
"Bəzi şagirdlər dərs vaxtı telefonla məşğul olur. Xüsusilə yuxarı sinif şagirdləri dərsin gedişatında video çəkir, oyun oynayır, sosial şəbəkələrdə paylaşımlar edirlər. Bu doğru deyil, yolverilməzdir. Şagird dərs zamanı yalnız biliyin əldə edilməsinə çalışmalıdır. Əks halda telefonlar onların müvafiq bilikləri əldə etməsinə imkan verməyəcək. Azərbaycanın ümumtəhsil müəssisələrində təxminən 1 milyondan artıq şagird təhsil alır. Bu şagirdlərin hər biri dərs vaxtı mobil telefondan istifadə edərsə, biz gələcək üçün ziyalı, istedadlı gənclər yetişdirməkdə əziyyət çəkəcəyik. Bu barədə ciddi düşünməyə dəyər”.
Bunu 525.az-a təhsil eksperti Elçin Əfəndi söyləyib. Ekspert bildirib ki, bəziləri şagirdlərin məktəbdə mobil telefondan istifadəsinin qadağa qoyulmasını onların hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirir. Bu düzgün deyil. Çünki burada məqsəd hüquqların məhdudlaşdırılmasından daha çox şagirdin dərsə və oxumağa təşviq edilməsini nəzərdə tutur:
"Demirik ki, şagird gün ərzində telefondan istifadə etməsin. Sadəcə dərs zamanı telefondan uzaq qalmaq lazımdır. Amma biz son dövrlər bunu müşahidə etmirik. Şagirdlər demək olar ki, dərsdə olsalar belə telefonla məşğul olur. Xüsusilə yuxarı sinif şagirdləri dərs zamanı müvafiq oyunlar oynayırlar. Bütün diqqətləri dərsə yox, telefona, oyuna yönəlir. Bunun qarşısını almaq üçün ümumi qaydaya ehtiyac var”.
Sevinc Qarayeva



