
İyunun 23-də Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun növbəti daimi elmi seminarı keçirilib. Hibrid formatda təşkil olunan tədbirdə İnstitutun və Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin əməkdaşları ilə yanaşı, iqtisadi yönümlü dövlət qurumlarının nümayəndələri, ölkənin aparıcı universitetlərinin, elmi-tədqiqat institutlarının alim və tədqiqatçıları iştirak ediblər.
525.az xəbər verir ki, institutun baş direktoru, professor Nazim Müzəffərlinin sədrliyi ilə keçirilən seminarda Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişaf perspektivləri və yaşıl enerji siyasətinin prioritetləri ilə bağlı çıxış edib.
C.Abdullayev rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr və ölkədə bərpa olunan enerji sektorunun inkişafı sahəsində görülən işlər barədə ətraflı məlumat verib. O bildirib ki, Azərbaycanın zəngin günəş və külək enerjisi potensialı, əlverişli coğrafi mövqeyi, dövlət dəstəyi və beynəlxalq tərəfdaşlıq imkanları ölkənin yaşıl enerji sahəsində regional liderlərdən birinə çevrilməsi üçün möhkəm zəmin yaradır.
Məruzəçi ölkənin bərpa olunan enerji potensialının quruda 135 GVt, Xəzər dənizində isə 157 GVt səviyyəsində qiymətləndirildiyini diqqətə çatdırıb. O, günəş və külək enerjisinin texniki-iqtisadi üstünlükləri, mövcud çağırışlar, enerji istehsalının şəbəkəyə inteqrasiyası, satış bazarları və istehlakçılara çatdırılması mexanizmləri barədə geniş məlumat verib.
Seminarda yaşıl enerji layihələrinin ətraf mühitin qorunmasında rolu, karbon emissiyalarının azaldılmasına və iqlim dəyişiklikləri ilə mübarizəyə verdiyi töhfələr də xüsusi vurğulanıb. Bildirilib ki, bərpa olunan enerji mənbələrinin inkişafı ölkənin enerji təhlükəsizliyinin gücləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi və dayanıqlı inkişaf məqsədlərinin reallaşdırılması baxımından strateji əhəmiyyət daşıyır.
Çıxış zamanı işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən və planlaşdırılan yaşıl enerji layihələri barədə də ətraflı məlumat verilib. Qeyd olunub ki, Qarabağ və Şərqi Zəngəzur bölgələri Azərbaycanın yaşıl enerji strategiyasında xüsusi yer tutur. Bu ərazilərin yüksək günəş, külək və hidroenerji potensialına malik olması burada genişmiqyaslı layihələrin həyata keçirilməsinə imkan yaradır. Yeni yaşayış məntəqələrinin qurulması zamanı “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiq edilməsi, enerji təminatında isə yaşıl texnologiyalara üstünlük verilməsi bölgənin gələcəkdə mühüm yaşıl enerji mərkəzinə çevrilməsinə şərait yaradır.
C.Abdullayev Azərbaycanın yaşıl enerji ixracı sahəsində perspektivlərinə də toxunub. O bildirib ki, ölkənin bərpa olunan enerji siyasətinin əsas istiqamətlərindən biri yaşıl elektrik enerjisinin xarici bazarlara çıxarılmasıdır. Bu məqsədlə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Qara dənizin dibi ilə yüksək gərginlikli elektrik kabelinin çəkilməsi layihəsi həyata keçirilir. Layihənin reallaşması Azərbaycanda istehsal edilən yaşıl enerjinin Avropa bazarlarına ixracına imkan yaradacaq və ölkənin enerji ixracında yeni mərhələnin əsasını qoyacaq.
Məruzədə həmçinin enerji saxlama sistemlərinin, xüsusilə batareya texnologiyalarının əhəmiyyəti, bərpa olunan enerji istehsalında dayanıqlılıq və davamlılıq məsələləri, yerli və xarici investisiyaların cəlb olunması, istehsalın səmərəliliyinin artırılması və mövcud potensialdan daha effektiv istifadə imkanları barədə fikirlər səsləndirilib.
Agentlik direktoru qeyd edib ki, dövlətin əsas hədəfləri sırasında 2030-cu ilə qədər elektrik enerjisi istehsalında bərpa olunan mənbələrin payının əhəmiyyətli dərəcədə artırılması, Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonasına çevrilməsi, eləcə də Avropa bazarlarına yaşıl enerji ixracının təmin edilməsi dayanır.
Məruzədən sonra seminar iştirakçılarının çoxsaylı sualları cavablandırılıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı Azərbaycanın yaşıl enerji sektorunun gələcək inkişaf perspektivləri, beynəlxalq əməkdaşlıq imkanları və bu sahədə elmi tədqiqatların rolu ilə bağlı maraqlı təkliflər səsləndirilib.
Seminarın sonunda bərpa olunan enerji mənbələrinin inkişafının Azərbaycanın iqtisadi inkişafı, enerji təhlükəsizliyi və qlobal iqlim məqsədlərinə töhfəsi baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.




