|
|
|
|

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ölkəmizdə və beynəlxalq akademik cəmiyyətdə böyük elmi ənənələri olan tanınmış elm ocaqlarından biri kimi qəbul olunur. Ədəbiyyat İnstitutu Azərbaycanda ədəbiyyatşünaslıq elminin baş qərargahıdır.
Ədəbiyyat İnstitutu əməkdaşlarının fəaliyyət göstərdiyi doxsan ildən artıq dövrdə nəşr etdirdikləri monoqrafiyalardan normal bir kitabxana yaratmaq olar. Təkcə 2013-2025-ci illərdə İnstitutda ədəbiyyatçı elm adamları 1007 monoqrafiya və biblioqrafik kitablar çap etdirmişdir. Hazırda Ədəbiyyat İnstitutunda yeni dövrləşdirmə konsepsiyası əsasında 10 cildlik “Azərbaycan ədəbiyyatı tarixi” üzərində tamamlanma işləri gedir. İnstitutun əməkdaşları tərəfindən “Sənətkarın elmi pasportu” seriyasından 69, “Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasından 11, “Ədəbi proses” sahəsi üzrə 12, “Biblioqrafiya” üzrə 10 seriya nəşrlər nəşr edilmişdir. Bütün seriyalar üzrə tədqiqat və çap işləri davam etdirilir.
Geniş beynəlxalq münasibətlərə malik olan Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu dünyanın qırxdan çox elmi-tədqiqat institutu və universitetləri ilə elmi əlaqələr yaratmışdır. Ədəbiyyat İnstitutunda Qırğızıstan Elmlər Akademiyası Ədəbiyyat İnstitutu ilə “Çingiz Aytmatov ensiklopediyası”nın Azərbaycan cildi, Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutu ilə “Nizami Gəncəvi və Şota Rustaveli” ortaq layihələri üzrə tədqiqatlar aparılır.
Ədəbiyyat İnstitutunun respublikamızda ədəbiyyatşünaslıq üzrə yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında mühüm xidmətləri vardır. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvləri sıralarına da Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun görkəmli elm xadimləri bəxş etmişdir. Bütün bunlara görə Nizami adına Ədəbiyyat İnstitutu 1982-ci ildə “Xalqlar dostluğu” ordeni ilə təltif olunmuşdur.
Azərbaycan elminin bir çox görkəmli nümayəndələrinin fəaliyyətləri Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə bağlıdır. Onlardan akademiklər Məmməd Arif Dadaşzadə, Həmid Araslı, Mirzə İbrahimov, Kamal Talıbzadə, müxbir üzvlər Əziz Mirəhmədov, Azadə Rüstəmova, Əliyar Səfərli, professorlar Mir Cəlal, Məhəmmədhüseyn Təhmasib, Mirəli Seyidov, Kamran Məmmədov və başqalarını göstərmək olar.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna və ümumən Azərbaycan ədəbiyyatşünaslıq elminə şöhrət qazandıran görkəmli elm xadimlərindən biri də akademik Məmməd Cəfər Cəfərov olmuşdur. Akademik Məmməd Cəfər Cəfərov (1909-1992) Azərbaycanda ədəbiyyat nəzəriyyəsi və ədəbi tənqid elmi məktəbinin yaradıcısı kimi qəbul olunur. Görkəmli elm xadiminin “Mirzə Fətəli Axundovun ədəbi-tənqidi görüşləri” (1950), “Hüseyn Cavid” (1960), “Mirzə Ələkbər Sabir” (1962), “Azərbaycan ədəbiyyatında romantizm” (1963), “Cəlil Məmmədquluzadə” (1966), “Estetik tərbiyə, ailə və məktəb” (1967), “Həyatın romantikası” (1968), “Sənət yollarında” (1975), “Həmişə bizimlə” (1980) kitabları Azərbaycan ədəbiyyatşünaslıq elminin aktual problemlərini, böyük ədəbi simaların həyatı və yaradıcılığını əks etdirən nadir tədqiqat əsərləridir.
Akademik Məmməd Cəfər Cəfərovun elmi tərcümeyi-halı Azərbaycan Milli Elmlər Akademiyası və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə üzvü surətdə bağlıdır. Elmi fəaliyyətə 1935-ci ildən etibarən Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspirantı kimi başlayan Məmməd Cəfər Cəfərov Ali Pedaqoji İnstitutda və Azərbaycan Dövlət Universitetində müəllim, kafedra müdiri, fakültə dekanı vəzifələrində çalışdıqdan sonra 1953-cü ildən başlayaraq fəaliyyətini Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda davam etdirmişdir. Müxtəlif illərdə o, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Sovet ədəbiyyatı” (1953-1958), “Qədim dövr və orta əsrlər Azərbaycan ədəbiyyatı” (1959-1962) və “Ədəbiyyat nəzəriyyəsi” (1963-1982) şöbələrinə rəhbərlik etmişdir. Akademik Məmməd Cəfər Cəfərov 1980-1981-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru kimi fəaliyyət göstərmişdir. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda bir neçə nəsil ədəbiyyatşünas alimlərin yetişməsində akademik Məmməd Cəfər Cəfərovun böyük xidmətləri olmuşdur. Məmməd Cəfər Cəfərov İnstitutda bir sıra fundamanetal elmi problemlərin araşdırılmasına, çoxcildlik nəşrlərin hazırlanıb çap edilməsinə rəhbərlik etmiş, Azərbaycan elminin nüfuzunun yüksəldilməsinə böyük əmək sərf etmişdir.
Azərbaycan Elmlər Akademiyası Ədəbiyyat, Dil və İncəsənət Bölməsinin akademik katibi olaraq da Məmməd Cəfər Cəfərov 1981-1986-cı illərdə respublikada humanitar elmlərin inkişaf etdirilməsi üçün səmərəli iş aparmışdır.
Akademik Məmməd Cəfər Cəfərovun “Tanınmış elm ocağı” adlı məqaləsində görkəmli alim taleyinin bağlı olduğu Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi portretini yaratmışdır. Yaradılmasının 50 illiyinə həsr edilmiş bu məqalədə böyük ənənələri olan doğma elmi tədqiqat ocağının Azərbaycan cəmiyyəti və elmimiz qarşısındakı çoxcəhətli xidmətləri geniş təhlil edilərək yüksək qiymətləndirilmişdir.
Müşahidələr göstərir ki, akademik Məmməd Cəfər Cəfərov üçün ədəbiyyatda Məhəmməd Füzuli və Mirzə Fətəli Axundzadə, həyatda isə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu “Alma-mater” funksiyasını daşımışdır.
Elm tariximiz üçün əhəmiyyətli olduğunu və kitablarına daxil edilmədiyini nəzərə alaraq, akademik Məmməd Cəfər Cəfərovun 29 dekabr 1982-ci il tarixdə “Kommunist” qəzetində çap olunmuş “Tanınmış elm ocağı” adlı məqaləsini heç bir düzəliş etmədən oxuculara təqdim edirəm.
9 iyun 2026-cı il
Tanınmış elm ocağı

Məmməd CƏFƏR
Akademik
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin qərarı ilə geniş ictimaiyyət respublika Elmlər Akademiyasının ilk humanitar institutlarından sayılan Nizami adına Ədəbiyyat İnstitutunun 50 illiyini qeyd edir. Partiya qərarında deyildiyi kimi, Nizami adına Ədəbiyyat İnstitutu Sovet şərqində və xarici Şərq ölkələrində birinci elmi tədqiqat ədəbiyyat institutudur.
Əslində Azərbaycan sovet ədəbiyyatşünaslığı və ədəbi tənqidi inqilabın ilk illərindən formalaşmış, 1920-1931-ci illərdə müəyyən inkişaf yolu keçmişdir. Bu illərdə sovet marksist ədəbiyyatşünaslığı, ədəbi-bədii tənqidi, folklor və mətnşünaslıq sahəsində Ruhulla Axundov, Mustafa Quliyev, Əli Nazim, Hənəfi Zeynallı, Vəli Xuluflu, Salman Mümtaz kimi nəzəriyyəçi, tədqiqatçılar fəaliyyət göstərmiş və onların gördüyü işlər 1932-ci ildə yaradılan Ədəbiyyat İnstitutunun təşkili üçün hazırlıq dövrü olmuşdur. Bu nəzəriyyəçi və tədqiqatçıların da Xətib Təbrizidən başlamış Mirzə Fətəli Axundova qədər, xüsusən Asiyanın oyanması illərində yaradıcılığının coşqun dövrünü yaşayan və Azərbaycanda marksist ədəbi tənqidin ilk nümayəndələrini yaradan Nəriman Nərimanov, Soltan Məcid Qənizadə kimi və M.F.Axundovla başlayan demokratik ədəbi-tənqidi fikrin davam və inkişaf etdirən Cəlil Məmmədquluzadə, Abbas Səhhət, S.C.Pişəvəri, müasir məzmunlu ədəbiyyat tarixçiliyinin bünövrəsini qoyan Firudin bəy Köçərli kimi sələfləri vardı. Onların sənətdə realizm, həyatilik, demokratizm, ədəbi dildə xəlqilik uğrunda mübarizələri, xüsusən müəyyən illərdə ədəbi hərəkata yanlış istiqamət vermək istəyən burjua nəzəriyyəçilərinə, burjua estetizminə qarşı barışmaz mübarizəsi 20-ci illərdə, xalqın həqiqi azadlığa qovuşduğu şəraitdə öz aktuallığını saxlayırdı. Ədəbiyyat İnstitutu belə bir sağlam nəzəri bünövrə üzərində yaranmışdır.
Bütün qardaş xalqlarda olduğu kimi, bizdə də istər keçmişdə, istərsə də Sovet hakimiyyəti illərində estetik fikrin inkişafında görkəmli ideyalı yazıçıların böyük rolu olmuşdur. 20-ci illərdən başlayaraq bizdə müasir ədəbi prosesin mühüm nəzəri problemlərinin işlənməsində, ədəbi-bədii irsin öyrənilməsində və təbliğində Məmməd Arif, Həmid Araslı, Mikayıl Rəfili, Feyzulla Qasımzadə, Cəfər Xəndan, Əziz Şərif, Əli Sultanlı, Mirzağa Quluzadə kimi peşəkar tənqidçi ədəbiyyatşünaslarla yanaşı, Cəfər Cabbarlı, Səməd Vurğun, Hüseyn Cavid, Abdulla Şaiq, Mirzə İbrahimov, Mehdi Hüseyn, Mir Cəlal, Yusif Vəzir Çəmənzəminli kimi yazıçılarımız da səylə çalışmışlar.
Respublika Elmlər Akademiyasında rəhbər işdə çalışdıqları illərdə akademik Heydər Hüseynovun və akademik Səməd Vurğunun ədəbiyyat tariximizin yaradılmasında, nəşrində, müasir ədəbiyyatın nəzəri problemlərinin işlənməsində instituta göstərdikləri köməyi ayrıca yada salmaq istərdim.
Çox fərəhli haldır ki, son illərdə Vətənimizin cənubunda da tərəqqipərvər ədəbiyyatşünaslar, yazıçılar, Təbriz Universiteti alimləri böyük səy və ilhamla ədəbi irsimizi və ədəbiyyatın müasir nəzəri problemlərini öyrənməklə ciddi məşğuldurlar. Bu coşğun vətənpərvərlik təşəbbüsünün sabahını indidən görmək çətin deyildir. Gün gələcək ki, Təbriz də özünün ədəbiyyat institutunu yaradacaqdır. Nizami adına Ədəbiyyat İnstitutunun 50 illiyinin bayram edilməsi tərəqqipərvər cənublu alimlər üçün də bayramdır.
Təkcə Azərbaycanda deyil, bütün respublikalarda ədəbiyyat institutlarının elmi tədqiqat obyekti çoxmənalı və çoxcəhətlidir. Bir sıra vəzifələrdən başqa marksizm-leninizm təlimi əsasında milli ədəbiyyatların tarixi inkişaf yolunu öyrənmək, klassiklərin və görkəmli sovet yazıçılarının əsərlərinin akademik nəşrini hazırlayıb çoxmilyonlu sovet oxucularına çatdırmaq, sovet xalqlarının tarixi və müasir qarşılıqlı ədəbi əlaqələrini tədqiq edib, mənəvi tellərin söz sənətində necə əks olunduğunu araşdırmaq, formaca milli, məzmunca sosialist ədəbiyyatlarımızın nailiyyətlərini bir-birinə çatdırmaq və sovet ədəbiyyatının mühüm, aktual problemlərini problemlərini işləyib hazırlamaq bu qardaş institutların əsas vəzifələrindən olmuşdur. Bu istiqamətdə müxtəlif millətlərdən olan sovet ədəbiyyatşünaslarının birgə səyi ilə aparılan tədqiqatın gözəl nəticələrindən biri də bu olmuşdur ki, milli ədəbiyyatların tarixi ilə yanaşı, çoxmillətli vahid sovet xalqları ədəbiyyatı tarixi də yaradılmış və yaradılmaqdadır.
Beləliklə, qardaş institutlar arasında qarşılıqlı yaradıcılıq əlaqəsi vahid bir məqsədə xidmət edir: Milli mənəvi sərvətləri xalqların hamısının xidmətinə vermək, bədii sözün vasitəsilə sosialist millətləri arasında qardaşlıq əlaqələrini daha da möhkəmləndirmək, sovet ədəbiyyatşünaslığını yeni keyfiyyətli, vahid ideyalı, beynəlmiləlçi bir elm kimi inkişaf etdirmək, zənginləşdirmək!
Elmi tədqiqat işində partiyalılıq, xəlqilik, sovet vətənpərvərliyi və beynəlmiləlçilik prinsiplərinə əsaslanan Nizami adına Ədəbiyyat İnstitutu da 50 ildə bu böyük ideala xidmət etmişdir.
Bir həqiqəti də unutmaq olmaz ki, Ədəbiyyat İnstitutunda müxtəlif illərdə əməkdaşlıq edən alimlərin fəaliyyəti yalnız institutun işlərilə məhdudlaşmamışdır. 30-cu illərdə və bir qədər sonra da, fəlsəfə, şərqşünaslıq, incəsənət institutları tam formalaşmadığı dövrdə ədəbiyyat institutunun əməkdaşları Azərbaycan ədəbiyyatı tarixi üzərində işlərkən eyni zamanda tarixi keçmişimizi, fəlsəfi, estetik fikir tarixini, incəsənət, teatr tariximizi və s. öyrənməli olmuş və bu barədə ilk sözü də onlar, ədəbiyyatşünaslar demişlər. Çünki elmin bu sahələri haqqında ümumi şəkildə də olsa məlumat əldə etmədən, kamil ədəbiyyat tarixi yaratmaq olmazdı. Yeni tarixçilərimiz, şərqşünaslarımız, fəlsəfəşünas və sənətşünaslarımız yetişənə qədər vəziyyət belə idi. Bu mənada Azərbaycan KP Mərkəzi Komitəsinin qərarında deyildiyi kimi, Nizami adına Ədəbiyyat İnstitutu həqiqətən Azərbaycanda bir sıra humanitar müəssisələrin yaranmasına kömək etmişdir.
Ədəbiyyat İnstitutu əməkdaşlarının ali məktəblərimizə də köməyi çox olmuşdur. Uzun illər ali məktəblər üçün Azərbaycan, rus, Qərbi Avropa ədəbiyyatı tarixi, folklorşünaslıq, tənqid, mətbuat tarixi kursları yaradan, bu fənlər üzrə gənc kadrlar hazırlayan Məmməd Arif, Həmid Araslı, Mikayıl Rəfili, Mir Cəlal, Məmmədhüseyn Təhmasib, Feyzulla Qasımzadə, Cəfər Xəndan kimi ədəbiyyatşünaslar olmuşlar. Onlar orta və ali məktəblər üçün ilk dərsliklərin də yaradıcılarıdır.
Adlarını çəkdiyim alimlərdən başqa ədəbiyyat institutunda müxtəlif illərdə və indi də çalışan əməkdaşların əksəriyyəti Azərbaycan Yazıçılar İttifaqının üzvləri olmuş, ittifaqın orqanlarında və qalan bütün işlərində, tədbirlərində fəal iştirak etmiş, həm elmi işçi, həm də tənqidçi-yazıçı kimi tanınmışlar.
İnstitutun əməkdaşları partiya qərarında deyildiyi kimi, həmişə respublikada keçirilən ictimai-siyasi və elmi-nəzəri tədbirlərdə fəal iştirak etmişlər.
50 ildə institut kadr hazırlığı sahəsində çox işlər görmüşdür. Ali məktəblərimizdə dərs deyən, mətbuatda, radio-televiziya, mədəni-maarif ocaqlarında çalışan ədəbiyyatçıların bir çoxu yuxarıda adı çəkilən görkəmli ədəbiyyatşünasların elmi rəhbərliyi ilə bu institutda hazırlanmışdır.
Azərbaycan KP Mərkəzi Komitəsi bütün elmi müəssisələrimizə, o cümlədən Nizami adına Ədəbiyyat İnstitutunun işinə böyük qayğı göstərir. Son 12 ildə partiya qərarı və tapşırığı ilə institutda 7 yeni şöbə (Nizamişünaslıq, Yetkin sosializm dövrü ədəbiyyatı, Müasir ədəbi proses, Tərcümə tarixi və nəzəriyyəsi, Mifologiya, Tənqid tarixi və Cənubi Azərbaycan ədəbiyyatı tarixi şöbələri) yaradılmışdır.
İnstitutun 50 illiyinin qeyd edilməsi haqqındakı partiya qərarında bu elmi müəssisənin yarım əsrlik fəaliyyəti yüksək qiymətləndirilmişdir. Bununla bərabər, ədəbiyyat institutunun qarşısında mühüm vəzifələr də qoyulmuşdur. Çoxəsrlik Azərbaycan ədəbiyyatının daha mükəmməl tarixini yaratmaq, marksizm-leninizm ədəbiyyatşünaslığının, sosialist realizmi ədəbiyyatının və ədəbi-bədii tənqidinin aktual, nəzəri problemlərinin tədqiqinə diqqəti artırmaq, SSRİ xalqları ədəbiyyatlarının qarşılıqlı əlaqələri və qarşılıqlı zənginləşməsi məsələsi ətrafında tədqiqatın genişləndirilməsinə, gənc ədəbiyyatşünasların yetişdirilməsinə, onların kommunist partiyalılığı və sovet vətənpərvərliyi ruhunda tərbiyə olunmasına xüsusi fikir vermək, sovet ədəbiyyatı və sovet ədəbiyyatşünaslığının burjua təhrifçilərini, böhtançılarını ifşa edən əsərlər yaratmaq, müttəfiq, qardaş respublikaların və sosializm birliyi ölkələrinin elmi mərkəzləri ilə daha sıx əlaqə yaratmaq, son illərdə təşkil olunmuş yeni şöbələri kadr cəhətdən qüvvətləndirmək birinci növbədə yerinə yetirilməli vəzifələrdəndir.
Görülən işlər çoxdur. Lakin yazılı ədəbi-bədii irsimiz hələ tamamilə öyrənilib başa çatdırılmamışdır. Əsərləri geniş oxucu kütləsinə çatmayan klassiklərimiz vardır. Şifahi ədəbiyyatlarımızın toplanması, tədqiqi, nəşri və başqa dillərə tərcüməsi lazımi səviyyədə deyil, müəyyən illərdə institutun özündə hazırlanan ədəbiyyatşünasların bir çoxunun ali məktəblərə köçməsi nəticəsində institutun müəyyən şöbələri kadr cəhətdən zəifləmişdir. İnstitut rəhbərliyi yeni mütəxəssislər cəlb etməyə xüsusi diqqət verməlidir.
Söz yox ki, ali məktəblərimiz üçün kadr hazırlığına kömək etmək ədəbiyyat institutunun nəcib işlərindəndir. Bu köməyi bundan sonra daha da artırmaq lazımdır.
Bir sözlə, institutumuz ömrünün ikinci yarım əsrinə şərəfli vəzifələrlə qədəm qoymuşdur. İrəlidə daha məsul, daha gərgin elmi işlərimiz var. Partiyamızın qayğısından ruhlanan, ilhamlanan ədəbiyyat institutunun istedadlı əməkdaşları bu böyük qayğıya yeni-yeni elmi tədqiqat əsərləri ilə, gözəl alimlər yetişdirməklə layiqli cavab verəcəklər.
“Kommunist” qəzeti, 29 dekabr 1982-ci il



