Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tarix və coğrafiya fakültəsində Azərbaycan tarixi kafedrasının təşkilatçılığı ilə “Azərbaycan maarifçiliyində Şuşa şəhərinin rolu” adlı elmi-praktik konfrans keçirilib.
Universitetdən 525.az-a bildirilib ki, rektor professor Cəfər Cəfərov konfransı giriş sözü ilə açaraq, 8 Noyabr - Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə iştirakçıları təbrik edib. Professor C.Cəfərov qeyd edib ki, tarixən Azərbaycanın mədəniyyət mərkəzlərindən olan Şuşa şəhəri ilə bağlı bu tipli konfransların keçirilməsi olduqca əhəmiyyətli və təqdirəlayiqdir.
Konfransda Azərbaycan tarixi kafedrasının müdiri dosent Naibə Əhmədova “Şuşa şəhəri Azərbaycanda dünyəvi təhsilin mərkəzi kimi” mövzusunda məruzə ilə çıxış edib. O, Şuşa şəhərində dünyəvi təhsil sistemi, Azərbaycanda dünyəvi təhsilin inkişafında bu şəhərin yeri və əhəmiyyəti kimi məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Məruzəçilərdən professor Camal Mustafayev “Şuşa şəhəri: tarix və müasirlik”, dosent Zakir Kərimov “Şuşa maarif məktəbinin yetirdiyi ictimai siyasi xadimlər”, dosent Elmira Süleymanova “Orta əsrlərdə Alban xristian maarifçiliyi və Şuşa şəhəri”, dosent Mübariz Ağalarlı “Azərbaycanın maarifçilik ənənələri və Şuşa şəhəri” adlı elmi məruzələrlə çıxış ediblər.
Konfrans Şuşa maarif sistemi ilə bağlı tələbələrin diskussiyası ilə yekunlaşıb.
Sevinc Qarayeva