|
|
|
|
Ermənistanın son addımları işğalçı ölkənin yeni rəhbərliyinin sülh prosesindən nə dərəcədə uzaq olduğunu, münaqişənin həllində maraqlı olmadığını nümayiş etdirdi.
ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri zamanı erməni snayperi tərəfindən Azərbaycan Ordusunun zabiti Aqil Omarovun qətlə yetirilməsi məhz Ermənistanın cəbhə bölgəsində vəziyyəti gərginləşdirmək, danışıqlar prosesinə əngəl yaratmaq və 25 ildir davam edən bu münaqişədə mövcud status-kvonu qoruyub saxlamaq məqsədini güdür. Ermənistanın bu addımları bir daha təsdiq edir ki, işğalçı ölkənin sülh, atəşkəsə riayət olunması və digər bu kimi iddiaları yalnız beynəlxalq ictimaiyyəti aldatmağa yönəlib.
Mövzu ilə bağlı fikirlərini bildirən millət vəkili Elman Nəsirov hesab edir ki, Azərbaycan hərbçisinin erməni təxribatı nəticəsində şəhid olması danışıqlar prosesinə zərbə vurur: "Ermənistanın əvvəlki hakimiyyəti də, indiki hakimiyyəti də düşünür ki, cinayət edə bilər, lakin ona qarşı heç bir cəza olmayacaq. Yəni cəzasızlıq mühiti Ermənistanın yeni rəhbərliyini də belə cinayətlərə imza atmağa sövq edən əsas səbəblərdən biridir. İkincisi, bizim qənaətimiz budur ki, bu hadisə məqsədyönlü, planlı şəkildə törədilib və heç bir halda təsadüfi hadisə sayılmamalıdır. Əgər bu təsadüfi hal olsaydı, ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərləri zamanı baş verməzdi. Deməli, çox gözəl dərk edirlər ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri baş verib, həm də onlar Bakıya istiqamətlənərkən qarşı tərəf bu cinayətə əla atıb".
Deputat hələ ki, ATƏT-in Minsk qrupunun törədilmiş cinayətlə bağlı konkret mövqeyinin şahidi olmadığımızı deyib: "Hesab edirəm ki, Minsk qrupu həmsədrlərinin regiona səfəri zamanı belə bir təxribata əl atılması əslində gələcəkdə gözlənilən danışıqlar prosesini indidən şübhə altına almaq anlamındadır".
Politoloq Nəzakət Məmmədova isə düşünür ki, azərbaycanlı zabitin snayper tərəfindən açılan atəş nəticəsində həlak olması birmənalı şəkildə qəsdən törədilmiş təxribatdır. Onun sözlərinə görə, snayper hədəfə aldığı hərbi qulluqçunun rütbəsini, zabit olduğunu görür və hədəfdəki şəxsin rütbəsi nə qədər yüksək olarsa, bu, təxribatın miqyasının daha böyük, qarşı tərəfə ötürülən mesajın daha ciddi olmasına dəlalət edir.
N.Məmmədova əlavə edib ki, hadisənin Minsk qrupunun həmsədrlərinin bölgəyə səfəri zamanı baş verməsi də diqqətçəkən faktdır: "Adətən, həmsədrlər, yaxud yüksək çinli şəxslər regiona səfər edərkən və Qarabağ münaqişəsi müzakirə obyekti olarkən, belə hallar daha tez-tez baş verir. Məsələn, 7 il əvvəl 2012-ci ilin iyun ayında o zamankı ABŞ dövlət katibi Hillari Klinton bölgəyə rəsmi səfərə gələn zaman ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin dinc yolla və dövlətlərin ərazi bütövlüyü prinsipi çərçivəsində həllinin tərəfdarı olduğunu bildirmiş, o, burada səfərdə olduğu zaman 5 nəfər hərbçimiz işğalçı ordu tərəfindən öldürülmüşdü".
Bu kimi halların həddən artıq çox olduğunu deyən politoloq Ermənistan ordusunun faktiki olaraq konstitusiyaya görə ölkəsinin silahlı qüvvələrinin ali baş komandanı olan Paşinyanın nəzarətində olmadığını söyləyib: "Paşinyan baş nazir seçiləndən Ermənistan Müdafiə Nazirliyində demək olar ki, kadr dəyişikliyi edə bilməyib. Ermənistan ordusu və Dağlıq Qarabağdakı separatçı rejimin qeyri-legitim silahlı dəstələri hələ də Qarabağ klanının və onun bağlı olduğu dövlətin birbaşa tabeçiliyindədir. Lakin bunlar Paşinyanı baş nazir kimi məsuliyyətdən azad etmir, baş verən bütün təxribatlara ali baş komandan olaraq o məsuliyyət daşıyır".
N.Məmmədova Minsk qrupu həmsədrlərinin hadisə ilə bağlı susqunluq nümayiş etdirmələrinə toxunaraq bildirib ki, belə bir münasibət gələcəkdə Ermənistanı yeni-yeni təxribatlara sövq edə bilər:
"Təəssüf ki, beynəlxalq ictimaiyyət, münaqişənin həlli ilə məşğul olan Minsk qrupu həmsədrləri buna lazımi münasibət bildirməli olduğu halda heç bir reaksiya vermədilər. Halbuki hadisənin geniş təhqiqatı aparılmalı, günahkarlar ciddi şəkildə cəzalandırılmalı idi. Bu kimi münasibət gələcəkdə də Ermənistan tərəfindən bu cür təxribatların baş verməyəcəyinə, atəşkəsin pozulmayacağına zəmanət vermir".
Millət vəkili Sevinc Fətəliyeva da düşünür ki, Ermənistanın təxribatçı hərəkətləri, o cümlədən erməni snayperlərindən istifadə olunması münaqişənin sülh yolu ilə həllinə zərbə vurur. Onun sözlərinə görə, bu baxımdan, real vəziyyət dəyişməz olaraq qalır: "Bilirsiniz ki, bizim güclü ordumuz var, ordumuz muasir texnika və avadanlığla təchiz olunub. Bütövlükdə, Azərbaycan Ermənistanla müqayisədə hər sahədə böyük dərəcədə üstündür.
Qeyd edim ki, torpaqlarımızı işğaldan azad etmək üçün müharibəyə başlamaq heç zaman gec deyil. Amma müharibə itki, fəlakət, dağıntı deməkdir, vaxtilə çox itkilərimiz olub. Yenidən qan tökülməsinin, dağıntıların baş verməsinin tərəfdarı deyilik. Ona görə də, bütün sülh yollarından istifadə etməliyik. Əks halda, biz müharibə yolu ilə torpaqlarımızı azad etməyə həm mənəvi, həm də hərbi nöqteyi nəzərdən hazırıq!
Bir sözlə, Azərbaycan qətiyyətli mövqeyi, milli maraqları özündə əks etdirən siyasəti ilə mətin addımlarla irəli gedir və heç bir təzyiq bizi qorxutmur, çəkindirmir. Çünki biz müstəqilliyimizin qorunması və dünyada sülhün bərqərar olunması üçün mübarizə aparır və fəaliyyət göstəririk. Bunun üçün hər birimiz bu gün ayıq-sayıq olmalı, ölkəmizə qarşı həyata keçirilən informasiya müharibəsində üstünlüyü əldə verməməliyik. Müstəqilliyimizin qorunması, əbədi olması üçün ölkə rəhbərinin qarşıya qoyduğu vəzifələrin icrasında yorulmadan fəaliyyət göstərməliyik".
PƏRVANƏ