|
|
|
|
"Xalq Bank”ın “Xalq Əmanəti” layihəsinin 24-cü nəşri azərbaycanlı rəssam Cahid Camala həsr olunub.
525.az xəbər verir ki, Azərbaycan, ingilis və rus dillərində hazırlanmış bədii albom Cahid Camalın (1928-2011) həyat və yaradıcılığını, sənət irsini ətraflı işıqlandırır.
Mayın 3-də Bakıda görkəmli rəssamlar, ziyalılar və digər incəsənət təmsilçilərinin iştirakı ilə yeni nəşrin təqdimatı keçirilib. Gecədə çıxış edənlər kitabın zəngin mənbə olduğunu, Azərbaycan təsviri sənətinin çağdaş dünyada tanınması istiqamətində xüsusi rol oynaycağını qeyd edib, bütövlükdə “Xalq Əmanəti” layihəsinin milli irsin qorunması sahəsində əhəmiyyətindən danışıblar.
Cahid Camal 1945-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirdikdən sonra V.İ.Surikov adına Moskva Dövlət Akademik Bədii İnstitutuna daxil olub. 1952-ci ildə Üzeyir Hacıbəylinin Azərbaycan Opera və Balet Teatrında səhnəyə qoyulacaq “Koroğlu” operası üçün dekorasiya eskizləri çəkib. 1956-cı ildə Moskvadakı VDNX-də (XTNS) Azərbaycan pavilyonunun baş rəssamı olaraq tədbirlərə qatılıb. O, Rusiya Federasiyasının Əməkdar rəssamı, Moskva Rəssamlar İttifaqı, Azərbaycan Rəssamlar İttifaqı, Monqolustan Rəssamlar İttifaqı və Beynəlxalq Təsviri Sənət Fondunun üzvü olub. Rəssamın əsərləri Azərbaycan İncəsənət muzeyində (Bakı), Dövlət Rus Muzeyində (Sankt-Peterburq), Moskvadakı Dövlət Şərq Muzeyində, müxtəlif qalereya və şəxsi kolleksiyalarda saxlanılır. Sağlığında Bakı, Moskva, Dubna, Minsk, Almatı, Kişinyov, Ulan-Bator və Gəncədə sərgiləri təşkil edilib.