|
|
|
|

“Azərbaycanın milli-mənəvi xəzinəsinin mühüm tərkib hissələrindən biri ilahiyyat sahəsidir. Bu sahə təkcə dini biliklərin öyrənilməsi ilə məhdudlaşmır, eyni zamanda cəmiyyətimizdə mənəvi dəyərlərin qorunmasına, milli kimliyimizin möhkəmləndirilməsinə, tolerantlıq və multikulturalizm ənənələrinin yaşadılmasına xidmət edir. Məhz buna görə də ilahiyyat təhsili alan gənclərin üzərinə böyük məsuliyyət düşür”.
525.az xəbər verir ki , bu sözləri Ramin Məmmədov Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Azərbaycan İlahiyyat İnstitutu və Bakı İlahiyyat Kollecinin Məzun Günündə deyib.
O qeyd edib ki, bu səbəbdən, gələcək fəaliyyətinizdə Azərbaycanın milli maraqlarını, milli-mənəvi dəyərlərini qorumaq, yaşatmaq, zənginləşdirmək və onları gələcək nəsillərə ötürmək sizin həm mənəvi borcunuz, həm də vətəndaşlıq məsuliyyətinizdir:
” Siz qazandığınız bilik və bacarıqlarla cəmiyyətimizdə sağlam dini düşüncənin formalaşmasına, milli həmrəyliyin möhkəmlənməsinə, gənclərin düzgün istiqamətləndirilməsinə və mənəvi dəyərlərin təbliğinə töhfə verməlisiniz.
Bu gün dünyada müxtəlif ideoloji təsirlərin, informasiya axınının və qloballaşma proseslərinin sürətlə artdığı bir dövrdə milli-mənəvi dəyərlərimizin qorunması daha böyük əhəmiyyət kəsb edir. Sizlər bu dəyərlərin daşıyıcıları və təbliğatçıları kimi xalqımızın əsrlər boyu formalaşdırdığı zəngin irsi yaşatmalı, onu müasir dövrün tələblərinə uyğun şəkildə gələcək nəsillərə çatdırmalısınız. Azərbaycanın dövlətçilik ənənələrinə, Konstitusiyasına, milli maraqlarına və mənəvi irsinə sadiqlik fəaliyyətinizin əsas prinsiplərindən biri olmalıdır.
Əminəm ki, təhsil aldığınız müddətdə qazandığınız bilik və təcrübə gələcək həyat yolunuzda sizə etibarlı dayaq olacaq. Siz dövlət qurumlarında, təhsil müəssisələrində, dini icmalarda və cəmiyyət həyatının müxtəlif sahələrində fəaliyyət göstərərək ölkəmizin inkişafına öz töhfənizi verəcəksiniz. İnanıram ki, hər biriniz peşəkar fəaliyyətinizlə Azərbaycan ilahiyyat məktəbinin nüfuzunu daha da yüksəldəcək, əldə etdiyiniz uğurlarla müəllimlərinizin və ailələrinizin etimadını doğruldacaqsınız.
Bu əlamətdar gündə sizi ürəkdən təbrik edir, gələcək həyatınızda və peşə fəaliyyətinizdə yeni nailiyyətlər arzulayıram. Yolunuz açıq, uğurlarınız bol olsun. Bayramınız mübarək olsun!”



