Şuşadakı evimizin uçuqlarına noktürn
Əllərim
qapımızın tutacağında qaldı...
Səsim qapımızın cırıltısına qarışdı,
gözlərim pəncərəmizdən asıldı...
Xəyallarım hardasa yol gözləyir,
mənim yolumu...
Evimizin uçuq, sökük daşları,
ürəyimi əzir indi...
Daha...
ürəyim yeriyir uçulmuş yurd yerlərində...
Şuşa küləyi, Şuşa yağışı
Bakıda Şuşa küləkləri əsir hərdən,
Şuşa yağışları yağır...
Bir qərib oğlan keçir o küləklərdən,
islanır o yağışlarda.
Bir qərib umud közərir
vətən həsrətli baxışlarda.
Küləklər Şuşa küləyi,
yağışlar Şuşa yağışı...
Bir qərib oğlan dumana qarışır,
çənə qarışır.
Duman nə gözəldi, İlahi,
külək nə gözəldi, İlahi,
yağış nə gözəldi -
oğlan nə qəribdi, İlahi!..
Şuşanın qala divarlarından
Malıbəyli səmtə baxarkən
Könül ki, var
bir sevdanın yarasıdır,
qısıldığım bu divar,
gizləndiyim bu kölgə
ömrün payız arasıdır...
Yarısıdır...
yolun da, yolağın da,
ilk sevgi nəğməsinin
səsi qaldı qulağımda,
ta o vaxtdan,
heç bilmirəm bura
ömrün harasıdır...
Sarısıdır...
gözlərimdə saralan
bu xəzan güllərinin.
yarpaq kimi tökülən
bu təqvim günlərinin.
Daha bu andan belə,
buludlara qoşulub
getməyin sırasıdır.
1964-cü ildə İsa bulağında
nənəmin qucağında çəkdirdiyim fotoya
Bir fotonun xatirəsi
nəfəs kəsir,
sarı kölgəsi düşür üstümə...
Sarı kölgəyə bulaşıram,
saralıram,
kölgə oluram,
sapsarı kölgə.
Amma o foto yaşıllıqda çəkilmişdi,
bir zamanlar o fotonun yaşıl kölgəsi vardı, -
o yaşıl kölgəyə yaz gələrdi.
İndi bu fotoda elə payızdı...
Şuşanın "Xarıbülbül" otelində gecə prelüdü
Bilirsən, bu yol da çıxıb gedəcək,
harasa gedəcək, qayıtmayacaq.
Ürəyin içində yaralı quştək -
nə gəliş, nə gediş ovutmayacaq...
Nəsə baş verəcək, nəsə bitəcək,
yorğun gözlərinə mil sürəcəksən.
çəkilib bir küncə, itib bir küncdə
içində uşaq tək hönkürəcəksən...
Bilirsən, gün daha gün olmayacaq,
önündə qapılar açılmayacaq.
sarmaşıq ağrılar,
sarmaşıq dərdlər -
səndə kök salacaq, qaçılmayacaq...
Beləcə qazancın bir sürü həsrət,
beləcə gedişin səssiz olacaq.
Əvvəl sığınmışdın öz yoxluğuna
sonra yoxluğun da sənsiz qalacaq...
Şuşam
Duyğularım aşıb-daşır, arzularım sellənir,
yağan yağış ağacların çökəyində göllənir,
ürəyimdə tutya kimi neçə şeir dillənir -
Səhərlərin şəhərisən, şəhərisən ay Şuşam
zəfərlərin şəhərisən, şəhərisən, ay Şuşam!
Qədimliyin, ululuğun əsrlərə söykənir,
igidliyin, ağalığın nəsillərə söykənir,
nağılların nə miflərə, nə sirlərə söykənir -
Gövhərlərin şəhərisən, şəhərisən ay Şuşam,
Zəfərlərin şəhərisən, şəhərisən, ay Şuşam!
Bütün yollar səndən keçir, sən yolların yolusan,
Məscidintək, keçmişintək ululardan ulusan,
Gözümüzün işığısan, ömrümüzün nurusan -
Şəhərlərin şəhərisən, şəhərisən, ay Şuşam,
Zəfərlərin şəhərisən, şəhərisən, ay Şuşam!
Keçirəm
Yenə sözlər yarpaq-yarpaq hecalanır,
yenə sözlər budaq-budaq haçalanır,
yenə sözün Şuşa adlı hecasından keçirəm.
Günəş başqa cürə doğur,
sular başqa cürə axır,
ay sulardan elə gözəl, gözəl baxır,
o baxışın nur süzülən gecəsindən keçirəm.
Qollarımı yana açıb qayalardan uçmağım var,
uşaqlara qoşulub o yamaclarda qaçmağım var,
neçə bağlı qapıları açmağım var,
nə dövranım, nə çağım var-
neçə belə fikirlərin,
neçə belə düşüncənin niyəsindən, necəsindən keçirəm.
Külək əsir, küləklərlə əsirəm
yağış yağır, yağışlarla yağıram,
uşaqlığın neçə gizli hücrəsindən, neçə gizli guşəsindən,
boylanıram, baxıram,
gah o dağa çıxıram, gah bu dağa qalxıram,
uşaqlığın neçə gizli hücrəsindən keçirəm.
Yenə addım səsləriylə cana gəlir daş küçələr,
adamlarla aşıb-daşır boş küçələr,
gah quruyur, gah islanır yaş küçələr,
mən taleyin ömür adlı küçəsindən keçirəm,
Yenə sözün Şuşa adlı hecasından keçirəm.
Vətən
Ayrılığın yaman oldu, oldu hey,
nə arzular, də diləklər soldu hey,
yağan bulud hey boşaldı, doldu hey -
əsən külək hələ əsir, ay Vətən!
Ağrılardan ağrılara soldayam,
min ildi ki, hardayamsa ordayam,
sıldırımdan sıldırıma yoldayam,
yollarımı duman kəsir, ay Vətən!
Havalıyam, havam qalıb havanda,
neçə gözəl röyam qalıb röyanda,
nurqanadlı, göyqanadlı duanda -
xəyallarım yuva gəzir, ay Vətən!
Əllərim uçur göyə
Sevgilisi şəhid olan qızın dilindən...
Belə axşamlarda da
yarpaq kimi əsirəm.
Axşamdan da küsürəm,
yaşamdan da küsürəm.
Elə darıxıram ki,
lap ürəyim göynəyir.
Ad günündə aldığım
göy köynəyin göynəyir.
Geyinməmisən, amma
köynəkdən qoxun gəlir.
Bu necə ömürdü ki,
gecələr ruhun gəlir.
Bu yaşam bir yuxusa...
yuxudan ayılaydım.
Kaş ruhunu görəydim,
ruhuna sarılaydım.
Eh, belə axşamlarda
Sabah açılmır, niyə.
Gözyaşım yerə damır,
əllərim uçur göyə...
Şuşanın "Xarıbülbül" otelinin
pəncərəsindən baxarkən
Pəncərələr bir umuduydu, onda,
hər mövsüm çiçəkliyərdi şüşələrdə nəm,
hər mövsüm utancaq baxışlar keçərdi şüşələrin içindən...
Bir ürək şəkli cizilərdi,
cızıqlarından şeh daman...
sonra o ürək də süzülüb gedərdi,
yerində ağlayan şüşələr qalardı...
Bir umud yeriydi pəncərələr quşların
ovcumuzda çörək qırıntıları uzadardıq quşlara,
əvvəl qorxardı quşlar,
sonra öyrənərdilər ovucdan yem yeməyə.
Quşlar da sevda quşlarıydı, sanki,
pəncərələr də,
küçələr də.
Pəncərələr yola açılırdı, onda,
sevdaya açılırdı.
İndi ayrılığın gözləri kimi baxır pəncərələr -
içindən bütün ayrılıqlar keçir...
Şəhid övladının sevinci
Atası şəhid olandan
uşaq eşidirdi ki,
-şəhidlər ölmür,
-şəhidlər diridir.
Uşaq sevinirdi atasının sağ olmağına
bilirdi ki, nə vaxtsa gələcək...
Bu şəhər hara gedib?
Son arzusuydu... -
qadın bircə dəfə doğma şəhərini
görmək istəyirdi.
Onu Ağdamın yaxınlığına gətirdilər, -
beş barmağı kimi tanıdığı ana yolun
getdiyi səmtə baxdı...
Şəhərin yerindəki xarabalıq göz işlədikcə uzanırdı-
nə ağ evlər, nə ağaclar, nə də bir yaşam vardı.
Qadın heyrətlə pıçıldadı, -
-bu şəhər hara gedib?