
"Əvvəllər əsas məqsəd sadəcə universitetə qəbul olmaq idisə, indi gənclər və valideynlər daha çox düşünürlər ki, seçilən ixtisas gələcəkdə real iş imkanları yaradacaqmı. Bu, çox düzgün yanaşmadır. Çünki ali təhsil yalnız diplom almaq deyil, həm də insanın gələcək həyat yolunu müəyyən edən mühüm bir qərardır”.
Bu fikri Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova deyib. Katib bildirib ki, hazırda Azərbaycanda bəzi ixtisaslar üzrə məzun sayı əmək bazarının ehtiyacını üstələyir. Xüsusilə hüquq, menecment, beynəlxalq münasibətlər, iqtisadiyyatın bəzi istiqamətləri və ümumi sosial-humanitar sahələrdə rəqabət kifayət qədər yüksəkdir:
“Bu o demək deyil ki, həmin ixtisaslar əhəmiyyətsizdir və ya bu sahələrdə uğur qazanmaq mümkün deyil. Sadəcə olaraq, bu istiqamətlərdə artıq təkcə diplom kifayət etmir. Gənc mütəxəssisin özünü fərqləndirməsi üçün xarici dil bilikləri, rəqəmsal bacarıqlar, praktiki təcrübə və daim öz üzərində işləmək istəyi vacibdir".
O əlavə edib ki, universitetlər əmək bazarı ilə daha sıx işləməli, təhsil proqramlarına staj, layihə əsaslı öyrənmə, süni intellekt, rəqəmsal texnologiyalar və kommunikasiya bacarıqları kimi müasir komponentlər əlavə etməlidirlər. Çünki bu gün işəgötürənlər yalnız nəzəri bilik deyil, real bacarıq və təşəbbüskarlıq da gözləyirlər:
“Hazırda və yaxın gələcəkdə informasiya texnologiyaları, süni intellekt, kibertəhlükəsizlik, mühəndislik, logistika, kənd təsərrüfatı texnologiyaları, səhiyyə, pedaqogika və peşə təhsili sahələrinin daha perspektivli olacağı gözlənilir”.
Sevinc Qarayeva



