
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri iki dost və qardaş dövlət arasında münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoymasından xəbər verir. Keçirilən geniş tərkibli görüşlər, bir çox sahələri əhatə edən sənədlərin imzalanması və prezidentlərin mətbuata verdikləri bəyanatlarda səsləndirdikləri fikirlər onu deməyə əsas verir ki, ölkələrimiz siyasi bəyanatlar çərçivəsindən çıxaraq birgə genişmiqyaslı iqtisadi layihələr reallaşdırmağı hədəfləyirlər. Türkmənistan Prezidentinin səfəri 2017-ci ildə imzalanmış "Strateji Tərəfdaşlıq haqqında Bəyannamə"nin əhatə dairəsini daha da genişləndirəcək.
Prezident cənab İlham Əliyevin mətbuata bəyanatla çıxışında qeyd etdiyi kimi, Azərbaycanla Türkmənistanın birgə reallaşdırdıqları layihələr həm region dövlətlər üçün, həm də qlobal səviyyədə olduqca əhəmiyyətlidir. Trans-Xəzər Nəqliyyat Marşrutunun inkişafı Azərbaycan və Türkmənistanın əsas hədəflərindən biri hesab olunur. Xəzər dənizi vasitəsilə Asiyadan Avropaya və əks istiqamətdə daşınan yüklərin həcmi hər il artmaqdadır. İki dövlət arasında Liman infrastrukturunun və logistika imkanlarının əlaqələndirilməsi ölkələrimizin iqtisadiyyatına böyük töhfə verməklə yanaşı, Avropa ilə Asiyanı birləşdirən ən optimal marşrut xəttidir.
Türkmənistan Prezidentinin ölkəmizə səfəri çərçivəsində dost ölkəyə "Dostluq" neftdaşıyan tankerinin hədiyyə edilməsi xüsusi önəm daşıyır və dostluq münasibətlərimizin rəmzi kimi qiymətləndirilir. Türkmənistan dövləti tərəfindən Füzuli şəhərində məscid inşa edilərək Azərbaycana hədiyyə edilməsi qardaşlıq münasibətlərinin yüksək səviyyəsindən xəbər verir. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri çərçivəsində işğaldan azad edilmiş ərazilərimizə, o cümlədən Şuşa şəhərinə səfər etməsi xüsusi önəm daşıyır.
Azərbaycan-Türkmənistan mövcud sıx, iqtisadi, siyasi əlaqələrlə yanaşı, mədəni və humanitar sahələrdə də olduqca mühüm addımlar atır. Bakı ilə Aşqabad və Füzuli ilə Arxadağ şəhərlərinin qardaşlaşmış şəhərlər elan edilməsi xalqlarımız arasında da dostluq, qardaşlıq əlaqələrinin yaradılmasına xidmət edir. Ümumiyyətlə, həm Azərbaycan, həm də Türkmənistan üzv olduqları beynəlxalq təşkilatlarda hər zaman bir-birini dəstəkləyir. Azərbaycanla Türkmənistan arasında ən yüksək dostluq əlaqələri, o cümlədən birgə həyata keçirilən iqtisadi layihələr dövlətlərimizin iqtisadi gücünü daha da artıracaq.
Kamilə Əliyeva
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor



