
Özbəkistan Respublikasının Namanqan şəhərində UNESCO və ICESCO-nun himayəsi altında təşkil olunan III Beynəlxalq Məqam Sənəti Forumunun təntənəli açılış mərasimi keçirilib. Açılış mərasimində Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.
525.az-a bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bir sıra ölkələrdən tanınmış musiqi xadimləri, ifaçılar, tədqiqatçılar və mədəniyyət sahəsi təmsilçilərinin qatıldığı forum iyunun 26-dək davam edəcək.
Forumda Şərq klassik musiqi irsinin mühüm qollarından hesab edilən məqam (muğam) sənətinin tarixi, müasir inkişaf istiqamətləri, onun qorunması və gələcək nəsillərə ötürülməsi məsələləri müzakirə olunur.
2018-ci ildə əsası qoyulan və iki ildən bir təşkil olunan Beynəlxalq Məqam Sənəti Forumu elmi-praktik konfransları, konsert proqramlarını, ustad dərslərini və yaradıcı müzakirələri özündə birləşdirən nüfuzlu beynəlxalq mədəni platforma kimi tanınır. Forumun əsas məqsədlərindən biri də Şərq musiqi irsinin zəngin ənənələrini qlobal miqyasda təşviq etmək, xalqlar arasında mədəni dialoqu gücləndirmək və yaradıcılıq əməkdaşlığını genişləndirməkdir.
Azərbaycan nümayəndə heyətinin forumda iştirakı ölkəmizin zəngin musiqi irsinin beynəlxalq səviyyədə tanıdılması, Türk dünyasının ortaq mədəni dəyərlərinin təşviqi və mədəni diplomatiyanın inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.




