|
|
|
|

Aldığım qara xəbər məni dərindən kədərləndirdi. Qarışıq duyğular bütün varlığıma hakim kəsilmişdi. Azərbaycan daha bir tanınmış şairini, dramaturqu, mədəniyyət xadimini, dövlət adamını itirdi. Bu itki, şübhəsiz, onun yaxınlarını və doğmalarını dərindən sarsıtdı, hər bir Azərbaycan ziyalısını, ədəbiyyat və incəsənət xadimini, diplomatını, ürəyinin çırpıntısını qələmi ilə sakitləşdirən hər kəsi silkələdi: hələ nə qədər yazılmamış şeir, poema, nəsr əsəri, dram, daha nələr-nələr qaldı. Amma nə etmək olar, Tanrının yaratdığı hər bir canlı bir gün əbədiyyətə qovuşmalıdır. Əbədiyyətə qovuşanlar arasında unudulanlar da var, yaddaşlarda qalanlar da. Bir də var Vətən, millət sevgisi ilə yazıb-yaradanlar, tarixin yaddaşına köçənlər, iz salıb gedənlər. Hidayət müəllim məhz iz salıb, yol göstərib, poeziyanın dili ilə oxucularını düşündürməyi bacaran, onu keçmişə aparıb gələcəyə qədərincə boylanmağa sövq edən usta qələm sahibi, ölkənin hüdudlarından da uzaqlarda tanınan və qəbul edilən görkəmli söz adamı idi.
Doğrusu, bu qeydləri kompüterin yaddaşına köçürməyə başlayanda məndə belə fikir yaranmışdı ki, Hidayət müəllimə layiq yazı ortaya qoymaq müşkül olacaq. Onun şəxsi keyfiyyətlərinin bir qismini yaxından müşahidə etdiyimdən, həmsöhbət olduğumuz zamanlar söylədiyi qiymətli fikirləri olduğu kimi xatırladığımdan, şeirlərinin bir qismini dönə-dönə oxuduğumdan, “İrəvana 7 məktub”u isə ələk-vələk etdiyimdən, müxtəlif çıxışlarından ayrı-ayrı hissələri zamanında bir jurnalist kimi Azərbaycan Televiziyasının ekranlarından təqdim etdiyimdən əslində bu qeydlər çətinlik törətməməli idi. Məni imtahana çəkən Hidayət müəllimin parlaq şəxsiyyəti, qələmin və sözün zirvəsində dayanan obrazı, siyasi və dövlətçilik təcrübəsinin Ulu öndərin məktəbindən qaynaqlanması idi.
Xəyal məni çəkib 1971-ci ilə aparır. İrəvan Pedaqoji İnstitutunun Azərbaycan bölməsinin rəhbəri Əkbər İrəvanlı tələbələri böyük bir auditoriyaya toplayıb bizimlə görüşə gələn hündürboylu, nüfuzedici nəzərləri ilə diqqəti özünə çəkməyi bacaran qonağı təqdim edir: “Tanınmış şair, dramaturq, Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının bədii rəhbəri və baş rejissoru Hidayət Orucov. Ona ədəbi imzası ilə - sadəcə Hidayət kimi də müraciət edə bilərsiniz”.
Və söz natiqə verilir. Dəqiqələr bir-birini qovur, Hidayət şeirlərindən birini bitirib digərinə keçir. Zalda tam bir sükut hökm sürür. Qəflətən üzünü auditoriyaya tutub soruşur:
- Aranızda şeir yazan, ümumiyyətlə, bədii yaradıcılıqla məşğul olanınız varmı? - Kimsənın əlini qaldırmadığını görəndə əlavə edir, - Yazı-pozusu olan varsa, mənim qapım həmişə üzünə açıqdır. Sizə kömək etməyə də hazıram. Ancaq indi bir təklifim var: aranızda teatrda kütləvi səhnələrdə və bəzi epizodik rollarda çıxış etmək istəyi olanlar varsa, ayağa qalxsın.
3-4-cü kurs tələbələri arasından təxminən 10 nəfər ayağa qalxır. Ayağa qalxanlar arasında mən də varam.
Ertəsi gün Hidayət müəllimin qəbul otağına toplaşırıq. Köməkçisini çağırıb tapşırıq verir:
- Bu gəncləri Şamil müəllimlə (Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının aparıcı aktyoru Şamil Dəmirçiyev) tanış edin.
Beləcə biz özümüzü kiçik aktyorlar kimi hiss edərək həftədə 2-3 dəfə teatrın binasına gəlir, məşqlərdə iştirak edirik. Nəhayət, gözlədiyimiz gün gəlib çatır. Erməni yazıçısı Aleksandr Şirvanzadənin “Bir damın altında” adlı dram əsərində kütləvi səhnələrdə səhnəyə çıxırıq. Mən bir kiçik epizodda da səhnədə yer alıram.
Tamaşadan sonra Hidayət müəllim bizi otağında qəbul edib uğurlar arzulayır və müəyyən məbləğdə əməkhaqqı alacağımızı elan edir.
Ertəsi gün teatrın kassasından pulunu alıb dönən “aktyorlar” kurs yoldaşlarına əməlli-başlı qonaqlıq verirlər.
Bu tamaşadan sonra biz tələbələr aktyorlarla sıx ünsiyyət qurduq, Hidayət müəllim isə ən bacarıqlı və istedadlı tələbəni teatrın heyətinə cəlb etdi.

İllər keçdi, 1984-cü ildə Hidayət müəllim öz komandası ilə Amasiya rayonuna gəldi. Bu dəfə yeni tamaşa ilə. Rayon mərkəzinin görkəmli yerlərinə afişalar vurulmuşdu. İki gün sonra rayon Mədəniyyət evində İrəvandan gələn aktyorların iştirakı ilə “Qayınana” tamaşası göstəriləcəkdi. O vaxt mən rayon partiya komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri vəzifəsində çalışırdım. Raykomun birinci katibi məni otağına dəvət elədi. Hidayət müəllimə göstərib təqdim etmək istəyəndə, o, “mən bu oğlanı tanıyıram, adı Səyyad deyil?” - deyə birinci katibin üzünə baxdı. Birinci katibi maraq bürümüşdü. Hidayət müəllim institut illərində bizim teatrla əməkdaşlığımız barədə rayon rəhbərinə danışdı.
Ertəsi gün xoşagəlməz bir hadisə baş verdi. Bütün afişalar ermənilər tərəfindən cırılıb tökülmüşdü. İşə milis şöbəsinin erməni rəisi cəlb edilsə də, bu hadisəni kimin törətdiyi bəlli olmadı. Yaxşı xatırlayıram, Hidayət müəllim çox məyus görünürdü. Erməni xuliqanlar tamaşanın getdiyi zalda hay-həşir salıb aranı qarışdırmağa cəhd göstərmişdilər.
Bu hadisədən sonra Hidayət müəllimlə yollarımız bir də o, Azərbaycan Respublikasının Milli siyasət məsələləri üzrə Dövlət müşaviri vəzifəsində çalışdığı vaxtlarda kəsişdi. Həmin qarışıq zamanlarda onun dəyərli məsləhətləri çox karıma gəlirdi. Dəfələrlə tapşırıqlar vermiş, görüşlər təşkil etmişdi. Bütün bunlar indi - Hidayət müəllim haqq dünyasına köçəndən sonra gözlərimin önündə bir-bir canlanır. Bəlkə də, ona görə ki, əsas mövzuya giriş bir qədər çətin oldu...
lll
Bu gün Ermənistan adlandırılan tarixi Qərbi Azərbaycan torpaqlarının, orada min illər boyu məskunlaşıb yaşayan soydaşlarımızın taleyi, qayğıları, eləcə də müqəddəs Azərbaycan ideyaları və milli əqidə uğrunda məkrli erməni şovinizmi ilə ardıcıl, sarsılmaz fikir-əməl mücadiləsi görkəmli şair, dramaturq, publisist Hidayətin - Hidayət Orucovun həyatında və yaradıcılığında həmişə xüsusi yer tutub.
Hidayət müəllimin yaradıcılığı ilə yaxından tanış olanlar onun “İrəvana 7 məktub” adlı publisistik əsərinin “Burdan min atlı keçdi” kitabının məntiqi davamı olduğunu yaxşı bilirlər. Niyə mən məhz “İrəvana 7 məktub”un üzərində dayanıram? Çünki əsərin başlıca qayəsini bütün mənalı həyatını doğma xalqının tərəqqisinə, uğurlu gələcəyinə həsr etmiş, əməlləri, ideyaları və böyük adı ilə Azərbaycanı, xalqımızı daim şərəfləndirən, dünya siyasi elitasının korifeylərindən biri olan Ulu öndər Heydər Əliyevin uca şəxsiyyəti və bu ucalığa Ermənistanda siyasi-ideoloji dairələrin, erməni ictimaiyyətinin qısqanc, düşmən münasibətinin ifşası təşkil edir. Hidayət müəllim bu əsərində şəxsən özünün şahid olduğu hadisələri qələmə alaraq, ötən əsrin 70-80-ci illərində İrəvanda, ümumən Ermənistanda mövcud olmuş siyasi-ideoloji, mənəvi-psixoloji ab-havanın, millətçi-şovinist mühitin mənzərəsini yaradıb, bu eybəcərlikləri sanballı dəlillərlə ifşa edib. O, Qərbi Azərbaycan tarixinin öyrənilməsinə, təbliğinə, onun ədəbi mühitinin formalaşmasına və inkişafına müstəsna xidmətlər göstərən şəxsiyyətlərdən biri idi. Onun “Ədəbi Ermənistan”a rəhbərliyi dövründə bir çox gənc şairlərin kitabları nəşr olunub, illərlə yastıq altında qalan və toz basmış əsl şeiriyyət nümunələri gün üzünə çıxarılıb.
Hidayət müəllim təpədən-dırnağacan elinə-obasına, doğulduğu torpağa, bütöv Azərbaycana bağlı əsl vətəndaş, şair, yazıçı, publisist olub. Axı bu qeydləri necə sakit, rahat oxumaq olar? Hidayət Orucov yazırdı: “1966-cı ilin mart gecəsi - “Zəngəzur” qatarı ilə qədim Naxçıvan torpağıyla İrəvana işləməyə getdiyimi “Burdan min atlı keçdi” yazılarıma yerli-yataqlı köçürmüşəm. Sonralar qatarla da, avtomobillə də, təyyarə ilə də çox uzun səfərlərim olub. Amma o gecənin hər anı indiyəcən həkk olunub yaddaşıma. Əminəm ki, bu əsrdə başqa bir gənc Hidayət Mığrıdan “Zəngəzur” qatarına minib Arazın qırağıyla, ulu Naxçıvanın tarixlərin keşməkeşlərində qarsalanmış torpağıyla İrəvana gedəcək və mənim kimi Bakıya dönməyəcək. Ömrü boyu Qərbi Azərbaycanda yaşayıb-yaradacaq. Mən buna varlığım qədər inanıram”.
Hələ İrəvanda yaşayıb fəaliyyət göstərərkən G.Eminin “Ermənistan haqqında 7 nəğmə”sindəki heç bir əndazəyə sığmayan şişirtmələrlə, S.Kaputikyanın “Karvanlar hələ yoldadır”ındakı cəfəngiyyatlarla, V.Petrosyanın “Erməni eskizləri”ndəki uydurmalarla, B.Ulubabyanın, S.Xanzadyanın və digər millətçi şovinistlərin zəhərli ideologiya mənbəyindən qidalanan cızma-qaraları ilə tanış olan Hidayət müəllim həmin müəlliflərin bir çoxu ilə dəfələrlə mübahisəyə girmiş, sınmadan, yorulmadan mübarizəsini davam etdirmişdi. Bəlkə də, o illərdə onun sağ qalması Ulu öndərin Hidayət müəllimi şəxsən tanıması ilə bağlı olub. Bunu ermənilər çox yaxşı biliblər.
Hidayət müəllimin Ulu öndərlə görüşü 1969-cu ilin payızına təsadüf edib. Həmin il oktyabrın 10-da Akademik Dram Teatrının binasında Cəfər Cabbarlının anadan olmasının 70 illiyinə həsr olunmuş təntənəli toplantı keçirilib. Ermənistan nümayəndə heyəti də həmin tədbirdə iştirak edib. Nümayəndə heyətinin başçısı İrəvan İncəsənət İnstitutunun rektoru Sergey Daronyan Hidayət Orucovu Ulu öndərə belə təqdim edib: “İstedadlı şair, Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktorudur”.
Hidayət müəllim xatirələrinin birində belə yazır:
- Heydər Əlirzaoğlu əlimi möhkəm sıxaraq düz gözlərimin içinə baxdı:
- Belə gənc? Çox şadam!
“Belə gənc?” sualı-nidası, şübhəsiz, tutduğum vəzifəylə bağlıydı.
Gözlərinin dərinliyi, qətiyyət, müdriklik ifadələri, güclü qartal baxışları əbədi həkk olundu yaddaşıma.
***
Məncə, şair Hidayət yazıçı, publisist Hidayətdən bir addım öndə doğulub. Bu, mənim şəxsi qənaətimdir. İstər məhəbbətdən yazsın, istərsə də digər dünyəvi mövzulardan, ilahi Tanrı sevgisindən, onun poeziyasında vətən sevgisi, yurd, Qərbi Azərbaycan həsrəti mütləq özünə yer tapıb:
Yadlar çoxlarının adını pozub -
Bu dərdə dözməyə qəlbim dağ olub.
Belə yaraları ovutmaq üçün
Yaxşı ki, Nizami, Vaqif doğulub!
Məzlum olmayıbdır adın dünyada,
Hələ bu meydanda döyüşlərin var.
Dərdindən-qəmindən danışanda da
Sabir qəhqəhəli gülüşlərin var.
Dəryasan, şairlər - mirvarilərin,
Eli düşünüblər, eli anıblar.
Alovlu Müşfiqin, Vurğunun sənin
Min sözü qoynunda damla sanıblar.
Hidayət yaradıcılığının son dövrlərində, özünün də yazdığı və dediyi kimi, “Bir gözü ağlayan, bir gözü gülən” görünür. Həsrət hissi onu imtahana çəkir və o, bu həsrətin qarşısında sanki “Dumanlı havada” yolçuluğa çıxır:
Sənin nə qəribə kainatın var -
Bir gözün nəşəli, bir gözün nəmli.
Sənin nə qəribə bir həyatın var, -
Nəsimi sitəmli, Füzuli qəmli.
Hidayət son yolçuluğa necə uğurlanmalı olduğunu belə vəsiyyət edib:
Kimin ki, inləyən bir nəğməsi var,
Ona öz iniltim, yaram demişəm!
Şairsiz obaya, şeirsiz ömrə
Günəşi, torpağı haram demişəm!
...Ən gözəl şeirlər - ilk yaz çəməni...
Hər gün o çəməndə dinləyin məni.
Laylayla beşikdə böyüdüm, dostlar,
Dünyadan şeirlə götürün məni!..
lll
Hidayət Orucov bir çox fəxri adlara və mükafatlara layiq görülüb - Ermənistan SSR Əməkdar mədəniyyət xadimi (1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, soydaşlarımızın deportasiya və soyqırımı siyasətinə etiraz olaraq Ermənistan SSR Əməkdar mədəniyyət xadimi fəxri adından imtina edib), Gürcüstan Respublikasının “Ləyaqət” ordeni, Rus Pravoslav Kilsəsinin “Müqəddəs Mömin Moskva Knyazi Daniil” ordeni, Çuvaşıstan Respublikasının ali ədəbi mükafatı - Paydulla İskeyev adına Çuvaş Beynəlxalq Ədəbi Mükafatı, Çingiz Aytmatov adına beynəlxalq “İssık-Kul Forumu”nun Fəxri Fərmanı, habelə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının “Şöhrət” ordeni və s. Altmışdan çox poeziya, nəsr, publisistika, tərcümə və s. kitabları nəşr olunub. Xarici dillərdə nəşr olunmuş “Mən belə yaşayıram”, “Nura qovuşacağıq” (rus dilində), “İntizar”, “Sənsiz” (gürcü dilində), “Sabaha çox var” (Dağıstan dillərində), “Dağlar nəğməsi” (özbək dilində) və s. kitabları maraqla qarşılanıb. Əsərləri otuzdan çox dilə tərcümə olunub.
Hidayət müəllim həmçinin ədəbiyyat, incəsənət, kitab mədəniyyəti məsələləri, millətlərarası münasibətlər, din, milli-mənəvi dəyərlərimiz barədə, eyni zamanda tarixi keçmişimiz, türk xalqlarının deportasiyası və soyqırımlarına, yaşadığımız günlərin problemlərinə həsr olunmuş 150-dən çox məqalənin, publisist qeydlərin müəllifidir. Onun “Heydər Əliyev və Azərbaycanda milli siyasət” monoqrafiyası Azərbaycan, ingilis, rus, gürcü, türk, ərəb, qırğız dillərində nəşr olunub.
Hələ 1994-cü il fevralın 23-də Ulu öndər Heydər Əliyev Britaniya Kral Beynəlxalq Münasibətlər İnstitutundakı çıxışında deyirdi: “Əgər tarixi faktları araşdırmalı olsaq, onda xatırlatmalıyam ki, indiki Ermənistan ərazisi vaxtilə Azərbaycan torpaqları idi. Bir vaxtlar bu yerlər Azərbaycana məxsus olmuş, lakin 1918-1920-ci illərdə Ermənistana keçmişdir. Bir sözlə, tarixə müraciət etməli olsaq, onda görərik ki, Ermənistan Azərbaycana çox şey qaytarmalıdır”. O, bu fikrini təkzibolunmaz tarixi faktlarla əsaslandırırdı. Ulu öndər əminliklə bəyan edirdi ki, Qərbi azərbaycanlılar gec-tez öz ata-baba yurdlarına dönəcəklər.
Azərbaycan Prezidenti İlham Əliyevin Qərbi Azərbaycanla bağlı strategiyası da çox aydın və açıqdır. Bunu Azərbaycanın düşmənləri də, Ermənistandakı revanşistlər də yaxşı bilirlər. Müzəffər Ali Baş Komandanın bu taleyüklü məsələ ilə bağlı çıxışlarındakı əsas qayə birmənalı şəkildə belə ifadə olunur: “Bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılmışdır. İrəvan xanlığı, Göyçə və Zəngəzur mahalları bizim tarixi diyarlarımızdır. Qərbi azərbaycanlılar öz dədə-baba yurdlarına qayıtmalıdırlar və qayıdacaqlar”.
Hidayət müəllim də həyatı boyu bu ideyalara bütün varlığı ilə inandı, ona xidmət etdi, şair, yazıçı və publisist ömrünü ləyaqətlə yaşadı. İllər keçəcək, amma Hidayət müəllim heç vaxt unudulmayacaq - şeirləri səsləndiriləcək, pyesləri səhnələşdiriləcək, əsərləri Qərbi Azərbaycanda dönə-dönə yayımlanacaq. Qərbi azərbaycanlılar öz tarixi torpaqlarına bir gün mütləq dönəcəklər. Dönənlərdən yüzlərlə şeir-sənət vurğununun çantalarından Hidayətin əsərlərindən birinin çıxacağı şəksizdir. O zaman bir vaxtlar rəhbərlik etdiyi Cəfər Cabbarlı adına Dram Teatrının səhnəsində Hidayətin əsərlərinin yenidən tamaşaya qoyulması onun halal haqqı olacaq.
Allah rəhmət eləsin!..



