|
|
|
|

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Məktəb-studiyasında “Tərlan Seyidov adına Uşaq Opera Teatrı” adlı xüsusi sinif fəaliyyət göstərir və bu sinif sayəsində uşaq-musiqiçilər peşəkar teatr sənətinin sirlərinə yiyələnirlər. Bu truppanın tərkibi Məktəb-studiyanın bütün üzvlərindən ibarətdir. Belə bir musiqili-teatr sinfinin mövcudluğu Məktəb-studiyanın bütün siniflərinin şagirdləri və həmkarlar arasında olduqca isti və mehriban münasibətlər yaradır. Bəlkə də, haqqında danışdığımız bu xüsusi sinif məktəbin bütün yaradıcılıq xətlərini birləşdirən o sirli açarın elə özüdür. Bu, professor T.Seyidovun bütün şöbələrin tədris işinin vahid bir sistem vasitəsilə formalaşdığı ideal musiqi məktəbi haqqında əsas ideyasıdır. Burada hər kəs çiyin-çiyinə, hərə özünəməxsus şəkildə musiqi təhsili prosesinin yaradıcılıq inkişafında iştirak edir.
Ü.Hacıbəyli adına BMA-nın Məktəb-studiyasının “böyük ailəsinin” bütün üzvləri arasındakı fəal yaradıcılıq əlaqələri artıq çoxlarına məlumdur. Məktəb-studiyanın kollektivi bütün Azərbaycanın musiqi təhsili üçün olduqca faydalı olan bir çox innovativ layihələrə fəal şəkildə imza atır. Son vaxtlar bu layihələrin sayı o qədər çoxalıb ki, öz ustadının işinin sadiq davamçısı Sevda Məmmədovanın rəhbərliyi altında Məktəb-studiyanın bugünkü fəaliyyəti direktor Tərlan Mir Əşrəf oğlu Seyidovun dövründən sürət yığaraq “irəli şütüyən” və heç kimə dayanmağa imkan verməyən sürət qatarını xatırladır...

Beləliklə, məktəbin müqəddəs ənənəsinə sadiq qalaraq, teatr tamaşaları prosesində Məktəb-studiyanın uşaqları mütəxəssis-rejissorun rəhbərliyi altında əlavə yaradıcılıq ünsiyyəti imkanı qazanırlar. Vurğulamaq vacibdir ki, bu sinfə müxtəlif siniflərdən olan uşaqlar cəlb edilir və teatr truppasının “yeni mövsümündə” işləmək istəyənlərin sayına əsasən xüsusi olaraq ssenari seçilir. Qarşıya qoyulan tematik vəzifələrin mürəkkəbliyindən asılı olaraq, tamaşanı konsert səviyyəsinə çatdırmaq üçün teatr sinfi bir tamaşa üzərində bir və ya iki semestr ərzində işləyə bilər. Bu prosesdə “mövsüm aktyorlarının” sayı dəyişə bilər, buna görə də ssenari və tamaşaya aparan bütün yollar dərhal yenidən işlənilir və uyğunlaşdırılır. Və təsəvvür edin ki, konsert nümayişi çox vaxt Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının premyeralarının keçirildiyi eyni zalda, yəni BMA-nın Opera studiyasının səhnəsində baş tutur. Bəli! Bəli! BMA rəhbərliyi Məktəb-studiyanın balaca musiqiçilərinə uğurlu peşəkarların çıxış etdiyi bütün möhtəşəm konsert meydançalarını səxavətlə təqdim edir. Gənc musiqiçilərin tərbiyəsində səhnə işi ilə bağlı faktlar və hadisələr nə qədər çox olarsa, onların səmimiyyət qanadları bir o qədər həyat dolu olar.
Azərbaycan musiqiçiləri musiqi təhsilinin nəhəngi – Üzeyir Hacıbəylinin həqiqət səhifələrini böyük məmnuniyyətlə vərəqləyirlər. “Azərbaycan xalqının incəsənəti” (Moskva, 1938-ci il) kitabındakı “Leyli və Məcnun”dan “Koroğlu”ya doğru” məqaləsində dahi bəstəkar öz həyatından çox vacib bir hadisəni bölüşərək, 13 yaşında Şuşada “Məcnun Leylinin məzarı üstündə” adlı musiqili-teatr tamaşasında xor ifaçısı kimi iştirak etdiyini vurğulayır. Buradan belə bir həqiqət doğur ki, hər bir gənc musiqiçi uşaq yaşlarında teatr tamaşasında iştirak təcrübəsi qazanmalıdır.
Musiqiçi uşaqlıqda səhnədə nə qədər çox vaxt keçirərsə, onun əhəmiyyətli yaradıcılıq görüşləri faktı bir o qədər aydın olar və öz peşəsindəki səmimiyyət ehtimalı da bir o qədər artar.

Və daha bir vacib xəbər! – “Tərlan Seyidov adına Uşaq Opera Teatrı”nın hər bir teatr yeniliyini yalnız bir dəfə izləmək mümkündür. Buna görə də BMA-nın Məktəb-Studiyasının afişalarını qaçırmayın. Elə mən də bu cəlbedici afişa sayəsində 23 iyun 2026-cı il tarixində saat 15:00-da BMA-nın Opera studiyasının zalında olmaq və “Sehrli lampa və iki dünya” adlı musiqili-teatr tamaşasını izləmək şansı qazandım. “Tərlan Seyidov adına Uşaq Opera Teatrı”nın bədii rəhbəri, Məktəb-studiyanın direktoru, dosent Sevda Məmmədovadır. Tamaşanın quruluşçu rejissoru Məzahir Həşimov, musiqi rəhbəri Ofeliya Axundova, ssenari mətninin redaktoru Aytən Baxşiyeva, tamaşanın musiqi məzmununun tərtibatçısı isə Elşad Məmmədlidir. Bu tamaşada Məktəb-studiyanın 15 şagirdi iştirak edib. Burada onu da vurğulayaq ki, artıq bir neçə ildir “T.Seyidov adına Uşaq Opera Teatrı”nın rejissoru vəzifəsini Məzahir Həşimov icra edir. O, S.A.Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun məzunudur, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının və Azərbaycan Peşəkar Rejissorlar Gildiyasının üzvüdür. M.Həşimovun filmləri Azərbaycanın hüdudlarından kənarda da maraq doğurur. O, çoxşaxəli fəaliyyətə malik bir şəxsiyyətdir, bununla belə, yaradıcılığının əsas xəttini kinolentlərin, filmlərin yaradılması təşkil edir. Lakin M.Həşimov televiziya verilişlərinin aparıcısı, ssenarist və aktyor kimi fəaliyyət xətlərini də məharətlə bir-birinə bağlayır. Göründüyü kimi, istedadlı quruluşçu rejissor uşaq musiqili-teatr tamaşası janrında işləmək zövqündən də özünü məhrum etmir və aktyor qismində gənc musiqiçiləri seçir. Axı Uşaqlar və Musiqi – bu xətlər “Səmimiyyət” adlı ümumi bir qüvvədə birləşir. Üstəlik, musiqi təhsili “məcrasından” süzülüb gələn uşaq artistizmi heç vaxt süni olmur. Burada, sözsüz ki, hər bir peşəkar rejissor Səmimiyyətlə ünsiyyətin müstəsna sevincini tapır.
Məktəb-studiyanın indiki direktoru tərəfindən xüsusi olaraq dəvət olunmuş M.Həşimov səbirli bir ustad metodikası ilə uşaqların musiqili teatr sənətinə xidmət etməsinə nail olur. Ü.Hacıbəyli adına BMA-nın Məktəb-studiyasında başqa yol yoxdur. Burada bütün musiqi müəllimləri səbirli ustadlardır. Ümumiyyətlə isə qeyd etməliyəm ki, Məktəb-studiyada sadəcə musiqi müəllimləri deyil, pedaqoq-metodistlər çalışır. Bu məktəbin divarları arasında musiqi fənnini quru şəkildə mənimsətmə (əzbərçilik) metodikası işləmir. Burada gənc musiqiçinin təbii inkişafı üçün bütün proseslərin inamlı axarına həssas, peşəkar və qayğıkeş yanaşma prinsipi fəaliyyət göstərir. Şagirdə qarşı sərt münasibət qətiyyən yolverilməzdir! Musiqi peşəsinə aparan təbii yol yalnız Musiqiyə sevgi aşılamaqdan keçir. Və hər şeydən əlavə, Azərbaycanın hər bir musiqi pedaqoq-metodisti bilir ki, Azərbaycan torpağının uşaqlarında ilahi bir musiqi duyumu yaşayır. Sadəcə olaraq bu duyumun sağlam, inamlı peşəkar inkişafına çevik şəkildə kömək etmək; uşaqlarda əməksevərlik və Herakl gücünə bənzər fiziki güc yetişdirmək lazımdır. Bəli! Bəli! Musiqiçi – insandan üç təbii “kapital” tələb edən ən mürəkkəb peşədir: istedad, əməksevərlik və misilsiz fiziki güc.

Məhz bu üçqat kapital sayəsində Məktəb-studiyanın uşaqları axşam saatlarında məşq edərək, “Sehrli lampa və iki dünya” adlı çox cəlbedici, əyləncəli səhnələrlə dolu musiqili-teatr premyerası hazırlayıblar. Ssenarinin məğzi belədir: “Min bir gecə” toplusundan Ələddin haqqında məşhur nağılın iki qəhrəmanı həm nağıl, həm də müasir real variantda təqdim olunur. Bu qəhrəmanlar eyni səhnədə qarşılaşırlar. Nağılın motivləri nağıl personajlarının və zəmanəmizin uydurma qəhrəmanlarının baxış bucağından canlandırılır. Ssenaristin gətirdiyi bu kontrast məşhur nağılın ümumi palitrasına xeyli zarafat, yumor və əyləncə effektləri qatır.
Məktəb-studiyanın uşaqları tamaşaçıya təsir edən canlı emosiyaların bir çox çalarlarını yarada bildilər. Onlar rəqs edir, oxuyur, öz rollarını oynayır, ən əsası isə öz “Mən”lərini ifadə edərkən çox səmimi idilər. Uşaqlar öz təbii emosiyalarının çalarlarını cəsarətlə səhnəyə daşıdılar. Uşaq teatr tamaşaları məhz bununla cəlbedicidir. Biz səhnədə Aysel, Elşad, Leyla, Uğur, Məryəm, Rauf, Həcər, Mikayıl, Gülay, Nilufər, Sara, Cəmilə, Ulduz, Sümbül və Mehdini gördük. Budur bizim şanlı qəhrəmanlarımız, personajlarımız, obrazlarımız.
Uşaqlar ifa etdikləri obrazı öz “Mən”inə “geydirir”, əksinə deyil – yəni öz “Mən”ini personajın libasına bürümürlər. Əsl peşəkarlar bu təbii ilahi vergini bütün yaradıcılıq həyatı boyu qoruyub saxlaya bilirlər. Məsələn, bütün əsərləri öz səsinə “geydirən” və bu günə qədər bütün dünyada pərəstiş edilən öz sənət imzasını yaradan dahi Azərbaycan müğənnisi Müslüm Maqomayev kimi. Odur ki, “Sehrli lampa və iki dünya” adlı yeni tamaşanın hər bir iştirakçısına peşəkar yaradıcı musiqi həyatında hər zaman nəhəng nailiyyətlərə aparan o ilahi, təbii səmimiyyət vergisini sənətdə qoruyub saxlamağı arzulayırıq.
Dilbər Məmmədova,
Sənətşünaslıq namizədi, dosent



