ABŞ prezidentinin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun regiona səfəri çərçivəsində Azərbaycanda keçirdiyi görüşlər ictimai-siyasi dairələrdə diqqət mərkəzində idi.
Oktyabrın 24-də Bakıda səfərdə olan C.Bolton Prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevlə görüşüb, iki ölkə arasında həm siyasi, həm də iqtisadi, o cümlədən, enerji sektorunda əməkdaşlıq əlaqələrinin perspektivlərindən danışıb, münasibətlərin inkişafında rəsmi Vaşinqtonun böyük marağını ifadə edib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində hazırkı vəziyyətin diqqət mərkəzində saxlanıldığı görüşlərdə ABŞ rəsmisi Bakı səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında ölkəsinin bu probleminin həllinə xüsusi əhəmiyyət verdiyini qeyd edib, Ermənistanda aparacağı danışıqlarda məsələni diqqətdə saxlayacağını, qarşı tərəfin mövqeyini öyrənəcəyini bildirib.
Ümumilikdə C.Bolton Prezident İlham Əliyevlə ABŞ-Azərbaycan əməkdaşlıq əlaqələrinin müxtəlif aspektləri, dünya enerji bazarında Azərbaycanın rolu, terrorizm, insan alveri, narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə, insan haqları, habelə regionda cərəyan edən digər siyasi və iqtisadi prosesləri müzakirə etdiyini deyib.
ABŞ prezidentinin müşaviri vurğulayıb ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ bundan sonrakı dövrdə də münaqişənin həlli istiqamətində səylərini davam etdirəcək.
C.Boltonun Bakı səfəri ilə bağlı fikirlərini bildirən "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu qeyd edib ki, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşavirinin reallaşdırdığı səfər Vaşinqtonun Azərbaycana verdiyi əhəmiyyətdən irəli gəlir: "Vaşinqton Azərbaycanın iştirak etdiyi regional enerji layihələri dəstəkləyir. ABŞ Avropanın Rusiyadan qaz asılılığını azaltmaq istəyir. Ona görə də Vaşinqton Azərbaycan qazının Rusiyadan yan keçməklə Avropaya çatdırılmasını dəstəkləyir".
ABŞ-ın Rusiya və İranla münasibətlərinin gərgin olduğunu xatırladan politoloq deyib ki, Birləşmiş Ştatlar hər iki ölkəyə qarşı sanksiya tətbiq edir: "Azərbaycan isə ABŞ-ın tərəfdaşıdır. Ona görə də Vaşinqton Rusiya ilə İranın arasında olan Azərbaycana dəstəyini artırmaq istəyir".
Mərkəz sədri qeyd edib ki, Azərbaycanın Rusiyadan çoxlu miqdarda silah alması Vaşinqtonun xoşuna gəlmir: "Ancaq Azərbaycan öz təhlükəsizliyini gücləndirməlidir. ABŞ Azərbaycana silah satmır. Belə olan halda Azərbaycan bu silahı bölgənin əsas silah istehsalçısı olan Rusiyadan almaq məcburiyyətindədir. ABŞ prezidenti bir çox dövlətlə münasibətlərdə Amerikanın əldə etdiyi mənfəətə diqqət yetirir. Azərbaycan ABŞ-dan silah almaq istəyərdi. Ancaq bunun üçün Vaşinqton Azərbaycana silah satmağa hazır olmalıdır və buna Konqresin razılığı olmalıdır. Konqresdə isə erməni lobbisinin təsir gücü böyükdür".
E.Şahinoğlu hesab edir ki, ABŞ bölgədə Azərbaycanın güclü dövlət olmasını istəyir: "Vaşinqton eyni zamanda onu da istəyir ki, Azərbaycana Rusiya və İrandan təhlükə olmasın. Bunun üçün də Azərbaycan qonşu Rusiya və İranla əməkdaşlıq etməli, birgə layihələri reallaşdırlmalıdır. Vaşinqton bu reallığı qəbul etməlidir".
"Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev isə qeyd edib ki, rəsmi Vaşinqton Qarabağ probleminin həlli üçün ABŞ, Rusiya, Azərbaycan və Ermənistanın baxışlarını ümumiləşdirən yeni ideyalarla çıxış etməyə hazırlaşır.
O, "Trend"ə bildirib ki, C.Boltonun Bakıdakı açıqlamaları onun regionumuza xüsusi və çoxşaxəli tapşırıqlarla gəldiyi barədə ekspertlərin qabaqcadan etdikləri mülahizələrə təsdiqləyir: "ABŞ əvvəlki kimi problemin həlli prinsiplərinə sadiqdir və konfliktin davam etməsini regional və qlobal təsirlər baxımından təhlükəli sayır".
A.Quliyevin sözlərinə görə, xüsusi diqqətçəkən məqam odur ki, Bolton bu bəyanatı bəzi amerikalı siyasətçilərin Azərbaycanın işğal edilmiş torpaqlarının mütləq qaytarılmalı olduğu barədə verdiyi açıqlamalardan sonra səsləndirib: "Başqa sözlə desək, Bolton Azərbaycan torpaqlarının işğalı faktından yaxşı xəbərdar olan ABŞ-ın ictimai və diplomatik rəyindən çıxış edir. Boltonun münaqişənin həlli prosesinə Azərbaycanın yanaşması ilə tanış olmaq məqsədini açıq deməsi onu göstərir ki, Paşinyanla da görüşdən sonra ABŞ-ın danışıqlar prosesini sürətləndirməklə bağlı yeni ideyaları olacaq. Bu, Azərbaycan üçün çox əhəmiyyətlidir".
Ekspert vurğulayıb ki, terrorizm, insan alveri və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə ABŞ Azərbaycana regionda əvəzsiz partnyor kimi baxdığını C.Boltonun dili ilə bir daha bəyan edib: "Eyni mövqeni Bolton Azərbaycanın qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələr barədə də ifadə edib. ABŞ diplomatı qlobal enerji təhlükəsizliyi sferasında Azərbaycanla strateji tərəfdaşlığın davam etdiriləcəyinə əlavə təminatlar verib. İqtisadi və təhlükəsizlik sahələrində Azərbaycanla əməkdaşlığa strateji önəm verdiyini açıq və təkrarən bəyan edən ABŞ bu mənada Qarabağ münaqişəsinin nə qədər ziyanlı perspektivlər vəd etdiyinin fərqinə varmaya bilməz. Rəsmi Vaşinqton Qarabağ probleminin həlli üçün Birləşmiş Ştatlar, Rusiya, Azərbaycan və Ermənistanın baxışlarını ümumiləşdirən yeni ideyalarla çıxış etməyə hazırlaşır".
Baş redaktor bildirib ki, C.Boltonun Bakıdakı bəyanatları onun İrəvanda daha ünvanlı fikirlər səsləndirəcəyini deməyə əsas verir: "Təhlillərimizin ortaya qoyduğu məntiqi nəticələrdən biri də odur ki, onun Azərbaycan prezidenti ilə bütün məsələlər ətrafında müzakirələri tam anlayışla keçib. Ermənistanın mövqeyi çox ziddiyyətli olduğu üçün Boltonun Paşinyanla müzakirələrinin Bakıdakı kimi rəvan gedəcəyini söyləmək çətindir".
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu isə bildirib ki, Birləşmiş Ştatlar prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri C.Boltonun Azərbaycana səfəri ABŞ-Azərbaycan ikitərəfli münasibətləri və regional təhlükəsizlik məsələləri baxımından olduqca əhəmiyyətli idi: "Con Bolton və Prezident İlham Əliyev arasında ABŞ-Azərbaycan əməkdaşlıq əlaqələrinin müxtəlif aspektləri, Azərbaycanın dünya enerji bazarında rolu, terrorizmə, insan alverinə, narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə, insan haqları, habelə regionda cərəyan edən siyasi və iqtisadi proseslər, region ölkələri ilə münasibətlər və digər məsələlərin müzakirə edilməsi qlobal terrorizmə və narkotizmə qarşı mübarizədə Azərbaycanın ən aparıcı ölkələr sırasında yer aldığını sübut edir. Eyni zamanda, Azərbaycanın hazırda həyata keçirdiyi enerji layihələri ilə regionun və Avropanın qlobal təhlükəsizliyinin təmin edilməsində nə qədər əhəmiyyətli ölkə olduğunu bir daha göstərir. Heç şübhəsiz ki, bütün bunlar təsadüfi deyil. Çünki Azərbaycan həyata keçirdiyi aktiv diplomatik fəaliyyəti ilə həm regional müstəvidə, həm də Avrasiyada mühüm aktor kimi öz yerini və rolunu çoxdan isbat edib. Dünya siyasətini müəyyən edən ölkələrdən biri olan ABŞ-ın prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycana səfəri bir daha bu konteksdə qiymətləndirilməlidir".
H.Babaoğlu vurğulayıb ki, əgər regionda hansısa təhlükəsizlikdən söhbət gedirsə, bizim üçün ilk növbədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həll olunması məsələsi önə çıxır: "Azərbaycanın həyata keçirdiyi xarici siyasətin əsas paradiqmasını məhz bu müəyyənləşdirir. Həm dünya siyasətini müəyyənləşdirən ölkələrdən biri, həm də ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi ABŞ-ın bu problemin həllində müstəsna yeri və rolu ola bilər. Con Bolton çıxışında məhz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə xüsusi diqqət ayrıldığını və bu problemin həllinin Birləşmiş Ştatlar üçün mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. Con Bolton bundan sonrakı mərhələdə isə Ermənistana səfər edəcəyini və rəsmi İrəvanla bu məsələni müzakirə edəcəyini Azərbaycan ictimaiyyətinin diqqətinə çatdırıb. Düşünürəm ki, bu, xüsusi bir məqamdır. Əgər bütün dünya özünün təhlükəsizliyini təmin etməlidirsə, beynəlxalq münasibətlərin iştirakçısı olan aktorlar da bir-birilərinin qarşılıqlı təhlükəsizliyini mütləq nəzərə almalıdır. Azərbaycan təhlükəsizliyə töhfə verirsə, deməli, onun təhlükəsizliyinə tərəfdaşları və müttəfiqləri də mütləq diqqət yetirməlidir. Düşünürəm ki, Con Boltonun səfəri məhz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həlli kontekstində də Azərbaycan üçün önəmli idi".
Deputat qeyd edib ki, Azərbaycan C.Boltonla müzakirələrdə ərazi bütövlüyü məsələsində prinsipiallığını və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi ilə bağlı öz mövqeyini bir daha qətiyyətlə ortaya qoyub: "Bütövlükdə, hazırkı beynəlxalq münasibətlər sisteminin siyasi konyunkturasına nəzər salsaq görərik ki, ən müxtəlif problemlər məhz bu qarşılıqlı müzakirələr və qarşılıqlı maraqların təmin olunması formatında aktuallaşdırılır. Ona görə də bu görüş istər ABŞ-Azərbaycan ikitərəfli münasibətləri, istərsə də regional təhlükəsizlik məsələləri baxımından olduqca mühüm idi".
Ceyhun ABASOV