Avqustun 27-də Təhsil naziri Emin Əmrullayev COVİD-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı brifinq keçirib. Nazirin brifinqdəki çıxışı ictimaiyyət nümayəndələri tərəfindən müsbət qiymətləndirilib.
Əməkdar jurnalist Azər Həsrət qeyd edib ki, Təhsil naziri Emin Əmrullayevin çıxışı sadə, pafosdan uzaq, anlaşıqlıdır: "Özgüvəni də diqqət çəkir. Belə də olmalıdır. Yoxsa bəzən bəzi nazirlər uzun-uzun danışır, cümləsinin başı ilə ayağı uyğun gəlmir. Nazirlə bağlı ilkin təəssüratımız müsbətdir hələ ki..."
Hədəf Liseyinin direktoru Şəmil Sadiq bildirib ki, Təhsil naziri Emin Əmrullayev səmimi, məntiqli, Azərbaycan dilində tam anlaşıqlı danışan, peşəsini yaxşı bilən nazirdir. O, işini sevən, gərginlik yaratmadan yumor hissinə malik, eldən biri olan bir nazirdir".
Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov deyir ki, təhsil naziri Emin Əmrullayev gəncdir, səmimidir, şəffaf və açıqfikirlidir, mətbuata və ictimaiyyətə açıqdır. Xaricdə təhsil alıb, bir neçə xarici dilə yiyələnib. Ən başlıcası isə yenilikçidir, tədqiqata meyllidir. Valideynlərə diqqəti təqdirəlayiqdir. Bilavasitə valideynlər üçün "valideyn. az" saytının yaradılmasının təşəbbüsçüsüdür. O, yeni nazirin təhsil xadimi kimi üstün cəhətlərini vurğulamaqla, bu sahədə faydalı işlər görəcəyini bildirib: "Onunla təhsil sisteminə qədəm qoyandan tanışıq. Müxtəlif səpkidə çoxsaylı görüşlərimiz olub. Təkcə Tİ direktoru işlədiyi müddətdə Təhsil Nazirliyi yanında ictimai şura üzvləri ilə birgə 2 görüş keçirmişik. Beynəlxalq PİSA və milli qiymətləndirmə məsələlərini müzakirə etmişik. İstər kollektivdə, istərsə də təhsil ictimaiyyəti tərəfindən onun barəsində yalnız xoş sözlər və müsbət fikirlər eşitmişəm. Təhsil Nazirliyində "Təhsilin keyfiyyətinin qiymətləndirilməsi" sektoruna və "Təhsilin inkişafı proqramları" şöbəsinə rəhbərliyi dövründə idarəetmə sahəsində kifayət qədər təcrübə qazanıb. Səriştəsi, mobilliyi və çevikliyi nəzərə alınaraq 2016-cı ilin aprelindən ona Təhsil İnstitutunun direktorunun səlahiyyətləri həvalə olunub və bu ilin başlanğıcında həmin vəzifəyə təsdiq edilib. İnstitut rəhbəri kimi çalışdığı 4 il ərzində təhsil siyasəti üzrə prioritetlərin müəyyənləşdirilməsi və strateji planlaşdırma, təhsil imkanlarının genişləndirilməsi, elmi-pedaqoji tədqiqatlar və elmi-pedaqoji kadr hazırlığı, təhsilin idarə edilməsinin nəzəri və praktik məsələləri, rəhbər pedaqoji kadrların hazırlanması və ixtisasının artırılması və digər bu kimi məsələlərlə bilavasitə məşğul olub. Mən bu institutun nə olduğunu yaxşı bilirəm, 8 il həmin institutda çalışmışam. Sadəcə xatırladım ki, ARTİ təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etməklə, pedaqoji, psixoloji, sosial, iqtisadi, fundamental və tətbiqi tədqiqatlar həyata keçirən, təhsilin bütün pillələri və səviyyələri üçün məzmun hazırlayan, təhsil sistemində tədris-metodiki ehtiyacların müəyyənləşdirilməsi və ödənilməsi, təhsil innovasiyalarının tədqiqi, yaradılması və tətbiqi ilə bağlı nəzəri və praktiki məsələləri araşdıran elmi-tədqiqat müəssisəsidir. Fəaliyyətinin əsas məqsədi təhsilin müxtəlif sahələrində elmi-pedaqoji tədqiqatlar aparmaqla təhsilin inkişafını nəzəri və praktiki cəhətdən təmin etməkdir. Yəqin təhsillə az-çox bağlı olan hər kəs bilməmiş deyil ki, təhsil sistemi müxtəlif pillədən olan ardıcıl təhsil proqramlarının məcmusundan, onları həyata keçirən təhsil müəssisələri şəbəkəsindən, təhsili idarəetmə orqanlarından, təlim-tərbiyə prosesi ilə məşğul olan digər təşkilatlar və müəssisələrdən ibarətdir. Başqa sözlə, təhsil idarə olunur".
Ekspert nazirin idari və təcrübə imkanlarının genişliyindən və missiyasının icrası zamanı ona yardımçı olacağını bildirib: “Emin Əmrullayevin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət idarəçiliyi üzrə bakalavr təhsili alması və Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində ABŞ-ın Kolumbiya Universitetində dövlət idarəçiliyi üzrə magistr proqramını bitirməsi yeni missiyasında onun yardımçısı olacaq".
Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüzün sözlərinə görə, Emin Əmrullayev ictimaiyyətə, mediaya açıq bir insandır. Təhsil sahəsini gözəl bildiyi üçün ona ünvanlanan suallara da dolğun, ətraflı cavab verir: "Bununla yanaşı, o, uzun müzakirələrdən sonra qəbul edilən, DİM-in buraxılış və qəbul imtahanlarının Yeni Modellərinin (2017-2018-ci il) hazırlanmasında Təhsil Nazirliyi tərəfindən əsas iştirakçı olub, məktəbin buraxılış imtahanının nəticələrinin ali təhsil müəssisələrinə qəbulda nəzərə alınmasının əsas təşəbbüsçülərindən olub. O, Təhsil Nazirliyində birbaşa təhsilin keyfiyyətinə və təhsil sahəsinin inkişafına cavabdeh olan qurumda çalışıb. Təhsil sahəsi ilə əlaqəli müxtəlif layihələri də adətən o, kurasiya edib. Təhsilin keyfiyyətinin daha da yaxşılaşması, müasir çağırışlara adekvat olaraq yeni tədris modellərinin hazırlanması, distant təhsil formasının nəhayət ki, ölkəmizdə tətbiq edilməsi istiqamətində uğurlar arzulayıram".
Təhsil eksperti Kamran Əsədov isə bildirib ki, Təhsil naziri Emin Əmrullayev peşəkar təhsil işçisidir, uzun müddət Təhsil Nazirliyi sistemində çalışıb. Olimpiadalarda şagirdlərin qazandıqları uğurlar birbaşa Emin Əmrullayevin adı ilə bağlıdır: “Azərbaycan təhsili 2014-cü ildən yeni bir yola qədəm qoydu. Bundan sonra da 2014-cü ildən təhsildə başlanmış islahatların, həyata keçirilən layihələrin nəticələnməsi üçün həmin komandanın qalması vacibdir".
Təhsil eksperti Məlahət Mürşüdlünün sözlərinə görə, nazir Emin Əmrullayev illərdir təhsil problemlərinin içində olan, yenilikçi baxışları ilə seçilən biridir: "Avqustun 27-də keçirdiyi brifinq zamanı pandemiya dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili barədə verdiyi təkliflərlə bir daha bunu sübut etdi. Onunla 2013-cü ildə bir layihədə işləmişik. Çox müasir düşüncəli gənc, islahatçıdır. 2013-cü ildə həyata keçirilən istər struktur dəyişikliklərdə, istərsə də şagird biliklərinin qiymətləndirilməsi, layihələrin verilib-işlənməsi və digər məsələlərdə Emin Əmrullayev çox mühüm, hətta deyərdim aparıcı rol oynayıb. O, təhsil problemlərini çox gözəl bilir. Həmçinin, araşdırmalar, müqayisəli təhlillər, təqdimatlar ona xas olan keyfiyyətlərdir. O, dinamik, mobil, çevik hərəkət edən təşkilatçıdır. E.Əmrullayev bir çox gənclə birlikdə müxtəlif layihələrdə, o cümlədən, təhsil sahəsindəki layihələrdə birgə çalışıb, hər zaman ətrafında onu tanıyanlar tərəfindən müsbət insan kimi xarakterizə edilir".
baku.ws saytının baş redaktoru Azad Əliyev deyir ki, təhsil naziri Emin Əmrullayev çox informativ və anlaşılan dildə danışır: "Nazir yeni tədris ili ilə bağlı bütün detalları bilir. Özü bildiyi üçün hər şeyi normal şəkildə izah edə bilir. Ana dilimzi də gözəl bilir. Xoşuma gəldi".
Sevinc QARAYEVA