|
|
|
|

Azərbaycanın BMT-dən sonra ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatında sədrliyi bu quruma üzv ölkələr arasında həmrəyliyin artmasında, onun fəaliyyətinin canlanmasında mühüm rol oynayır. Azərbaycan Qoşulmama Hərəkatının nisbətən yeni üzvü olmasına baxmayaraq, Prezident İlham Əliyevin sədrliyi ilə irəli sürülən təkliflərin, təşəbbüslərin həyata keçməsi qurumun nüfuzunun artmasına, güclənməsinə səbəb olub.
Məlumat üçün bildirək ki, Azərbaycan Hərəkata 2011-ci ildə qoşulub, fəaliyyətinin ilk günlərindən bəri həmrəylik, qarşılıqlı dəstək və Bandunq prinsiplərinin təşviqinə töhfəsini verməyə çalışıb. 120 ölkənin yekdil dəstəyi ilə 2019-cu ildə Qoşulmama Hərəkatında sədrliyə başlayıb. Sədrlik 2022-ci ildə bitsə də, yenə də 120 ölkənin yekdil qərarı ilə 2023-cü ilin axırına kimi uzadılıb. Bu da ölkəmizin sədrlik fəaliyyətinə verilən qiymətdən irəli gəlir. Belə ki, Azərbaycanın sədrliyi dövründə bir sıra uğurlar əldə olunub, Bakıda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi yaradılıb, gənclər şəbəkəsi təşəbbüsü irəli sürüb. Hazırda Bakıda Qoşulmama Hərəkatının Gənclər Sammiti keçirilir və Gənclər Şəbəkəsinin beynəlxalq təşkilata çevrilməsi gözlənilir. Azərbaycanın irəli sürdüyü və üzv dövlətlər tərəfindən dəstəklənmiş digər bir təşəbbüs Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılmasıdır. Eyni zamanda yaxın günlərdə Hərəkata üzv dövlətlərin liderlərinin sammitinin keçirilməsi də nəzərdə tutulub.
Rusiya hökuməti yanında Maliyyə Universiteti filialının direktoru politoloq Pavel Klaçkov hesab edir ki, son illər Azərbaycanın beynəlxalq aləmdə öz rolunu necə çox fəal şəkildə artırdığını görürük. Bugünkü Azərbaycan diplomatiyasının işinin səmərəliliyinə misal olaraq Qoşulmama Hərəkatının tamamilə yeni səviyyəyə qaldırılmasını göstərmək olar ki, bu, Bakının təkcə dövrün çağırışlarını həssas şəkildə dərk etməsinin deyil, həm də heç kimin himayəsi olmadan qlobal çağırışlara cavab tapmaq üçün müstəqil gündəm formalaşdırmaq bacarığının təzahürüdür.
Onun sözlərinə görə, qeyd edilən məqam Azərbaycana regional siyasətə təsir imkanlarından kənara çıxmaq fürsəti verdi: "Azərbaycan son illərdə xüsusilə aydın şəkildə göstərdi ki, o, regiondan çox daha uzağı görür. Və bunu da olduqca yaxşı şəkildə edir".
Rusiyalı politoloqa görə, Azərbaycan Qoşulmama Hərəkatı üçün ikinci nəfəslik açıb: "Təsadüfi deyil ki, quruma üzv olan dövlətlər Azərbaycanın sədrliyinin daha bir il uzadılmasını istəyiblər. Bu, özü artıq çox şey deyir. Hərəkatın sədri kimi Azərbaycan özünü son dərəcə məsuliyyətli, nəyə xüsusi diqqət yetirməli olan, ədalətdə israrlı bir dövlət kimi göstərdi. Məlum olduğu kimi, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi bütün dünya üçün çətin illərə düşüb. Pandemiya dövründə ərazicə böyük olmayan, lakin güclü dövlət kimi görünən Azərbaycan 80-dən çox ölkəyə humanitar və maliyyə yardımı göstərib. Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi BMT Baş Assambleyasının koronavirusla mübarizə üzrə xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış edən ilk dövlət olub. Bundan əlavə, müxtəlif strukturlarda pandemiya və onun nəticələri ilə mübarizə məsələsini mütəmadi olaraq qaldırıb. Azərbaycan mütəmadi olaraq vaksinlərin varlı və kasıb dövlətlər arasında ədalətsiz - qeyri-bərabər bölüşdürülməsi məsələsini gündəmə gətirib, kasıb ölkələrə yardım edib. Bu, son dərəcə məsuliyyətli dövlətin siyasətidir".
O deyib ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin iclası zamanı Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq siyasətdə münaqişələrin həllinə ədalətsiz münasibətin nə olduğunu öz təcrübəsindən öyrənib: " Təxminən 30 ilə yaxın BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası da əngəllənməklə Qarabağ münaqişəsi öz həllini tapmadı. Buna görə də Azərbaycan Prezidenti ilə razılaşmamaq olmaz - fakt budur ki, BMT-nin bəzi qətnamələri bir neçə gün ərzində yerinə yetirilir, digərləri isə illərlə, onilliklərlə icra olunmur".
Politoloq hesab edir ki, bu gün iki ən güclü sınaq - pandemiya və qlobal beynəlxalq təhlükəsizlik yeni çağırışlar və yeni vəzifələr yaradır: "Dünya görünməmiş problemlərlə üz-üzədir. Bu şəraitdə Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatı öz mövcudluğunun zəruriliyini getdikcə daha çox sübut edir".
"The National İnterest" nəşri də ölkəmizin hərəkatda sədrliyi ilə bağlı məqalə dərc edib. Qeyd olunub ki, Azərbaycan Qoşulmama Hərəkatına yeni nəfəs verir. "1976-cı ildə üzv dövlətlərin beşinci konfransında "Qoşulmama Hərəkatı" termini meydana çıxdı. Hesab olunurdu ki, 1990-cı illərin əvvəllərində soyuq müharibə başa çatdıqdan sonra bu blok öz aktuallığını itirib. Bu proqnozların əksinə olaraq, bir tərəfdən ABŞ və onun müttəfiqləri, digər tərəfdən isə Rusiya və Çin arasında qarşıdurma yenidən artmağa başladığından, son illərdə Qoşulmama Hərəkatının aktuallığı artıb. 2022-ci ilin fevralında Ukrayna böhranının başlaması ilə bu qarşıdurma bütün dünya üçün dramatik iqtisadi nəticələrə gətirib çıxardı və bir çox ölkələr üçün Qoşulmama Hərəkatının təhlükəsizlik strategiyası önəm daşımağa başladı.
Məqalədə vurğulanıb ki, 2019-cu ildən Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatı üzvü olan 120 ölkənin mövqeyini aydın ifadə edən nüfuzlu beynəlxalq oyunçuya çevrilmək yolunda mühüm irəliləyişlər əldə edib. Azərbaycan sədrliyi dövründə üzv dövlətlər arasında əməkdaşlığı koordinasiya etmək, çoxtərəfli yanaşma və beynəlxalq əməkdaşlıq dəyərlərini gücləndirmək üçün bir sıra təşəbbüslərlə çıxış edib. Azərbaycanın sədrliyinin birinci ili (2020-ci il) koronavirus pandemiyasının başlandığı vaxta təsadüf edib. Bakı böhranın iqtisadi nəticələrinə qarşı mübarizədə təşkilata üzv ölkələrin birləşməsi üçün çoxlu səylər göstərib. Bakının təşəbbüsü ilə 2020-ci il mayın 4-də təşkilatın tarixində ilk dəfə olaraq 45-dən çox üzv dövlətin və beynəlxalq təşkilatın iştirak etdiyi Qoşulmama Hərəkatının fövqəladə onlayn sammiti keçirilib. Sammitdə çıxış edən liderlər arasında BMT Baş Assambleyasının 74-cü sessiyasının sədri, Afrika İttifaqı Komissiyasının sədri və Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru da var idi.
Azərbaycanın hərəkatın sədri kimi əsas məqsədlərindən biri Qoşulmama Hərəkatının institusional inkişafı üçün zəmin hazırlamaqdır. Bakı bu istiqamətdə bir sıra uğurlu təşəbbüslər irəli sürüb.
"Hesab edirəm ki, indi institusional inkişaf istiqamətində daha çox addımlar atmaq üçün doğru zamandır ki, bu da öz növbəsində beynəlxalq arenada maraqlarımızı müdafiə etməyə və təbii ki, ölkələrimiz arasında həmrəyliyi gücləndirməyə kömək edəcək", - deyə məqalədə Prezident İlham Əliyevin fikrindən sitat gətirilib.
Beynəlxalq aləmdə artan qarşıdurma şəraitində Qoşulmama Hərəkatının üzvləri arasında həmrəylik onların təhlükəsizliyini təmin etmək və milli maraqlarını qorumaq üçün mühüm əhəmiyyət kəsb edəcək. Odur ki, Azərbaycanın təşkilata üzv dövlətlər arasında əməkdaşlığı gücləndirmək, eləcə də Qoşulmama Hərəkatını institusionallaşdırmaq səyləri böyük əhəmiyyət kəsb edir və müsbət nəticələr əldə etmək üçün mühüm potensiala malikdir.
Pərvanə SULTANOVA



