Nüfuzlu "Bloomberg" agentliyinın xəbərinə görə, ABŞ və Səudiyyə Ərəbistanı müdafiə müqaviləsi bağlamaq ərəfəsidədir. Agentliyin rəyində deyilir ki, bu müqavilə Yaxın Şərqi dəyişə bilər. Müqavilə Ər-Riyada qabaqcıl Amerika silahlarını əldə etmək imkanı verməklə yanaşı, Qəzzada müharibənin dayandırılmasına da stimul ola bilər. Vaşinqtonla Ər-Riyadın imzalayacağı müqavilə Ərəbistana təhlükəsizlik zəmanəti verməkdən əlavə, Qəzza zolağında müharibəyə son qoyulacağı təqdirdə İsraillə diplomatik münasibətlərinin qurulmasını da nəzərdə tutur. Yaxın bir neçə həftə ərzində imzalanacağı gözlənilən müqavilənin İsrail və Səudiyyə Ərəbistanının təhlükəsizliyini gücləndirməkdən başqa, ABŞ-nin regionda İranı və Çini sıxışdırmasına da yol açacaq.
Yaxın Şərq üzrə ixtisaslaşmış ekspertlər hesab edirlər ki, yeni müqavilənin imzalanması cəhdi "Washington Post"un köşə yazarı Camal Qaşıqçının Səudiyyə agentləri tərəfindən öldürülməsi ilə Vaşinqtonla Ər-Riyad arasında münasibətlərin soyumasından sonra yaranmış vəziyyəti ortadan qaldıra bilər. Məlum olduğu kimi, münasibətlərin soyuqluğu səbəbindən Səudiyyə Ərəbistanı neft hasilatını artırmaq əvəzinə, Rusiyanın maraqlarına uyğun olaraq azaltmağa başladı. İndi əgər münasibətlər yenidən strateji müttəfiqlik səviyyəsinə qayıdarsa, İran və Çinlə yanaşı, Rusiyanın da maraqları zərər görəcək.
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ölkəsinin modernləşməsi və neftdən asılığını aradan qaldırmaq üçün böyük layihələr üzərində işləyir. Bu layihələrin ən mühümü süni intellektlə bağlıdır. Səudiyyə Ərəbistanı ABŞ və Çindən sonra süni intellektdə üçüncü böyük dövlət olmaq iddiasındadır. Bunun üçün isə böyük layihələr üçün külli miqdarda sərmayə qoymağa hazırdır.
Vəliəhd şahzadə Məhəmməd bin Salman ölkəsinin əcnəbi turistlər üçün cəlbedici olması üçün bir sıra dini qaydaların və ritualların məhdudlaşdırmasına da nail olub. Vəliəhd şahzadənin fikirlərilə tanış olan ekspertlərdən biri onu Məhəmməd peyğəmbərdən sonra ən ağıllı ərəb adlandırmışdı. Bu dəyərləndirmənin gerçəkliyə nə qədər uyğun olduğunu vəliəhd şəhzadənin həyata keçirməyə çalışdığı islahatların nəticəsi göstərəcək. Çünki sərt dini qaydaların hökm sürdüyü ölkənin modernləşdirilməsi asan deyil və Məhəmməd bin Salmanın əleyhdarları da çoxdur. Vəliəhd şəhzadənin yeni Camal Qaşıqçı olayı ilə üzləşəcəyi də istisna deyil. Bütöv bir coğrafiyanın taleyini dəyişə biləcək, Yaxın Şərqə sülh gətirəcək prosesin əleyhdarları çoxdur. ABŞ-nın regionda güclənməsi, Səudiyyə Ərəbistanın təhlükəsizliyinin təmin edilməsi və vəliəhd şəhzadənin ölkəsini modernləşdirmək siyasəti uğurla başa çatsa, bütün regionun taleyi dəyişə bilər. İranın bütün imkanlarını işə salaraq Yaxın Şərqdə qüvvələr nisbətinin dəyişməsinə və bölgədə sülhün yaranmasına mane olmaq istəyəcəyini də proqnozlaşdırmaq mümkündür.