|
|
|
|
Ötən ay Tovuz istiqamətində törətdiyi hərbi təxribatla uğursuzluğa düçar olan işğalçı Ermənistan, yeni təxribatlara əl atmağa və revanş götürməyə çalışır.
Belə ki, İrəvan Dağlıq Qarabağdakı qondarma rejimin başçısı, terrorçu Araik Aratunyanın dili ilə Azərbaycanı Gəncə şəhərinin vurulması ilə hədələyib. Əlbəttə ki, buna beynəlxalq təşkilatlar kifayət qədər ciddi yanaşmalı və Ermənistan rəhbərliyindən izahat tələb etməlidirlər.
Xüsusilə, münaqişənin imzalanmasında vasitəçi olan ATƏT-in Minsk Qrupunun həmsədrləri səssiz qalmamalı, öz kəskin mövqelərini ortaya qoymalıdırlar.
Xatırladaq ki, məsələ ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi bəyanat yayıb və vurğulanıb ki, Ermənistanın hərbi siyasi dairələrinin Azərbaycanın iri yaşayış məntəqələrinin və Mingəçevir SES kimi strateji əhəmiyyətli mülki obyektlərinin "hərbi hədəf" kimi nəzərdən keçirildiyinə dair bəyanatlarının ardınca, Azərbaycanın işğal edilmiş ərazilərində yaratdığı qanunsuz rejimin qondarma "başçısı" vasitəsilə Gəncə şəhərinə hərbi zərbə endirməklə təhdid etməyə cəhd edir. Bütün bunlar isə təcavüzkar siyasətindən əl çəkməyən Ermənistanın terrorçu mahiyyətini ifşa edir.
Politoloq Fikrət Sadıqov bildirib ki, Gəncə Azərbaycanın digər şəhərləri kimi kifayət qədər müdafiə olunan bir şəhərdir və Ermənistanın bu cür xarakterli çıxışları onun üçün pis nəticələrə gətirib çıxara bilər: "Azərbaycana qarşı Ermənistanın atdığı bu təxribat xarakterli addım onlar üçün çox pis nəticələr verəcək. Belə bəyanatlar Ermənistanın sadə əhalisinə nəyisə göstərmək məqsədi daşıyır. Məsələn, Ermənistan rəhbərliyi göstərməyə çalışır ki, guya, ölkəsinin hərbi gücü kifayət qədərdir, guya, Ermənistan kifayət qədər güclü dövlətdir və nəinki özümüzü müdafiə edə, hətta digər ölkənin də şəhərlərini vura bilərik. Bütün bunlar təbii ki, cəfəngiyyatdır. Təəssüf ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri də bu durumda susurlar".
Politoloq deyib ki, sərt bəyanatlarla çıxış etməlidirlər: "Hətta sərt addımlar da gözləyirik".
Milli Məclisin deputatı, politoloq Hikmət Babaoğlu isə düşünür ki, Tovuz təxribatından sonra həm hərbi, həm də diplomatik-siyasi müstəvidə layiqli cavab alan ermənilər, görünür, yeni təxribatlar yaratmağa cəhd etməklə sonuncu uğursuzluqlarını daxili ictimai rəydə kompensasiya etməyə çalışırlar. Ancaq Qarabağ probleminin bu cür manipulyasiya edilməsi uzun müddət davam edə, Azərbaycanın ərazi bütövlüyü işğalçı Ermənistanın daxili siyasət spekulyasiyasına çevrilə bilməz.
Millət vəkilinin sözlərinə görə, Gəncəni vurmaqla bağlı sərsəm fikirlər səsləndirən Dağlıq Qarabağdakı qondarma rejimin başçısı, terrorçu Araik Arutunyan əmin olmalıdır ki, onun səsi elə çıxdığı yerdəcə susdurulacaq: "Buna çox az qalıb. Xankəndi də, bütün Qarabağ da tezliklə öz həqiqi sahibinə, Azərbaycana qovuşacaq. Elə Tovuz təxribatından sonra işğalçı ölkənin ən sadiq havadarlarının belə Ermənistana sahib çıxmaması, görünür, bütün paşinyanları, arutunyanları isterik vəziyyətə salıb. Ancaq separatçılar və işğalçılar bilməlidirlər ki, yeni tarixi mərhələ başlayıb və onların böyük nostalji hissi ilə xatırladıqları sovet imperiyası və onun işğal maşını yeni mərhələdə real hərbi-siyasi mexanizm deyil və separatçı rejimi dəstəkəlyən qorbaçovlar da artıq yoxdur. Təəccüb və təəssüf doğuran isə odur ki, separatçı Arutunyanın yeni terror aktı planları ilə bağlı səsləndirdiyi fikirlərə ATƏT-in Minsk Qrupu və digər müvafiq beynəlxalq təşkilatlar heç bir reaksiya vermirlər. Görünür, ATƏT-in Minsk Qrupu öz missiyasını yalnız Ermənistan dara düşəndə tərəfləri sülhə çağırmaqla bitmiş hesab edir. Bu cür davranışa son qoyulmalıdır. Onsuz da gərgin olan regionumuzda növbəti təxribatların böyük müharibəyə çevrilməsi istisna deyil. İşğal faktı qaldıqca müharibə riski də olacaq. Vasitəçilik missiyası üçün BMT Təhlükəsizlik Şurasından mandat alan Minsk Qrupu ya missiyasını yerinə yetirməli, ya da fəaliyyətinidə iflasa uğradığını etiraf etməlidir".
PƏRVANƏ