Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq aprelin 29-da Kiyevə qəfil səfər edib. Bu, NATO rəhbərinin Rusiya ilə müharibə başlayandan bəri Ukraynaya üçüncü səfəridir. Ukrayna prezidentinin ofisindən verilən məlumata görə, danışıqlar zamanı Yens Stoltenberq və Vladimir Zelenski "Rusiya təcavüzünü dəf etməyin yollarını, Ukrayna ilə NATO arasında gələcək qarşılıqlı fəaliyyət məsələlərini" müzakirə ediblər.
Görüşdən sonra birgə mətbuat konfransında NATO-nun baş katibi Ukraynanın tərəfdaşlarının silah tədarükünü gecikdirdiyini etiraf edib: "Prezident Zelenskiyə və Ali Radaya qarşı çox dürüst olacağam. Müttəfiqləri ötən aylarda Kiyevə verdiyi sözləri yerinə yetirməyiblər. Birləşmiş Ştatlar paketlə bağlı danışıqlara altı ay sərf etdi və avropalı müttəfiqlər vəd etdiyimiz sursatları vermədilər. Amma indi əminəm ki, hər şey dəyişəcək".
Bu vədlərlə yanaşı, NATO-nun baş katibi Vladimir Zelenskini Alyansın iyulda Vaşinqtonda keçiriləcək sammitinə dəvət edib. Ukrayna prezidentinin sammitə dəvət edilməsi rəsmi Kiyevin diplomatik qələbəsi hesab oluna bilər. Çünki bu hadisə Ukraynanın NATO üzvlüyünə daha da yaxınlaşdığını nümayiş etdirəcək. Eyni zamanda, Ukraynanın 2023-cü ilin iyulunda Vilnüsdə keçirilən NATO sammitinə dəvət edilmədiyi halda, Vaşinqtonda keçiriləcək yubiley sammitinə dəvət edilməsi Kiyevin diplomatik qələbəsidir.
Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq deyib ki, zamanı çatdıqda Ukrayna NATO-ya üzv ola biləcək: "NATO-nun mənzil-qərargahında Ukrayna bayrağının dalğalanacağı günü səbirsizliklə gözləyirəm".
Yens Stoltenberqin Kiyevə qəfil səfərinin yekunlarından biri də NATO-nun Ukraynaya yardım məqsədilə 100 milyard avroluq (107 milyard dollar) hərbi yardım fondunun yaradılması təklifidir. Stoltenberqin təklifi ilə bağlı səsvermənin iyulda NATO-nun Vaşinqtonda keçiriləcək sammiti zamanı keçirilməsi planlaşdırılır. Təşəbbüsün həyata keçməsi üçün Şimali Atlantika Alyansının bütün 32 üzvü tərəfindən təsdiqlənməlidir. Stoltenberqin təklif etdiyi məbləğ ilk baxışda çox böyük görünsə də, ABŞ-nin bir neçə gün öncə təkbaşına 61 milyard dollarlıq yardım paketi qəbul etməsini nəzərə alanda, NATO baş katibinin təklifinin gerçəkləşmə ehtimalı artır.
Eyni zamanda, bu təklifin daha geniş formatda həyata keçirilməsini, bu təşəbbüsə Yaponiya, Cənubi Koreya, Avstraliya, Hindistan, Yeni Zelandiya, Filippin və bəzi Afrika ölkələrinin cəlb olunması təklifi də var.
Hərb meydanında mövqe döyüşlərinin davam etdiyi, tərəflərdən heç birinin ciddi üstünlük qazanmaq imkanında olmadığı bir zamanda Kiyevə dəstəyin artması müharibənin gələcəyi ilə bağlı müəyyən fikirlər söyləməyə imkan verir. Böyük ehtimalla söyləmək olar ki, hərb meydanında qüvvələr nisbəti may ayının axırı, iyunun əvvələrində dəyişməyə başlayacaq. Yayın ortasında, yəni NATO-nun Vaşinqton sammitindən sonra vəziyyət köklü dəyişəcək. Payıza doğru isə Ukraynanın açıq üstünlüyü müşahidə olunmağa başlayacaq.