|
|
|
|

“Regional İnkişaf” İctimai Birliyi, Samux Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbir çərçivəsində iş adamları üçün Aqrar Biznes Festivalı da baş tutub.
Tədbirlərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin müavini Seymur Səfərli, Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, yerli və xarici iş adamları, rayon ictimaiyyətinin nümayəndələri, respublikanın müxtəlif bölgələrindən gəlmiş qonaqlar və gənc könüllülər iştirak ediblər.
İştirakçılar Ümummilli Lider Heydər Əliyevin Samux şəhərinin mərkəzindəki abidəsi önünə gül dəstələri qoyub, dövlətçiliyimizin banisinin əziz xatirəsini ehtiramla yad ediblər.
Aqrar bayram münasibətilə Samux şəhərinin küçə və prospektləri, park və xiyabanları bəzədilib, milli musiqi sədaları altında keçirilən rəngarəng yürüşlər tədbir iştirakçılarında xoş ovqat yaradıb.
Heydər Əliyev prospektindəki parkda təşkil olunan tədbirlərdə rayonun zəngin kənd təsərrüfatı potensialı, eləcə də festivalın ruhuna uyğun olaraq, yerli fermerlərin yetişdirdiyi ərik növləri, bu meyvədən hazırlanan mürəbbələr, şirələr və digər məhsullar sərgilənib. Müxtəlif sektorlarda mənəvi dəyərlərimizə, adət-ənənələrimizə, mədəni irsiçmizə aid nümunələr nümayiş etdirilib, həmçinin milli mətbəximizin bir-birindən dadlı təamları təqdim olunub.
Festival ərazisində qurulan sərgi və satış guşələri, peşəkar və həvəskar sənətkarların əl işləri, əyləncə, ustad dərsləri və idman yarışları guşələri tədbirə xüsusi rəng qatıb.
Aqrobiznes Festivalı çərçivəsində isə kənd təsərrüfatı sahəsində tətbiq olunan müasir texnologiyalar, innovativ avadanlıqlar və aqrar təyinatlı texnikalar nümayiş etdirilib. Aqrar sahədə fəaliyyət göstərən şirkətlər tərəfindən toxum, gübrə, bitki mühafizə vasitələri və digər məhsullar sərgilənib, onlar haqda fermerlərə ətraflı məlumat verilib.
Festivalın əsas məqsədləri yerli təsərrüfatçıların yetişdirdikləri ərik və digər məhsulları təqdim etmək, sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirmək, aqroturizmin inkişafına töhfə vermək, Samux meyvəçilik ənənələrinin daha geniş miqyasda təbliğini təmin etmək və rayonun sosial-iqtisadi inkişafına dəstək göstərmək olub.
Aqrar bayramın açılş mərasimində çıxış edən rayon rəhbəri Firdovsi Əliyev Samuxda kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. O, vurğulayıb ki, Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafına göstərdiyi xüsusi diqqət və qayğı, eləcə də kənd təsərrüfatının dəstəklənməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində bağçılıq sahəsi də sürətlə inkişaf edir və o sıradan, Samux rayonunda ərik bağlarının sahəsi 500 hektardan artıqdır və burada 16 müxtəlif ərik sortu yetişdirilir.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini Seymur Səfərli çıxışında Prezident İlham Əliyevin 25 may 2026-cı il tarixində kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verdiyi tapşırıqların aqrar sahənin inkişafında yeni mərhələnin əsasını qoyduğunu diqqətə çatdırıb. O qeyd edib ki, dövlət başçısı kənd təsərrüfatında məhsuldarlığın artırılmasının, müasir texnologiyaların tətbiqinin, su resurslarından səmərəli istifadənin, emal sənayesinin genişləndirilməsinin və fermerlərin dövlət dəstəyi ilə əhatə olunmasının vacibliyini vurğulayıb.
Festival axşam saatlarınadək davam edib.
İştirakçılar Azərbaycanın tanınmış incəsənət nümayəndələrinin konsert proqramını, sonra isə möhtəşəm atəşfəşanlığı izləyiblər.



Zakir Muradov,
Samux - Gəncə



