ABŞ Dövlət Departamenti Rusiyanı Kimyəvi Silahlar Konvensiyasını pozaraq Ukraynaya qarşı müharibədə qadağan olunmuş kimyəvi silahlardan istifadə etməkdə günahlandırıb. ABŞ Dövlət Departamentinin rəsmi açıqlamasında deyilir ki, Rusiya ordusu Birinci Dünya müharibəsi zamanı geniş şəkildə istifadə edilən gözyaşardıcı və boğucu təsirə malik xloropikrin qazından istifadə edir. Halbuki xloropikrin qazından hərbi münaqişələrdə istifadə Kimyəvi Silahlar Konvensiyası ilə qəti şəkildə qadağandır. Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı (OPCW) xloropikrini qadağan olunmuş kimyəvi müharibə vəsaiti siyahısına daxil edib. Vaşinqtondan yayılan açıqlamada o da qeyd edilir ki, Rusiyanın belə kimyəvi maddələrdən istifadə etməsi ilk hal deyil.
ABŞ-dan öncə isə Ukrayna Rusiyanı xloropikrindən istifadə etməkdə ittiham etmişdi. Rusiya bir qayda olaraq Ukraynaya qarşı müharibədə üzləşdiyi ittihamları şərh etmədiyi kimi, ABŞ Dövlət Departamentinin rəsmi açıqlamasına da rəsmi münasibət bildirməyib.
Xloropikrin qazından istifadə Rusiyanın son günlər üzləşdiyi yeganə ittiham deyil. Nüfuzlu "Financial Times" nəşrinin məlumatına görə, Avropanın təhlükəsizlik və kəşfiyyat xidmətləri öz hökumətlərinə xəbərdarlıq edib ki, Rusiya bütün qitədə təxribat planlaşdırır. Nəşrin məlumatında deyilir ki, Rusiya Avropa ərazisində partlayışlar və yanğınlar törətməyə, eləcə də infrastrukturun dağıdılmasına fəal şəkildə hazırlaşır. Almaniyanın xüsusi xidmət orqanı Konstitusiyanın Mühafizəsi üzrə Federal Büronun (BfV) rəhbəri Tomas Haldenvanq Rusiyanı nəzərdə tutaraq "Dövlət tərəfindən idarə olunan təxribat riskinin əhəmiyyətli dərəcədə artdığını" bildirib. "Financial Times" nəşrinin səsli-küylü məqaləsindən bir neçə gün öncə Berlinin Ukraynaya dəstəyinə qarşı təxribat həyata keçirmək üçün potensial hədəflər axtarmaqda şübhəli bilinən iki rus əsilli şəxs Almaniyanın xüsusi xidmət orqanı tərəfindən həbs edilmişdi. "Financial Times" nəşrinin məlumatını təsdiq edən digər bir məlumat Oslodan yayılıb. Norveç Polisinin Təhlükəsizlik Xidməti (PST) Rusiya kəşfiyyatçılarının Norveçdə işlədiyini aşkar edib. Osloda əmindirlər ki, Rusiya Avropanın həyati əhəmiyyətli infrastrukturlarına qarşı təxribat hazırlayır. Rusiyanın Avropada təxribat törədə biləcəyi qənaəti "köhnə qitə"nin aparıcı siyasi mərkəzlərində şübhə doğurmur.
Rusiyaya qarşı daha bir ittiham da Helsinkidə səslənib. Finlandiyanın xarici işlər naziri Elina Valtonen GPS nasazlıqlarında Rusiyanı günahlandırıb. Nazir Elina Valtonen deyib ki, GPS-ə müdaxilənin miqyası Rusiya-Ukrayna müharibəsi başlayandan bəri artıb və yeni formalar alıb. Finlandiyanın xarici işlər naziri buna dözməyəcəkləri ilə bağlı xəbərdarlıq etməkdən də çəkinməyib.
Qeyd edək ki, Rusiyanın GPS-ə müdaxilə etməsi və sərnişin təyyarələrinə təhlükə yaratması ilə bağlı Estoniya, Latviya və Litvanın xarici işlər nazirləri də bir neçə dəfə açıqlama ilə çıxış ediblər.
Rusiyaya qarşı ittihamların artdığı bir zamanda NATO-nun Ukraynadakı münaqişəyə müdaxilə edə biləcəyi ilə bağlı fikirlər artmağa başlayıb. İtaliyanın "La Repubblica" qəzetinin məlumatına görə, NATO məxfi şəkildə Ukraynadakı münaqişəyə birbaşa müdaxiləyə səbəb ola biləcək ən azı iki qırmızı xətt müəyyən edib. Qəzetin yazdığına görə, bu qırmızı xətlərdən birincisi üçüncü tərəfin hərbi əməliyyatlara birbaşa və ya dolayı müdaxiləsi ola bilər. Söhbət Belarusun Ukraynaya qarşı ikinci cəbhə açmasından gedir. İkinci qırmızı xətt isə Baltikyanı ölkələrə, Polşa və ya Moldovaya qarşı hərbi təxribatla bağlıdır. Bu ölkələrə qarşı təxribat olsa, NATO-nun Rusiyaya qarşı əməliyyatlara başlaya biləcəyi iddia olunur.
ABŞ Nümayəndələr Palatasındakı demokratların lideri Hakim Ceffris ABŞ qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyünü istisna etməyib. Konqresmen deyib ki, Ukrayna Rusiyaya qarşı müharibədə uduzarsa, ABŞ münaqişəyə hərbi yolla müdaxilə etməli olacaq: "Biz Ukraynanın çökməsinə imkan verə bilmərik".
Nümayəndələr Palatasındakı demokratların lideri Hakim Hakim Ceffrisin bu açıqlaması Rusiyaya qarşı Ukraynaya ordu göndərməyin mümkünlüyü haqqında bəyanatla çıxış edən Fransa prezidenti Emmanuel Makronun təklifinin dəstək qazanmağa başladığını göstərir. Estoniyanın Baş naziri Kaja Kallas, Litvanın müdafiə naziri Arvydas Anusauskas və Niderland Ordusunun Baş Qərargah rəisi, general Onno Eichelsheim Ukrayaya ordu göndərilməsini istisna etməyiblər.
Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko Kiyev Rusiyanın öhdəsindən təkbaşına gəlməsə, Qərb ölkələrinin qoşunlarının Ukraynaya göndərilməsinin "tamamilə mümkün" hesab edir.
Rusiyada isə belə hesab edirlər ki, NATO Rusiya ilə müharibəyə hazırlaşır. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, NATO-nun "Steadfast Defender" (Sabit müdafiəçi) təlimi Alyansın Rusiya ilə münaqişəyə ciddi hazırlaşdığının sübutudur. "Stadfast Defender" adlı təlim "Soyuq müharibə"nin bitməsindən bəri NATO-nun Rusiya sərhədləri yaxınlığında həyata keçirdiyi ən böyük təlimdir. Əksər ekspertlər də bu təlimi Rusiya ilə müharibə öncəsi əsas təlim hesab edirlər.
Müharibə Tədqiqatı İnstitutu (ISW) son hesabatında yazır ki, Rusiya Ukraynanın ikinci ən böyük şəhəri Xarkova daxil olmaq üçün qüvvə hazırlayır. Hərbi ekspert Konstantin Maşovetsin hesablamalarına istinadən analitiklər qeyd edirlər ki, ümumilikdə Rusiya bu məqsədlə 50 minə yaxın əsgər toplayıb. Bunlardan 31 mini Belqorod vilayətində, 10 mindən çoxu Kursk vilayətində və 8 mindən çoxu isə Bryansk vilayətində yerləşir.
Ukrayna kəşfiyyatının yüksək səviyyəli mənbələri "The Financial Times"a bildiriblər ki, Xarkova böyük hücum mayın sonunda başlaya bilər. Onların sözlərinə görə, Rusiya ordusu şəhərə raket zərbələri endirməklə bu əməliyyat üçün zəmin hazırlayır. Onların məqsədi Xarkovu yaşayış üçün yararsız hala salmaqdır. Bütün bunlar onu göstərir müharibə daha şiddətli xarakter ala bilər. Bu isə NATO-nun prosesə müdaxiləsini istisna etmir.