcən gözünə yuxu getmədən söyləyəcəklərinin mətnini həyəcanla təkrarlayır. Ancaq günorta 12 radələrində, Gövhər ağa məscidinin minarəsindən ucalan azan səsi eşidiləndə Zülfüqar Abdullayev məyus halda gəlib deyir ki, görüş alınmayacaq, təcili bir iş çıxıb, Cəfər Cabbarlı səhər tezdən Bakıya qayıdası olub (Əslində Cəfər Qarabağa bu səfərində əvvəlcə Tuğ kəndinə gedərək Şuşaya oradan dönübmüş. Bir neçə il sonra yazıb ortaya çıxaracağı "1905-ci ildə", belə anlaşılır ki, artıq 1926-1927-ci ildən beynində dolanırmış. Həmin əsər səhnəyə ilk dəfə 1931-ci ilin oktyabrında çıxmışdı və pyesə musiqi bəstələmiş Əfrasiyab Bədəlbəyli həmin günlərdən 40 ildən artıq bir müddət keçərkən mənə söyləyirdi ki, "1905-ci ildə" pyesi Bakının mədəni həyatını təlatümə gətirmişdi. İlk dəfə idi ki, şəhərdəki həm Azərbaycan, həm də erməni teatrı yeni mövsümü eyni, həm də premyerası olan pyeslə başlayırdı. Cəfər Cabbarlı özü 1934-cü ilin 30 mayında pyesin yaranma tarixçəsi ilə bağlı "Ədəbiyyat qəzeti"ndə dərc olunan qeydlərində nağıl edirdi ki, Gürcüstan, Ermənistan və Dağlıq Qarabağda olarkən mən bir dəfə köçərilərlə tanış oldum. Sürü ilə yanaşı tək bir azərbaycanlı qadın yeriyirdi. O, örtüksüz idi. Daha sonra başqa bir qadınla tanış oldum. O, erməni idi və birinci qadın kimi eyni geyinmişdi. İlk baxışdan onları bir-birindən ayırmaq çətin idi. Bu xalqların evi fırçalama, kənd təsərrüfatı alətləri, adətləri, mahnı və rəqslər eyni idi. Əslində bu iki millət bir xalqdır. Əgər belədirsə, onda nə bu xalqları qanlı toqquşmalara itələdi? Mən bu mövzu haqqında dərindən düşündüm, həyatı öyrənməyə başladım və beləliklə, pyesin üzrərində işləməyə başladım, harada ki, rus avtokratiyasının müstəmləkə siyasətinin, kütlələrin diqqətini inqilabdan yönəltmək üçün iki qardaş xalqın başlarının bir-birinə vurulmasından bəhs olunur. 1905-ci ildəki milli qırğının zəminini seçib, "1905-ci ildə" pyesini yazdım".
Gürcüstan və Ermənistana Cəfər 1929-cu ildə getmişdi, amma Əli Vəliyevin bu xatirəsindən bəlli olur ki, sən demə, artıq 1926-1927-ci ildən həmin əsəri yazmaq fikri onun içərisindəymiş ki, Tuğa müşahidələr aparmaqçün məxsusi səfərlər edibmiş.
O dəfə şuşalı gənc müəllimlərin Cəfər Cabbarlı ilə görüş niyyətləri gözlərində qalmışdısa da, hər halda növbəti ildə bu istəklərinə yetmişdilər. Şuşada Cəfər Cabbarlı ilə görüşmək Əli Vəliyevə nəsib olmuşdu.
Növbəti ilin yayında yay kursları yenə Qarabağın müxtəlif guşələrində çalışan gənc müəllimləri Şuşaya toplamışdı, Əli də o sırada idi və soraq da yayılmışdı ki, Cabbarlı yenə Şuşaya təşrif gətirməlidir. Amma irəlicədən sevindirən o idi ki, Cəfərin budəfəki gəlişi ani olmayacaq, gələn kimi geri qayıtmayacağı irəlicədən bəllidir. Hətta qət edilibmiş və yəqin, bu təşəbbüs də o vaxtlar Şuşa Pedaqoji Texnikumunda ədəbiyyat dərsləri deyən, təhsilcə də ətrafındakı müəllimlərin çoxundan üstün olan - Ali Pedaqoji İnstitutu bitirmiş Atababa Musaxanlıdan (1905-1941) gəlibmiş ki, ədib özü buradaykən elə Bakıdakı kimi, "Aydın"ın məhkəməsini keçirsinlər.
Xatirələrin 40 il geriyə qaytardığı Əli Vəliyev gəncliyinin bir sadəlövh gümanını etiraf edərək yazırdı ki, cümə günü müəllim dostlarımdan biri mənə dedi ki, sabah "Aydın"ın mühakiməsidir, gedəcəksənmi? Və cavab da gözləmədən əlavə edir ki, getməyin məsləhətdir, maraqlı olacaq.
"Aydının mühakiməsi" sözlərini eşidəndə Əlinin ağlına ilk gələn 1 ay qabaq həbs edilmiş Aydın adlı dostu olmuşdu. Həmin Aydın daha 2 yoldaşı ilə birgə yaylaq komitəsinin sədri ilə ağızlaşan bir nəfəri müdafiə edərək bərk höcətləşmişdilər, Aydın sədrə ağır söz deyibmiş, həmin səbəbdən də həbsxanaya atılıbmış.
Bunu düşünərək Əli ona "Aydın"ın sabahkı mühakiməsini xəbər verən müəllim dostundan təəccüblə soruşur: "Yaxşı, bəs Aydının mühakiməsini niyə Şuşada edirlər?"
Müəllim də qayıdır ki, necə yəni niyə, indi yay kurslarıdır, Şuşada beş yüzəcən müəllim toplaşıb, qoy hamı görüb ibrət götürsün.
Əli ondan fikir içində aralanır və düşünür ki, görünür, yaylaq komitəsi məsələsini dərindən qurdalayıb nəsə tapıblar ki, iş şişərək Şuşada keçirilən məhkəmə səviyyəsinə çatıb. Poçta çatanda Əli diksinən kimi olur. Görür həmin Aydınla birgə yaylaq komitəsi sədri ilə deyişmiş dostlarından biri dayanıb. Yaxınlaşıb salamlaşır, onun xeyli sakit olmasına heyrətlənir, xəbər alır ki, məhkəməyə gedəcəksən? O da Əlidən artıq təəccüblə sual verir: "Nə məhkəmə?".
"Əşi, bütün şəhər axışıb ora gedir, bəs xəbərin yoxdur, Aydının məhkəməsidir də".
Əli təkidlə qəfil xəbərdən karıxan, dili dolaşmağa başlayan dostuna məsləhət görür ki, mütləq məhkəmədə iştirak et, birdən artıq-əskik söz danışarlar, özün orada olsan, alt-üst danışmazlar, lazım gəlsə, sözünü deyərsən, müdafiə olunarsan".
Gəlirlər məhkəmənin keçiriləcəyi teatr binasına. Oturmağa yer yoxmuş. Hətta qabaq cərgədəkilərin böyründə milis işiçləri dayanıbmış. Milis işçilərini, təbii ki, asayişi təmin etməkçün hər ehtimala qarşı bura cəlb ediblərmiş. Ancaq zavallı Əlinin də, dostunun da bu milisləri görəndən sonra elə gerçəkdən məhkəmə keçirilməsinə şübhəsi qalardımı?
Beşinci sırada müəllim yoldaşları oturubmuş, sıxlaşırlar, Əli dostu ilə keçib onların yanında əyləşir. Əli Vəliyev ogünkü təşvişini belə ifadə edirdi: "İkimiz də nəfəsimizi çiyinlərimizdən alırdıq".
Bir az toxtayıb soruşurlar ki, bəs niyə başlamırlar?
Cavab verirlər ki, müqəssir hələ gəlib çıxmayıb. Müqəssir üç adamdır, amma əsas müqəssir Aydındır, bu gün əsas onu mühakimə edəcəklər.
Əlinin də, yanındakı dostunun, o yaylaq əhvalatına dəxli olanın da ürəkləri lap düşür.
Amma bu ara Atababa Musaxanlı səhnəyə çıxır.
Əli mat qalır ki, bunun bura nə dəxli var.
Musaxanlı elan verincə ürəkləri gəlir yerinə: "Hörmətli dramaturqumuz Cəfər Cabbarlının "Aydın" əsərinin ədəbi mühakiməsini açıq elan edirəm".
Ardınca səhnəyə dörd nəfər çıxır: Zülfüqar Abdullayev Aydın idi, Fatma Tutayuk Gültəkin. Xəlil İbrahim prokuror olur, Atababa Musaxanlı isə məhkəmənin sədri.
Atababa Musaxanlının sədrlik etdiyi bu məhkəmə uydurma məhkəmə idi, bu məhkəmənin apardığı müzakirələrdən, çıxardığı qərarlardan kiməsə zərər dəyəsi deyildi, əksinə, bu xeyirxah məhkəmədə fayda vardı (Amma 1937-ci ildə 32 yaşlı Atababa özü NKVD üçlüyünün 15 dəqiqəlik məhkəməsi ilə üzbəüz qalacaq, ona ölüm hökmü çıxarılacaq, ancaq nə səbəbdənsə sonra bu cəzanı sürgünlə əvəz edəcəklər, lakin 1941-ci ildə müharibə başlananda digər bir çox məhbuslar kimi, onu da düşərgədə sovetlər özləri güllələyəcək).
Həmin gün Cəfər Cabbarlı da gəlibmiş, arxa sıralardan birində əyləşibmiş. Hər kəs adını bilsə də, əsərlərini oxumuş, pyeslərinə tamaşa etmiş olsa da, özünü harada görmüşdülər ki, şəxsən tanıyaydılar?
Mühakimə tamamlanır, səhnədən elan edirlər ki, bəs müəllif, Cəfər Cabbarlı da bizim aramızdadır. Hamı ayağa qalxır, Əli Vəliyev unutmamışdı: "Alqış səsindən pəncərələrin şüşələri titrəyirdi".
Cəfər Cabbarlı qalxır səhnəyə. Əli Vəliyevin yaddaşına o riqqət oyadan anlar da əbədilik həkk olunmuşdu ki, toplaşanların məhəbbətinin, ehtiramının ifadəsi olan alqışlar kəsmək bilmirmiş, Cəfər sakitcə dayanıb baxırmış, nəhayət, sədr əlindəki balaca zəngi səsləndirir.
O anlarda, əlbəttə ki, xoşbəxt olan Cəfər Cabbarlı qısa danışır, deyir ki, bir ədəbiyyat həvəskarı kimi mənim üzərimə ağır vəzifə düşür. Gərək bundan sonra yazacağım əsərlərdə (və dərhal əlavə edir: "Hərgah yaza bilsəm" - sanki heç o məsud anlara aidiyyəti olmayan bu sözlər də Əli Vəliyevin yaddaşında biryolluq qalmışdı. Bəlkə də o anlarda sən deyən diqqət etməyibmiş və Cəfərin insafsızca erkən gedişindən sonra, yəqin ki, həmin kəlmələrin təsadüfi olmadığının fərqinə varmışdı. Cəfərinsə məhz həmin dövrdə kəskin ürəksancmaları artıq başlanıbmış...) bu gün tutulan iradlar təkrar olunmasın.
Cəfər o çağlarda artıq Azərbaycanı fəth eləmiş bir insan idi, görün ki, özünə həvəskar yazıçı deyir.
Tək həmin gün, elə məclis xatirinə o cür deməyib. Yaxın dostu olmuş Şəmsi Bədəlbəyli mənə Cəfərin bəzən hətta ifrat kimi qavranılası təvazökarlığından çox danışıb, başqa neçə xatirədə də bunun şahidi olmuşam: peşəkarların peşəkarı ola-ola özünə inadla "həvəskar" deyirmiş. Nə qədər yetkinləşsə, hər gün bir boy ucalsa da, ifrat təvazökarlıq daim onunla imiş.
Orada, Şuşada, o il, o gün, o saatda camaat qarşısında görünür, qısa da çıxış edir - bu nə qədər çəkəcəkdi ki, 2-3 dəqiqə. Ancaq əsərləri kimi, öz surəti də həmin anlardan orada oturanların hər birinin hafizəsinə həmişəlik nəqş olunur. Ora yığılanların da əksəri cavan insanlardı - sonralar dünyaya gələn övladlarına neçəsi elə Cəfər adı qoyur, Cəfərin qəhrəmanlarının adlarını balalarına verirlər.
Və bununla bağlı da Əli Vəliyevin həmin o Qarabağ dövrü ilə əlaqədar çox maraqlı bir hekayəti vardı.
Deyir, mənim o Qarabağ dövründə, Şuşada yay kurslarında təhsilimi artırdığım çağlardan tanış olduğum, vaxtilə sövdəgərlərə muzdurluq etmiş, yeni hökumət gələndə məktəbə gedərək savad almış, Bakıya gəlib fəhlə fakültəsini bitirən, sonra Sənaye İnstitutuna qəbul olunan, bu arada ailə də quran Kərim adlı dostum vardı, əhd etmişdik ki, gələcəkdə uşaqlarımız dünyaya gələndə onlara Cəfər Cabbarlının qəhrəmanlarının adlarını verək, Kərim tez evlənmişdi, bir oğlu, bir qızı vardı, adlarını da Aydın və Gültəkin qoymuşdu.
İlini göstərməsə də, ehtimal ki, Əli Vəliyevin xatırladığı bu əhvalat 1928-ci ilin birinci yarısında baş vermişdi. Bu olub Əli Vəliyevin Ağdamda çalışdığı vaxtlarda. İşlə bağlı Bakıya gəlibmiş, küçədə həmin Kərimlə rastlaşır və onu nəsə çox qayğılı görür. Hal-əhvaldan sonra xəbər alır ki, narahat kimi görünürsən, salamatlıqdırmı, yoldaşın necədir? Kərim utancaq təbəssümlə deyir ki, yox, hər şey qaydasındadır, yoldaşım da yaxşıdır, elə indi onun ardınca gedirəm, doğum evindədir, ekizlərimiz anadan olub - bir qız, bir oğlan, elə indicə gedirəm ki, onları evə gətirim.
Əli soruşur ki, uşaqlara nə ad verəcəyini fikirləşmisən? Kərim dillənir ki, kişinin sözü bir olar. Aydınla Gültəkinimiz var, bunların da birinin adını Oqtay, obirininkini Firəngiz qoyacağam.
Əli Vəliyev xatırlayırdı ki, Kərimdən ayrılandan lap azacıq sonra Baksovetdə Cəfərlə rastlaşdım. Ona baş verən hadisəni söylədim ki, belə bir adam var, iki uşağı olmuşdu, indi də əkiz övladı dünyaya gəlib, əvvəlkilərə də, bunlara da sənin qəhrəmanlarının adını verib.
Cəfər təklif edir ki, gəl əvvəlcə gedək Mərkəzi İşçi Kooperativinə, hədiyyələr alaq, sonra baş çəkək sənin dostungilə, onlara gözaydınlığı verək.
Əli Vəliyev yada salırdı ki, Cəfər o qədər hədiyyələr aldı ki, qucağımıza sığmırdı - uşaqlar üçün geyim, ayaqqabı, oyuncaq, ata-anaları üçün paltar, şirniyyat, yağ, meyvə. Fayton çağırıb sovqatları yığdıq, yollandıq birbaşa Kərimgilə.
Kərim qəhrəmanlarının adını verdiyi Cəfəri nəinki şəxsən, heç üzdən də tanımırmış, Əli Vəliyev mənzilə daxil olub qonağın kimliyini söyləyəndə yerlərində donub qalırlar, Kərimin qayınanası düşür əlhaya, tez plov asır.
Heç vaxt unutmayacaqları, sonra balalarına şirin nağıl kimi söyləyəcəkləri həmin həyəcanlı görüş vaxtı Kərim əziz qonağa deyir ki, mənim də, Mülkücahanın da ömrümüz boyu bundan xoş günümüz olmayacaq, ürəyimizdə onsuz da heykəli olan bir şəxsiyyətin qapımızı açması boynumuza elə haqq qoyur ki, əsla unudulmaz. Bundan sonra hər dəfə o uşaqları adları ilə çağıranda elə sizi öz evimizdə hiss edəcəyik.
Gecədən xeyli keçənədək otururlar, sonra Cəfər onları ailəliklə "Od gəlini"nin sabahkı tamaşasına dəvət edərək xudahafizləşir.
Və bunun üstündən də bir neçə il keçir. Kərimi göndərirlər Ağdam rayonuna, orada Kəngərli kəndindəki "İnqilab" kolxozuna sədrlik eləməyə başlayır. Təcrübəli, işgüzar, fəal bir insandı, gələn kimi də o kolxozu qaldırır, ümumilikdə kəndin mədəni ovqatının qalxması səmtində də çox iş görür.
Əli Vəliyev də Ağdamda idi, Kərimlə vaxtaşırı görüşürlərmiş, bir gün bu fikrə düşürlər ki, Cəfər Cabbarlını Ağdama dəvət etsinlər, "Almaz"ının müzakirəsini yazıçının iştirakı ilə keçirsinlər, görüşə hazırlıq tam bitəndə 2 gün əvvəl Bakıya, Cəfərə teleqram vursunlar, yazıçını Yevlaxda qarşılayıb əvvəlcə Kəngərliyə gəlsinlər, elə birinci görüş də burada olsun.
Cəfər Cabbarlı ilə keçiriləcək görüş, "Almaz"ın gözlənilən müzakirəsi haqda "Kolxoz sədası" qəzetində elan da dərc edirlər. Planlaşdırıblarmış ki, görüşdən sonra bu haqda qoşa səhifə yazı versinlər.
Bütün hazırlıqlar bithabitdə olanda Kərim raykom katibinə ərklə deyir ki, Cabbarlıya teleqramı da özüm vuracağam.
Raykom katibinin təəccübünü duyan Kərim əlavə edir ki, onun qəhrəmanlarının dördü mənim evimdə böyüyür.
Yalnız Kəngərli kəndi deyil, Ağdam rayonunun bütün fəalları hazırlaşırmış. Cəfər Cabbarlını səbirsizliklə gözləyirlərmiş. Ancaq o ruh yüksəkliyi ilə dolu günlərdə Ağdamdan Cəfər Cabbarlıya ikinci teleqramı göndərməyə vadar qalırlar: "Daha gəlməyin".
1920-ci illərin sonları, 1930-cu illərin əvvəlləri Azərbaycan kəndində narahat dövr idi. Yeni quruluşla köhnə quruluşun arasında mübarizə ən sərt şəkildə davam etməkdə idi. Azərbaycanda hələ güclü qaçaq hərəkatı vardı. Kolxoz quruluşu ilə, yeni sosialist həyatı ilə barışmayan, bu kinlərini və barışmazlıqlarını qanla suvaran qüvvələr də az deyildi.
Və həmin gedişatın qurbanlarından biri də Kərim olur.
Bu faciəli xəbər Cəfər Cabbarlını hədsiz təsirləndirir. Əli Vəliyev bunu da minnətdarlıqla anırdı ki, Cəfər Kərimin ailəsinə xeyli pul göndərdi və sonra həyatda olduğu müddətcə də bir əli bu ailənin üstündə oldu.
Ancaq hamıdan əvvəl yolladığı başsağlığı teleqramından savayı, bir neçə gün sonra Ağdama, Kərimin ailəsinə Cəfər Cabbarlının hər cümləsi hönkürtülərlə qarşılanan məktubu da yetişmişdi: "Kərimə atılan güllənin səsindən səksəndim. Bu, Dövlət bəyin Aydına vurduğu zərbədən daha güclüdür. Oqtayın başına gələn müsibətlədən faciəlidir. Almaz eşitsə, qan ağlar, Yaxşı körpəsini qucağına alıb başını yola-yola birbaşa Mülkücahanın yanına gələr. Mən isə gələ bilmirəm. Çünki qılçalarım yerimir, həmişə deyən, gülən, gözündən sevinc, dodağından təbəssüm əskik olmayan, gələcəyə nikbin baxan, varlığı ilə inanan Kərim olmayan bir evə mən necə qədəm qoyun?! Mülkücahan bacıya üz vermiş kədər və ələmə ürəkdən şərik oluram. Canına qəsd edilən Kərim ailəsi üçün əziz və qiymətli olduğu kimi, yaxından tanıyanlar üçün də unudulmazdır. Məni yanınızda hiss edin. Elə bilin tabuta girib ağırlığa çiyin verənlərdən birisi də mənəm. Kərimin qardaşı Cəfər".
Yəqin ki, bu da 1931, ya 1932-ci ilin qəziyyəsidir. Ən azı "Kolxoz sədası" qəzetindəki həmin elanın izi ilə tarixi dəqiq müəyyənləşdirmək olar. Hətta mümkündür ki, o vaxt həmin qətl barədə mətbuatda da hansısa yazı getmiş ola. İlk imkanda 1930-cu illərin qəzetlərini vərəqləyəcəyəm...
Əli Vəliyev uzun bir ömür yaşadı. Mənsub olduğu yaş nəslinin çox insanları kimi, o da sadə olmayan bir ömür sürdü. Muzdurluqdan Azərbaycanın ən tanınmış insanlarından biri olmaq mərtəbəsinə dikəldi. Təbii, bu uzun ömrün içərisində fərəhli, xoşbəxt, şad günlər olduğu kimi, acılı, kədərli günlər də az olmamışdı. Ancaq həyatı boyu yaşadığı qüssəli günlərin ən acısı Cəfər Cabbarlını itirdiyi gün idi və bunu da ən səmimi həyat etiraflarından biri kimi yazısıyla tarixləşdirib.
Yada salırdı ki, 1933-cü ildə Ağdamdan ayrıldım, Qarabağdan sonra bir müddət Naxçıvanda "Şərq qapısı" qəzetinin redaktoru işlədim, 1934-cü ilin son dekabr günləri idi, Bakıya yenicə gəlmişdim, məni nədirsə, yenidən hansısa rayon qəzetinə redaktor göndərmək istəyirdilər, Cəfərlə görüşmüşdük, elə söhbətimizin çoxu da məni nigaran edən bu təyinat barədə oldu. Cəfər söz verdi ki, mənə bu məsələnin həllində kömək etməyə çalışacaq.
Ancaq Cəfər bu vədinə əməl edə bilmir, təqvimin ikicə vərəqi çevrilir, qohumlarının evində qalan Əliyə qonşulardan biri sarsıdıcı xəbər gətirir: "Cəfər Cabbarlı ötən gecə keçinib".
Bir neçə gün sonra Əli ürəyində bu ağır itkinin dərdi növbəti təyinatını alaraq yenə rayona yola düşür. Amma daha redaksiyada çalışmağa yox, partiya işinə...
...Şura hökuməti qurulandan sonra Cəfər Cabbarlının 14 illik möhləti varmış - 1920-ci ildən 1934-cü ilin son günlərinəcən. Bu dövr içərisində onu tarixdə saxlayacaq xeyli gözəl əsərlər yaratdı. Ancaq dövr belə cərəyan etməsəydi, Cümhuriyyətin ömrü bunca tez bitməsəydi, əlbəttə, Cəfər Cabbarlının yaradıcılığının yönü də, mənası da, ahəngi də büsbütün başqa cür ola bilərdi. O, daim başının üstündən qılınc asılmış kimi idi. Hər yeni əsəri ilə sübut etməli idi ki, "Mən sizinləyəm, sizə düşmən deyiləm".
Və bu cür kəskin "olar-olmaz" sərhədləri arasında o, ürəyinin dibindəki, düşüncəsinin dərinlərindəki əsl sözünü də deməli idi, vicdanın umduqlarını da qələminə gətirməli idi. Bu 14 ilin ərzində Cəfər Cabbarlı həmişə odla suyun arasında vurnuxan kimi idi.
Ana dilimizin məşhur deyimi ağına-bozuna baxmadan, pərdə gözləmədən sözü açıq deyəni "qırmızı adam" kimi işarələyir.
1920-ci ilin aprelindən Azərbaycana "qırmızılar" gəlmişdi. Bayraqlarının rəngi qırmızı idi, ona görə "qırmızılar" deyirdilər. Ancaq apardıqları siyasətə, mahiyyətlərinə görə də dilimizdəki "qırmızı adam" ifadəsini tərəddüdsüz onlara şamil etmək mümkündür. Onların "həyasız" anlamındakı qırmızılığı hər addımda görünürdü - o sıradan ədəbiyyat, mədəniyyət cəbhəsində də.
Sovet əyyamlarının, xüsusən 1920-30-40-cı illərin qəzetlərini açırsan, yazılarda abır-həya, xətir-hörmət, böyük-kiçik pərdəsi gözləməyin hüdudları itib. Kim kimin haqqında nə istəyirsə ən qaba, ən yontanmamış ifadələrlə yazır. 1936-37-38-ci illərdə isə bu qırmızılıq lap tüğyan edir.
Cəfər Cabbarlı yazdıqları ilə, gecə-gündüzə sığmayan çalışmaları ilə nə qədər isbat eləməyə çalışsa da ki, "Mən bu quruluşlayam, sizin dediyinizi deyirəm", ona heç vaxt axıracan inanmadılar, etibar etmədilər.
Hey sən, əski dünya, təslim ol,
Əski dünya, təslim ol,
sənə qarşı yürüş var.
Bu, Cəfər Cabbarlının sözləri, onun məramı, ömür və yaradıcılıq fəlsəfəsi idi. Həqiqətən, Cəfər Cabbarlı əski dünyaya, köhnə olana, yıpranmışa qarşı güzəştsiz, barışmaz məqamda dayanan idi. O çalışırdı ki, başlanan yeni əsrin ritmləri, çağın ab-havası Azərbaycanda hər yanda bərqərar olsun. Ən əvvəl gücü ədəbiyyata, teatra, kinoya çatırdı, çalışırdı ki, yenilikçi niyyətlərini bu sahədə gerçəkləşdirsin, Azərbaycanı bu istiqamətlərdə yeni vaxta kökləsin, olduğundan bir addım da qabağa aparmağa nail olsun.
Cəfər Cabbarlı söz tariximizin keçmişlərinə dərindən agah idi. O bilirdi ki, Füzuli hansı ucalıq deməkdir. Ancaq Füzulinin bütün misilsizliyini bilə-bilə onu "tilsim" adlandırırdı. Elə bir tilsim ki, əsrlərcə poeziyaya gələnləri öz cazibəsində və qızıl məngənələrində saxlayıb, ardıcılların Füzuli orbitindən qırağa çıxmasına macal verməyib. Ona görə də bu çəpərləri sındıran Mirzə Fətəli Axundovu alqışlayırdı.
Və Cəfər Cabbarlı özü çəpərlər sındırmaq üçün, yeni üfüqlər açmaq üçün gələn nadirlərdən idi.
Ancaq bu 14 il ki Cəfər Cabbarlı Şura hökuməti dövründə yaşadı, yaratdı -tənqidlər, təqiblər, ən müxtəlif həmlələr onu daim müşayiət etdi.
Süleyman Rüstəm xatırlayırdı - Cəfər Cabbarlının üstünə düşüblərmiş ki, "Sevil"də Atakişi ilə Babakişinin dili ilə Şura hökumətinə qarşı çıxış edir.
Cəfərin guya o qəhrəmanlarının dili ilə Şura hökumətinə zidd getməsi nə imiş? Atakişi ilə Babakişi əsərdə şikayətlənirlər ki, "Yollar çala-çuxurdur, palçıqdır, zığdır". Ədəbi qəhrəmanların bir bədii əsər içindəki bu sözlərini Cəfər Cabbarlının şəxsi və ifşaçı mövqeyi kimi qələmə verirdilər ki, dövlətə qarşı zəhərini belə boşaldır.
Cəfər haqqında bu cür yazmaq, onu bu cür qiymətləndirmək, ona bu qəbildən bütün çirkabatmalar sadəcə rəqib sözü, tənqidçi fikri, ədəbiyyatşünas baxışı deyildi, açıq düşmənçilik idi. Onu yarasaların gözü götürmürdü, istedadının işığı xəbislərin ürəyini deşirdi, böyüklüyünə naqislər darılırdılar, onun bir sərvət olduğunu dərk edə-edə mənfurlar Cəfəri yıxmaq, çökdürmək, ən salamatısa biryolluq aradan götürmək istəyirdilər.
Cəfərsə dözürdü və yaşayırdı, səbir edirdi və yaradırdı. Bu, cəbhənin ön xəttində, atəş altında, ölümlə göz-gözə dayanaraq nəğmə oxumaq kimi idi.
10 iyun 2026



