
2025/2026-cı tədris ilində şagirdlərin yerli və beynəlxalq müsabiqə və olimpiadalarda iştirakı və nəticələri açıqlanıb.
Elm və Təhsil Nazirliyindən 525.az-a bildirilib ki, beynəlxalq olimpiadalarda ümumilikdə 81 şagird iştirak edib və onlar 2 qızıl, 14 gümüş, 41 bürünc medal, eləcə də 14 həvəsləndirici sertifikat əldə ediblər.
Qeyd olunub ki, Respublika Fənn Olimpiadalarında 73 min 163 şagirddən 520-si qalib olub, Respublika Fənn Müsabiqələrində isə 41 026 iştirakçıdan 305 nəfər uğur qazanıb.
Lütfi Zadə adına Məntiq-Riyaziyyat Olimpiadasında 518 iştirakçıdan 68 nəfər qalib adına layiq görülüb. “BilBacar” müsabiqəsində 1300-dən çox ümumi təhsil müəssisəsindən təxminən 160 min şagird iştirak edib. Final nəticələrinə əsasən, III və IV siniflər üzrə hər biri üzrə 3 şagird birinci, 6 şagird ikinci, 9 şagird isə üçüncü yerlərə layiq görülüb.
Qeyd olunub ki, “Sabahın alimləri” layihə müsabiqəsinin final mərhələsində 152 layihə üzrə 800-ə yaxın şagird iştirak edib və ümumilikdə 107 medal təqdim olunub. Onların 16-sı qızıl, 35-i gümüş, 56-sı isə bürünc medaldır. Müsabiqə 9 istiqamət üzrə - riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri, robototexnika və süni intellekt sahələrini əhatə edib.



