Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev "İnterfaks" agentliyinə müsahibəsində bir sıra mühüm məsələlərə toxunub, Dağlıq Qarabağ münaqişəsi, hazırda davam edən əməliyyatlar barədə ətraflı danışıb.
Ölkə rəhbəri bildirib ki, Azərbaycan Ordusu döyüş meydanında özünün üstünlüyünü sübut etdi. İşğal edilmiş ərazilərin xeyli hissəsi bu bir ay ərzində azad olundu. Ölkələrin hərbi potensialının dəyərləndirilməsi ilə məşğul olan qurumların vaxtaşırı dərc etdiyi reytinqlərə əsasən, Azərbaycan Ordusu dünyanın aparıcı 50 ordusu sırasındadır. Həm peşəkarlıq, həm təlim, həm döyüş qabiliyyəti, ən başlıcası mənəvi döyüş ruhu, əlbəttə ki, Azərbaycan Ordusunun texniki təchizatı da çox cəhətdən bizim uğurumuza kömək edib. Azərbaycan Ordusu döyüşlər başlayandan bəri Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərlərini, Xocavənd rayonunun bir hissəsini işğaldan azad edib. Azərbaycan Ordusunun uğurlu fəaliyyəti, uğurla irəliləməsi davam edir.
Bununla belə, Azərbaycan hər zaman münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bəyan edib. Lakin Ermənistan tərəfi dəfələrlə təxribatlara əl ataraq, sülh danışıqlarını pozub, bununla da status-kvonu saxlamağa çalışıb. Sonuncu təxribat isə bu il sentyabrın 27-də həyata keçirildi. Azərbaycan buna cavab olaraq əks əməliyyatlara başladı və nəticədə döyüşlər bu gündə davam edir. Hərbi əməliyyatların gedişində 3 dəfə humanitar atəşkəs barədə razılıq əldə edilsə də, hər dəfə Ermənistan atəşkəsi dərhal pozdu və azad edilmiş əraziləri yenidən işğal etməyə cəhd göstərir, prosesi qarşıdurmanın davamına doğru yönəldir. Münaqişənin həlli lə bağlı Azərbaycanın prinsipial mövqeyi - hərbi-siyasi nizamlama yeganə mümkün yoldur. İşğal altında olan bütün ərazilər azad olunmalı, Ermənistan ordusunu geri çəkməli və zəbt etdiyi torpaqlardan çıxmalı, ondan sonra siyasi nizamlama prosesinə keçmək olar.
Ermənistanın indiki rəhbərliyi danışıqlar prosesini mümkünsüz etdi və münaqişənin hərb yolu ilə həllindən başqa çıxış yolu qoymadı.
ATƏT-in Minsk qrupu münaqişənin nizamlanması istiqamətində müəyyən cəhdlər görsə də, səmərəlilik, nəticəlilik baxımından özünü doğrultmadı. Minsk qrupu indiki kimi öz işini davam etdirə bilər. Ancaq praktiki olaraq siyasi nizamlama səviyyəsinə çıxmaq üçün region ölkələri arasında regional əməkdaşlığın hansısa yeni mexanizmləri barədə düşünmək lazımdır. Türkiyə ilə Rusiyanın səylərini birləşdirməsi regionun xeyrinə olardı, Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla nizamlanmasını sürətləndirə bilərdi.
Dövlət başçısı hesab edir ki, Ermənistana qarşı sanksiyaların tətbiq edilməməsi təcavüzkarı daha da azğınlaşdırdı. Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə və işğal edilmiş ərazilərdən qoşunları çıxarmağa məcbur edilə bilər. Məsələn, İraq Küveyti işğal edəndən sonra İraqa qarşı tətbiq edilmiş sanksiyaları götürmək olar. Belə bir mövqeyə üstünlük verildi ki, təki vəziyyət daha da kəskinləşməsin, gəlin hər şeyi olduğu kimi saxlayaq. Azərbaycan bu vəziyyətlə sonsuz barışa bilməzdi. Hazırda hərbi əməliyyatlarda Ermənistan böyük miqdarda hərbçi və texnika itkisi verib. Məhv edilmiş hərbi texnikanın statistikası canlı itki haqqında da ciddi nəticə çıxarmağa əsas verir.
Millət vəkili Ceyhun Məmmədov deyib ki, Ermənistanın son günlər törətdiyi hərbi cinayətlər - Gəncənin, Bərdənin, Goranboyun və digər rayonların davamlı raket atəşinə tutulması, dağıdılması, uşaqların qətlə yetirilməsi, bu ölkənin siyasi rəhbərliyinin ard-arda səhv qərarlar və ziddiyyətli bəyanatlar verməsi ölkədə ciddi xaosun hökm sürməsindən xəbər verir.
Deputatın sözlərinə görə, onlar gah raketlərin məqsədli şəkildə atıldığı, gah da səhvən atıldığı barədə bəyanatlar verirlər:
"Mülki əhalini atəşə tutmaq Cenevrə konvensiyasına görə hərbi cinayət sayılır. Ermənistan bu cinayət əməllərinə görə mütləq cavab verməli olacaq. Qeyd etmək lazımdır ki, bir neçə dəfə atəşkəs barədə razılığa gəlinməsinə baxmayaraq, hər dəfə Ermənistan hakimiyyəti bu razılaşmanı pozdu, Azərbaycanın rayon və şəhərlərini raket atəşinə tutdu. Bu da bu ölkənin xaos və təşviş içində olduğunu, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilmədiyini, yalançı olduğunu göstərir. Bu gün Ermənistana kimin rəhbərlik etdiyini, qərarların kimin tərəfindən qəbul edildiyini söyləmək çətindir. Son baş verənlər Ermənistanın cəbhədə baş verən hadisələri idarə etmək iqtidarında olmadığını göstərir. Ordunun kimin tərəfindən idarə olunduğu da bilinmir. Ermənistan bu gün də cinayət əməllərinə davam edir. Ermənistanı cinayət əməllərindən çəkindirmək üçün bu ölkəyə gecikmədən ciddi sanksiyalar tətbiq edilməlidir. Dünya ölkələri bu cinayətlərə görə susmamalı, haqq səslərini qaldırmalı, ikili standartlardan uzaq olmalıdırlar. Hamı bilməlidir ki, Azərbaycan işğalla heç zaman barışmayacaq, torpaqları işğaldan azad etmək üçün haqq savaşını davam etdirəcək. Ermənistan tez bir zamanda Azərbaycan torpaqlarından çıxmalıdır. Əks halda, daha çox itkilərlə üzləşəcək".
PƏRVANƏ