|
|
|
|

“Həddindən artıq dərs yükü uşaqların akademik biliklərini artıra bilər, lakin sosial bacarıqlarının və emosional inkişafının geri qalması riskini də yaradır. Biz onları cəmiyyətdən, real həyatdan təcrid edirik, salırıq dörd divarın arasına, ancaq “oxu” deyirik. Bəli, tamamilə doğrudur, biz öz əlimizlə robotlaşmış, hisslərdən uzaq bir nəsil yetişdiririk. Robot nə edir? Verilən əmri yerinə yetirir, proqramı mükəmməl bilir, amma ürəyi yoxdur, duyğusu yoxdur, çətinə düşəndə yaradıcı bir çıxış yolu tapa bilmir. Sabah bu uşaqlar böyüyüb universitet bitirəcəklər, hamısının əlində qəşəng diplomlar olacaq. Amma insanlarla ünsiyyət qura bilməyəcəklər, kollektivdə işləməyi bacarmayacaqlar, çünki sosiallaşmağı, bölüşməyi öyrənməyiblər”.
Təhsil eksperti Əmrah Həsənli bunu 525.az-a deyib. Ekspert qeyd edib ki, texnologiya məlumatı insandan daha sürətli tapa bilər, amma yaradıcılıq, empatiya və insanlıq kimi keyfiyyətlər yalnız sağlam inkişaf etmiş fərdlərdə formalaşır:
“Bu gün divardan asılan o diplomlar, imtahandakı yüksək ballar süni intellektin, kompüterlərin qarşısında dəyərini itirir. Çünki texnologiya o məlumatları uşaqdan daha tez tapır. Bəs uşağı fərqli edən nədir? Onun yaradıcılığı, xarakteri, insanlığı. Biz uşaqların beynini faktlarla doldurub, ruhunu ac qoyuruq. Təhsil lazımdır, mütləqdir, amma uşaqlığı, sağlam psixologiyanı qurban vermək bahasına yox. Balansı qaçırtmışıq və vaxtında ayılmasaq, gələcəkdə savadlı, amma bədbəxt və robot kimi soyuq bir cəmiyyətlə baş-başa qalacağıq”.
Sevinc Qarayeva



