|
|
|
|

Azərbaycan Yazıçılar Birliyində (AYB) Xalq şairi, görkəmli qələm adamı, ictimai xadim Rəsul Rzanın adına təsis edilmiş beynəlxalq mükafat yeni laureatlara təqdim olunub. Tədbirdə AYB-nin sədri, Xalq yazıçısı Anarla yanaşı, görkəmli şairin digər övladları – şərqşünas alim Fidan Rzayeva və gözəl pedaqoq Təranə Rzayeva, həmçinin bu ocağın layiqli davamçısı, Bakı Kitab Mərkəzinin direktoru, yazıçı Günel Anarqızı iştirak ediblər.
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Rəsul Rza fondunun sədri, akademik Rafael Hüseynov təqdim mərasimini açıq elan edərək görkəmli şairin zəngin yaradıcılığı, ibrətamiz həyat yolu barədə fikirlərini bölüşüb: “Bu gün böyük Rəsul Rzanın xatirəsinə həsr olunmuş mükafatlar laureatlara təqdim olunacaq. R.Rzanı sadəcə ədəbiyyat tarixində iz qoymuş şəxsiyyət kimi təsəvvür etmək olmaz. O, XX yüzilliyin ikinci yarısında hadisələrə, dünyaya, insanlara münasibətin daha çağdaş olması yolunda zəmin təşkil etmiş insandır.
R.Rza gəncliyə üz tutmuş şəxsiyyət idi. Zənnimcə, “Rəsul Rza” mükafatını alan hər bir şəxsin buna layiq görülməsinə bir səbəb var. Çox arzu edirəm ki, ən azı, laureatlar Rəsul Rzanı yaxşı oxusunlar, ətraflı mənimsəsinlər”.
Akademik R.Hüseynov nitqinin ardınca laureatlara mükafatları təqdim edib. Beləliklə, Şəmsəddin Kuzəçi, Şəfəq Nasir, Faiq Balabəyli, Püstəxanım Hüseynova, Rizvan Sədrxanov və Aysel Xanlarqızı “Rəsul Rza” beynəlxalq mükafatına layiq görülüblər.
Ş.Kuzəçi çıxış edərək Azərbaycan-kərkük ədəbi əlaqələrinin qurulmasında R.Rzanın və Anarın misilsiz xidmətlərini xüsusi vurğulayıb. O, Kərkükün görkəmli fikir adamı Əta Tərzibaşının yaradıcılığına həsr olunmuş üçcildliyi Xalq yazıçısı Anara təqdim edib.
Anar müəllim çıxış edərək qeyd edib ki, bu mükafatın təsis olunması və hər il laureatlara təqdim edilməsi Rəsul Rzanın ruhunu şad edir və onun əziz xatirəsini yad etməyə səbəb olur. O, çıxışının sonunda bütün tədbir iştirakçılarına minnətdarlığını bildirib.
NADİR



