16 oktyabr 1992-ci il müstəqil və müasir Azərbaycanın tarixində mühüm əhəmiyyət kəsb edən hadisə ilə yadda qaldı. Məhz həmin tarixdə bir qrup ziyalı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevə müraciət edərək, Yeni Azərbaycan Partiyasının (YAP) yaradılması ideyasına münasibət bildirməyi və bu partiyaya rəhbərlik etməyi xahiş etdilər.
Bu o zaman idi ki, Azərbaycan öz müstəqilliyini yenicə, yəni bir il idi ki, əldə etmişdi. Amma respublikada vəziyyət elə bir həddə idi ki, müstəqillik hər an itirilə bilərdi. Ölkə fəlakət həddində idi, hərc-mərclik hökm sürürdü, müstəqil dövlətin dayaqlarını möhkəmləndirəcək heç bir addım atılmırdı. Əksinə, iqtisadiyyat tamamilə çökmüş, dövlət büdcəsi boşalmış, ağır sosial durum, daxildəki silahlı birləşmələr, separatçı meyllərin baş qaldırması, digər tərəfdən isə erməni işğalının genişlənməsi və böyük qaçqın, köçkün ordusu...
Tarixə məşhur “91-lərin müraciəti” kimi düşmüş həmin müraciəti imzalayan ziyalılar bütün bu təhlükələri görür və getdikcə vəziyyətin daha da ağırlaşacağını, illərlə həsrətində olduğumuz müstəqilliyimizin yenidən itirilməsi təhlükəsini görürdülər. Məhz buna görə də hər zaman Azərbaycan xalqının güvəndiyi, arxalandığı, öz vətənini, millətini sonsuz məhəbbətlə sevən xilaskar liderə - Heydər Əliyevə müraciət etdilər. Bu müraciəti 91 nəfər imzalasa da, bütün xalqın istəyini və arzusunu əks etdirirdi.
Həmin müraciət “Səs” qəzetində "Azərbaycan Sizin sözünüzü gözləyir" başlığı ilə dərc edilir. “91-lər”in müraciətinin əvvəlində Azərbaycanda mövcud vəziyyətə, onun baş vermə səbəblərinə ümumi nəzər salınır:
“Hamımız görürük ki, respublikamızın, xalqımızın vəziyyəti gündən-günə ağırlaşır. Azərbaycan sözün əsl mənasında siyasi, mənəvi böhran keçirir. Bunun da əsas səbəbi son illər respublikada mövcud olan və getdikcə daha da güclənən hakimiyyət böhranıdır. Ali hakimiyyət və idarəetmə orqanları Konstitusiyaya zidd, “real vəziyyətə uyğun” fəaliyyət göstərməklə, əslində, iflic vəziyyətinə düşmüşdür. Bir çox dövlət orqanları heç bir hüquqi əsas olmadan yaradılıb fəaliyyət göstərir. Bir sözlə, mövcud iqtidar ictimai-siyasi gedişatlara tam nəzarət edə bilmir. Cəmiyyət obyektiv qanunauyğunluqlardan daha çox subyektiv mülahizələrə əsasən idarə olunur. Ən dəhşətlisi odur ki, siyasi və iqtisadi sistemdə əsaslı islahatlar aparılmır. Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktında təsbit olunmuş hakimiyyət bölgüsü havadan asılı qalmış, hüquqi dövlətin yaradılması yolunda real addımlar atılmamışdır”.
Müraciətdə vəziyyətin doğurduğu digər fəsadlardan, respublikanın olan-qalan iqtisadi potensialının sürətlə dağılması, təbii sərvətlərinin talan edilməsi, vəziyyətin çıxılmazlığından söz açılır, xalqımıza qarşı törədilən ən dəhşətli cinayətləri - 20 Yanvar, Xocalı, Şuşa, Laçın və digər faciələri törədənlərin cəzasız qalması xüsusi vurğulanır, bu problemlərinin həllinin güclü bir liderin iradəsinə bağlı olduğu qeyd edilirdi: “Axırı görüməyən, minlərlə insan ömrü aparan, saysız-hesabsız ailələri doğma yurdlarından didərgin salan Qarabağ fitnəkarlığı bir çoxları üçün siyasi oyunbazlığa, məqam, vəzifə qamarlamaq girəvəsinə, qazanc mənbəyinə dönübdür. Azərbaycanda “sürətli artım” ancaq yeni-yeni partiyaların və onların liderlərinin meydana çıxması sahəsindədir. Bu siyasi partiyaların sayı gündən-günə çoxalsa da, respublikada ictimai-siyasi həmrəylik yaratmaq yolunda əməli iş görülmür, siyasi vakuum mövcuddur. Çünki bu siyasi partiyaların rəhbərləri arasında sözün əsl mənasında geniş xalq kütləsinin dərin inam və etimadını qazanmış, ən müxtəlif zümrələrdən olan adamları birləşdirə biləcək beynəlxalq nüfuzlu və respublika həyatının bütün sahələrindən tam, geniş məlumatı olan güclü lider yoxdur”.
“91-lər” müraciətdə ölkəyə rəhbərlik edəcək həqiqi bir lideri ulu öndər Heydər Əliyevin simasında görərək belə bəyan edirdilərː “Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”.
Heydər Əliyevin namizədliyi 1991-ci il sentyabrın 3-də fövqəladə sessiya zamanı Naxçıvan MR Ali Məclisinin sədri vəzifəsinə irəli sürülür. Heydər Əliyev 4 dəfə çıxış edərək namizədliyini irəli sürənlərə dərin minnətdarlığını bildirir və təkidlə xahiş edir ki, onun namizədliyini səsə qoymasınlar. Lakin sessiya keçirilən binanın qarşısına toplaşan izdihamın, xalqın tələbinin qarşısını almaq mümkün deyildi. Xalqın bu seçimi Heydər Əliyevin böyük siyasətə qayıdışı idi.
Çox çətin və ağır bir dönəmdə Naxçıvan MR-ya rəhbərlik etməyə başlayan ulu öndərin xilaskarlıq missiyası əslində, elə buradan başlayır. Heydər Əliyev Naxçıvan MR-nı işğaldan qoruyur, yaranmış gərgin, böhranlı vəziyyəti aradan qaldırmaq, MR sərhədlərində müharibəni səngitmək, Müdafiə Komitəsinin fəaliyyətini gücləndirmək, əhalinin ağır iqtisadi, sosial vəziyyətinə, ərzaq, enerji, yanacaq təminatına kömək etmək kimi həyati məsələlərin həllinə başlayır.
Amma bu dahi şəxsiyyət bütün Azərbaycana lazım idi, çünki ölkəni düşdüyü ağır, çıxılmaz vəziyyətdən xilas edəcək ikinci bir şəxs yox idi.
“91-lər”in müraciətindən sonra 24 oktyabrda mətbuatda Heydər Əliyevin Azərbaycan ziyalılarının müraciətinə cavab olan “Yeni, Müstəqil Azərbaycan uğrunda” sərlövhəli məktubu dərc olundu. 5 noyabr tarixdə respublika ziyalılarının YAP təşkilat komitəsinin yığıncağı keçirildi. Heydər Əliyev yekdilliklə təşkilat komitəsinin sədri seçildi. 21 noyabr 1992-ci ildə isə Naxçıvan şəhərində YAP-ın təsis konfransı keçirildi və Heydər Əliyev açıq səsvermə yolu ilə partiyanın sədri seçildi.
1993-cü ildə respublikada vəziyyət daha da ağırlaşdı, Gəncədə Surət Hüseynov silahlı qiyam qaldıraraq, dövlətə qarşı çıxdı. Xalq vətəndaş müharibəsinin bir addımında idi.
İyunun 13-14-də Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyev Gəncə şəhərində oldu. O zaman Heydər Əliyev hakimiyyətə qayıdışı ilə yaranan vətəndaş müharibəsinin qarşısını almaqla, Azərbaycanı bölünmək, yox olmaq təhlükəsindən bir daha qorudu.
Beləliklə, xalq öz tələbində qəti idi, təkidlə Heydər Əliyevin hakimiyyətə gəlməsini tələb edirdi.
İyunun 13-də çağırılan parlamentin fövqəladə sessiyası iyunun 15-də öz işini davam etdirdi. Gündəlikdə bir məsələ dururdu: respublika Ali Soveti sədrinin seçilməsi. Bəzi təkliflərin olmasına baxmayaraq, deputatlar bir səslə Ali Sovet sədrinin seçilməsi məsələsini gündəliyə daxil etməyi qərara aldılar. Gizli səsvermə yolu ilə Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. 15 iyun günü xalqımızın tarixinə Milli Qurtuluş Günü kimi yazıldı. 3 oktyabr 1993-cü ildə Azərbaycanda Prezident seçkiləri keçirildi. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Heydər Əlirza oğlu Əliyevin lehinə 98,8 faiz, əleyhinə 1 faiz səs verildi. 10 oktyabrda Respublika Sarayında (indiki Heydər Əliyev sarayı) prezident Heydər Əliyevin təntənəli andiçmə mərasimi keçirildi. Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdışı müstəqil ölkəmizin xilası, torpaqlarımızın işğalının dayandırılması, iqtisadi-sosial inkişaf, Azərbaycanın dünyaya açılması, iri neft müqavilələri, xarici investorların ölkəmizə gəlişi, qaçqın və məcburi köçkünlər üçün həyat şəraitinin təmini, bir sözlə, xilas və inkişaf idi.
Heydər Əliyev dəfələrlə öz çıxışlarında "91-lər"in müraciəti haqqında danışıb. O, YAP-ın 10 illik yubiley tədbirində deyib: “91-lər, onlar artıq dillərdə əzbər olublar. Mən “91-lər”in hamısına həmişə böyük hörmət və ehtiram bəsləmişəm. Bu gün də onların hamısına - dünyadan gedənlərə Allahdan rəhmət diləyirəm, indi bizimlə bərabər olanlara səmimi qəlbdən təşəkkür edirəm. Ona görə yox ki, “91-lər”in müraciəti, - sizinlə açıq danışıram, - mənim həyatımda böyük bir dönüş rolu oynadı. Yox. Siz bilirsiniz ki, biz partiyanı yaradandan 7 ay sonra xalq, o cümlədən, o vaxt iqtidarda olanlar, artıq qaçıb dağılmaqda olan insanlar məni Azərbaycana dəvət etməyə məcbur oldular”.
Bu gün ulu öndər Heydər Əliyev böyük ehtiramla anılır, onun ideyaları, siyasəti Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Heydər Əliyevin məhv olmaq təhlükəsindən xilas etdiyi Azərbaycan artıq dünya xəritəsində öz yeri olan, dünyada söz sahibinə çevrilən bir ölkədir. Azərbaycanla hesablaşırlar, onu etibarlı tərəfdaş kimi qəbul edirlər. Hər bir Azərbaycan vətəndaşı bu inkişafın, uğurun, təhlükəsiz, sabit bir dövlətin memarının Heydər Əliyev olduğunu çox gözəl bilir və onun siyasətinin davamlı olmasını dəstəkləyir.
PƏRVANƏ