
Gülyaz ƏLİYEVA
Bakı şəhəri 342 nömrəli ümumtəhsil məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi
Mən Ana dili müəllimiyəm. Bu məqaləmdə olduqca həssas, dərin və eyni zamanda, cəmiyyətdə tez-tez müzakirə olunan aktual bir mövzudan bəhs edəcəyəm. Ana dilinə münasibət, xüsusən də gələcək nəslin formalaşmasında ilk addım olan laylaların fərqli dildə deyilməsi məsələsi məni çoxdandır ki, düşündürür. Bu həm psixoloji, həm də sosioloji tərəfləri olan geniş bir mövzudur.
Son illərdə cəmiyyətimizdə qəribə və ciddi narahatlıq doğuran bir tendensiya müşahidə olunmaqdadır: öz ana dilini bəyənməyən, övladına öz dilində deyil, başqa dillərdə layla deyən, onunla xarici dildə ünsiyyət qurmağı "üstünlük" sayan analar peyda olub və onların sayı çoxalmaqdadır.
Bəs bu tendensiyanın arxasında nə dayanır? Bu, həqiqətənmi inkişafın göstəricisidir, yoxsa milli kimlikdən qaçmaq, uzaqlaşmaqdır?
Bu gün bəzi valideynlər arasında övladının ilk sözlərini rus, ingilis və ya digər xarici dillərdə deməsi bir növ sosial status, kübarlıq, elitarlıq göstəricisi kimi qəbul edilir. Doğma dilini bəsit" və ya müasir tələblərə cavab verməyən bir dil kimi görənlər uşaqlarının beynini hələ beşikdəykən yad dillərin intonasiyası ilə doldururlar.
Acı bir həqiqət var: Öz dilinə xor baxan insan, əslində öz keçmişinə, mənsub olduğu mədəniyyətə xor baxır. Başqa bir dili öyrənmək zənginlikdir, lakin bunu ana dilini sıxışdırıb çıxarmaq hesabına etmək mənəvi aşınmadır. Bu, eyni dil ailəsinə mənsub olduğumuz türk dili hesabına olsa belə...
Qloballaşma proseslərinin sürətləndiyi, dillərin təbii mühitdə təzyiqə məruz qaldığı bir zamanda Azərbaycan dövləti milli dilin qorunmasını strateji prioritet kimi müəyyənləşdirib. Prezident İlham Əliyevin 2025-ci il noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda səsləndirdiyi fikirlər də bu istiqamətdə dövlətimizin qətiyyətini bir daha nümayiş etdirdi. Dövlət başçısı qeyd etdi ki, dil milli mənəvi sərvətimiz, dövlətçilik əsasımızdır və onun saflığının qorunması hər kəsin, xüsusilə də ziyalıların üzərinə ciddi məsuliyyət qoyur...
Dil məsələsi təkcə elmi problem deyil, həm də milli kimlik, mədəni təhlükəsizlik və ideoloji davamlılıq məsələsidir...
Elə məhz buradan yola çıxaraq qeyd elmək lazımdır ki, laylalar – dilin və ruhun mayasıdır. O ancaq ana dilində deyilməlidir.
Psixoloqlar və dilçilər sübut edirlər ki, uşaq ana bətnindəykən və doğulduqdan sonrakı ilk aylarda ananın səs tonunu, onun danışdığı dilin ritmini mənimsəyir. Azərbaycan laylalarındakı o doğmalıq, səmimiyyət və poetik güc körpənin psixikasına sakitləşdirici təsir göstərir.
Bir ana öz körpəsinə "Laylay dedim yatasan, qızılgülə batasan..." demək əvəzinə, yad bir mədəniyyətin laylasını oxuyursa, o uşağın gələcəkdə bu torpağa, bu xalqa mənəvi bağlılığının zəif olacağı labüddür. Axı dil təkcə sözlər deyil, həm də emosiyadır. Ananın öz doğma dilində ifadə edə bilmədiyi o saf sevgi, süni şəkildə öyrənilmiş xarici dildə heç vaxt eyni effekti verə bilməz.
Əlbəttə, heç kim uşaqların xarici dil öyrənməsinin əleyhinə deyil. Müasir dünyada 2-3 dil bilmək böyük üstünlükdür. Lakin bunun bir qızıl qaydası var: İnsan əvvəlcə öz ana dilinin bünövrəsini möhkəm qoymalıdır.
Mütəxəssislər qeyd edirlər ki, öz ana dilini mükəmməl bilən və onun zənginliyini dərk edən uşaqlar sonradan xarici dilləri daha asan və şüurlu şəkildə mənimsəyirlər. Ana dilini tam qavramadan xarici dil öyrənməyə məcbur edilən uşaqlar isə gələcəkdə hər iki dildə yarımçıq danışan, fikrini düzgün ifadə edə bilməyən "dil hibridlərinə" çevrilirlər.
Məni bu yazını yazmağa vadar edən qüvvə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə şəhərdə müşahidə etdiyim bəzi məqamlar oldu. Həmin gün uşaqlarla birgə şəhərə çıxmışdım. Gördüklərimdən çox məyus oldum. Bayram olduğu üçün şəhərdə hər yan uşaqlı analar və nənələrlə dolu idi. Diqqətimi qucağında körpə uşaq olan cavan və müasir bir nənə cəlb etdi. Dəblə geyinmiş, qaşları, dodaqları yeni formada olan nənə nəvəsinə öz aləmində layla deyirdi...
"Bayu-bayuşki-bayu..."
Nənə azərbaycanlı idi, saçını, qaşını sarı boya ilə nə qədər ciddi cəhdlə boyasa da, azərbaycanlı olduğu şəksiz idi. Nənə layla deyirdi... Təbiidir. Dünyada nənənin nəvəsinə layla deməsindən təbii nə ola bilər ki?! Bu, çox gözəldir. Amma, təəssüf ki, o layla bizim layla deyildi... O nənə körpəyə:
Layla dedim yatasan,
Qızılgülə batasan, - demirdi...
Fikir məni uzaqlara apardı... Nayman ananı xatırladım.(Ç.Aytnatov."Gün var, əsrə bərabər"). Nayman ana yaddaşını itirmiş, əzazil yadelli işğalçılar — juan-juanlar tərəfindən öz milli kimliyi, mənsubiyyəti, hətta öz adı da unutdurulan manqurtlaşdırılmış oğluna heç cür təsir edə bilmir. Oğluna öz adını, atasının adını, milli kimliyini xatırlatmağa nə qədər çalışsa da, alınmır, doğma oğlu onu tanımır. Ana manqurt oğlunun daşlaşmış yaddaşına ancaq onun körpə ikən beşiyinin başında çaldığı laylanı söyləməklə təsir edə bilir. Təkcə bu vaxt, bu an manqurtun yaddaşı ona əziyyət verir, milli ruhu oyanmaq, özünə qayıtmaq istəyir... Ana oğlunun yaddaşını bərpa edə bilməsə də, öz laylası ilə ona təsir etməyi bacarır... Nədənsə,
bir anlıq mənə elə gəldi ki, Nayman ananın marqurt oğlu tərəfindən oxla vurularkən başından açılıb quşa çevrilən ağ yaylığı indi həmin nənənin başı üzərində dövrə vurur və öz sözlərini: "Sənin adın Donenbaydır, Donenbay!" - deyə nalə çəkir... Fikrimdə nənəni asıb-kəsirdim.
O körpə yazıq deyilmi? Niyə o süd qoxulu körpəyə şirin ana dilində layla demirsən?
layla, sadəcə, bir körpəni yuxuya vermək üçün zümzümə edilən melodik sözlər toplusu deyil. O, bir millətin mədəni kodlarıdır, tarixi yaddaşıdır, ananın övladına ötürdüyü ilk mənəvi irsdir. Mənzərəyə baxdıqca təəssüflənir və yeyin addımlarla oradan uzaqlaşmaq istəyirdim ki, indi də sanki qulağıma X.R.Ulutürkün o ötkəm səsi gəldi:
Layla dedim yatasan,
Qızılgülə batasan...
-Hardan gəlir bu səs-səda?
Bəlkə, illər arxasında
layla çalır gəlin ana?
Dörd qulac ip
Bir yüyrüyü bənd eləmiş kəhkəşana.
Layla çalır gəlin ana,
Yelləndikcə kiçik yüyrük
Gedib dəyir bu ulduzdan o ulduza.
Layla axır… Çocuq baxır,
Bəs nə üçün mürgüləmir?
Bayaq ana südü əmib
İndi ana ruhu əmir...
Bəli, layla bir millətin ruhunu özündə yaşadır. Amma "Bayu- bayuşki-bayu" azərbaycanlı balası üçün bunu etmir, edə bilməz, O, başqa bir xalqın kodlarını özündə daşıyır...
Bu fikirlərlə oradan bir qədər aralanmışdım ki, tanıdığım başqa bir gənc ananın öz körpəsini:
Dandili, dandili dastana,
Danalar girdi bostana ...ilə yuxuya verməyə çalışdığını gördüm. Bu laylaya uşaq yatmırdı, yatmaq istəmirdi. Gözlərini daha da geniş açaraq baxırdı. Uşaq nəinki yatmaq, bu laylaya qol götürüb oynamaq istəyirdi, məncə...
Kimlərsə, məni qınaya bilər ki, hə, nə olsun? Eyni kökdənik də. Hamımız türk söyluyuq, eyni dil ailəsinə mənsubuq. Burda nə var ki? Lakin bəziləri bunu heç cür anlamaq istəmir ki, eyni kökdən, eyni böyük türk ailəsindən gəlsək də, hər birimizin dilinin öz şirinliyi, öz naxışı və təbii ki, laylalarının da öz ruhu var.
Anadolu türkcəsindəki o məşhur "Dandini dandini dastana" sədaları bizdə yerini tamam başqa, daha həzin və doğma ifadələrə verir. Bizim analarımız uşağı yatıranda o sözləri yox, qəlbimizin dərinliyindən gələn bu misraları pıçıldayır:
Laylay dedim yatasan,
Qızılgülə batasan.
Qızılgülün içində,
Şirin yuxu tapasan...
Və ya o məşhur, hər birimizin uşaqlıqdan eşitdiyimiz o doğma nəqarət:
Laylay, beşiyim, laylay,
Evim, eşiyim, laylay.
Sən get şirin yuxuya,
Çəkim keşiyin, laylay...
Təbiət və gül-çiçək
bizim laylaların özəlliyidir. Bizim laylalarda uşaq mütləq "qızılgülün, "bənövşənin" içində o şirin yuxunu tapır.
Dildəki həzinlik və körpənin əmin-amanda rahat uyumaq duyğusu, ananın fədakarlığı, gecə oyaq qalıb balasının keşiyini çəkməsi hissi çox dərindir.
Bu, ananın səsi ilə, ürək çırpıntısı ilə birgə laylanın sözlərində ehtiva olunaraq körpəyə ötürülür. Körpə bunu anlayır, başa düşür. Dilə sevgi elə buradan başlanmırmı?
Azərbaycan dilinin o yumşaq, musiqili ahəngi laylalarda daha da büllurlaşır.
Hər mədəniyyətin öz rəngi gözəldir, amma insanın öz ana dilində, beşiyinin başında eşitdiyi o laylanın yeri tamam başqadır. Dilimizin bu fərqliliyi və zənginliyi bizim ən böyük sərvətimizdir!
Öz ana dilini bəyənməmək mənəvi korluqdur. Unutmaq olmaz ki, bir milləti məhv etmək üçün onun ordusunu dağıtmağa ehtiyac yoxdur, onun dilini əlindən almaq kifayətdir. Və bu proses məhz beşiyin başında, anaların seçimi ilə başlayır.
Gələcəyin savadlı, dünyagörüşlü, eyni zamanda, öz kökünə sadiq və vətənpərvər nəslini yetişdirmək istəyən analar ilk növbədə beşiyin başında öz doğma dillərinin sehrini bərpa etməlidirlər.
Çünki başqa dildə deyilən layla, bəlkə də, uşağı yuxuya aparar, amma onun milli ruhunu heç vaxt oyada bilməz.



