“Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansının "Qızıl medal"ı ilə təltif edilən gənc media nümayəndələrinə medallar təqdim olunub.
525.az xəbər verir ki, Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının rəhbərliyinin qərarı ilə, media nümayəndələri Vətən müharibəsi dövründə informasiya cəbhəsində göstərdikləri fəal mübarizə, Qarabağ həqiqətlərinə dair araşdırma məqalələri və iştirak etdikləri layihələrə görə təltif ediliblər.
Belə ki, medal təqdim edilənlər - Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri Aydın Tağıyev, 525.az saytının məsul redaktoru Afaq Rza və Mədəniyyət telekanalının direktor müavini, Azərbaycan Yazıçılar Birliyinin üzvü Bəhruz Niftəliyevdir.
Diasporla İş üzrə Dövlət komitəsində keçirilən tədbirdə Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının rəhbəri Elmar Məmmədov və Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Ruslan Quliyev iştirak ediblər.
Əvvəlcə açılış nitqi ilə çıxış edən Alyansın rəhbəri Azərbaycanın Vətən müharibəsi dövründə informasiya cəbhəsindəki inamlı mübarizəsindən söz açıb. Həmin dövrdə sosial şəbəkələr və xarici xəbər portalları vasitəsilə ölkəmizin haqq səsini dünyaya çatdıran gənclərin rolunu xüsusi vurğulayıb. Gənclərə bu yöndəki inamlı mübarizə üçün təşəkkür edib.
Daha sonra Ruslan Quliyev çıxış edərək Diasporla İş üzrə Dövlət Komitəsinin bu yöndəki dinamik fəaliyyətindən və Azərbaycan gənclərinin görülən işlərdəki payından söz açıb. Ardınca o, gəncləri təbrik edib və fəaliyyətlərində uğur arzu edib.