|
|
|
|

Bir neçə ildir ki, ölkədə birinci sinfə qəbul olunan şagirdlərin sayında ciddi azalma müşahidə olunur. Statistik məlumatlara əsasən, son illər ərzində birinci sinfə gedən uşaqların sayında 24 884 nəfərlik bir azalma var. Narahatedici məqam odur ki, bu dinamika mənfi istiqamətdə irəliləməyə davam edir. 2021-2022-ci tədris ilində birinci sinfə qəbul olunan şagird sayı 156 105 nəfər təşkil etdiyi halda, növbəti 2022-2023-cü tədris ilində bu rəqəm 150 289 nəfərə düşüb. Azalma meyli sonrakı illərdə də sürətlənib: 2023-2024-cü tədris ilində 137 100, 2024-2025-ci tədris ilində 134 600, 2025-2026-cı tədris ilində131 221 şagird birinci sinfə qədəm qoyub. Cari 2026-2027-ci tədris ili üçün isə birinci sinfə gedənlərin sayının 131 minə yaxın olacağı gözlənilir.
Mütəxəssislər azalmanın əsas səbəblərindən biri kimi ölkədə doğum səviyyəsinin aşağı düşməsini göstərirlər. 2015-ci ildə Azərbaycanda 160 mindən yuxarı uşaq doğulduğu halda, 2025-ci ildə bu göstərici 100 minin altında olub. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycanda son 35 ilin ən aşağı doğum göstəricisi qeydə alınıb. 2025-ci ildə ölkədə təxminən 81 min uşaq doğulub ki, bu da Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etməsindən bəri ən aşağı göstərici hesab olunur. 2015-ci ildə Azərbaycanın məktəblərində 1,5-1,6 milyon uşaq təhsil alırdısa, bu temp davam etsə, bir neçə ildən sonra bizim məktəblərimizdə oxuyanların sayı təxminən 1 milyon olacaq. Bu isə 50 minə yaxın müəllimin ixtisarı risklərini yaradır.
Demoqrafik proseslər təhsil sisteminə birbaşa təsir edir və bir neçə il əvvəl doğulan uşaqların sayındakı dəyişiklik sonradan məktəbə qəbul statistikasında özünü göstərir.
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərovanın sözlərinə görə, son illərdə birinci sinfə qəbul olunan şagirdlərin sayında müəyyən azalma müşahidə olunur və bu, təkcə Azərbaycana məxsus tendensiya deyil. Dünyanın bir çox ölkələrində, xüsusilə Avropa ölkələrində, Yaponiya və Cənubi Koreyada da oxşar proseslər yaşanır. Bunun əsas səbəbi demoqrafik dəyişikliklər və doğum göstəricilərinin azalmasıdır. Bu gün birinci sinfə qədəm qoyan uşaqlar təxminən 6-7 il əvvəl doğulan nəslin nümayəndələridir və həmin dövrdə doğulan uşaqların sayındakı dəyişikliklər təbii olaraq bu gün məktəblərdə öz əksini tapır: "Eyni zamanda, ölkəmizin yaşadığı tarixi hadisələrin də demoqrafik proseslərə müəyyən təsiri olduğunu nəzərə almalıyıq. Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş oğullarımızın itkisi hər şeydən əvvəl xalqımızın mənəvi yarasıdır. Bununla yanaşı, insan kapitalı baxımından da bu cür itkilərin uzunmüddətli təsirlərini nəzərə almaq lazımdır. Təbii ki, birinci sinfə qəbul olunan şagirdlərin sayındakı azalmanı yalnız bu amillə əlaqələndirmək düzgün olmaz, lakin ümumi demoqrafik mənzərənin formalaşmasında bu kimi faktorların da müəyyən rolu vardır. Bununla yanaşı, müasir ailələrin həyat tərzində də dəyişikliklər baş verir. Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da ailələr daha az sayda uşaq sahibi olmağa üstünlük verirlər. Sosial-iqtisadi amillər, yaşayış xərcləri, valideynlərin karyera planları və ailə modelində baş verən dəyişikliklər bu qərarlara təsir edən əsas səbəblər sırasındadır. Ancaq mən hesab edirəm ki, məsələyə yalnız rəqəmlər prizmasından yanaşmaq düzgün olmaz. Şagird sayının müəyyən qədər azalması təhsil sisteminə hər bir uşağa daha çox diqqət ayırmaq, fərdiləşdirilmiş yanaşmanı gücləndirmək və təhsilin keyfiyyətini yüksəltmək üçün əlavə imkanlar yarada bilər. Dünyanın inkişaf etmiş təhsil sistemlərində də əsas diqqət məhz kəmiyyətə deyil, keyfiyyətə yönəlib. Məqsəd sinifdə daha çox şagirdin olması deyil, hər bir şagirdin öz potensialını reallaşdıra biləcəyi keyfiyyətli təhsil mühitinin formalaşdırılmasıdır. Ona görə də düşünürəm ki, birinci sinfə gedən uşaqların sayındakı azalmanı yalnız statistik göstərici kimi deyil, həm də təhsil sisteminin yeni demoqrafik reallıqlara uyğunlaşması baxımından qiymətləndirmək lazımdır. Əsas məsələ uşaqların sayından daha çox onların aldıqları təhsilin keyfiyyəti, məktəblərin imkanları və gələcək nəsillərin inkişafı üçün yaradılan şəraitdir".
Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyir ki, birinci sinfə qəbul olunan şagirdlərin sayının azalma səbəbləri müxtəlifdir və ciddi araşdırılmalıdır: "Son statistik rəqəmlər daha kəskin azalmanı göstərir. Azalmanın səbəblərini araşdırmaq lazımdır. Müxtəlif səbəblər ola bilər. Ailə qurmaq istəyən gənclərin sayında azalma, ölkəni tərk edən vətəndaşlar, ailədə uşaq sayının azalması bunun səbəblərindəndir. Amma ümumilikdə demək olmaz ki, ölkəmizdə demoqrafik prosesdə azalma var, əksinə, əhali sayında artan tempdədir. Ailə planlanması hər kəsin şəxsi işidir. Artıq müasir insanlar 30 il öncəkilərlə müqayisədə çoxuşaqlı ailələrə sahib olmaq arzusunda deyillər. Bu da başadüşüləndir. Ailə planlanmasında ailədə neçə uşaq olmasını əvvəlcədən planlaşdırırlar. Nümunə olaraq, rayonlara, ucqar kəndlərə gedəndə əvvəllər ailələrdə 5-10 uşaq olurdusa, indi çoxuşaqlı ailələri barmaqla göstərmək olar. Ən yaxşı halda 4 uşaq dünyaya gətirməklə kifayətlənirlər. Əksər ailələr hətta nəinki 2 uşaq, sadəcə 1 uşaq dünyaya gətirib, onu böyütməyi hədəfləyirlər. Bu həm də ailə planlanmasına baxışın dəyişməsindən irəli gəlir. Amma hər halda səbəbi müvafiq araşdırma, analizlərdən sonra müəyyənləşdirmək olar".
Təhsil ekspert Elçin Əfəndi hesab edir ki, əhalinin dolanışıq səviyyəsində müəyyən qədər çətinliklər var və bunların hər biri şagird sayının azalmasına səbəb olur: "Demoqrafik proseslər təhsil sisteminə birbaşa təsir edir və bir neçə il əvvəl doğulan uşaqların sayındakı dəyişiklik sonradan məktəbə qəbul statistikasında özünü göstərir. Əhalinin artım tempinin zəifləməsi və ailələrin daha az uşaq sahibi olmağa üstünlük verməsi bu tendensiyanı gücləndirən amillər sırasındadır. Birinci sinif şagirdlərinin sayının azalması gələcəkdə məktəb şəbəkəsinə də təsir göstərə bilər. Xüsusilə regionlarda bəzi məktəblərdə siniflərin sayının azalması, müəllim yükünün dəyişməsi və təhsil infrastrukturunun yenidən planlaşdırılması zərurəti yarana bilər. Bu proses uzunmüddətli perspektivdə əmək bazarına və ölkənin insan kapitalının formalaşmasına da təsirsiz ötüşməyəcək".
Ekspert bildirib ki, vəziyyət belə davam edərsə, hətta 100 mindən az şagird qəbulunun aparılması qaçılmaz olacaq: "Vətən Müharibəsində 3000 nəfərdən çox şəhidimiz oldu. O gənclərin əksəriyyəti subay idi, evlənmiş olanların isə uşağı yox idi. Bu da öz növbəsində təbii artıma mənfi təsirini göstərir".
Təhsil eksperti Elşən Qafarov deyir ki, indi qurulan ailələrdə bir, bəzən iki uşaq dünyaya gəlir. Hətta kənd yerlərində belə bu hal müşahidə olunur. Əhalinin sayı uzun illərdir ki, 11 milyona çatmır. Bu baxımdan birinci sinif şagirdlərinin sayının azalması daha çox ailə planlaması ilə bağlıdır: "Ümumi ailələrə nəzər yetirdikdə, indiki dövrlə müqayisədə əvvəlki dövrdə bir ailədə 10,6 övlad, yavaş-yavaş azalaraq 4,3 və artıq iki bəzi ailələr isə yalnız bir övladla kifayətlənirlər. Bu da aktual problem kimi son zamanlar özünü açıq-aydın göstərir. Şagird sayının azalması xüsusilə ucqar bölgələrdə yerləşən məktəblərə mənfi təsir edir. Şəhərlərdə urbanizasiya bu problemi qismən kompensasiya edir. Amma kənd məktəblərində azalma səbəbindən ibtidai siniflərin komplektləşdirilməsi çətinləşir, bəzi məktəblər isə bağlanmaq təhlükəsi ilə üz-üzə qalır. Azalma daha çox dövlət məktəblərində hiss olunur. Qeyd edim ki, birinci sinif şagirdlərinin sayındakı azalma yaxın müddətdə əmək bazarına ciddi təsir göstərməyəcək. Məsələn, Avropa ölkələrində əhalinin yaşlanması problemi var. Amma Azərbaycanda bu, hələ aktual deyil. Yaxın 10-15 ildə də gözlənilmir. Lakin əgər bu tendensiya davam edərsə, 15-20 ildən sonra müəyyən təsirlər hiss oluna bilər. Bunun qarşısını almaq üçün aqrar sahəyə üstünlük verilməli, kənddən şəhərə miqrasiya dayandırılmalıdır. Kənd yerlərində yaşayanlara güzəştli kreditlər verilməli, yeni iş yerləri yaradılmalıdır. Həmçinin, şəhərdən kəndə köç təşviq olunmalıdır. Bu baxımdan Türkiyə modelindən nümunə götürə bilərik. 1980-ci illərdə bu prosesə başlayan Türkiyə artıq bu sahədə böyük irəliləyiş əldə edib. Bu kimi modelləri Azərbaycanda da tətbiq etmək mümkündür. Əgər insanlar kəndlərə geri qayıtsa, əhali artımı da sürətlənə bilər. Statistik olaraq çoxuşaqlı ailələr əsasən kənd yerlərində formalaşır. 50-70 il əvvəl də şəhərlərdə çoxuşaqlı ailələrə nadir hallarda rast gəlinirdi. Hazırda ailə qurmaqda əsas maneələrdən biri şəhərlərdə mənzil sahibi olmaqdır. Bu səbəbdən müxtəlif dövlət proqramlarının hazırlanması və həyata keçirilməsi məqsədəuyğun olar".
Millət vəkili Fazil Mustafanın fikrincə, birincilərin sayının ildən-ilə azalmasının səbəbi demoqrafik vəziyyətdir: "Demoqrafik vəziyyət belə bir problemin yaranmasına səbəb olur və get-gedə say azalır. Görünür, səhiyyə sahəsində uşaq ölümü ilə bağlı məsələdə, boşanmalarla bağlı ciddi problemlər var. Digər məsələlər də var ki, bunlar hamısı üst-üstə yığılanda demoqrafik vəziyyəti ağırlaşdırır. Hesab edirəm ki, bunun üzərində düşünmək lazımdır. Bu, cəmiyyəti narahat edən məsələlərdən biridir. Məktəblərdə uşaqların azalması müşahidə olunursa, deməli, uşaq doğuşunda, onun sağlamlıq məsələsində də ciddi problemlər mövcuddur. Bunun üçün də sosioloji tədqiqatlar gücləndirilməli, nəticələr ortaya qoyulmalı, həlli yolları düşünülməlidir".
Sevinc QARAYEVA



