|
|
|
|
Amerikalıların 63%-i ölkədə vəziyyətin inkişafından narazıdır və onun yanlış istiqamətdə hərəkət etdiyini düşünür.
"Report" TASS-a istinadən xəbər verir ki, bunu "The Wall Street Journal" qəzeti və NBC teleşirkətinin birgə apardığı sosioloji sorğunun nəticələri göstərir.
Sorğuda iştirak edənlərin, təxminən, 68%-i ABŞ-da baş verən hadisələrə münasibətini bildirərkən mənfi dəyərləndirməli söz və ifadələrdən - "fəlakət", "pisləşmə", "qarışıqlıq", "ağır dövrlər" və s. istifadə edib. Bir ay əvvəl keçirilmiş analoji sorğu zamanı narazı olanlar 56% təşkil edirdi.
Sosial araşdırma ölkədə büdcə böhranı səbəbindən federal hökumətin fəaliyyəti hələ dayanan dövrdə aparılıb. Federal hökumətin işi yalnız ABŞ Prezidenti Donald Trampın ötən həftə hökumət idarələrinin fevralın 15-dək fəaliyyətinə pul vəsaiti ayırılması barədə qanun layihəsini imzalamasından sonra bərpa olunub.
D.Trampın şəxsi reytinqi isə dekabrdakı sorğu ilə müqayisədə dəyişməz qalıb: amerikalıların 43%-i prezidenti dəstəkləyir, 54%-i isə ona qarşı çıxır.