Böyük Britaniyanın səfiri Naycel Keysi Rusiya Xarici İşlər Nazirliyinə çağrılaraq xəbərdarlıq edilib. Səbəb Ukraynanın Rusiyaya qarşı Britaniyanın uzaqmənzilli silahları ilə zərbə endirməsinə rəsmi Londonun etiraz etmədiyi haqqında xarici işlər naziri Devid Kemeronun açıqlaması olub. Rusiya XİN Devid Kemeronun bu açıqlamasını "ciddi eskalasiya"nın sübutu kimi qiymətləndirir.
Rusiya XİN səfir Keysiyə xəbərdarlıq edib ki, Ukraynanın Britaniya silahlarından istifadə edərək Rusiya ərazisinə endirdiyi zərbələrə cavab olaraq Ukrayna ərazisində və onun hüdudlarından kənarda Britaniyanın istənilən hərbi obyekti və texnikası Rusiyanın hədəfi ola bilər. Bu faktiki olaraq Rusiyanın Böyük Britaniyanın hərbi obyektlərinə cavab zərbələri endirəcəyi ilə bağlı xəbərdarlıqdır. Rusiya XİN-i Londonun bu cür düşmən addımlarının qaçılmaz fəlakətli nəticələri barədə düşünməyə çağırılıb.
Böyük Britaniya Ukraynanın müttəfiqləri arasında Kiyevə qətiyyətli dəstəyi ilə fərqlənir. Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin başladığı gündən London Kiyevi birmənal və tərəddüdsüz dəstəkləyir. Məhz Londonun qətiyyətli dəstəyi nəticəsində Ukraynanı dəstəkləyən dövlətlərin koalisiyası yaranıb. Britaniya Ukraynanın müttəffiqləri arasında Kiyevə 250-500 km uçuş məsafəsinə malik uzaqmənzilli "Storm Shadow" raketlərini ilk dəfə verən dövlətdir. Rusiyanın Bryansk, Oryol, Kursk, Voronej və Belqorod kimi şəhərləri "Storm Shadow" raketlərinin uçuş məsafəsindədir. Ukrayna Silahlı Qüvvələrinin "Storm Shadow" raketləri ilə Rusiya ordusuna ağır zərbələr vurması Moskvanın Londona qarşı nifrətinin artmasının digər səbəbidir. Ümumiyyətlə, Moskvada hesab edirlər ki, Londonun qətiyyətli dəstəyi olmasaydı, Kiyev bu qədər müqavimət göstərə bilməzdi. Buna görə də Rusiya tez-tez Britaniyanı təhdid etməyə çalışır.
Qeyd edək ki, Rusiya iki ildən artıq davam edən müharibə müddətində dəfələrlə belə təhidlərlə çıxış etsə də, heç bir addım atmayıb. Bunun səbəbi isə odur ki, Rusiyanın Britaniyaya qarşı hərbi, siyasi və iqtisadi təsir imkanı yoxdur. Rusiyanın NATO-nun qurucularından olan Britaniyaya qarşı hərbi güc nümayiş etdirməsinin mümkün olmadığını Rusiyanın özündə də yaxşı bilirlər.
Rusiyanın nüvə təhdidinə cavab olaraq Fransa prezidenti Emmanuel Makronun Parisin də nüvə arsenalına malik olması haqqında açıqlaması bu dəfə Britaniya mətbuatı tərəfindən səsləndirilib. Rusiya rəhbərliyinə xatırladılıb ki, Britaniya da nüvə dövlətidir. Ümumiyyətlə, Rusiyanın bir neçə nüvə dövlətinin koalisiyasının hansısa üzvünü atom silahı ilə hədələməsi ancaq məsuliyyətsizliyin nəticəsi ola bilər.