|
|
|
|
Ermənistanın baş naziri Nikol Paşinyan dəfələrlə beynəlxalq medianın sualları qarşısında aciz duruma düşüb.
Ölkəsinin işğalçı olmasını təsdiqləyən beynəlxalq sənədlər, o cümlədən, BMT Təhlükəsizlik Şurasının, Avropa İttifaqının, Avropa Parlamentinin, ATƏT-in, AŞPA-nın və digər beynəlxalq qurumların sənəd və qətnamələrini danmağa çalışsa da, təkrar-təkrar ona verilən sualları cavabsız qoymaq məcburiyyətində qalıb. Çünki işğalçı ölkənin rəhbəri deməyə söz tapmayıb. Nə tarixi saxtalaşdırmaq, nə həmin beynəlxalq sənədləri danmaq onu xilas etməyib. Çünki Dağlıq Qarabağ və ətraf rayonların Azərbaycanın suveren ərazisi olması beynəlxalq sənədlərdə təsdiqlənib. Və artıq dünyanı nağıllarla aldatmaq mümkün deyil.
Bir müddət əvvəl Paşinyanın BBC-nin "HARDTalk" proqramında rəzil vəziyyətə düşdüyünü hər kəs gördü. Aparıcının sualları qarşısında çətin vəziyyətə düşən Ermənistan vəziyyətdən çıxmaq üçün Azərbaycana istiqamətlənirdi. Lakin aparıcı ona xatırladırdı ki, söhbət Ermənistandan gedir. Həmin müsahibədən sonra Paşinyan ölkəsində də ciddi tənqid olundu.
Paşinyan yenə "BBC"də rüsvayçı duruma düşdü. O, oktyabrın 6-da "BBC"nin suallarını cavablandırıb. Gəlin onun məntiqsiz, özü-özünü təkzib edən cavablarına nəzər salaq.
Paşinyan bir tərəfdən yenidən "Qarabağ Ermənistan"dır deyir, digər tərəfdən "biz güzəştə" hazırıq söyləyir. O, təxribatçı bəyanatını təkrar edir. Hansı ki, məhz bu açıqlamasına Rusiya da daxil olmaqla, bir çox ölkələr, beynəlxalq qurumlar tərəfindən etiraz edilmişdir.
Jurnalist Conah Fişer haqlı olaraq soruşur: "Sizin bu cür danışığınızdan belə görünür ki, razılığa yer qoymamısınız. Münaqişəni başa çatdırmaq üçün Dağlıq Qarabağın ətrafındakı əraziləri geri qaytarmağa hazırsınızmı?" sualına Paşinyan cavab verir ki, "bu, bir səbəbdən yerinə yetirilmədi. Azərbaycan Dağlıq Qarabağ əhalisinin öz müqəddəratını təyin etməsi hüququnu tanımaqdan imtina etdi". Söhbət ətraf rayonların qaytarılmasından gedir. Qarabağ münaqişəsinin mərhələli həll planında da məhz ilk növbədə ətraf rayonların qaytarılması təsbit olunub. Hansı ki, bu rayonlarda ermənilər yaşamayıb. Paşinyan isə Dağlıq Qarabağdan danışır. Bəlkə də Paşinyan sualdan yayınmaqla ağıllı gediş etdiyini düşünür. Amma özünü yenidən gülünc vəziyyətə salır.
"BBC"-nin müxbirinin "İyirmi ildən çoxdur ki, Ermənistan Dağlıq Qarabağı və ətraf əraziləri şəkildə işğal edib" sözləri qarşısında Paşinyan "Üzr istəyirəm, bu, həqiqətə uyğun deyil" deməklə canını qutarmaq istəsə də, jurnalist ona BMT sənədlərini xatırladır.
Qeyd edir ki, həmin sənədlərdə Ermənistanın 25 ildən çoxdur Azərbaycanın ərazilərini işğalda saxladığı qeyd edilib. "Təəssüf ki, çox adam oxumadan belə bu sənədlərə istinad edir. Orda elə şey yazılmayıb. Orda Ermənistanın həmin əraziləri işğal etməsi yazılmayıb.
Jurnalist müdaxilə edir: "Orda qeyd olunub ki, Qarabağ Azərbaycana məxsusdur. Qətnamələrdə belə deyilir". Və Paşinyan cavab tapa bilmir.
Beləliklə, dünyanın aparıcı mediasında Ermənistanın işğalçı siyasəti bir daha ifşa olundu, Paşinyan bu işğalçılığa heç cür haqq qazandıra bilmədi. Bir həqiqət də budur ki, Paşinyan bütün cəbhələrdə Azərbaycana uduzmuş vəziyyətdədir.
Politoloq Tofiq Abbasov hesab edir ki, erməni rəhbərlərin həqiqət qarşısında pərt durumda qalması halı ilk dəfə baş vermir. Sadəcə olaraq indi Qarabağ məsələsinə radikal yanaşan Paşinyanın müharibə gedən vaxtda haqlı suallardan yayınması, BBC kimi böyük auditoriyası olan telekanalda çətin duruma düşməsi daha çox diqqət çəkir: "Ümumiyyətlə, hazırda kuliminasiya nöqtəsinə çatan Qarabağ məsələsinə bir qədər dərindən yanaşmaq lazımdır. Bu gün Ermənistanın yaşadığı faciə, sosial durumun ağırlaşması, iqtisadi tənəzzül, cəmiyyətdə olan çaşqın vəziyyət tək Paşinyanın günahı ucbatından yaranmayıb. Bu cür situasiya Azərbaycana qarşı məkrli siyasət yürüdən erməni millətçiliyinin, Qarabağda separatizm ideyasını hazırlayıb ortaya atan qara qüvvələrin günahıdır. Əslində, ard-arda məsuliyyətsiz bəyanat və çağırışlar edən Paşinyan ciddi siyasi fiqur olmayıb. Sadəcə olaraq bu gün bölgəni qan çanağına çevirən bu səbatsız siyasətçi ölkədə yaranmış ağır vəziyyətdən istifadə edərək Qərbdəki bəzi dairələrin, SOROS-un yardımları ilə hakimiyətə yiyələnə bildi".
Politoloq qeyd edib ki, Paşinyan nəinki BBC müxbirinin haqlı sualları qarşısında sıxışdırılmış duruma düşüb, bütün dünya onun çağırışına səs verməməklə aciz vəziyyətdə qaldı: "O, yalan və çaşdırıcı, hiyləgər çağırışlarla çalışdı ki, döyüşlər dayandırılsın. Ermənistan özü sülh prosesini, danışıqların raundlarını iflic vəziyyətinə saldı. Bu gün ingilis jurnalistin acı həqiqətləri özündə əks etdiran sualları qarşısında Paşinyanın pərt durumda olması adi qarşılanmalıdır. Bu adam hələ bir il əvvəl "Qarabağ Ermənistandır" deməklə ona qədərki siyasətçilərin, yəni sələflərinin səhvlərini bağışlanmaz formada təkrarladı. Ona görə də hazırda Paşinyan gözəl anlayır ki, çıxılmaz vəziyətdə qalıb və ən böyük ümid yeri olan Rusiya neytral mövqe sərgiləyir. Bu isə çox sağlam bir yanaşmadır.
Digər tərəfdən, artıq az da olsa Qərb nümayəndələri radikal erməni rəhbərlərə bildirirlər ki, qaydaları kobud şəkildə pozan sizsiniz. Çünki Azərbaycanın ərazi bütövlüyü heç kəsdə şübhə doğurmur axı. Biz beynəlxalq təşkilatlarda tam ərazilərimizlə təsvir olunuruq. Hesab edirəm ki, "Qarabağ Ermənistandır" kimi cəfəng və dünyada belə qəbul olunmayan anormal patriotizmə hesablanmış siyasətin axırı yoxdur. Azərbaycan iki həftəyə sübut etdi ki, belə radikal siyasət sərgiləyən ölkəni güc yolu ilə asan şəkildə diz çökdürməyə qadirdir. Biz indi Paşinyan hakimiyyətinin sonunun əvvəlini müşahidə edirik. Erməni baş nazirin son müsahibəsindəki anormal yanaşması isə onu göstərdi ki, hakimiyyəti finişə doğru gedir".
PƏRVANƏ