|
|
|
|
Ana Vətənimizin seçmə torpaqları işğal altına düşəndə, o, uşaqlığın son dövrünə qədəm qoyurdu. Xalqımızın başına gətirilən faciələrin coğrafi məkanından bir qədər uzaqda yaşasa da, zorla məğlub halına salınmağımız, böyüklü-kiçikli, hər bir ağlı kəsən həmvətənimizin, o cümlədən, o dövrün uşaqlarının dünyaduyumuna təsir edirdi.
1978-ci ildə Astaranın gözəl təbiətli və gözəl adlı Məscidməhəllə kəndində anadan olan Nail Orucov ağır ruhlu 1992-ci ildə kənd məktəbini bitirən kimi, düşünmədən Cəmşid Naxçıvanski adına Hərbi liseyə üz tutur. 1995-ci ildə orada tədrisini bitirib, Bakı Ümumqoşun Məktəbinə daxil olur və 1999-cu ildə oranın "Motoatıcı" ixtisası üzrə məzunu olur. Həmin ilin avqust ayından etibarən leytenant Orucov Müdafiə nazirinin müvafiq əmrləri ilə hərbi hissələrdə xidməti davam etdirir. Motoatıcı hissələrin taqım, bölük, tabor komandiri olur, həmçinin, maddi-texniki təminat üzrə məsul vəzifələr daşıyır, hərbi xidmət dövründə polkovnik-leytenant rütbəsinəcən yüksəlir. 2015-ci ilin dekabrında ehtiyata buraxılır. Doğma elinə qayıdır və orada yerli idarələrin birində işləyir.
"Astaradakı evimizdə birgə yaşayırdıq. Bir neçə ay sonra Aprel döyüşləri başladı. Atam çox heyifsilənirdi ki, bu döyüşlər onun xidmət müddətindən kənar vaxta düşdü. Amma cəbhəyə atılmaq üçün yamanca çalışırdı, müraciət etmişdi. Döyüşlərin 4-5 gündən sonra dayanması onu təəssüfləndirdi. Yaxın dostu, "Murov qartalı" kimi tanınan polkovnik-leytenant Raquf Orucovun həlak olmasından da çox sarsıldı. Vətənə döyüşlə, cəbhədə xidmət etmək arzusu onu tərk etmirdi" - deyə, N.Orucovun böyük oğlu, 10-cu sinif şagirdi Ruslan xatırlayır.
Aradakı illər ərzində havadan qisas naminə barıt qoxusu gəldiyini bütün varlığı ilə duyan polkovnik-leytenant silahlı mübarizəyə qayıtmaq arzusuyla səfərbərlik xidmətində yenidən qeydiyyatdan keçir. 2020-ci ilin iyulunda general Polad Həimovun şəhid olması onun qisas hisslərini daha da alovlandırır.
Sentyabrın 27-də erməni təxribatlarına nəhayət qəti və son cavab vermək və əzəli Vətən torpaqlarımızın qaytarılması məqsədi ilə xalqımızın Vətən Müharibəsi başlayır.
"Qardaşım, polkovnik-leytenant Nail Rəfail oğlu Orucov sentyabrın 29-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dovlət Xidməti tərəfindən çağırıldı və biz onu böyük sevinclə yola saldıq. O, əvvəlcə, sentyabrın 30-dan okytabrın 6-dək hərbi korpusda əsgərlərimiz üçün təlimlər keçir. Tezliklə döyüşlərə qatılır. Bizimlə danışanda, tapşırırdı ki, uşaqları həyəcanlandırmamaq üçün, bir müddət yalnız təlim işləri ilə məşğul olduğunu söyləyək. Amma onun ruhunu bilirdik - ən qızğın döyüşlər ona aiddir!" - deyə şəhid zabitin qardaşı Naib Orucov xatırlayır.
"Atam yola düşərkən, bizə dediyi hər söz yadımdadır: - Mən 25 ildir ki, bu günü gözləyirəm. Vaxtilə səngərlərdən seyr edə bildiyim o müqəddəs torpaqlarımıza nəhayət, çatmaq mənə nəsib olacaq! Əgər mən bu savaşda iştirak etməsəm, sizi böyüdüb-başa çatdırmaq üçün hərbi xidmətdən əldə etdiyim məvacibimi haram sayaram. Unutmayın ki, Vətən məni bu gün üçün yetişdirib!" - deyə Ruslan atasının doğma ocaqda son söylədiklərindən fəxrlə danışır.
Polkovnik-leytenant Orucov 2020-ci ilin 6 oktyabr tarixindən tabor komandiri vəzifəsinə təyin olunur. Komandirlərinin şəxsi şücaəti və dəqiq idarəsi nəticəsində onun aslanları silahlı qüvvələrimizi tərkibində əks-hücumla ümumən 280 kilometr irəlliyərək Füzuli, Hadrut, Cəbrayıl və Qubadlı istiqamətində düşməni geriyə atmış, o cümlədən, Qubadlı rayonu boyunca Azərbaycan-Ermənistan sərhədində tam nəzarəti ələ almışlar. Lakin oktyabrın 31-də ermənilər Qubadlı istiqamətində vəziyyəti dəyişmək məqsədilə təxribat törədirlər. Düşmən artileriya atəşi ilə zərbə endirəndə polkovnik-leytenant Nail Orucov şəhadətə qovuşur.
"Həmin hadisədən bir gün qabaq zəng etmişdi. Gözəl, uca mətləblərdən danışırdı. Deyirdi ki, hər şey ola bilər, siz kişisiniz, zabit övladlarısınız, məni başa düşürsünüz! Sonra bir tapşırıq verdi, dedi, çox vacibdir. Dedi ki, təcili olaraq, mənzilimizin önünə bayrağımızı vuraq. Tapşırdı ki, tapmasam, onun iş yerinə gedim, kabinetini açdırım, orada divarda var. Qapımızdan bayraq as! Tezliklə qayıdacam! - dedi. Bu, onun son istəyi oldu", - deyə şəhidin üç məktəbli oğul övladının böyüyü Ruslan bildirir.
O, doğrudan da tezliklə qayıtdı. Bir bayrağı da sinəsi üstündə gətirdi. Vətən sevdalıları bu dünyadan köçəndə də bayraqla gedirlər.
Çox dəyərlidir ki, zabit Nail Orucovdan qalan hər bir xatirə onun Vətən Eşqinin bir nümunəsidir. Hətta istirahət vaxtlarının birində təbiət qoynunda dedikləri də istisna deyil. Doğmalarının yolladığı bir videoçəkilişdə Nail gözəl bir şəlalə ətrafındadır. Görün burda nə deyir: "Ah gözəl Vətən, əziz Vətən! Bir baxın Vətənimiz nə gözəldir! Bu, bizimdir, bizim Ana Yurdumuzdur! Bax, belə Vətən üçün ölməyə dəyər!"
Zakir MURADOV
Astara