|
|
|
|

2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən, Rusiya sülhməramlıları müvəqqəti olaraq Azərbaycan ərazisində yerləşdirildi. Onların bölgədə qalmaq müddəti ilkin olaraq 5 il idi. Daha sonra vəziyyətdən asılı olaraq qərar veriləcəkdi.
Ermənistan üçtərəfli bəyanatla öz qanunsuz silahlı birləşmələrini Azərbaycan ərazisindən çıxarmaqla bağlı öhdəlik götürsə də, ötən müddət ərzində buna əməl etmədi. Azərbaycan ərazisinə qanunsuz yollarla silahlar, canlı qüvvə daşımaqda davam etdi. Ötən ilin sentyabrında Bakının həyata keçirdiyi bir günlük antiterror tədbirləri ilə ərazimizdə qanunsuz silahlı birləşmələrin və separatizmin varlığına son qoyuldu. Bundan sonra sülhməramlıların bölgədə qalmasına da ehtiyac yox idi. Çünki sülhməramlılar Qarabağda, xüsusən də ermənilərin yaşadığı ərazilərdə sülh-sabitlik yaratmaq, inteqrasiya prosesinə dəstək üçün mövcud idilər. Yeni reallıqları nəzərə alaraq hər iki ölkənin ali rəhbərliyi kontingentin Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə qərar qəbul etdilər.
Mayın 15-də Xocalı hava limanında Rusiya Federasiyası sülhməramlı kontingentinin missiyasının başa çatmasına həsr olunmuş təntənəli mərasim keçirilib. Tədbirdə Azərbaycan Müdafiə Nazirliyinin, eləcə də Rusiya Federasiyasının Müdafiə Nazirliyinin, sülhməramlı kontingentinin nümayəndələri iştirak ediblər.
Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev çıxışında deyib ki, missiya müddətində sülhməramlı kontingent üzərinə düşən tapşırıq və vəzifələri yerinə yetirib, Qarabağ iqtisadi rayonu ərazisində sülhün və sabitliyin təmin olunması üçün səylərini əsirgəməyib. Qeyri-qanuni erməni silahlı birləşmələrinin mülki əhaliyə qarşı davam edən təxribatlarının qarşısının alınması və Qarabağ iqtisadi rayonu üzərində Azərbaycan Respublikasının tam nəzarətinin bərqərar edilməsi məqsədilə 2023-cü ilin sentyabr ayında lokal xarakterli antiterror tədbirləri keçirilib. Bu tədbirlər nəticəsində separatçı rejimin fəaliyyətinə son qoyuldu, Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı birləşmələri ölkə ərazisindən tam çıxarıldı. Yaranmış vəziyyət nəzərə alınaraq ölkələrimizin ali rəhbərliyi tərəfindən Rusiya Federasiyasının sülhməramlı kontingentinin missiyasının vaxtından əvvəl dayandırılması barədə qərar qəbul edildi.
Rusiya Federasiyası Silahlı Qüvvələrinin Quru Qoşunlarının Baş Qərargah rəisi Yevgeni Nikiforov isə Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçularına hərbi vəzifələrini layiqincə yerinə yetirdiyinə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi rəhbərliyinə isə səmərəli birgə əməkdaşlığa və əldə edilmiş anlayışa görə dərin minnətdarlığını bildirib.
Qeyd edək ki, sülhməramlıların Azərbaycan ərazilərini tərk etməsi plana uyğun olaraq həyata keçirilir və proses yaxın vaxtlarda yekunlaşacaq.
Bununla həm də ötən müddət ərzində sülhməramlıların Azərbaycan ərazisindən heç vaxt çıxmayacağına dair sosial şəbəkələrdə tirajlanan və heç bir əsası olmayan iddialar da fiaskoya uğradı. Azərbaycan və Rusiyanın ali rəhbərliyinin qəbul etdiyi bu qərar iki ölkənin münasibətlərinə nəinki mənfi təsir edir, əksinə, onu daha da gücləndirir. Çünki burada heç bir hərbi komponent yoxdur.
Milli Məclisin deputatı Arzu Nağıyev mövzu ilə bağlı "525"ə deyib ki, keçən il oktyabrın 4-də Rusiya Xarci İşlər Naziliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd etmişdi ki, Rusiya sülhməramlılarının Qarabağda qalma müddəti Azərbaycanla birgə razılaşdırılaraq müəyyən ediləcək. Həmin müddətdən o qədər də çox vaxt keçməyib, artıq Azərbaycan Daxili İşlər Nazirliyinin, digər qurumların yerli nümayəndələri Qarabağ ərazisində qarşıya qoyulan vəzifələri yüksək səviyyədə yerinə yetirirlər.
Deputat bildirib ki, Qarabağda, Xankəndi və ətraf rayonlarda lokal antiterror tədbirləri bitdikdən sonra orda sülhün bərqərar olması, reinteqrasiya istiqamətində müxtəlif addımlar atıldı: "Təbii ki, sülhməramlıların da paralel olaraq funksiyası dəyişdi. Rusiya tərəfi də başa düşür ki, mandatın 2025-ci ilədək olmasına baxmayaraq, həm Ermənistan, həm Azərbaycan sülh müqaviləsi imzaladıqdan, ümumiyyətlə, Qarabağ ərazisində sülh bərqərar olduqdan sonra onların orda qalmasına heç ehtiyac da olmayacaq. Məlumdur ki, bu gün Ermənistanın İran və Türkiyə ilə sərhədini Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti mühafizə edir. Zəngəzur dəhlizi məsələsi də gündəmdədir və Paşinyanın bəyanatı oldu ki, yolu özlərinin qurumu mühafizə edəcək, belə bir qurum da artıq yaranıb. Deməli, bu gün sülhməramlıların Qarabağda qalmasına lüzum yoxdur.
Bununla yanaşı, sülhməramlıların Qarabağı tərk etməsi bir daha sübut edir ki, birincisi, indi Qarabağ məsələsi tamamilə qapanıb. İkincisi, Rusiya sülhməramlıları ilk dəfə post-sovet respublikasının ərazisini könüllü olaraq tərk edirlər. Təbii ki, bir sıra suallar yarana bilər ki, hərbçilərin hamısı gedəcəkmi, bəziləri qala bilərmi, məsələn, minalardan təmizləmədə Azərbaycan tərəfi ilə qarşılıqlı əlaqə olacaqmı? Bunlar həmin kontingentin missiyasına uyğun deyil. Artıq Ağdamda fəaliyyət göstərən Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzi də fəaliyyətini dayandırdı. Bununla bağlı Türkiyə Milli Müdafiə Nazirliyi bəyanat yaydı. Bildiyiniz kimi, Monitorinq Mərkəzi 2021-ci ildən fəaliyyət göstərirdi. Qarabağın ərazisində hər hansı hərbi hərəkətlər yoxdursa, mərkəzin fəaliyətinə də ehtiyac qalmır".
A.Nağıyev əlavə edib ki, Azərbaycan tərəfi heç vaxt Rusiyaya "təcili regonu tərk et" kimi bəyanatlar vermədi. Sadəcə vurğulanırdı ki, sülhməramlılar 2025-ci ilin noyabrınadək Azərbaycan ərazisində qala bilərlər. Rusiya hərbçilərinin vaxtıdan əvvəl getməsi onu deməyə əsas verdi ki, Moskva və Bakı ən yüksək səviyyədə siyasi razılığa gəldilər və bu, artıq öz təsdiqini də tapdı.
Deputat xatırladıb ki, kontingent 1960 nəfər hərbi qulluqçudan ibarət idi, onların kiçik və iri çaplı atıcı silahları, 90 zirehli transpartyor və 380 ədəd avtomobil və xüsusi texnikaları da çıxarılır: "Ən mühüm məsələ də ondan ibarətdir ki, indi Azərbaycan xarici hərbi kontingentin öz ərzisində mövcudluğundan tam azad olur. Qərbin Qarabağa BMT missiyası gətirməsi kimi söhbətlər gəzirdi, amma belə bir şans yoxdur. Çünki sülhməramlıların vəzifəsi barışıq yaratmaq, sülhü bərqərar etmək idi, əgər bu gün Qarabağda münaqişə yaradan tərəflər yoxdursa, hər hansı sülh missiyasına da ehtiyac qalmır. İkinci məsələ də budur ki, Rusiya Qarabağı tərk edibsə, bu o demək deyil ki, Qərbin bura yerləşməsinə ya Azərbaycan, ya Rusiya imkan verəcək, təbii ki, yox. Bunu heç qonşu dövlətlər də qəbul etməz. Azərbaycanın müstəqil daxili və xarici siyasəti var, onu dəyişmək də mümkün deyil".
Deputat vurğulayıb ki, bəzi sosial şəbəkələrdə guya Rusiya qoşunlarının ümumiyyətlə Azərbaycan ərazisini tərk etməyəcəyi ilə bağlı iddialar səslənirdi: "Bunlar absurd məsələlər idi. Yəni biz öz daxili və xarici siyasətimizdə müstəqillik, paralel olaraq da digər dövlətlərlə öz münasibətlərimizi ən yüksək səviyyədə qururuq. Burda Azərbaycanın ərazisində o qüvvələrin olmasına təbii ki, ehtiyac yoxdur. Çünki bizim istər silahlı qüvvələrimiz, istər sərhəd qoşunlarımız ən yüksək səviyyədə sərhədlərimizi də, Azərbaycan vətəndaşlarını da qoruyur. Sülh müqaviləsi imzalandıqdan, delimitasiya və demarkasiya məsələsi bitdikdən sonra təbii ki, yenə sərhədlərimizdə sərhəd qoşunları dayanacaqdır. Sadəcə olaraq bu iddiaları qəsdən irəli sürürdülər ki, guya Azərbaycana hansısa dövlətlər təsir edərək orda hərbi kontingent saxlayacaq. Bu da mümkün deyil, çünki biz heç bir hərbi blokun üzvü deyilik, paralel olaraq da hər bir hərbi blokla, ölkə ilə ikitərəfli razılaşdırılmış əlaqələrimiz var. Buna görə də o iddilar absurddur. Bütün dünya da gördü ki, Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir edəcək hər hansı bir problem yaranmadı. Yenə də qeyd edirəm ki, Rusiya Azərbaycan münasibətləri normal inkişaf edir. İstər iqtisadi, istər siyasi, istərsə hərbi cəhətdən də bu problemlər həll olunur".



